18 Aprel 2024

Cümə axşamı, 09:43

AMERİKALILARIN ÜMİDLƏRİ VƏ QORXULARI

ABŞ-da keçirilmiş aralıq seçkiləri Trampa etimad referendumuna çevrildi

Müəllif:

15.11.2018

Amerikalılar noyabrın 6-da keçirilmiş aralıq seçkilərindən 100 senatordan 35-ni, 36 ştat qubernatorunu və Nümayəndələr Palatasının 435 üzvünü seçiblər. Sensasiya qeydə alınmayıb. Gözlənildiyi kimi, Konqresin Nümayəndələr Palatasında çoxluğu Demokratlar Partiyası qazanıb. Respublikaçılar isə Senata nəzarəti nəinki əldən verməyib, üstəlik, onu daha da gücləndirib. Beləliklə, prinsipcə seçki heç-heçə nəticələnib.

Prezident Donald Tramp üçün bu seçkilər həm də özünəməxsus etimad referendumu idi. Hər halda, CBS tərəfindən təşkil olunmuş sorğuya qatılanların 60%-dən çoxu bildirib ki, onların səsverməsində əsas rolu məhz Trampa münasibətləri oynayıb. Etiraf etmək lazımdır ki, Ağ Evin sahibi bu imtahandan üzüağ çıxa bilib. Hər halda, midterms 2018-də (aralıq seçkiləri) prezident partiyası uzun illər ərzində göstərdiyi ən yaxşı nəticələrdən birini əldə edib. Üstəlik, nümayəndələrinin Ağ Evə rəhbərlik etdiyi partiya indiyədək aralıq seçkilərində heç zaman qələbə qazanmayıb. Xüsusilə o, prezidentin ilk səlahiyyət müddətində keçirilirsə və Ağ Ev sahibinin reytinqi 50%-dən azdırsa, qələbəyə ümid etmək lazım deyil. Lakin Donald Tramp Amerika tarixinin Senatda çoxluğu əldə saxlamağı bacaran ikinci prezidenti kimi tarixə düşüb.

Bununla yanaşı, seçkinin respublikaçılar üçün «ciddi uğur» olduğunu demək də şişirtmə olardı. Demokratlar mövqelərini möhkəmləndirə bilib və indi, Ağ Ev sahibi bir çox təşəbbüslərinin reallığa çevrilməsi üçün Konqresdə müxalifətin razılığını almalı olacaq. O, özü üçün vacib saydığı postlara istədiyi namizədi Senat vasitəsilə təyin edə biləcək. Lakin bir çox mübahisəli qanun layihəsinin Nümayəndələr Palatasında «ilişib qalacağı» istisna deyil. Söhbət, məsələn, Meksika ilə sərhəddə divarın tikintisi, miqrasiya siyasətinin sərtləşdirilməsi, ən zəngin insanlar üçün vergi yükünün yüngülləşdirilməsi, tibbi sığortanın (Obamacare) gələcək taleyi və s. kimi məsələlərdən gedir.

Tramp üçün ən xoşagəlməz olanı isə, yəqin ki, demokratların hazırkı administrasiyaya qarşı müəyyən araşdırmalara başlamaq imkanlarının genişlənməsidir. Söhbət «2016-cı il seçkisinə Rusiyanın müdaxiləsi» ittihamından tutmuş, şəxsən prezidentin özünün vergi pozuntuları, seksual xarakterli zorakılıq hallarına yol verdiyi haqda iddialardan gedir. Əgər əvvəllər belə məsələlər respublikaçı çoxluq tərəfindən gündəmdən çıxarılırdısa, indi demokratların bu yolu açılır. Bundan sonra xüsusi prokuror Müller daha güclü olacaq, müxtəlif komitələrə başçılıq edəcək, demokratlar isə Trampa yaxın sayılan insanları ifadə verməyə çağıra biləcək. Trampın qatı əleyhdarları isə artıq impiçment variantının mümkünlüyündən danışmağa başlayıb. Amma bu, real görünmür. Çünki impiçmentin elan olunması üçün senatorların üçdə ikisinin bu təşəbbbüsü dəstəkləməsi lazımdır.

Beləliklə, döyüş yeni başlayır. Trampdan narazı olanlar bütün ehtiyat variantlarını, resurslarını ortaya qoyur və seçkinin nəticəsi də bunun göstəricisidir.

Prezident Tramp daim qadınlara seksist münasibətdə, müsəlmanlara və Latın Amerikasından olan insanlara qarşı ksenofob əhvalın qızışdırılmasında günahlandırılır. Hər kəsə bəlli olduğu kimi, onun prezidentliyə başladıqdan sonra imzaladığı ilk qanunlardan biri 7 islam ölkəsi vətəndaşlarının ABŞ-a girişinin qadağan olunması idi: İran, İraq, Suriya, Yəmən, Somali, Sudan və Liviya (sonradan siyahıya Çad, ÇXR və Venesuelanın bir sıra məmurları da əlavə olunub).

Bu arada Konqresə ilk dəfə rekord sayda qadın seçilib (bu, sanki prezidentə gözəl cavabdır). Onların arasında 29 yaşlı latın amerikalı Aleksandriya Okason-Kortes də var ki, o, ABŞ tarixinin ən gənc qadın konqresmenidir. Bundan başqa, Konqresə 2 müsəlman qadın da seçilib – Rəşidə Tlaib (Miçiqan) və İlhan Ömər (Minnesota). Ümumilikdə seçkidə regional və federal səviyyələrdə seçilmiş müsəlmanların sayına görə də rekord əldə olunub – kampaniyada ümumilikdə 100-dək müsəlman iştirak edib.

Somalidən olan 36 yaşlı İlhan Ömər həm də Konqresin ilk hicablı üzvü olacaq. O, vaxtilə Keniyada qaçqın düşərgəsində yaşayıb, sonradan Lüteran kilsəsinin dəstəyi hesabına ABŞ-a köçüb. Ömər, əlbəttə ki, Trampın seçki kampaniyası zamanı Minnesotanın somalili icması haqda dediyi son dərəcə mənfi fikri xatırlayır. O, bir sıra başqa məsələlərdə də Trampın mövqeyini bölüşmür. Məsələn, Ömər ümumxalq tibbi sığortasının tətbiqini, minimum əməkhaqqının saata 15 dollar olmasını, yoxsul tələbələrə subsidiyanın ayrılmasını vacib sayır.

42 yaşlı Rəşidə Tlaib isə Detroytda sosial işçi olub. Çoxuşaqlı fələstinli ailəsində böyümüş Tlaib açıq şəkildə bildirir ki, seçkidə Trampın siyasətilə mübarizə aparmaq məqsədilə iştirak edib. O, xüsusilə bir sıra müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a buraxılmamasını pisləyir. Amerika KİV-i «Pew Research Center»ə istinadən yazır ki, ABŞ-da yaşayan müsəlmanların, təxminən, yarısı (təxminən, 3,35 milyon nəfər) ötən il özlərinə qarşı ayrı-seçkilik hiss edib. Bu insanların 74%-i isə Trampın onlara qarşı düşmən mövqeyində olduğunu düşünür.

Bütün bunlar göstərir ki, ABŞ əhalisi arasında «Trampın lehinə və əleyhinə» bölgüsü heç də siyasi isteblişmentdə olduğundan zəif deyil. Yeri gəlmişkən, sadə amerikalılar arasında səsverməyə bu qədər böyük həvəs də çoxdan müşahidə olunmamışdı. Bu səsverməyə son onillik üçün rekord sayda seçici qatılıb. Amma uzaq keçmişə deyil, məsələn, 2014-cü ilə də nəzər salsaq, fərq ortadadır: o zaman seçkidə 83 milyon insan iştirak etmişdisə, 2018-ci il seçkisinə 114 milyon vətəndaş qatılıb.

Demokratların əsas elektoratını 35 yaşadək olanlar, ali təhsillilər, milli azlıqların nümayəndələri, qadınlar və şəhər sakinləri təşkil edibsə, respublikaçıları «Amerika kəndlisi» və yaşlı nəsil dəstəkləyib. Trampın partiyadaşları əsasən şəhərətrafı qəsəbələrin sakinlərinin dəstəyini itirib. Amma bu, faciəvi itki deyil. Çünki zamanla onları geri qaytarmaq mümkündür.

Bununla yanaşı, seçki ərəfəsində ictimaiyyətdə yaranmış gərginliyin dərinləşəcəyi təhlükəsi də realdır. Seçkiyə bir neçə gün qalmış Pittsburqdakı sinaqoqda 46 yaşlı Robert Bauersin 11 nəfəri güllələməsi həyəcan təbili sayıla bilər. Qeyd edək ki, Trampın qəti əleyhdarı olan Bauers onun «yəhudilərin əhatəsində olduğunu» düşünür.

Amerikanın yəhudi təşkilatları ölkədə antisemitizmin gücləndiyini çoxdan bəyan edir. Onların sözlərinə görə, ötən il bütün ölkə üzrə onlarla yəhudi təşkilatı hədə dolu müraciətlər alıb. Trampın keçmiş rəqibi Obama ilə müqayisədə İsrailə xüsusi münasibətinin olmasına baxmayaraq, «J-Street» liberal amerikan-yəhudi təşkilatının bu yaxınlarda keçirdiyi sorğu ABŞ yəhudilərinin əhəmiyyətli bir hissəsinin Ağ Evin hazırkı sahibinin daxili və xarici siyasətinə qarşı olduğunu göstərib. Amerika yəhudilərinin 72%-i hesab edir ki, Pittsburqda baş vermiş faciənin əsas səbəbi Trampın bəyanatları və apardığı siyasətdir.

Bu arada Mərkəzi Amerikadan olan miqrant kütləsinin qaçqın kimi ABŞ-a keçmək cəhdi sanki alovun üzərinə yağ töküb. Tramp onların arasında cinayətkar dəstə üzvlərinin, «pis insanlar»ın çox olduğunu bəyan edərək, sərhədə 15 minlik ordunun yerləşdirilməsi göstərişini verib. Bunun fonunda sosial şəbəkələrdə və KİV-də ölkədə «nifrət atmosferi»nin yaradıldığı haqda fikirlər artıb. Bu fikirdə olanlar prezidenti və tərəfdarlarını ksenofobiya əhvalını gücləndirmədə günahlandırır. Halbuki seçkinin nəticələri milyonlarla amerikalının hələ də Trampı «xalqın müdafiəçisi» saydığını göstərib.

Seçkiqabağı kampaniyanın özü də qalmaqallı keçib və bu da təəccüblü deyil. Məsələn, hüquqşünas Brett Kavanonun ABŞ Ali Məhkəməsinə təyinatı ciddi rezonansa səbəb olub. Məsələ ondadır ki, o, seksual xarakterli zorakılıqlarda təqsirləndirilir.

Hillari Klintonun, Barak Obamanın, MKİ-nin sabiq rəhbəri Con Brennanın və digərlərinin, o cümlədən Trampın açıq düşmənçilik etdiyi CNN telekanalının ünvanına göndərilmiş və xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş, içərisində kustar üsulla hazırlanmış bombalar olan zərflər də ciddi etirazlara yol açıb. Məlum olub ki, onları Ağ Evin tərəfdarı olan şəxs göndərirmiş.

Amerikada keçirilmiş seçkilərə beynəlxalq reaksiyaya gəlincə, onun da kifayət qədər səs-küylü olduğunu deyə bilərik. Amma bu, daha çox Vaşinqtonun xarici siyasətində hər hansı dəyişiklik gözləntisilə bağlı yox, ölkənin daxilində baş verənlərlə əlaqədardır. Çünki bu məsələdə istər prezident, istərsə də Senat böyük səlahiyyətlərə malikdir. Müşahidəçilərin fikrincə, Trampın elan etdiyi ticarət savaşı bundan sonra da davam edəcək. Çünki proteksionizm prinsipcə, Amerikanın partiya mənsubiyyətindən asılı olmayaraq, əksər siyasətçisi tərəfindən dəstəklənir.

Olsa-olsa, Rusiyada demokratların güclənməsilə Vaşinqtonla münasibətlərin daha da pisləşəcəyini gözləyirlər.

Ümumilikdə deyə bilərik ki, yaxın 2 ildə Amerika icraedici və qanunverici hakimiyyətlər arasında ciddi qarşıdurma mərhələsi yaşayacaq. Hələ də arxasında ona inanan kifayət qədər amerikalının dayandığı Tramp isə özünü inamlı hiss edir. Onun əlində ciddi kozırlar da var – seçkiqabağı Tramp bir neçə ştatı gəzib, hər yerdə «görünməmiş iqtisadi artım»dan, «yeni iş yerlərinin yaradıldığından» danışıb. ABŞ iqtisadiyyatı həqiqətən də dinamik inkişaf edir, işsizliyin səviyyəsi isə İkinci Dünya müharibəsindən keçən dövrdə ən aşağı həddə düşüb. Bunlar özü-özlüyündə çox şeydən xəbər verir. Bundan başqa, Donald Tramp yalnız indi sözün əsl mənasında Respublikaçılar Partiyasının lideri kimi çıxış etməyə başlayıb. Demokratların isə hələ ki, güclü lideri yoxdur. Partiyada seçki öncəsi keçirilmiş toplantıda onlar hətta artıq «işlənmiş resurs» olan Hillari Klinton, Co Bayden və Barak Obamadan yardım istəyiblər. Amma demokratların əsas problemi «Tramp çox pisdir»dən başqa hər hansı aydın proqramlarının olmamasıdır.



MƏSLƏHƏT GÖR:

341