20 Aprel 2024

Şənbə, 01:51

ERMƏNİSTAN: NASİZMİN İCAZƏLİ OLDUĞU ÖLKƏ – V HİSSƏ

Erməni «irqçilər»i Hitlerə necə «təmənnasız» xidmət göstərib?

Müəllif:

15.11.2018

Njde və digər erməni millətçilərinin nasistlərin müxtəlif strukturları ilə əməkdaşlığından danışarkən məsələnin maddi tərəfini də unutmaq olmaz. Bu, daşnakların, Njdenin «irqçilər»inin Təhlükəsizlik Xidmətilə, abverlə əməkdaşlıq səviyyəsini, dərəcəsini anlamaq baxımından vacibdir. Bu, həm də onların nasistlərin gözündə kim olduqlarını göstərir – əlaltı, yoxsa əməkdaş.

Dünyanın istənilən xüsusi xidmət orqanında yalnız xidmətinə görə mütəmadi olaraq mükafatlandırılan agentlər tamhüquqlu əməkdaş sayılır. Bu, fəaliyyəti nəticəsində zaman-zaman hansısa ödənişin edildiyi şəxslərə aid deyil. Lakin bəzən belə xidmətinə görə cəmi 1 dəfə qonorar almış insan da ədalət mühakiməsi tərəfindən cinayətkar – casus və satqın sayıla bilər.

Bununla yanaşı, biz Njdenin və onun adamlarının kim olduğuna tam işıq salmaq üçün bu məsələyə aydınlıq gətirilməsinin prinsipial əhəmiyyət daşıdığını düşünürük. Qoy hər kəs bilsin ki, onlar İkinci Dünya müharibəsi zamanı Avropanın digər ölkələrində də rast gəlinmiş milyonlarla SSRİ vətəndaşı kimi kollaborasionist olublar, yoxsa nasist cinayətkar? Xoşbəxtlikdən, Təhlükəsizlik Xidmətinin (TX) kuratoru olmuş Pyotr Kamsarakanın ifadələri bu suala ətraflı cavab tapmamıza imkan verir.

Biz artıq daşnakların Rumıniyada nasistlər tərəfindən «qara bazar»da orta və kiçikölçülü brilyant satışına cəlb edildiyi haqda yazmışıq. Onlar işğalçı rejimin 1940-cı il 8 sentyabr tarixli qərarı əsasında hollandiyalı yəhudi zərgərlərdən müsadirə olunmuş brilyant daşları satırdılar. İşğalçı rejimin qərarında bildirilirdi ki, yəhudilərin müxtəlif peşə və sənətlə məşğul olması da qadağan edilmişdi. Bu, SSRİ daxili işlər naziri general-polkovnik S.N.Kruqlovun 1948-ci il 18 oktyabr tarixli arayışında və Kamsarakanın ona əlavə olunmuş ifadələrində də yer alıb. Beləliklə, faktiki olaraq, daşnakların hitlerçilərlə əməkdaşlığı nasistlərin Niderlandda ölkənin erməni diasporunun da köməyilə törətdiyi Holokost qurbanlarının ələ keçirilmiş mülkiyyətinin leqallaşdırılması, bu işdə əməkdaşlıq edilməsilə başlayıb. Halbuki Hollandiya formal olaraq Almaniya tərəfindən işğal edilməmişdi. Kamsarakanın ilk ifadələrində bu məxfi kriminal-kommersiya əməliyyatı haqda bunlar yer alıb: «Daşnakların Rumıniyada həyata keçirdiyi və Almaniya üçün heç də az əhəmiyyət daşımayan digər tapşırıq almanların işğal etdikləri Hollandiyadan topladıqları brilyantların və digər qiymətli daşların 1940-cı ilin yayı ərzində satışı ilə bağlı olub. Bu zinət əşyaları işğal olunmuş ölkənin ayrı-ayrı vətəndaşlarının, şirkətlərinin, dövlət fondlarının qarəti nəticəsində əldə olunduğundan, açıq satışa çıxarıla bilməzdi. Mənbəyi haqda sorğu-suala səbəb olmayacaq dərəcədə kiçik və ortaölçülü brilyantlar diplomatik yüklərin içərisində Təhlükəsizlik Xidmətinin Buxarestdəki səlahiyyətli nümayəndəsi Bolşvinqə çatdırılır, o isə daşları qeyri-leqal satış məqsədilə Dro ilə Araratyana verirdi. Bunu mənə Dronun özü danışıb. O, deyirdi ki, Bolşvinq onların işindən son dərəcə razı imiş. Çünki daşları yaxşı qiymətə satır və guya ideoloji səbəblərdən özlərinə heç nə götürmürlərmiş. Fikrimcə, bu, bir qədər şübhəli məqamdır. Bu tapşırıq bir daha onu göstərir ki, daşnaklarla almanlar arasında praktiki işdə münasibətlər tam qarşılıqlı inama əsaslanıb və daşnaklar yeni sahiblərinin istənilən tapşırığına əməl edib».

Erməni millətçilərinin bu cinayətdə iştirakı sayəsində onlarla İmperiya Təhlükəsizliyi Baş İdarəsinin (İTBİ) əməkdaşları arasında tam spesifik münasibətlər yaranıbmış. Tərəflər özlərini icarədar və muzdludan daha çox biznes tərəfdaşları kimi hiss edirmiş. Bu, adətən, banda da adlandırılan müasir cinayətkar birliklər arasında belə olur.

Daşnaklar nasistlərlə məhz tərəfdaş münasibətlərində olmağa çalışır, bu üzdən də əksər hallarda güzəştə gedir, hətta gördükləri kəşfiyyat xarakterli işlərə, casusluğa görə belə, mükafatlandırılmada hər hansı tələb irəli sürmürdülər. Maliyyə, mükafatın həcmi və ödəniş qaydası mövzusu ilk dəfə TX nümayəndələrilə daşnak rəhbərliyi arasında 1940-cı il aprelin əvvəlində Buxarestdə keçirilmiş görüşdə qaldırılıb və bu, nasistləri xeyli təəccübləndirib. Kamsarakan ifadələrində bu haqda da danışıb: «Almanları hürkütməkdən çəkinən, eyni zamanda almanların maddi imkanlarının yüksək olduğuna şübhə ilə yanaşan Araratyan hələlik pula ehtiyac duymadıqlarını bildirib. Bununla yanaşı, deyib ki, nə vaxt ki, qarşılarına konkret vəzifə qoyulacaq, o zaman müəyyən məbləğin ödənilməsi lazım gələcək. Araratyan məbləğin hər bir tapşırıq üçün ayrıca müəyyənləşdirilməli olacağını söyləyib. Daşnakların bu mövqeyi almanlar tərəfindən kifayət qədər müsbət qarşılanıb. Sonradan Folxqaym Badendə demişdi ki, bu, onun təcrübəsində alman kəşfiyyatı ilə bağlı ilk belə haldır. Yəni artıq alman kəşfiyyatına etibar o qədər yüksəkdir ki, onlardan ödənişin əvvəldən edilməsi tələb olunmur».

Göründüyü kimi, informasiya toplanması və ya kimlərinsə marağına uyğun casusluq aydın, ənənəvi və az xərc tələb edən iş olub. Bununla yanaşı, onlar anlayıblar ki, nasistlər üçün kəşfiyyat fəaliyyətinin özü yox, onun nəticəsi daha qiymətlidir. Məhz bu üzdən onlar şübhəli xidmətlər bazarının təcrübəli tacirləri kimi, ilk tanışlıqdan pul söhbəti etməyib, bununla etibar qazanmağa çalışıb, sonda adi agentura işinə deyil, daha gəlirli işlərə girişmək məqsədi güdüblər. Güman ki, onlar Niderland brilyantlarının erməni diasporu vasitəsilə satışa çıxarılmasında elə buna nail olublar.

Amma daşnakların gündəlik agentura işi də mükafatsız qalmayıb. P.Kamsarakanın 1948-ci il oktyabrın 21-də verdiyi ifadədə deyilir: «TX-nin VI idarəsi, adətən, daşnakların bizim tapşırıqlarımız əsasında etdikləri səfərlərin xərcini ödəyirdi. Onların kəşfiyyat işinə görə ödənişlər isə bu idarənin Buxarestdəki nümayəndəsi Bolşviq vasitəsilə həyata keçirilirdi. Daşnaklar kəşfiyyat materiallarını məhz ona verirdilər».

Nəticədə göründüyü kimi, 1940-cı ilin sonlarında erməni millətçilərilə nasistlərin münasibətlərində dayanıqlı maliyyə hesabatları sistemi formalaşıb. Nasistlər daşnaklara bütün əməliyyatlara görə avans ödəyib, səfərlərin sonunda isə toplanmış və onlara ötürülmüş məlumatların dəyərindən asılı olaraq, mükafat və ya qonorar müəyyənləşdirilib. Bu zaman nasistlər qarşı tərəfin kənar qeyri-leqal gəlirlərinə göz yumub.

Njde və «irqçilər»inin agentura-kəşfiyyat fəaliyyətinin TX xəttilə maliyyələşdirilməsi vahid qayda əsasında həyata keçirilib. Bu, Üçüncü reyxə xidmət edən bütün erməni millətçiləri üçün eyni olub və heç kəs üçün istisna hal nəzərdə tutulmayıb. Kamsarakan 1949-cu il 10 yanvar tarixli ifadəsində Njdenin agenturasına 1944-cü ilin yayında etdikləri ödəniş haqda kifayət qədər aydın danışıb. Bundan əvvəlki məqalələrimizdə TX-nin onlara ödənişi bolqar levi ilə etdiyini, aylıq ödənişin 100 min lev olduğunu yazmışdıq. Məsələnin texniki tərəfinə gəlincə, Kamsarakan onu belə ifadə edib: «Njde Plovdivdə almanlar üçün informasiya toplanmasını özünə sadiq şəxslərdən olan… Gexarkuniyə tapşırmışdı. Belə qərara gəlinmişdi ki, o, əldə etdiyi kəşfiyyat məlumatlarını qapalı zərfdə TX-nin əməkdaşı, Almaniyanın Sofiyadakı səfirliyində çalışan Opermayerə çatdırmalıdır. Bu, Almaniyanın Plovdivdəki konsulu vasitəsilə baş tutmalı idi. Mən Gexarkuniyə həm özü, həm də məlumat topladığı agentlərə ödəməsi üçün 30 min lev verdim. Kooba Gexarkuninin informasiyaları ona çatdırdığını dedi. 1944-cü ilin avqustunda bir daha Gexarkuni ilə görüşdüm və ona daha 30 min lev ödədim.

Njdenin Plovdivdəki etibarlı adamları arasında Nşan adlı 45 yaşlı çəkməçi də var idi. Arıq, ortaboylu, eynəkli bir nəfər idi. Ona yaxşı tanıdığı Demotiki rayonunda – Lala-Aqaçda işləməsini tapşırmışdıq… Nşan topladığı məlumatları Gexarkuniyə çatdırmalı idi.

Şumendə Njde ilə biz onun Papazyan soyadlı tərəfdarının üzərində dayandıq. Xatırladığım qədər, o, kommersant idi. 50 yaşında, ortaboylu bir nəfər idi. Ona 10 min lev verilmişdi. Papazyan əyalətə gedərək bizim üçün maraqlı informasiyalar toplayacağını demişdi. Bununla yanaşı, mənə və Njdeyə demişdi ki, ermənilərin onun almanlara işlədiyini bilməsini istəmir. Bu üzdən belə qərara gəldik ki, Papazyan toplayacağı informasiyaları Sofiyaya, Almaniya səfirliyindəki Obermayra özü çatdırsın. Avqustda mən ona daha 10 min lev göndərdim. 1944-cü il iyulun ortalarında Sofiyanı tərk edən zaman isə Njdenin yaxın adamlarından olan Nerses Astvatsaturyana 5 min levədək pul verdim. O, vəsaiti Njdenin deyəcəyi istiqamətlərdə xərcləməli idi».

Beləliklə, Njde ilə onun «İrqçilər» («Seqakron») qrupundan olan tərəfdarlarının, ilk növbədə, Bolqarıstana, onun hakimiyyətinə və xalqına qarşı yönəlmiş fəaliyyəti alman kəşfiyyatı tərəfindən ən azı o dövrün ölçülərinə görə, kifayət qədər «səxavətlə» mükafatlandırılıb. Bu, alman nasisitlərinə xidmət edən erməni millətçilərinin ortabab yaşamasına imkan verib. Aydındır ki, Hitler koalisiyasının Balkanlarda kollaps yaşadığı həmin dövrdə əksəriyyət gələcək haqda düşünmür, həmin anda yaşaya bilməyin qayğısına qalırdı. Bu üzdən də əksər ermənilər nasist kəşfiyyatının qonorarını müvəqqəti də olsa varlanmaq imkanı kimi görür, bu işin mənəvi və hüquqi tərəfləri haqda düşünmürdü. Bu xalqın ən azı son 3 yüzillikdəki tarixinə qərəzsiz şəkildə nəzər salsaq, asanlıqla görə bilərik ki, geosiyasi kataklizmlər şəraitində onlar hər zaman özlərinə, həyata və ətrafa bu cür yanaşıblar. Nasistlər də erməni mentalitetinin bu xüsusiyyətindən kifayət qədər ağılla istifadə edib, onları son anadək əlində saxlayıb. Njde və silahdaşları, əlbəttə ki, Bolqarıstanı nasist Almaniyasına satdıqlarını anlayırdılar. Amma onlar buna yalnız merkantil düşüncə üzündən deyil, həm də ideya əsasında gedirdilər.

Qaregin Njde kimi insanların cinayətkar fəaliyyətinə tam hüquqi qiymət Beynəlxalq Hərbi (Nürnberq) Tribunalının 1 oktyabr 1946-cı il tarixli hökmündə verilib. Hökmün preambulasında bildirilir ki, məhkəmənin qərarı ilə İkinci Dünya müharibəsi illərində «yuxarıda sadalanan cinayətlərə yol açmış istənilən ümumi planın hazırlanmasında, həyata keçirilməsində iştirak etmiş bütün rəhbərlər, təşkilatçılar, təhrikçilər və köməkçilər planın həyata keçirilməsində rolu olmuş bütün şəxslərin əməllərinə görə məsuliyyət daşıyır».

Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinin 9-cu maddəsində deyilir ki, tribunal hər hansı qrup və ya təşkilatı İkinci Dünya müharibəsi dövründə Üçüncü reyxə xidmətə görə «cirayətkar təşkilat» sayarsa, həmin qurumların bütün üzvləri məsuliyyətə cəlb olunmalıdır. Yəni belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas meyar qurumun Nizamnaməsində aydın şəkildə əksini tapıb. Nürnberq Tribunalı Almaniya Milli-Sosialist Fəhlə Partiyasını, gestapo və TX-ni, SS-in təşkilatlarını və ordusunu, SA-nı, nasist Almaniyasının hökumət aparatını, Baş Qərargahını, Ali Komandanlığını bu cür qurumlar elan edib. Tribunalın qərarına əsasən, gestapo və TX-nin nasist cinayətkarlarının siyahısı da aydın şəkildə göstərilib: TX üzvləri, o cümlədən onun bütün yerli nümayəndələri və agentləri. Burada onların formal olaraq SS üzvü olub-olmadığının fərqi yoxdur.

Njdenin TX-nin Vyana şöbəsindəki kuratoru olmuş Pyotr Kamsarakanın ifadələri isə onun 1942-1945-ci illərdə TX-nin yerli agenti olduğunu təsdiqləyir. Məlum olur ki, bu illər ərzində Njde Bolqarıstan, Almaniya, müasir Makedoniya və qismən SSRİ ərazisində fəal iş aparmış, Beynəlxalq Hərbi Tribunalın cinayət təşkilat elan etdiyi bu qurumun pulu hesabına yaşamışdır. Artıq qeyd edildiyi kimi, Beynəlxalq Tribunalın Nizamnaməsinin 9-cu maddəsində saldəcə hər hansı şəxsin belə təşkilata aidiyyəti öz-özlüyündə onun cinayətkar nasist olduğunu deməyə əsas verir. Bu zaman onun cinayəti nə vaxt törətdiyi, öz ölkəsi və xalqı qarşısında hansı xidmətlərinin olduğu rol oynamır. Bu baxımdan, Njdenin sözün əsl mənasında kollaborasinoist olmadığını anlamaq lazımdır. Məsələn, vermaxta aid hərbi və ya inşaat batalyonlarında xidmət çəkmiş erməni əsgərlərə, yaxud «Drobedar» xüsusi dəstəsinə aid abver hərbi kəşfiyyatının (sonradan 114-cü abverqrup adlandırılıb) erməni əsilli agentlərinə bu, şamil olunmayıb. Njde isə cinayətkar elan olunmuş TX-nin agenti olub. O, bu gün erməni təbliğatının təqdim etdiyi kimi, kollaborasinoist, yaxud nasizmin köməkçisi yox, Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinə və hökmlərinə uyğun cinayətkar olub.

Bütün bunlarla yanaşı, hər zaman bir məqamı da xatırlamaq lazımdır: Nürnberq Tribunalının sənədləri müasir dünya düzəni üçün də hüquqi əsasdır. Onlarda hüquqi əsas kimi, hazırkı insan haqları sisteminin əsasını qoymuş Ümumdünya insan hüquqları bəyannaməsinə istisnad olunur. Bəşəriyyətin nasizmin cinayətkarlara abidələr ucaldılması, memorial lövhələr qurulması ilə qəhrəmanlaşdırılması ilə barışmaması üçün yalnız bu fakt kifayətdir.



MƏSLƏHƏT GÖR:

394