12 Dekabr 2018

Çərşənbə, 00:37

VALYUTA

İTİRİLMİŞ XƏYALLAR VƏ GERÇƏKLƏŞMƏYƏCƏK İDDİALAR AXTARIŞINDA

Moskvada «Lazerev» rus-erməni klubunu kimlər və niyə yaradır?

Müəllif:

15.11.2018

Oktyabrın sonlarında Rusiya və rusdilli Ermənistan mətbuatında rus və erməni, həmçinin erməni soyadlı rusiyalı siyasətçilərin, iş adamlarının, elm və ictimai xadimlərin Moskvada «Lazerev» rus-erməni klubu yaratmaq niyyəti haqda məlumat yayılıb. Əslində, onun məlumat, yoxsa manifest, bəyannamə, elan olduğunu aydınlaşdırmaq da çətindir (mətnin janrını müəyyənləşdirmək kifayət qədər qəliz məsələdir).

Klubun yaradılmasının təşəbbüskarları ona bu adı seçmələrinin səbəbini kifayət qədər sadə izah edirlər: «Bu ad, daha sonra Rusiya XİN MDBMİ və Moskva Universiteti yanında Asiya və Afrika ölkələri İnstitutunun xələfi olmuş Lazerev adına Rusiya Şərq Dilləri İnstitutunun yaradıcıları, məşhur erməni mesenatları ailəsinin – Lazarevlərin şərəfinə seçilib».

Rusiyanın iki məşhur ali məktəbinin imperiya dövrünə aid institutun varisi kimi təqdim edilməsi haqda danışmayacağıq, çünki bu, son dərəcə mübahisəli məsələdir. Lakin təqdimatda istifadə olunmuş ifadələr aydın şəkildə göstərir ki, klub rus dili bilgisi çox zəif olan insanlar tərəfindən qurulub. Onlar əvvəldən biliblər ki, yaratdıqları struktur bəyan etdikləri humanitar hədəflərdən və dəyərlərdən çox uzaq olacaq.

«Lazerev klubu»nun yaradılması haqda bəyanat son dərəcə mübahisəli, hətta şübhəli fikirlə başlayır – «Rusiya-Ermənistan münasibətlərinin tarixi əsrlərə dayanır». Rus dilini bilən istənilən şəxs bu cümləni oxuyan zaman düşünəcək ki, Rusiya ilə Ermənistan arasına dövlətlərarası münasibətlərin əsrlərlə tarixi var. Halbuki, bu, mümkün deyil. Ermənistan dövlət olaraq ilk dəfə 1918-ci il mayın 28-də elan olunub və bu il yaranmasının 100 illiyini qeyd edib. Yəni Rusiya-Ermənistan münasibətlərinin tarixi istər hüquqi, istərsə də siyasi mənada yalnız 1 əsr ola bilər. Rus-erməni münasibətlərinə, əlbəttə ki, sırf etnoloji tərəfdən, yəni sırf ermənilərin nöqteyi-nəzərindən baxmaq olar.  Onda erməni xalqına etnos yox, Osmanlı və Rusiya imperiyalarında qəbul olunduğu qaydada, milli-dini anlamdakı millət kimi yanaşılmalıdır. Elə isə, rus-erməni münasibətlərinin tarixi 1836-cı il martın 11-dən başlayıb. Bu, imperator I Nikolayın «Rusiyada Erməni-Qriqoryan kilsəsinin idarə olunması haqqında Əsasnamə» imzaladığı tarixdir. Lakin bu halda da bir məqamı bilmək lazımdır ki, sənədə əsasən Erməni-Qriqoryan kilsəsi Rusiya ilə tərəfdaşlıq münasibətlərinin subyekti yox, Rusiya imperiyasının ali rəhbərliyinin inzibati idarəetmə obyekti olub. Odur ki, söhbət rus-erməni münasibətlərinin yox, erməni millətinin Rusiyaya tabe olunmasının 182 illiyindən gedə bilər. Bu isə təbii ki, tamamilə fərqli şeylərdir.

Tarixin bir qədər də dərinliyinə getsək, məlum olur ki, XIX əsrin əvvəlinədək ermənilərin kilsə-din korporasiyası çoxmillətli olub. Orada ən müxtəlif etnik qrupların təmsilçiləri yer alıb. Tam amorf, yaxud hətta amfoter olan bu kütləni Rusiya imperiyasının rəhbərliyi, daha dəqiq desək, imperator I Pavel silsilə əmrlərlə müəyyən qədər strukturlaşdırmağa çalışıb. Bu prosesin əsası məhz imperator I Pavelin erməni patriarxı və bütün erməni xalqına ünvanladığı mənəvi işlər və kilsə ayinlərinə dair 1798-ci il 26 fevral tarixli ali fərmanı ilə qoyulub.

Bir qədər sonra – 1799-cu il oktyabrın 28-də isə Birinci Pavel Dərbənd, Həştərxan, Mozdok, Qriqoriopol (indiki Moldova ərazisində), Köhnə Krım ərazisində yaşayan ermənilərin Üçkilsədə oturan erməni patriarxı Lukanın hakimiyyətinə verilməsi haqda fərman imzalayıb. Başqa sözlə, Erməni-Qriqoryan kilsəsinin tərəfdarı, coğrafi və etnik mənada fərqli olan, XVIII və XIX əsrlərdə «erməni» adlandırılan qruplar zorla millət və ya dini korporasiya kimi bir araya gətirilib. Onlar bundan sonra 100 il ərzində az-çox vahid etnosa çevrilməyə başlayıb və 1917-ci ildə keçmiş Rusiya imperiyasında yaşanmağa başlayan geosiyasi kataklizmlər sayəsində 1918-ci ilin martında müstəqillik əldə ediblər.

Bütün sadalananlardan yalnız bir nəticəyə gəlmək olar: Ermənistan-Rusiya münasibətlərinin tərəfdaş kimi diplomatik münasibətlərinin 100 illiyi bu il tamam olub. O vaxtadək isə yalnız Rusiya imperiyasının Qafqazda mövcudluğunun sosial dayaqlarını gücləndirmək məqsədilə süni yolla erməni etnosu yaratmaq cəhdlərini görürük. Odur ki, bu halda hər hansı bərabərhüquqluluqdan, tərəfdaşlıqdan söhbət gedə bilməzdi. Beləliklə, tarixi faktları tərsinə təqdim etməyə çalışan hər kəs humanitar deyil, yalnız merkantil maraqlar güdür. Belə fəaliyyətə lobbiçilik, onunla məşğul olan qurumlara isə lobbi təşkilatı deyilir. Demək, əminliklə deyə bilərik ki, Moskvada yaradılan «Lazerev klubu» lobbi təşkilatıdır, onun üzvlərisə Ermənistanın, Rusiyadakı erməni diasporunun və şəxsən özlərinin maraqlarına xidmət edəcəklər. Təbii ki, onlar öz maliyyə imkanları, inzibati-siyasi resursları ilə buna ən yüksək səviyyədə nail olmağa çalışacaqlar. Əgər təşkilatın yaradıcıları humanitar, yaxud filantrop məqsədlər güdsəydi, Ermənistanla istənilən alyansda aparıcı rola malik olan Rusiyanın tarixinə bu qədər etinasız yanaşmazdılar.

Bu fakt ortaya bir sual da çıxarır: «Lazerev klubu» erməni elitasının hansı hissəsinin lobbiçiliyilə məşğul olacaq? Təşkilatın yaradıcılarının, yaxud yaradılmasına dair bəyanatı imzalamış şəxslərin siyahısı bu suala cavab verir. Onlardan yalnız bəzilərini təqdim edirik: Zori Balayan, Artaşes Geqamyan, Konstantin Zatulin, Vladimir Kazimirov, Modest Kolerov, Vazgen Manukyan, Öri Navoyan, Vyaçeslav Nikonov, Aram Safaryan, Viktor Soqomonyan, Karen Şahnazarov. Bu, ya Ermənistanın Azərbaycana təcavüzündə birbaşa iştirak etmiş, ya ona siyasi-diplomatik dəstək vermiş, ya da son 30 ildə (1988-1994-cü illərin Qarabağ müharibəsinin başladığı andan) tanınmamış «Dağlıq Qarabağ Respublikası»nın separatçı rəhbərliyinin maraqlarına xidmət etmiş şəxslərdir. Maraqlıdır ki, «Lazerev klubu»nun yaradıldığına dair bəyanatda hazırda Ermənistan rəhbərliyində yer almış heç kəsin imzası yoxdur. Söhbət ölkədə bu ilin 1-8 may tarixlərində baş vermiş inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan və onun qərbpərəst komandasından gedir. Müvafiq olaraq, yaradıldığı elan olunmuş ictimai-lobbiçi strukturun gələcəkdə hansı siyasi simada çıxış edəcəyini elə onun yaradıcılarının siyahısından bilmək olur.

Birincisi, o, Ermənistana münasibətdə açıq antipaşinyançılıq edəcək, qeyri-demokratik əks-inqilabın təşkilinə çalışacaq. Məqsəd, əlbəttə ki, Dağlıq Qarabağdakı erməni separatçılarının qeyri-qanuni silahlı birləşmələrinin səhra komandirləri olmuş şəxslərin hakimiyyətə qaytarılmasıdır. Məlum olduğu kimi, onlar Ermənistanın sabiq prezidentləri Robert Koçaryan ilə Serj Sarqsyan tərəfindən Ermənistan parlamentində 1999-cu il oktyabrın 29-da törədilmiş terror aktından sonra yaradılmışdı. Ondan sonra isə ölkədə dövlət çevrilişi baş vermiş və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Bakı ilə konstruktiv danışıqlara başlamış prezident Levon Ter-Petrosyan devrilmişdi. Başqa sözlə, Rusiyada «Lazerev klubu»nu ya Ermənistanda hakimiyyətdə olmuş, bu ilin mayında hakimiyyətdən qovulmuş «Qarabağ klanı»nın bilavasitə üzvləri, ya da onlara siyasi və ya maddi təsir imkanlarına malik şəxslər yaradıb. Onların əksəriyyəti isə erməni əsilli rusiyalı siyasətçi və iş adamıdır. Bu insanları bir şey birləşdirir – var-dövlət içərisində yaşamaq imkanını geri qaytaracaq siyasi revanş, «status quo ante bellum»un (müharibəyədək olan dövr) geri qaytarılması istəyi. Bunu onlar ya «Qarabağ klanı» qarşısındakı keçmiş xidmətlərinə görə İrəvandan alınan renta (erməni xalqı ilə səhv salmayın – bu xalqın özü uzun müddət sıxılmış vəziyyətdə saxlanılıb) və ya öz biznesləri üçün güzəştlər müqabilində etməyi düşünürlər.

İkincisi, Rusiyada onlar Azərbaycanın Ermənistan tərəfindən 1988-1994-cü illərdə zəbt edilmiş ərazilərinin işğalda qalması istiqamətində də fəal lobbiçiliklə məşğul olacaqlar. Üstəlik, bu işi guya Rusiya-Ermənistan dostluğunun qorunub saxlanmasına çalışdıqları pərdəsi altında görəcəklər. Onlar iddia edəcəklər ki, söhbət Dağlıq Qarabağın kimə məxsus olduğundan gedən zaman Rusiya beynəlxalq hüquq normalarına əsaslanarsa, bu dostluq mümkün olmayacaq. Bir sözlə, onlar yaradılması və təbliğilə Cənubi Qafqazın düzənini dəyişməyi düşündükləri «Artsax» adlı kvazidövlətin mövcudluğu üçün əllərindən gələni edəcəklər. Bununla yanaşı, onların əksəriyyəti bunun Azərbaycandan çox Ermənistanın ziyanına olduğunu anlamırlar. Məsələ ondadır ki, Ermənistan 1994-cü ildən «Artsax»ın metropoliyası yox, əksinə müstəmləkəsidir. Onun demək olar ki, bütün maddi, siyasi, insani və inzibati resursları işğalçı rejimin fiziki və siyasi mövcudluğunun qorunmasına xərclənir. Onun təmsilçiləri və müttəfiqləri üçün Ermənistan doğma vətən yox, sağmal inəkdir. Bu gün Balayan və Zatulin, Kazimirov və Kolerov, həmçinin şəxsi rifahı və gələcəyi yalnız «Artsax» adlı kvazidövlətin yaşayıb-yaşamayacağından asılı olan digər şəxslər məhz bu «süd»lə qidalanır. Bu insanlar bütün həyatlarını və ya həyatlarının əhəmiyyətli bir hissəsini ya Qafqazda ikinci erməni dövlətinin yaradılmasına, ya da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə həsr ediblər. Onların hamısı məşhur «miasum» ideyasının özünəməxsus «əhl-səlib»ləri olublar və indi də elədirlər. Halbuki bu ideyanın daşıyıcıları özlərinin orta əsrlərə aid sələfləri kimi, ciddi məğlubiyyətə uğramaqdadır. Üstəlik, məğlubiyyətə səbəb onların düşmən saydıqları türklərin fəallığı yox, keçmiş sponsorların bu mövzuya marağını itirməsidir – lap ilk əhl-səliblərlə olduğu kimi.

«Lazarev klubu» Ermənistanın Cənubi Qafqaz regionunda «Artsax»ın yaradılması və onun İrəvanla «miasum»u vasitəsilə göylərə qaldırmaq arzusunda olan rus və erməni siyasətçilərin, ictimai xadimlərin, ziyalıların bir hissəsinin ümidsizliyinin nəticəsidir. Tarixsə onlarla acı zarafat edir – potensial müstəmləkənin özü metropoliyaya çevrilərək, Ermənistanın qanını sorur. Nəticədə, onun sakinləri 18 il sonra dəhşət içərisində bu vəziyyətə qarşı qiyama qalxıb. İndi onlar bu ilin mayında özlərinin devirdiyi siyasi rejimin geri qayıtması üçün Kremlin Ermənistanın daxili işlərinə müdaxilə etməsini istəyirlər. Amma «lazerevçi»lər tarixi çətin ki, geri qaytara bilsinlər. Çünki indiyədək dünyada oğul Aleksandr Dümanı inkar edə bilən tapılmayıb: «Dünyanın heç bir ordusu vaxtı çatmış ideyanın qarşısını ala bilməz».



MƏSLƏHƏT GÖR:

8