19 Aprel 2024

Cümə, 22:49

MİLLİ ÖZÜNÜDƏRKİN RƏMZİ

100 il öncə üzərində aypara və səkkizguşəli ulduz olan üçrəngli bayraq Azərbaycan dövlətçiliyinin atributuna çevrilib

Müəllif:

15.11.2018

Azərbaycan Dövlət bayrağının 100 illik yubileyini qeyd edib. Bu gün ölkə prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncama əsasən, artıq 9-cu ildir ki, qeyd olunur. Sərəncamda deyilir: «Azərbaycanın Dövlət bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi, bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir».

Azərbaycan Xalq Cümhuriyyətinin (AXS) rəmzi olmuş bu bayraq xalqımızın həyatına hüquqi baxımdan 1990-cı il noyabrın 17-də qayıdıb. Həmin gün Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Ali Məclisi AXC-nin bayrağını Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsdiqləyib. Bununla yanaşı, qurum Azərbaycan Ali Soveti qarşısında üçrəngli bayrağın bütünlükdə respublikanın rəmzi kimi təsdiqlənməsi məsələsini qaldırıb.

Naxçıvan Muxtar Respublikasının qanunverici orqanının bu qərarı respublika rəhbərliyini də analoji addım atmağa sövq edib. Nəticədə, 1990-cı il noyabrın 29-da «Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında» fərman verilib. O, Milli Məclis tərəfindən 1991-ci il fevralın 5-də ratifikasiya olunub. Beləliklə, AXC-nin üçrəngli bayrağı müasir Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiqlənib. Ölkə 1991-ci ilin oktyabrında yenidən əldə etdiyi dövlət müstəqilliyi yoluna məhz bu bayraqla qədəm qoyub…

Üzərində aypara və səkkizguşəli ulduzun olduğu üçrəngli bayrağın tarixi uzaq 1918-ci ildən başlayır. 1918-ci il mayın 28-də elan olunmuş AXC hökumətinin ilk işlərindən biri müstəqil dövlətin atributlarının qəbulu olub. İlkin olaraq Dövlət bayrağı kimi, Osmanlı imperiyasının bayrağı qəbul edilib. 1918-ci il iyunun 21-də təsdiqlənmiş ilk bayraq üzərində ağrəngli aypara ilə səkkizguşəli ulduzun həkk olunduğu qırmızı parçadan ibarət idi. Lakin Azərbaycan dövləti Türkiyə ordusunun dəstəyilə «həyati əhəmiyyət daşıyan Bakı məsələsi»ni həll etdikdən sonra onun həyatında yeni mərhələ başlayıb. AXC liderləri bu zaman dövlət bayrağının da dəyişdirilməsi qərarına gəliblər. Burada, şübhəsiz ki, Osmanlı imperiyasının Birinci Dünya müharibəsində məğlub olması və regionun qalib Antantanın nəzarətinə keçməsi də öz rolunu oynayıb. Lakin bayrağın dəyişdirilməsi həm də AXC-nin mahiyyətindən, əsaslandığı ideyalardan irəli gəlirdi.

Beləliklə, 1918-ci il noyabrın 9-da AXC-nin baş naziri Fətəli xan Xoyskinin məruzəsi əsasında ölkənin yeni bayrağı təsdiqlənib. Bu, horizontal istiqamətdə mavi, qırmızı və yaşıl rənglərdən ibarət, qırmızı zolağın ortasında ağ rəngdə aypara ilə səkkizguşəli ulduzun həkk olunduğu bayraqdır. O zaman Milli Şuranın sədri, respublikanın ilk rəhbəri Məhəmməd Əmin Rəsulzadə əminliklə deyib ki, «Azərbaycanın müstəqilliyinin rəmzi olan, Milli Şura tərəfindən ucaldılan, türkün azadlığını, islami dəyərlərini və müasirliyini ifadə edən bu üçrəngli bayraq başımız üzərində daim dalğalanacaq…».

Azərbaycanın Dövlət himninin müəllifi, dahi bəstəkar Üzeyir Hacıbyov 1919-cu il mayın 28-də – AXC-nin elan olunmasının 1-ci ildönümündə yazırdı: «Azərbaycan Cümhuriyyəti sağlam milli əsaslar, türk idrakı üzərində qurulub… Eyni zamanda Azərbaycan yeni cəmiyyət qurmağa, avropalı düşüncəsilə hərəkət etməyə çalışıb. Bayrağımızdakı üç rəng də bunu ifadə edir. Bayrağımızın mavi rəngi türkçülüyün, yaşıl rəngi islamın, qırmızı rəngisə inkişaf və mədəniyyətin rəmzidir».

Hökumət başçısı Fətəli xan Xoyski isə deyirdi ki, bayrağın üzərindəki aypara islamı, səkkizguşəli ulduz isə «Azərbaycan» sözündəki 8 hərfi ifadə edir.

Görkəmli şair və dramaturq, milli rəmzimizə «Sevdiyim» və «Azərbaycan bayrağına» şeirlərini həsr etmiş Cəfər Cabbarlı da səkkizguşəli ulduzu «Odlar diyarı»nın adındakı hərflərin sayı ilə əlaqələndirib.

Azərbaycanın 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyasına məxsus XI Qızıl ordu tərəfindən işğalı və müstəqil Azərbaycan dövlətinin bütün rəmzlərinin ləğvi üçrəngli bayrağın da dəyişdirilməsilə nəticələnib. Ondan sonrakı 70 ildə o, qanunsuz elan olunub. Lakin üçrəngli bayrağı xalqın tarixindən və yaddaşından silmək mümkün olmayıb. Başqa sözlə, Məhəmməd Əmin Rəsulzadənin bir şüarı uzaqgörənliklə söylənmiş ifadəyə çevrilib: «Bir kərə yüksələn bayraq, bir daha enməz!»

1980-ci illərin sonlarında üçrəngli bayraq yenidən Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış insanların əlində dalğalanmağa başlayıb. Xalq hərəkatı getdikcə daha kütləvi xarakter alıb və 1988-ci il noyabrın 17-i dövlətimizin rəsmən milli dirçəliş günü saydığı tarix yetişib. Naxçıvan Ali Məclisinin tarixi qərarının da noyabrın 17-də – Azərbaycan paytaxtı Bakıda kütləvi mitinqlərin başladığı gündən 2 il sonra qəbul olunması təsadüf deyildi.

Müasir Azərbaycan dövlətinin memarı, AXC-yə məxsus üçrəngli bayrağın yenidən ölkənin milli rəmzlərindən birinə çevrilməsində vacib rol oynamış Heydər Əliyev deyirdi: «Bu, sadəcə, bayraq deyil. Bu, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Odur ki, Azərbaycanın hər bir vətəndaşı bunu anlamalı, qiymətləndirməlidir. Vətəndaşın bayrağa sevgisi onun Vətəninə, xalqına və dövlətinə sevgisi qədər olmalıdır!»

Azərbaycan dövləti və xalqı milli müstəqilliyin aralarında bayrağın da olduğu rəmzlərini hər zaman qoruyur. Ölkənin müxtəlif şəhərlərində Dövlət Bayrağı Meydanı və muzeyi var. Biz istənilən səviyyədə və meydanda hər bir qələbə və nailiyyətimizi əlimizdə bu bayrağı tutmaqla qeyd edirik.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının 2010-cu il sentyabrın 1-də keçirilmiş açılış mərasimində demişdi: «Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırıb, ölkəmizdə gedən proseslərə güclü təkan verib».

Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyimizin ən mühüm rəmzlərindən biridir. Bununla yanaşı, onu heç bir şişirtməyə yol vermədən xalqımızın özünütanımının ən populyar rəmzi saymaq olar.

Lakin bizim üçrəngli bayrağımıza sadiqliyimizin ən vacib sübutu onun işğal altındakı torpaqlarımıza qayıdışı olacaq. Azərbaycan Prezidentinin də dəfələrlə dediyi kimi, bu hədəfə mütləq nail olunacaq – gec və ya tez, istənilən yolla! Hər halda, böyük qələbənin ilk əlamətləri özünü 2016-cı ilin aprel döyüşlərində göstərib. O zaman Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı bir sıra strateji yüksəkliyi işğaldan azad edə bilib. Bu il bayrağımız Naxçıvan MR-in son illərdə erməni işğalı altında olmuş 11 hektarlıq ərazisində də yenidən ucaldılıb. Bununla əlaqədar, Prezident İlham Əliyevin Bakının daşnak-bolşevik işğalından azad olunması münasibətilə keçirilmiş hərbi paradda dediyi sözləri yada salmaq yerinə düşər: «Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərib. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılıb. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılıb. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq».

 

 

SİTAT

«Gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq!»

İlham Əliyev, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

356