20 Aprel 2024

Şənbə, 01:55

DÜNYA KUBOKUNDA İKİ GÜMÜŞ

Azərbaycan Gimnastika Federasiyası mövsümün son beynəlxalq yarışını uğurla başa vurub

Müəllif:

01.12.2018

Milli Gimnastika Arenasında mövsümün sonuncu beynəlxalq turniri – Akrobatika Gimnastikası üzrə Dünya Kuboku başa çatıb. Yarışın mükafatları uğrunda Azərbaycan gimnastlarıyla yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları mübarizə aparırdı. Yarışda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə apardılar.

Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa Çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış ediblər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkbərov medallar uğrunda yarışıb.

Qarışıq cütlüklər tərkibində çıxış edən Azərbaycan gimnastları Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 29,646 xal toplamaqla Dünya Kubokunun gümüş medalını qazanıblar. Bu növdə qızıl medallara rusiyalı gimnastlar Kiril Startsev və Viktoriya Aksenova (29,663 bal), bürünc medallara isə Belarus təmsilçiləri Artur Belyakov və Olqa Melnik layiq görüldülər.

Ölkəmizə daha bir medal Dünya Kubokunda kişi cütlükləri tərkibində çıxış edən Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov qazandırdı. Təmsilçilərimiz 28,600 balla fəxri kürsüdə ikinci yerə yüksəldi. Kişi cütlüklərin mübarizəsində qızıl medal rusiyalı gimnastlar Timofey İvanov və Maksim Karavayev (29,182 bal), bürünc medal isə qazaxıstanlı idmançılar Daniel Dil və Vadim Şulyara (28,583 bal) qismət olub.

Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanova idmançılarımızın çıxışından razı qaldığını deyib. "Onlar hər şeyi etdilər. Əlbəttə, hərəkətlərin sonunda hər şey planlaşdırıldığı kimi olmadı, uşaqlar hərəkətləri daha yaxşı yerinə yetirməyə qadirdilər. Yarışdan sonra hər bir məşqçi həmişə narazı olur, hansısa qüsurları tapır. Murad Əkbərov çıxış edənə qədər çox güclü həyəcan keçirirdi, biz onu çətinliklə sakitləşdirdik. Amma o, toparlana bildi. Gimnastlarımız çox yaxşı formada olduqlarını sübut etdilər. Biz indi daha yaxşı formadayıq, mən hiss edirəm ki, biz inkişaf edirik”-deyə İ. Qurbanova “R+”a açıqlamasında bildirib.

O, əlavə edib ki, gələn il akrobatlarımız İsraildə keçiriləcək Avropa Çempionatında çıxış edəcəklər. Qitə Birinciliyində üç dəst medal uğrunda mübarizə aparılacaq - hər hərəkətə görə ayrılıqda və çoxnövçülük üzrə. Baş məşqçi inanır ki, gimnastlar Azərbaycanı layiqincə təmsil edəcəklər.

Dünya Kubokunun gümüş mükafatçısı Seymur Cəfərov da təəssüratlarını “R+”la bölüşüb: "Yaxşı nəticə qazanacağımıza inanırdım. Əsas qarşıya məqsəd qoymaqdır. Mən və Murad Əkbərov məqsədimizə nail olduq. Düzdür, səhvlər oldu, lakin onlar hamıda olur. Onların üzərində işləyəcəyik, ancaq yaxşıya doğru gedəcəyik".

Murad Əkbərov isə bildirib ki, o, startdan öncə çox həyəcanlanıb: "Yarışlar Azərbaycanda keçirilir, buna görə böyük məsuliyyət var idi. Amma azarkeşlər bizə çox güclü dəstək verirdilər, doğma divarlar kömək edirdi".

Gimnastlar bildiriblər ki, indi onların əsas işi baş məşqçinin göstərdiyi səhvləri düzəltməkdir. Əsas hədəf 2019-cu il Avropa Çempionatıdır.

Bununla da, Azərbaycan Gimnastika Federasiyası mövsümün sonuncu Dünya Kubokunu uğurla yola saldı. Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası 2019-cu il ərzində daha çox mötəbər yarışa ev sahibliyi edəcək. Gələn il batut, bədii və idman gimnastikası üzrə Dünya Kuboku Bakıda olacaq.

2019-cu ildə federasiya ilk dəfə olaraq, gimnastikanın iki növü üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Belə ki, bədii gimnastların ardınca, 24-26 may tarixlərində qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaq. 2019-cu ilin 20-28 iyul tarixlərində şəhərimizdə ilk dəfə olaraq daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu festival çərçivəsində yarışlar da Milli Gimnastika Arenasında təşkil olunacaq.

Və ilin nəzərdə tutulan son yarışı bədii gimnastika üzrə Dünya Çempionatıdır. 14 ildən sonra Bakı yenidən dünya birinciliyinə ev sahibliyi edəcək. Paytaxtımızda baş tutacaq hər 3 Dünya Kuboku, eləcə də Dünya Çempionatının əsas özəlliklərindən biri isə məhz Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıması olacaq.



MƏSLƏHƏT GÖR:

362