29 Mart 2024

Cümə, 17:26

KƏND ÜÇÜN “CLAAS” TEXNİKASI

Dünyaca tanınmış kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS” şirkəti Azərbaycana regional mərkəz kimi yanaşır.

Müəllif:

01.12.2018

Bakıda Almaniyanın dünyaca tanınmış kənd təsərrüfatı texnikası istehsalçısı “CLAAS” şirkətinin servis mərkəzi açılıb. Alman istehsalçısının Azərbaycandakı rəsmi tərəfdaşı olan “4S” şirkətinin açdığı yeni mərkəz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunub. Burada müştərilərə “CLAAS” texnikasının əldə edilməsi, istismarı, həmçinin diaqnostika, servis və təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Məhsul yığımı mövsümündə servis xidməti həftədə yeddi gün fasiləsiz iş rejimində çalışacaq.

“4S” şirkətinin rəhbəri Elxan Ələkbərov bildirib ki, qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyev tərəfindən prioritet elan edilib. Ölkədə kənd təsərrüfatının innovasiya əsaslı inkişafına dəstək vermək üçün lazımi tədbirlər görülür. “CLAAS” texnologiyalarını ölkəyə gətirən “4S” şirkətinin də əsas strategiyası son illər yaradılan iri təsərrüfatların, aqroparkların texnoloji təminatında mühüm rol oynamaq, mədəni əkinçilik, torpaq resurslarından səmərəli istifadə, torpaq becərmə işlərində əməliyyatların sayını azaltmaqla maya dəyərinin aşağı salınmasına nail olmaqdır.

E. Ələkbərov qeyd edib ki, “CLAAS” şirkətinin texnika və texnologiyalarının artıq bir neçə ildir Azərbaycanda istifadə olunması bütün xidmətləri bir məkanda cəmləyən mərkəzin açılışını zəruri edirdi. Üstəlik, “CLAAS” şirkətinin Bakı nümayəndəliyi təkcə Azərbaycanda deyil, bütün regionda satış, məsləhət və servis xidmətləri göstərəcək.

“CLAAS” Qrupun İdarə Heyətinin üzvü Bernd Lüdeviq isə Azərbaycan bazarını hələ illər əvvəl özləri üçün prioritet kimi müəyyənləşdirdiklərini vurğulayıb. “Yerləşdiyi geostrateji mövqe Azərbaycana regional mərkəz olmağa imkan yaradır”, - deyə Bernd Lüdeviq bildirib. Onun sözlərinə görə, texnikanın satışı ilə yanaşı, fermerlərin bilik və bacarıqlarının artırılması da əsas şərtlərdəndir.

“4S” şirkətinin rəhbəri Elxan Ələkbərov da fermerlərin təlimlərinə çox böyük əhəmiyyət verdiklərini deyir. Artıq Qəbələ peşə məktəbində bir neçə nəzəri və praktiki təlim keçirilib. İsmayıllıda keçirilən sahə günlərində isə fermerlər müasir alman texnologiyaları ilə düzgün torpaq işləmləri, toxum və gübrə səpininin həyata keçirilməsi yolları ilə tanış edilib. Sonda fermerlər eyni sahədə eyni toxum və gübrə ilə məhsuldarlığın 40% artırılmasının mümkünlüyünə şahid olublar.

Noyabr ayının əvvəlində isə Beyləqan rayonunun Türklər kəndində “Tarla günü” təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutmuş tədbirdə Almaniyadan dəvət olunmuş aqroekspertlər tərəfindən yeni silos düzəldən kombaynlardan olan “JAGUAR-850”nin iş prosesi, “LEMKEN” kotanları və digər əkin texnikalarının iqtisadi səmərəsi sahədə əyani nümayiş etdirilib. “CLAAS” Global Sales GmbH”in regional meneceri Vasili Zayder, “PPMA GmbH & Co.KG” şirkətinin iqtisadçısı Bernd Henn yemin düzgün tədarük edilməsi, qüvvəli yemlərin hazırlanması, yem hazırlayan texnikaların düzgün seçimi haqqında ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov deyib: “CLAAS” şirkətinin çoxfunksiyalı texnikaları bir gedişdə bir neçə əməliyyatı həyata keçirməklə məhsulun maya dəyərinin azaldılmasına, irihəcmli sahələrin optimal vaxtda becərilməsinə imkan verir. “JAGUAR- 850” kombaynları çox məhsuldar, yanacağa qənaətli, idarəedilməsi asan, torpağın strukturuna müsbət təsir göstərən texnoloji yenilikdir. Xüsusən, bu şirkətin texnikaları bizə təkrar əkinlərin aparılması üçün çox lazımdır. Bu addım fermer gəlirlərini xeyli artıran bir metoddur”.

O, bildirib ki, Azərbaycanda adi əkinlərlə yanaşı, təkrar əkinlərə də subsidiyalar verilir. Bu da az vəsait qoymaqla daha çox gəlir əldə etməyə imkan verir. Bu texnikaların ən mühüm təsiri cins heyvandarlığın inkişafı ilə bağlıdır. İ. İsmayılov yem bitkilərinin əkilib-becərilməsində maraqlı olan istehsalçıları “CLAAS” şirkətinin texnikalarından istifadə etməyə çağırıb.

“Qarabağ-Toxum” MMC-nin direktoru Rəcəb Orucov isə rəhbərlik etdiyi təsərrüfatda bu texnologiyaların müsbət təsirlərini müşahidə etdiklərini deyib. “Bu texnikalarla təkrar əkinləri həyata keçiririk, hektardan götürdüyümüz silosluq qarğıdalı məhsulu 45 tondan çoxdur. «CLASS» texnikalarının faydalı iş əmsalı yüksəkdir, eyni vaxtda bir neçə texnoloji prosesi yerinə yetirir. Bu texnikalar Kür-Araz ovalığında ağır gilli torpaqlarda keyfiyyət göstəricilərinin yüksəlməsinə xidmət edir. Bu şirkətin texnikaları heyvandarlığın inkişafına da layiqli töhfələrini verə bilər”-deyə təsərrüfat rəhbəri bildirib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi Sənan Zeynalov isə elm mərkəzi olaraq «CLASS» kombaynlarının yüksək göstəricilərini öyrəndiklərini və bu texnikanın iş prinsipinin ölkə üçün son dərəcə əhəmiyyətli olduğunu bildirib.

“CLAAS” Global Sales GmbH”in regional meneceri Vasili Zayder vurğulayıb ki,  “CLAAS” şirkəti yüksək keyfiyyətli yem hazırlanması üçün geniş istehsal xəttini təqdim edir: “Buraya silosyığan kombaynlar, press-toplayıcı maşınlar və “yaşıl xətt” üzrə bütün təkliflər, həmçinin logistikanı optimallaşdıran teleskopik toplayıcılar daxildir. Aqrar sektorda innovasiyaların tətbiqi vacib rol oynayır və iş prosesinin optimallaşdırılmasına səbəb olur ki, nəticədə, istehsal artır. “CLAAS” şirkəti innovasiyalara böyük diqqət yetirir və hər il təkmilləşmə, yeni texnologiyaların hazırlanmasına 250 milyon avro dəyərində vəsait ayırır. Bu xüsusda silos yığan JAGUAR kombaynı misal çəkilə bilər. Belə ki, kombayn 3 növ taxıl doğrama mexanizmi, STOP-ROCK - daş-kəsəkdən qorunma sistemi, AUTO FILL avtomatik toplama sistemi, yığım zamanı rütubəti ölçən TELEMATICS sistemi ilə təchiz olunub”.

Qeyd edək ki, “4S” şirkəti 2017-ci ildə yaradılmasına baxmayaraq, qısa müddətdə müasir xarici kənd təsərrüfatı texnikasının satış bazarında öz layiqli yerini tuta bilib. Hal-hazırda şirkətinin ölkə üzrə iki servis sahəsi fəaliyyətdədir və onlar mobil servis xidmətlərinin göstərilməsi imkanlarına malikdirlər. Bu isə alınan texnikalara daha operativ və sürətli xidmət göstərmək imkanı verir. “CLAAS”la bərabər “4S” şirkəti öz müştərilərinə «Amazon» (Almaniya) kimi dünya brendlərinin məhsullarını təklif etməkdədir.

Əlaqə:

«4S» şirkəti

14 Salyan yolu, Səbail dairəsi,

Bakı Azərbaycan AZ1023

Əlaqə: *3131

info@ssss.az

www.ssss.az



MƏSLƏHƏT GÖR:

362