25 Aprel 2024

Cümə axşamı, 18:17

AVROPAYA AÇILAN BORU

Yeni «Türk axını» Rusiyaya «Köhnə dünya»nın qaz bazarına yolunu açacaq

Müəllif:

01.12.2018

Rusiya ilə Türkiyəni tarixi əsrlərlə ölçülən münasibətlər birləşdirir. Burada böyük çətinliklər, ziddiyyətlər, hətta müharibələr və eyni zamanda dostluq var. Bu münasibətlər daim dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu gün Ankara-Moskva münasibətləri müsbət istiqamətdə inkişaf edir, kifayət qədər möhkəm iqtisadi əlaqələrlə, nəhəng infrastruktur layihələrlə daha da güclənir.

İki ölkə arasındakı əlaqələrdə enerji sahəsi xüsusi yer tutur. Hazırda Rusiyanın «Rosatom» dövlət şirkəti Türkiyə ərazisində «Akkuyu» Atom Elektrik Stansiyasının tikintisilə məşğuldur və bu iş kifayət qədər uğurla gedir. Bununla yanaşı, Rusiya Türkiyəni neft məhsulları ilə, daş kömürlə təmin edir, həmçinin onun əsas təbii qaz tədarükçülərindən biridir: 2017-ci ildə Rusiyadan Türkiyəyə qaz tədarükü 24,7 milyard kubmetrdən 29 milyard kubmetrə yüksəlib.

Amma bu da son deyil. İndi «Qazprom» Türkiyə bazarına son dərəcə ciddi yanaşmağa başlayıb və görünən odur ki, o, burada hələ uzun müddət qalmaq niyyətindədir. Hər halda, kifayət qədər iddialı «Türk axını» qaz kəmərinin tikintisi gündəmdədir.

 

Nadir layihə

Bu boru xətti layihəsilə bağlı tarix 2014-cü ilin dekabrından başlayıb. O zaman Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı rus qazını Avropa İttifaqına Ukraynadan yan keçməklə nəql etməli olan «Cənub axını» layihəsi üzərində işləri dayandırdıqlarını bəyan etmiş, əvəzində «Qazprom» ilə Türkiyənin «Botas Petroleum Pipeline Corporation» şirkəti Qara dənizin dibi ilə Türkiyə istiqamətində «Türk axını» qaz kəmərinin tikintisinə dair razılığa gəlmişdi. O, iki qoldan ibarət olmalıdır və qolların hər biri ildə 15,75 milyard kubmetr qaz nəql edə bilməlidir. Sonradan quruda çəkiləcək boru xətti dənizdən çıxacaq borunu Lüləburqaz şəhərində Türkiyənin mövcud qaz nəqli sisteminə birləşdirməli, buradan isə kəmər Aİ sərhədinədək uzanmalıdır.

2017-ci ilin mayında «Qazprom» kəmərin dəniz hissəsinin tikintisinə başlayıb və proses 2018-ci il noyabrın 19-da təntənəli mərasimlə başa çatdırılıb. Dənizin dibi ilə boru xəttinin çəkilişi dünyanın ən nəhəng inşaat gəmisi olan «Pioneering Spirit» vasitəsilə həyata keçirilib.

«Türk axını» nadir layihədir. Tarixdə ilk dəfə olaraq 2,2 kilometr dərinlikdə 813 millimetr diametri olan boru çəkilib. Rusiyanın Anapa şəhərilə Türkiyənin Kıyıköy yaşayış məntəqəsi (İstanbuldan 100 kilometr qərbdə) arasında 2 xətt çəkilib. Onların hər birinin uzunluğu 930 kilometrdən artıqdır. Qaz kəməri ildə 31,5 milyard kubmetr qaz nəql etmək gücündədir», - deyə «Qazprom» şirkətinin rəhbəri Aleksey Miller bildirib.

İndi Rusiya şirkəti işin qurudakı hissəsini görməlidir. «Ümid edirik ki, işlərin bu mərhələsi də eyni tezliklə həyata keçiriləcək və qaz kəmərini planlaşdırıldığı kimi, 2019-cu ilin sonuna istismara verə biləcəyik», - deyə Rusiya prezidenti Vladimir Putin «Türk axını»nın dəniz hissəsinin istismara verilməsi mərasimindəki çıxışında bildirib.

«Qazprom»un hesablamalarına görə, iki xətdən birincisi ilə rus qazı Türkiyənin qərbinə, ikincisi ilə Türkiyə ərazisindən keçməklə Cənubi vёə Cənub-Şərqi Avropa ölkələrinə daşınacaq.

V.Putin deyib ki, bu layihə üçüncü ölkələrin maraqlarına qarşı deyil: «Bu cür layihələr sırf quruculuq xarakteri daşıyır. Onlar dövlətlərarası münasibətlərin inkişafına, iqtisadiyyatın inkişafı üçün dayanıqlı şəraitin yaradılmasına, bu əsasda ölkələrimizin vətəndaşlarının rifahının yüksəlməsinə hesablanıb».

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində, «Türk axını»nı tarixi layihə adlandırıb, onun istər öz ölkəsi, istərsə də Avropa üçün əhəmiyyətini vurğulayıb. «Bu qaz kəmərinin tam gücü ilə nəql edəcəyi qazın ən azı yarısı Avropa İttifaqı ölkələrinə ixrac olunacaq. Bizim ölkəmizə gəlincə, İstanbul, Bursa, Kocaeli, İzmir – vacib istehsal və ixrac mərkəzləri – kimi şəhərlər də stimul və impuls qazanacaq. Odur ki, Türkiyə tranzit riski ilə üzləşmədən istər özünün, istərsə də Aİ-nin təbii qaza tələbatını tam şəkildə ödəyə biləcək», - deyə Ərdoğan qeyd edib.

 

Tərəflərin qazancı

«Türk axını» layihəsinin reallaşdırılmasına razılıq vermiş Ankaranın məntiqini anlamaq çətin deyil. O, bir yandan özünə sərf edən qiymətə rus qazı alacaq, digər tərəfdən Avropaya qaz paylayan xaba çevriləcək. Demək, Türkiyə iqtisadiyyatı tranzitdən əlavə dividendlər qazanacaq. Təbii ki, bütün bunlar Ankaranın regionda onsuz da zəif olmayan mövqeyini daha da gücləndirəcək, ən başlıcası isə Türkiyə bazarının digər qaz tədarükçülərinə öz tarif şərtlərini diqtə etməsinə imkan verəcək.

Sonuncunu boru xəttinin dəniz hissəsinin İstanbulda keçirilən açılış mərasimində Türkiyənin energetika naziri Fatih Dönməz də dilə gətirib: «Türkiyə enerji bazarında rəqabətin güclənməsinə imkan yaradır. Biz qiymətqoyma, enerji bazarlarının inkişafı üçün ədalətli şəraitin yaradılması kimi vacib addımlar atırıq. Bu yaxınlarda açılışı olmuş TANAP qaz kəməri də buna xidmət edir. Sentyabrda isə enerji resurslarının topdansatış bazarını yaratmışıq».

Nazir bildirib ki, 2020-ci ilə ölkəsində qaza olan illik tələbat 60 milyard kubmetrə çatacaq. 2015-ci ildə bu, 55 milyard kubmetr idi. Nazirin sözlərinə görə, Türkiyə Avropada enerji istehlakının həcminə görə 4-cü yerdədir. Bundan başqa, o, ölkəsinin qaz saxlama potensialına da malik olduğunu söyləyib.

«Türkiyə regionun enerji mərkəzinə çevrilmək üçün əlindən gələni edir. Bunun arxasında isə güclü siyasi iradə dayanır. Biz qaz satışı bazarının formalaşdırılması üçün bütün lazımi infrastrukturu yaratmışıq. Söhbət yalnız milli səviyyədə satışdan getmir. Beləliklə, bu bazarda çəkisi olan ölkələrdən birinə çevriləcəyik. Hazırda isə bu layihə vasitəsilə daha bir addım atırıq və bu addım boru xəttinin tam gücü ilə işə düşməsindən sonra ildə 15 milyon evin təbii qazla təchizatına imkan verəcək», - deyə energetika naziri bildirib.

«Türk axını»nın işə düşməsilə Rusiyanın qazanacağı dividendlər də aydındır. Birincisi, bu qaz kəməri «Qazprom»un Türkiyə bazarında daha da möhkəmlənməsinə, ən əsası isə Avropanın qaz bazarına Ukraynadan yan keçərək çıxmasına imkan verəcək. Məlum olduğu kimi, Rusiya illərdir məhz buna çalışır.

Nəzərə alsaq ki, «Qazprom» «Türk axını» ilə Aİ-yə kifayət qədər az həcmdə qaz nəql etməyi düşünür, indiki mərhələdə Moskva üçün vacib olan məhz bu marşrutun yaradılmasıdır. Ruslar Aİ-dən buna razılıq almaq üçün layihədə müəyyən dəyişikliklərə də gedib. Hər halda, əvvəlki plana görə «Türk axını»nın illik gücü 63 milyard kubmetr olmalı idi və onun 16 milyardı Türkiyə, 47 milyardı isə Avropa üçün nəzərdə tutulurdu.

«Qazprom» hazırda layihəni 7 milyard dollar dəyərləndirir. Yəni xərclər o qədər də çox deyil və buna dəyər. İndi vacib olan «Avropaya pəncərə» açmaqdır. Perspektivdə hər şey qaydasında gedərsə, qaza tələbat artarsa, boru xəttinin gücünü yeni qanadlar hesabına artırmaq, bununla da, nəql həcmini yüksəltmək olar.

Bununla yanaşı, Rusiya KİV-nin yazdığına görə, «Qazprom» artıq «Türk axını» ilə qaz nəqli marşrutunu da müəyyənləşdirib. O, başlanğıcını Bolqarıstandan götürəcək və Serbiya, Macarıstan, Slovakiyadan keçəcək. Şirkət qaz nəqlinə 2020-ci ildən Bolqarıstan və Serbiyadan başlamağı, 2021-ci ildən Macarıstana, 2022-ci ilin ikinci yarısından isə Slovakiyaya qaz tədarük etməyi planlaşdırır.

 

Yeganə alternativ

Əlbəttə ki, kommersiya baxımından özünü doğruldan və tərəflərin maraqlarına cavab verən istənilən layihənin «yaşamaq haqqı» var. «Türk axını» da istisna deyil. Hazırda Türkiyə təbii qaza olan tələbatını Rusiya, İran, Azərbaycan, Əlcəzair, Nigeriya və s. daxil olmaqla, müxtəlif mənbələr hesabına ödəyir. Onun idxal etdiyi qazın 50%-i isə Rusiyanın payına düşür. Belə bir vəziyyətdə Türkiyə bazarında rus qazının, məsələn, Azərbaycan qazı ilə rəqabəti haqda danışmaq yersizdir. Demək, «Türk axını»nın istismara verilməsindən sonra da vəziyyət olduğu kimi qalacaq.

Boru xəttinin Avropaya uzanan hissəsinin perspektivi daha dumanlı görünür. Məsələ ondadır ki, Aİ Rusiya qazından asılılığı azaltmağa çalışır, ABŞ isə Rusiyadan çəkilən istənilən boru xətti layihəsinə olduğu kimi, «Türk axını»na da mənfi yanaşır.

«ABŞ «Şimal axını» qaz kəmərinin ikinci qanadının və «Türk axını»nın tikintisinə etirazını açıq şəkildə bəyan edir. Səbəb aydındır: Avropa və Ukrayna vətəndaşları bir mənbədən enerji daşıyıcıları tədarükünün girovu olmamalıdır». Bu bəyanatı ABŞ-ın energetika naziri Rik Perri Ukraynanın baş naziri Vladimir Qroysman ilə Türkiyədə «Türk axını» ilə bağlı keçirilmiş təntənəli mərasim ərəfəsindəki görüşündə səsləndirib.

Kreml isə Vaşinqtonun «Türk axını» layihəsinin iştirakçılarına sanksiyalar tətbiq edə biləcəyinə dair narahatlığını gizlətmir. «ABŞ belə tədbirlərə o qədər çox əl atır ki, bu cür təzyiqdən heç kəs sığortalanmayıb», - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Lakin Rusiya ilə dost olan Balkan ölkələrinin hökumətləri «Türk axını» layihəsini fəal şəkildə dəstəkləyir. Bəs, bu dəstək ABŞ-ın təzyiqlərinə sinə gərilməsinə kömək edəcəkmi və layihənin başa çatdırılması mümkün olacaqmı? Bu sual hələ açıq qalır.

Avropada «Qazprom» üçün yeganə alternativ layihə illik gücü 10 milyard kubmetr (avropalı istehlakçılar üçün) olan «Cənub Qaz Dəhlizi»dir (CQD). Onun gücünün 2 dəfə artırılması mümkündür. Bununla yanaşaı, CQD-yə istər ABŞ, istərsə də Aİ tərəfindən ciddi siyasi dəstək verilir. Doğrudur, o, «Qazprom» üçün ciddi rəqib ola bilməz, çünki onların nəql səhmləri arasında böyük uçurum var. Yalnız 2017-ci ildə Avropa ölkələrinə 194,4 milyard kubmetr rus qazı nəql edilib. Onun 81%-i Qərbi, 19%-i Mərkəzi Avropa ölkələrinin payına düşüb.

Görünür, Aİ məhz bu üzdən nəhəng qaz ehtiyatlarına malik Türkmənistanı CQD-yə cəlb etməyə çalışır.O, Xəzərin dibi ilə Azərbaycanadək Trans-Xəzər qaz kəmərinin tikintisində dəstək verməyə hazır olduğunu belə, açıqlayıb. Bunu Avropa Komissiyasının nümayəndələri oktyabrda Brüsseldə Türkmənistan nümayəndə heyətilə apardıqları danışıqlarda dilə gətiriblər. Layihə ən azı 30 il ərzində ildə 30 milyard kubmetr türkmən qazının Avropa bazarlarına nəqlini nəzərdə tutur.

Bu gün Türkmənistan qazının əsas alıcısı Çindir. Lakin Aşqabad 2016-cı ilin əvvəlində «Qazprom», 2017-ci ilin əvvəlində isə İranla yaşadığı mübahisədən sonra təbii qazının Avropa istiqamətində nəqli üçün marşrutların öyrənilməsinə başlayıb. Bu proses çərçivəsində «Türkmənqaz» konserni ilə Avropa Komissiyası və bir sıra tranzit ölkələr arasında fəal danışıqlar aparılır.

Ola bilsin ki, «Türk axını»nın, nəhayət, Avropaya çatacağı təqdirdə, Aİ Rusiya qazı ilə sağlam rəqabətin yaradılması istiqamətində daha ciddi addımlar atacaq. Hər halda, bu, hər kəsdən çox onun maraqlarına uyğundur.



MƏSLƏHƏT GÖR:

341