26 Aprel 2024

Cümə, 03:36

DƏNİZ DÜYÜNÜ

Azərbaycanın Türkmənistanla tərəfdaşlıq çərçivəsində həyata keçirəcəyi layihələr onun beynəlxalq tranzit xabı mövqeyini gücləndirəcək.

Müəllif:

01.12.2018

Azərbaycanın Xəzər dənizindəki qonşusu Türkmənistanla tarixən bərabərhüquqluluğa əsaslanan dost münasibətləri olub. Keçən dövr ərzində hər hansı xüsusi siyasi problem yaşamayan iki ölkə iqtisadi tərəfdaşlığı genişləndirməyə əvvəllər də cəhd göstərsə də, xüsusi uğur qazana bilməyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabada bu yaxınlarda etdiyi səfər zamanı həmkarı Qurbanqulu Berdıməhəmmədovla apardığı danışıqlardan sonra isə tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlığa dair düz 21 sənəd imzalanıb. İmzalanmış razılaşmaların yarısı Xəzər regionunun nəqliyyat potensialından birgə istifadəni nəzərdə tutur. Söhbət həm Azərbaycan və Türkmənistanda istehsal olunan məhsulların nəqlindən, həm də beynəlxalq layihələr çərçivəsində Avropadan Asiyaya və geri daşımalarda tranzit imkanlarından istifadədən gedir.

 

Xəzər vasitəsilə tranzit…

Hazırda Azərbaycan bir neçə beynəlxalq nəqliyyat layihəsini reallaşdırır. Bu layihələrdə bir sıra yaxın ölkələr də iştirak edir. Bu nəqliyyat dəhlizlərindən kənarda qalmış yeganə dövlət Ermənistandır. Səbəb isə, əlbəttə ki, onun Azərbaycan torpaqlarının 20%-ni işğal etməsidir. Dost ölkələr Azərbaycanla qarşılıqlı əlaqələrin qurulmasının, genişləndirilməsinin əhəmiyyətini anlayır. Bu, onların xalqının rifahını artırır.

Təbii ki, o, xüsusilə qonşu dövlətlərlə sıx iqtisadi münasibətlərə malikdir. Azərbaycanın Rusiya, Gürcüstan, İran və Qazaxıstanla strateji tərəfdaş olması buna sübutdur. Bakını bu ölkələrlə karbohidrogen ixracı layihələri, həmçinin regional dəmir yolu marşrutları ilə yük daşımaları kimi işlər birləşdirir.

İndi Türkmənistan da bu regional layihələrdə iştirakı vacib sayır. O, 2018-ci ilin mayında Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı olan Türkmənbaşı limanının açılışını edib. Liman ildə 17-18 milyon ton yük (neft məhsulları nəzərə alınan) ötürmək gücündədir. Türkmənbaşıda əvvəl də mövcud olmuş limanla birlikdə Türkmənistanın illik yük ötürmə gücü 25-26 milyon tona yüksəlir.

«Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar… Təsadüfi deyil ki, həm Türkmənistanda (Türkmənbaşı), həm də Azərbaycanda (Ələt) bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda - may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Bu gün biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq (müvafiq sənəd noyabrın 22-də Aşqabadda imzalanıb). Bu, bizim ölkələrimiz üçün əmtəə dövriyyəsini və tranzit daşımalarını artırmaq imkanları yaradır. Biz qonşularımız üçün də böyük potensial yaradırıq», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda apardığı danışıqların yekununda bildirib.

Onun sözlərinə görə, Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistanda əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır. Bu, «Şərq-Qərb» və «Qərb-Şərq» marşrutları üzrə tranzitin artmasına yol açacaq.

Ələt limanının gücü illik 15 milyon ton yük və 100 min konteynerdir. Limanın inkişafı istiqamətində görülməkdə olan işlərin ikinci mərhələsi başa çatdıqdan sonra bu, 25 milyon ton yük və 500 min konteyner təşkil edəcək. Sonradan bu, 1 milyon konteynerədək artırılacaq.

Daşımalara Xəzərin ən böyük ticarət donanması olan Azərbaycan ticarət donanması da cəlb edilib. İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, bu gün Azərbaycan yük daşımaları üçün 270 gəmiyə malikdir. Yaxın 5-6 ildə onların sayı 300-ü ötəcək. Bu il Aktau-Bakı marşrutuna ilk dəfə fider gəmisi (konteyner daşıyan) də cəlb olunub. O, Azərbaycanın Xəzər Gəmiçiliyi İdarəsinə məxsusdur. Azərbaycan tankerləri Qazaxıstana neft və neft məhsulları, Türkmənistana isə neft daşıyır. Yüklər arasında taxıl, kömür, kimyəvi məhsullar, xalq istehlakı malları da var.

Yeri gəlmişkən, Aşqabadda Azərbaycan və Türkmənistan arasında beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin tezliklə sadələşdirilməsi haqda da razılıq əldə olunub. Söhbət vizaların qeydiyyat müddətinin azaldılmasından, onların müddətinin artırılmasından gedir. Bu halda iqtisadi-ticari münasibətlər, əlbəttə ki, daha da yaxşılaşacaq.

 

…və Xəzərin dibi ilə

Şübhəsiz ki, Xəzər vasitəsilə tranzitin artımına sahilyanı ölkələrin bu nadir su hövzəsinin hüquqi statusuna dair 2018-ci il avqustun 12-də Aktauda imzaladıqları konvensiya da şərait yaradır. Sahilyanı dövlət başçılarının imzaladıqları bu sənəd gəmiçilik, limanların fəaliyyəti və Xəzərdə təsərrüfat fəaliyyətilə yanaşı, onun dibindən istifadə, magistral boru xətlərinin çəkilməsi kimi məsələləri də əhatə edir.

«Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir», - deyə İ.Əliyev qeyd edib.

Q.Berdıməhəmmədov isə Türkmənistanla Azərbaycan arasında enerji sahəsində inteqrasiyanın tərəfdarı olduqlarını, iki ölkənin xüsusilə enerji resursları ilə beynəlxalq bazara birgə çıxa biləcəyini söyləyib. Yuxarıda da qeyd edildiyi kimi, reallıqda hələlik Türkmənistan neftinin yalnız bir hissəsi Xəzər vasitəsilə tankerlərlə daşınaraq, Bakı-Tbilisi-Qars dəmir yoluna çıxarılır. Bununla bağlı, razılaşma Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi olan «SOCAR Trading» ilə bir neçə il əvvəl imzalanıb. 2018-ci ildə tranzit həcmi 4 milyon ton olub. İlin sonunadək bu göstərici təbii ki, bir qədər artacaq.

Türkmənistanın 2018-ci ilin yanvar-sentyabr aylarında Xəzər vasitəsilə Azərbaycana gətirilərək Avropaya göndərilmiş qeyri-neft yüklərisə 190 min ton olub.

Lakin türkmən qazının Xəzərin dibi ilə Azərbaycana, buradansa Avropaya nəql edilməsinə dair kifayət qədər iddialı layihə reallaşdırılarsa, iki ölkə arasında qarşılıqlı münasibətlər kifayət qədər genişlənə bilər. Xatırladaq ki, bu ideya ətrafında müzakirələrə 2015-ci ildən Avropa Komissiyası da cəlb olunub. Aİ Xəzərin dibilə Türkmənistandan Azərbaycana Trans-Xəzər boru xəttinin çəkilişi üçün investisiyaların cəlbinə kömək etməyə hazır olduğunu bəyan edib. O, buna 30 il ərzində illik 30 milyard kubmetrədək Türkmənistan qazı ala bilmək üçün hazırdır.

Məlum olduğu kimi, Türkmənistan qaz ehtiyatının həcminə görə dünyada 4-cü, MDB-də isə 2-cidir (Rusiyadan sonra). Son məlumatlara görə, onun «Qalkınış», «Yaşlır» və «Qarakel» yataqlarının ümumi qaz ehtiyatı 27,4 trilyon kubmetrdir.

Bununla yanaşı, ölkələrimiz hər zaman enerji resurslarının tədarükü marşrutlarının şaxələndirilməsi, çoxşaxəli boru xətləri sisteminin yaradılması tərəfdarı kimi çıxış edib. Azərbaycan prinsipcə, özünün geniş qaz infrastrukturunu Türkmənistan qazının tranziti üçün təqdim etməyə də hazırdır.

Hələliksə Türkmənistan öz qazını Özbəkistan və Qazaxıstandan keçən boru xəttilə Çinə ixrac edir. 2020-ci ilə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikintisi başa çatmalıdır. O da türkmən qazının nəqli üçün inşa olunur.

Türkmən qazının Xəzər vasitəsilə Avropaya nəqli imkanlarına gəlincə, bu məsələ maraqlı tərəflərin masası üzərindədir və Xəzərin hüquqi statusuna dair bəyannamənin imzalandığını nəzərə alsaq, onun reallaşması mümkündür.

Nəzərə alsaq ki, Xəzəryanı ölkələr arasında problemli məsələlər tədricən də olsa, uğurla həll edilir və artıq onların hamısının arasında uğurlu iqtisadi əlaqələr yaranıb, Azərbaycan beynəlxalq ticarət-nəql xabına çevrilmək hədəfinə kifayət qədər yaxındır. Buna ölkənin uğurlu coğrafi mövqeyi və Bakının düşünülmüş siyasəti də imkan verir.



MƏSLƏHƏT GÖR:

352