24 Aprel 2024

Çərşənbə, 22:29

MAKRONA «SARI VƏRƏQƏ»

Fransa lideri prezidentliyə başladığı dövrdən bu yana ən çətin imtahandan keçir

Müəllif:

01.12.2018

Noyabrın ikinci yarısında Avropa İttifaqının (Aİ) əsas söz sahiblərindən olan Fransa «sarı jiletlilər» tərəfindən silkələnməyə başlayıb. Prezident Emmanuel Makronu israrla iqtisadi siyasətinə yenidən baxmağa çağıran etirazçı hərəkatın tərəfdarları özlərini məhz belə adlandırırlar.

 

Üsyançılar Parisdə

Fransa ənənəvi olaraq, üsyankar ölkə kimi tanınır. Yəni bu ölkənin əhalisi sanki hər an ayaq üstədir və Fransanın bu və ya digər siyasi qüvvə tərəfindən idarə olunan ayrı-ayrı sosial qrupları istənilən zaman bir anda siyasi, iqtisadi, sosial hüquqlarının təmini tələbilə küçələrə axışmağa hazırdır. Ədalət naminə etiraf etmək lazımdır ki, onların günlərlə davam edən nümayişləri, ümumxalq tətilləri və bənzər aksiyaları çox vaxt müsbət nəticələr verir və hökuməti öz istəyinə deyil, elektoratın, vergi ödəyicilərinin istəyinə uyğun addım atmaq məcburiyyətində qoyur. Odur ki, «Sarı jiletlilər» hərəkatı da Fransanın etiraz ənənəsinə uyğun gəlir. Hər halda, bu, yeni tarixdə mənsubiyyətindən və «cibindən» asılı olmayaraq, bütün vətəndaşlara Azadlıq, Bərabərlik və Qardaşlıq tələbinin ilk dəfə səsləndirildiyi ölkədir.

Lakin bəzi amillər var ki, onlar «Sarı jiletlilər»in bu xalqın hüquqları uğrunda ənənəvi mübarizə üsulundan bir qədər fərqli yol getdiklərini göstərir. Bu amillər yalnız daxili siyasi deyil, həm də bəlkə də, xarici siyasi məsələlərlə bağlıdır. Ondan başlayaq ki, Fransada indiyədək keçirilmiş etiraz aksiyalarından fərqli olaraq, «Sarı jiletlilər» hərəkatının təşkilatçıları müxalifət partiyaları və ya işçilərin hüquqlarını istənilən an qorumağa hazır olan həmkarlar ittifaqı təşkilatları deyil. Hərəkatın tərəfdarları virtual aləmdən, sosial şəbəkələrdən olan etirazçılardır. Artıq 2 həftədir davam edən etiraz aksiyasının arxasında hər hansı nüfuzlu siyasi qüvvənin dayanmadığı aydın görünür. Fransa partiyalarının (sistem və qeyri-sistem) baş verənləri kənardan izləməsi də təsadüf deyil. Məsələ ondadır ki, siyasi qüvvələrin bir hissəsi etirazlara dəstək verməyi, digər hissəsi isə qarşı çıxmağı lazım bilmir.

Əyninə sarı jilet geymiş on minlərlə fransızı birləşdirən isə bir məqamdır – gələn ilin əvvəlinə nəzərdə tutulmuş qiymət artımı. Qeyd edək ki, Fransa 2019-cu ildən benzinin və dizel yanacağının qiymətini artırmaq haqda qərar qəbul edib. Bu üzdən etirazçıları bəzən «avtomobilçilər» də adlandırırlar. Onların geydikləri jiletlər də ictimai nəqliyyat sürücülərinin geyimini xatırladır.

Beləliklə, Fransada gələn il yanvarın 1-dən benzinin litri 2,9, dizel yanacağının litrisə 6,5 avrosent bahalaşacaq. Bu arada qeyd edək ki, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti onsuz da 23%, benzinsə 15% bahalaşmışdı. Prezident Makron bunu ekoloji zərurətlə əsaslandırır. O, hesab edir ki, yanacağın, ilk növbədə dizelin bahalaşması onun istifadəsini mütləq qaydada azaldacaq ki, bu da ətraf mühit üçün önəmlidir. Bundan başqa, yaranacaq vəziyyətdə alternativ enerji mənbələrinə keçid də sürətlənəcək.

Lakin hökumətdən bu qərarın ləğvini yalnız «Sarı jiletlilər» deyil, ictimaiyyətin onları dəstəkləyən əhəmiyyətli bir hissəsi də tələb edir. Onlar hesab edir ki, təmiz hava uğrunda mübarizə sosial ədalət ideyalarına uyğun aparılmalı, bu mübarizə vətəndaşlar arasında qeyri-bərabərliyi dərinləşdirməməli, sıravi insanların maddi durumunu pisləşdirməməlidir.

«Sarı jiletlilər»ə gəlincə, onlar bu yolda o qədər israrlıdırlar ki, etiraz aksiyaları artıq polislə toqquşmalara belə, yol açıb. Nəticədə, hökumət ciddi dilemma qarşısında qalıb: etirazın yatırılması (bu, qan tökülməsini qaçılmaz edəcək), yaxud tələblərə ən azı qismən əməl olunması. «Sarı jiletlilər»in noyabrın 24-də Parisdə keçirdikləri aksiya hökumət üçün daha acınacaqlı alınıb. Həmin gün nümayişçilərlə polis arasında ciddi qarışdurma baş verib. Nümayişçilər Mars meydanına keçməkdən imtina edib və prefekturanın qadağasına baxmayaraq, Yelisey meydanına girib. Nəticədə, asayiş keşikçilərilə onların arasında qarşıdurma olub. Polis 130-dək etirazçını saxlayıb. Fransanın daxili işlər naziri Kristof Kastanerin sözlərinə görə, həmin gün bütün ölkə boyu nümayişlərə 130 mindən artıq insan qatılıb.

Bu arada «Sarı jiletlilər»in fəalları hərəkatın daxilində də fikir ayrılıqlarının olduğunu etiraf edir. Onun təşəbbüskarlarından olan Benjamen Kuşi açıq şəkildə deyib ki, «biz vahid mövqeyə malik deyilik və ola da bilmərik. Hər qrupun, hər regionun daxilində fikir ayrılıqları olur. Sadəcə, biz hamımız bir istiqamətdə hərəkət etmək istəyirik».

«Sarı jiletlilər» deyir ki, onların gələcək fəaliyyəti, hərəkatın miqyası prezident və hökumətin mövqeyindən, etirazçıların tələblərini eşitməyə nə qədər hazır olub-olmadıqlarından, praktiki addımlar atıb-atmayacaqlarından asılıdır. Bu arada artıq Fransanın Avropa qitəsindəki 12 regionunun rəhbəri hökuməti 2019-cu ilin əvvəlinə planlaşdırılmış qiymət artımından imtinaya çağırıb. «Təcili tədbirlər görülməli, ilk növbədə yanvarın 1-dən vergilərin artırılması qərarı təxirə salınmalıdır. Söhbət ekoloji vergi rejiminin yaradılması qərarının ləğvindən getmir. Sadəcə, bu rejim sosial baxımdan qəbuledilməz olmamalıdır», - deyə regional prefektlərin açıq məktubunda bildirilir.

Bundan başqa, Fransa parlamentinin yuxarı palatası olan Senatın 2019-cu il üçün dəstəklədiyi büdcə layihəsində yanacaq vergisinin artırılması nəzərdə tutulmur. Lakin bu sənədin qəbulu hələ də ciddi sual altındadır. Ona parlamentin aşağı palatası çətin ki, səs versin. Məsələ ondadır ki, oradakı deputatların əksəriyyəti Makronun «İrəli, respublika» partiyasının təmsilçiləridir.

Əslində, artıq prezident Makron və baş nazir Eduard Filipp də əhalinin fikrini dinləməyə hazır olduqlarını bəyan ediblər. Lakin onlar yanacağın qiymətində bahalaşmaya getməkdən imtinanı düşünmürlər. Dövlət başçısı «fransızlar üçün adətləri tərgitməyin çətin olduğunu» etiraf etsə də, hakimiyyətin nəqliyyat vasitəsini ətraf mühiti daha az zəhərləyən maşına dəyişmək istəyənlərə dəstək verəcəyini söyləyib. Başqa sözlə, o, etirazçı hərəkatla dialoqa hazırdır, lakin bu zaman mövqeyini və qərarını dəyişməyi düşünmür. Ola bilsin ki, Makron qiymət və vergi artımına qarşılıq əhalinin aztəminatlı hissəsi üçün yeni güzəşt və dotasiya qərarı da qəbul etsin. Amma onun siyasətindən imtina etməyəcəyi dəqiqdir.

Bu yerdə əsas sual ictimaiyyətin «Yaşıl jiletlilər»ə dəstək verməyə nə qədər hazır olmasındadır. Parisdə keçirilmiş nümayiş göstərib ki, hərəkat artıq bəzi çərçivələri aşıb və indi onun tələblərini ictimaiyyətin daha böyük hissəsi dəstəkləyir. Sosioloji sorğular göstərir ki, fransızların dörddə üçün «Yaşıl jiletlilər»in aksiyalarını qanuni sayır. Lakin bir fakt da var ki, Fransa ictimaiyyətinin əsas kütləvi olan orta sinif inqilab arzusunda deyil. Demək, hakimiyyətlə «Yaşıl jiletlilər» arasında hər hansı formada kompromisin əldə edilməsinə ciddi ehtiyac var.

 

Bəs, Tramp nə düşünür?

Bütün bunlarla yanaşı, «Yaşıl jiletlilər» hərəkatının haradan peyda olması haqda müəyyən suallar və hətta şübhələr var. Belə bir fikir var ki, Fransada baş qaldırmış etiraz dalğası prezidentin bir sıra xarici siyasi bəyanatlarından da irəli gələ bilər. Məsələ ondadır ki, sosial şəbəkələr vasitəsilə koordinasiya olunan, ölkə boyu yolların bağlanması, barrikadaların qurulması, maşın təkərlərinin yandırılması ilə həyata keçirilən, polislə toqquşma və hətta tələfatla (KİM son toqquşmalar zamanı 2 nəfərin öldüyü haqda xəbər yayıb) nəticələnən etirazlar postsovet məkanında və bəzi Şərq ölkələrində baş vermiş «rəngli inqilablar»ı, «maydanlar»ı çox xatırladır. Etirazçı hərəkatın müəyyən rəmz seçməsi də çox tanışdır: Fransada «Sarı jiletlilər» haradasa «qızıl gül» olub, məsələn, Honkonqdakı «maydan»da isə «yaşıl çətirlər».

Lakin bu dəfə «rəngli inqilab»ın atributlarını geosiyasi öhdəliklər təzyiqi altında çətin daxili siyasi vəziyyətlə üzləşmiş postsovet ölkələrində, yaxud Asiya və Afrikanın əyalətlərində deyil, Avropanın aparıcı fövqəldövlətlərindən birində müşahidə edirik. Əgər bunun təsadüf, özbaşına yaranmış hərəkat olduğunu düşünmürüksə, Fransa prezidentinin qeyri-populyar qərarlarına etirazın Makronun bir bəyanatından cəmi bir neçə gün sonra başladığını yada salmalıyıq. Söhbət Emmanuel Makronun Avropanın suverenliyini bərpa etməsinin vacibliyi haqda bəyanatından gedir. Üstəlik, o, Avropanın kənar qüvvələrdən, həmçinin ABŞ-dan qorunması üçün öz ordusunu yaratmalı olduğunu da bildirib.

«Əsl ümumavropa ordusu yaratmasaq, avropalıların təhlükəsizliyini təmin edə bilmərik. Bizə Birləşmiş Ştatların köməyi olmadan, öz gücünə müdafiə oluna bilən Avropa lazımdır. Biz müdafiə olunmalıyıq! Çindən, Rusiyadan, hətta Birləşmiş Ştatlardan belə», - deyə Makron Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı tədbirdəki çıxışında bildirib.

Beləliklə, Fransa prezidenti Ümumavropa Silahlı Qüvvələrinin yaradılması zərurətinin yalnız ənənəvi təhlükə sayılan Rusiya və Çinlə bağlı olmadığını açıq şəkildə ortaya qoyub. O, ölkəsi və bütünlükdə Avropanın milli təhlükəsizliyinə təhdidlər arasında konkret olaraq ABŞ-ın da adını çəkib. Eyni zamanda Makron Amerikanın dünya iqtisadiyyatındakı hökmranlığından da narazılığını dilə gətirib. O, hesab edir ki, artıq bir tərəfin hegemonluğu ilə barışmayaraq daha ədalətli beynəlxalq ticarət sisteminin qurulması vacibdir.

Makronun bu demarşları, təbii ki, Ağ Evin xoşuna gəlməyib. Əgər Fransadakı son hadisələrdə Vaşinqtonun əlinin olduğunu göstərən və ya inkar edən amillər varsa, Donald Tramp administrasiyasının Makronun üzləşdiyi çətinlikləri məmnunluqla müşahidə etdiyinə heç bir şübhə yoxdur. Tramp artıq «Sarı jiletlilər» hərəkatı ilə bağlı mövqeyini də bildirib. O, «Twitter» sosial şəbəkəsindəki səhifəsində bunları yazıb: «Fransadakı böyük, zorakı etirazlar Avropa İttifaqının ABŞ ilə ticarətdə, son dərəcə yüksək səviyyəli hərbi müdafiənizə görə ödəmələrdə nə qədər pis davrandığını nəzərə almır. Bu iki məsələ tezliklə həllini tapmalıdır».

Yəni ABŞ administrasiyasının rəhbəri Avropanın aparıcı iqtisadiyyatları olan Fransa ilə Almaniyaya qarşı irəli sürdüyü tələbləri bir daha yada salıb. Tramp hesab edir ki, Aİ-nin ÜDM-nin 2%-i qitəni qoruyan ABŞ ordusunun saxlanmasına xərclənməlidir. ABŞ-ın ticarət və hərbi maraqları ilə bağlı məsələlərin dərhal həll edilməli olduğuna dair fikrisə hədə kimi də qiymətləndirmək olar. Yəni, əks təqdirdə Fransa prezidenti daha çətin durumla üzləşə bilər. Bu, Avropa ordusunun yaradılması təşəbbüsü ilə faktiki olaraq ABŞ-ın «Köhnə dünya»da mövcudluğuna qarşı çıxmış Makrona özünəməxsus siqnaldır.

Beləliklə, şişirtməyə yol vermədən, demək olar ki, bütün dünya Yelisey sarayının hazırkı sahibinin okeanın o tayındakı müttəfiqin də diqqətlə izlədiyi və ilk baxışdan kortəbii təsir bağışlayan «Sarı jiletlilər» hərəkatının qarşısını necə alacağına maraq edir.



MƏSLƏHƏT GÖR:

327