23 Aprel 2024

Çərşənbə axşamı, 16:26

DÜNYA İLƏ TANDEMDƏ

Azərbaycan IT şirkətləri yeni inkişaf mərhələsinin astanasındadır

Müəllif:

15.12.2018

Azərbaycan son 10 il ərzində kosmik sənayenin inkişafı, dördüncü və beşinci nəsil mobil texnologiyalarının tətbiqi, genişzolaqlı infrastrukturun, DATA mərkəzlərin yaradılması səviyyəsinə və s.-ə görə regionda lider mövqe tuta bilib. Bu gün ölkənin başlıca səyləri informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində toplanmış potensialdan regional və qlobal İKT layihələrinə inteqrasiya üçün istifadə etməyə yönəlib.

«BakuTel 2018» XXIV Beynəlxalq Telekommunikasiya Sərgisi işində dünyanın aparıcı vendorlarının və İT şirkətlərinin iştirakı yerli İT sektorunun cəlbediciliyini, Azərbaycan iqtisadiyyatı üçün perspektivli bir istiqamət olaraq qaldığını və müsbət inkişaf dinamikasını qoruyub saxlamasını bir daha nümayiş etdirir.

 

Dinamik inkişaf

Ölkənin telekommunikasiya sektorunun dinamik inkişafının sübutu kimi İT sektorunun investisiya fəallığının və gəlirlərinin yüksək səviyyəsini göstərmək olar ki, bu göstəricilər Azərbaycanın qeyri-neft sektorunun inkişaf dinamikasını dəfələrlə üstələyir. Cari ilin üç rübü ərzində İKT sahəsinə cəlb edilən sərmayələrin həcmi 225 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 69% çoxdur. Öz növbəsində, bu ilin 9 ayı ərzində sektorun gəlirləri 7,7% artaraq 1,2 mlrd. manata çatıb.

Hökumətin proqnozlarına görə, uyğun dinamikanı yaxın bir neçə ildə də qorumaq mümkündür. "Genişzolaqlı internet şəbəkəsinin əhatəsinin genişləndirilməsi, mobil rabitə xidmətlərinin inkişafı və peyklərin istifadəsindən əldə olunan gəlirlərin artması ilə 2019-cu ildə kommunikasiya sektorunda artım templəri 6,2% təşkil edəcək. 2020-2022-ci illərdə rabitə sahəsi üzrə orta illik artım göstəricisi 7,1% təşkil edəcək ", - deyə iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

«BakuTel»in meydançasının genişlənməsində də dinamik artım qorunacaq - bu il bir daha «Iteca Caspian» şirkəti tərəfindən təşkil edilən sərgidə dünyanın 20 ölkəsindən 230 şirkət iştirak edib.

"Burada təmsil olunan sahə həm biznes baxımından, həm innovasiya baxımından, həm də təhsil baxımından çox vacibdir. Bu, bizim prioritetlərimizdən biri olan bir sahədir və təsadüfən deyil ki, biz 24 ildir belə bir sərgi keçiririk. İştirakçı şirkətlərin sayı ildən-ilə artmaqdadır, bunların yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu göstərir ki, biz ölkəmizi inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün bu istiqamətdə işə hazırıq, çünki neft sektoru iş yerləri yaratmır", - deyə Prezident İlham Əliyev Rusiyanın "Rusiya-24 " telekanalına müsahibəsində bildirib.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, Azərbaycanda İKT sahəsində potensialının artırılması, tranzit və regional informasiya magistralının yaradılması üzrə işlər gedir.

Region ölkələrinin rabitə nazirlərinin «BakuTel 2018» sərgisi çərçivəsnndə baş tutmuş görüşündə R.Quluzadə bildirib ki, Azərbaycan, Rusiya, Türkiyə və İranın sahə qurumları İKT sektorunun bundan sonrakı inkişafı üçün konsorsium və işçi qrupunun yaradılması, xüsusilə də peyk kommunikasiyalarının inkişafı, poçt, kibertəhlükəsizlik, telekommunikasiya infrastrukturunun inkişafı və s. sahələrdə əməkdaşlığın artırılması üzrə anlaşıblar.

"Dörd ölkədəki mövcud infrastrukturu regionun qalan ölkələrinin də telekommunikasiya sektorunun inkişafına imkan verir. İnformasiya mübadiləsi üçün həm peyk rabitəsinin, həm də fiber optik infrastrukturun resursları istifadə edilə bilər. İnfrastrukturun inkişafı ilə yanaşı, tərəfdaş ölkələr kibertəhlükəsizliyə xüsusi diqqət yetirmək niyyətindədir", - deyə Türkiyə nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

Tərəflər özəl İKT şirkətləri ilə sıx əməkdaşlıq, birgə layihələrdə onların iştirakı üçün şərtlərin liberallaşdırılması məsələlərinə xüsusi diqqət yetiriblər. Belə əməkdaşlıq Azərbaycan İT şirkətlərinin lokal layihələrinin regional səviyyəyə çıxarılmasına və tərəfdaşlarla sıx inteqrasiya hesabına yeni texnologiyalara çıxış imkanlarının təmin edilməsinə imkan verir ki, bunun nəticəsi kimi sahənin rentabelliyinin artmasına yardım edir.

 

TASIM-ə «İkinci nəfəs»

Azərbaycan, İran, Rusiya və Türkiyə rabitə nazirlərinin gələn ilin fevral ayına planlaşdırılan növbəti görüşündə 10 il əvvəl Azərbaycan tərəfindən irəli sürülmüş genişmiqyaslı layihənin - Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) strukturunun həyata keçirilməsi məsələlərinə toxunulacağı gözlənilir. Sərgi çərçivəsində keçirilən Xəzər İnnovasiya Konfransında çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Əfqanıstan və Bolqarıstan daxil olmaqla, bir çox ölkələr bu layihəyə maraq göstərir.

TASİM həmçinin Avropa və Asiyada 20-dən çox ölkənin - Frankfurtdan Honq Konqa kimi yüksəksürətli informasiya şəbəkəsi ilə birləşdirilməsini nəzərdə tutur. 2013-cü ildə Bakıda layihənin gerçəkləşdirilməsi üzrə anlaşma memorandumu imzalanmasından sonra keçən illərdə layihəyə Rusiyanın «Rostelekom», Qazaxıstanın «KazTransKom», Türkiyənin «TürkTelecom», Çinin «ChinaTelecom» və Azərbaycanın «AzInTelekom» şirkətləri cəlb edilib. Beləliklə, TASİM Konsorsiumuna daxil olan dövlətlərin operatorları artıq layihə üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə protokol imzalayıblar.

Birinci - artıq başa çatmış mərhələdə bölgənin aparıcı ölkələri və operatorları Qərb və Şərqi birləşdirən əsas tranzit internet infrastrukturuna sərmayə yatırmağa hazır olan kommunikasiya şirkətlərini cəlb etməklə məşğul olublar. BMT-nin mandatı əsasında həyata keçirilən ikinci mərhələdə yaradılmış infrastrukturdan istifadə edərək, beynəlxalq internet qovşaqlarına birbaşa çıxışı olmayan Avrasiya ölkələri üçün əlverişli qiymətlərlə internet bağlantısının təmin edilməsi nəzərdə tutulur.

Artıq dördüncü ildir ki, enerji böhranı və səbəb olduğu maliyyə problemləri davam etsə də və layihənin həyata keçirilməsini təxirə salsa da, bu təşəbbüsə qoşulmuş ölkələr infrastrukturun formalaşması prosesini sürətləndirmək və TASİM potensialının ticari istismarına başlamağı planlaşdırırlar.

Azərbaycanın regional layihələrində iştirakının genişləndirilməsi barədə danışarkən qeyd etmək lazımdır ki, Bakı və Tehran artıq Yerin zondlaşdırılması peykinin birgə istehsalı ilə bağlı razılığa gəliblər. "Hazırda iki ölkə arasında peyk rabitəsi sahəsində əməkdaşlıq üzrə sıx əlaqələr qurulub və biz kosmik aparatların birgə layihələndirilməsində bu əlaqələri genişləndirməyə hazırıq", - deyə İranın kommunikasiya və informasiya naziri Məhəmməd Cavad Azəri Cahrumi sərgidə iştirakı zamanı bildirib.

 

Kosmik resurslar

Kosmik sahədə regional əməkdaşlıq perspektivlərini nəzərə alaraq xatırlatmaq lazımdır ki, son illərdə Azərbaycan bu sahədə böyük təcrübə toplayıb. Hazırda Azərbaycanın peyk operatoru "Azərkosmos" MMC iki rabitə peykini - "Azerspace-1" və "Azerspace-2" peyklərini (sonuncu 2018-ci ilin sentyabrında orbitə çıxarılıb), eləcə də bir burumda 36 min kvadratmetr sahəni 1,5 metr dəqiqliklə çəkməyə imkan verən «Azersky» aşağı orbitli optik peykini idarə edir. Bundan başqa, "Azərkosmos" MMC «Airbus Defence and Space» ilə strateji tərəfdaşlıq çərçivəsində «Pléiades» 1A və 1B peyklərinin resurslarından istifadə edə bilər, onların optik imkanları 0.5 m-ə qədər dəqiqliklə çəkilişi təmin edir.

Üç peykin orbitə çıxması ilə ölkəmiz dünya kosmik cəmiyyətinə qoşulub, kosmik resursların uğurlu kommersiya istismarından önəmli gəlirlər əldə edir. "BakuTel 2018" sərgisində "Azərkosmos" un nümayəndəsinin verdiyi məlumata görə, yeni «Azerspace-2» peykinin imkanları Azərbaycanın dağlıq ərazilərində yerləşən 600 məktəbi peyk interneti ilə təmin etmək üçün istifadə olunacaq. İlk kommunikasiya peyklə birlikdə «Azerspace-2»nin əsas təyinatı bölgənin dövlətlərinin peyk tutumlarına olan tələbatını əhatə etməkdir. ASC-nin məlumatına görə, "Azerspace-2" -nin kommersiya istismarı gələn ilin birinci rübündə başlayacaq: peyk 20 il müddətində fəaliyyətdə olacaq və orbital xidmətlərindən əldə olunan gəlirlər 400 milyon dollar təşkil edəcək.

Hazırda fəaliyyətdə olan «Azerspace-1» və «Azersky» peyklərinin işlədilməsindən 2018-ci ilin yanvar-oktyabr aylarında əldə olunan gəlirlər 22,4 milyon dollar təşkil edib: "Azərkosmos"un xidmətləri 23 ölkəyə ixrac edilib, yanvar-oktyabr aylarında şirkətin xidmətlərinin böyük hissəsi Fransanın, Malayziyanın, BƏƏ-nin, Almaniyanın və Gürcüstanın payına düşüb. Cari ilin yekunlarına görə "Azərkosmos" ASC-nin gəlirlərinin 2017-ci ildəkindən çox olacağı və iki peykin kommersiya istifadəsinin gəlirlərinin 23 milyon dollar təşkil edəcəyi gözlənilir.

Ortamüddətli perspektivdə isə peyk təsvirlərinin işlənməsi və satılması sahəsində artan ixrac potensialı hesabına aşağı orbitli optik peykin istismarından gələn gəlirlərin artmasına ümid etmək olar. Bu məqsədlə ölkədə peyk təsvirlərinin işlənməsi və peyk təsvirləri üzrə xidmət göstərilməsi mərkəzləri yaradılacaq ki, bu, dövlət başçısının bu yaxınlarda təsdiq etdiyi "Azersky" peyki vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulub.

 

İnternet zolaqları

Azərbaycanın magistral internet provayderlərinin, eləcə də mobil rabitə operatorlarının geniş beynəlxalq əməkdaşlığını nəzərdə tutan digər vacib istiqamət kimi optik və simsiz genişzolaqlı internet xidmətlərinin gələcək inkişafı sayılır. Qeyd edək ki, bu il ölkədə beynəlxalq internet kanallarının toplam buraxılış gücü 820 giqabitə qədər artırılıb.

"Genişzolaqlı rabitə infrastruktur artıq çoxdan kritik infrastrukturlar sırasına aid edilib və Azərbaycan hökuməti ölkədə genişzolaqlı infrastrukturun qurulması üçün, mövcud şəbəkənin təkmilləşdirilməsini və dayanıqlılığını təmin etməklə, ardıcıl addımlar atır, GPON və LTE texnologiyalarının geniş tətbiqini nəzərdə tutan layihələr həyata keçirir", - nazir R.Quluzadə Xəzər İnnovasiya Konfransındakı çıxışında bildirib.

Nazir həmçinin qeyd edib ki, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanda LTE-xidmətlər üçün 700-800 MHz tezlik diapazonunun ayrılması planlaşdırılır. "Bununla bağlı hazırda texniki hazırlıq işləri aparırıq, həmçinin beynəlxalq təcrübəyə əsasən, radiotezliklərin hərraclar vasitəsi ilə ayrılması üçün qanunvericilikdə dəyişikliklər edilməsi ilə bağlı təkliflər zərfi hazırlayırıq",- deyə R.Quluzadə bildirib.

Sərginin gedişində müxtəlif sahələrdə «Əşyaların interneti» (İoT) istifadəsi üzrə informasiya sessiyaları keçirilib: stendin ziyarətçilərinə yeni rəqəmsal texnologiyalar, smart şəhərlər və smart idarəetmə barədə, rəqəmsal texnologiyaların və telekommunikasiyanın kənd təsərrüfatı sahəsində və digər sahələrdə tətbiqi haqqında müxtəlif təqdimatlar nümayiş etdirilib. İoT anlayışına dünya şəbəkəsinə qoşulmuş və internet vasitəsi ilə uzaqdan idarə olunan bütün avtonom cihazlar: avtomobillər, mətbəx və məişət texnikası, «ağıllı rozetkalar», işıqlandırma sistemləri, müşahidə kameraları və təhlükəsizlik sistemləri aiddir. Yaxın gələcəkdə Azərbaycanda İoT resurslarından biznes, təhsil, tibb, kənd təsərrüfatı və s. sahələrdə fəal şəkildə istifadə olunacağı gözlənilir.

Azərbaycanın dövlət telekommunikasiya operatorları – «Aztelekom» MMC və «Bakı Telefon Rabitəsi» MMC də İoT istiqamətini inkişaf etdirməyi planlaşdırırlar. Bu qurumlar «Əşyaların interneti» sahəsinin tənzimlənməsi üzrə işçi qrupunun yaradılması, o cümlədən bu resurslara dövlət səviyyəsində radiotezliklər ayrılması məsələsinin həlli üzərində işləyirlər.

Mobil operatorların planlarına regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, yeni xidmətlərin və yeni biznes həllərinin təqdim edilməsi, eləcə də daha sürətli, daha qənaətli və effektiv olan yeni nəsil 5G xidmətlərinin təqdim edilməsi daxildir. Genişzolaqlı şəbəkələrin inkişafı böyük həcmli məlumatların ötürülməsinə hesablanmalıdır, çünki mobil operatorların planlarına İoT sahəsinin inkişafı, məhz «Ağıllı ev» xidmətlərinin göstərilməsi daxildir.

«BakuTel 2018»nin nəticələrini yekunlaşdıraraq, demək olar ki, Azərbaycanın İKT sektorunun inkişafının yüksək dinamikası tamamilə obyektiv gerçəklikdir. Həm də bu gün yerli İT strukturları yeni inkişaf mərhələsinin başlanğıcındadır - dünya bazarına daha dolğun uyğunlaşma, əməyin beynəlxalq bölüşdürülməsindən pay alma və bunun doğurduğu üstünlüklər yolundadır.



MƏSLƏHƏT GÖR:

300