29 Mart 2024

Cümə, 01:17

APRELƏDƏK MÖHLƏT

OPEK və OPEK+ arasında növbəti anlaşma neft qiymətlərini daha bir neçə ay sabit səviyyədə saxlamağa imkan verəcək

Müəllif:

15.12.2018

Neft İxracatçısı Ölkələr Təşkilatı (OPEK) ilə kartelə daxil olmayan ölkələr arasında neft hasilatını azaltmaq üzrə anlaşma artıq ardıcıl olaraq iki ildir ki, ötməkdə olan ilin sonuna təsadüf edir və bu, neft bazarında yetərincə ciddi ajiotaja səbəb olur. OPEK və OPEK+nazirlərinin indiki görüşü dekabrın 7-də baş tutdu və bütün gözləntiləri üstələyən nəticələrlə yadda qaldı.

 

Yeni anlaşma  

Az qala dalana dirənəcək üç günlük çətin müzakirələr nəticədə yeni bir anlaşma ilə sona çatdı - neft istehsalçısı ölkələr hasilatı gündə 1,2 milyon barel azaltmaq barədə razılığa gəldilər. Eyni zamanda ümumi azalmanın 800 min barel/sutkası (hər bir ölkənin istehsal həcminin 2,5% -i) OPEK ölkələri tərəfindən təmin ediləcək, qalan 400 min barel/sutka isə (hər bir ölkənin istehsalının 2%-i) kartelə daxil olmayan ölkələrin payına düşəcək. Azalma üçün başlanğıc nöqtəsi olaraq 2018-ci ilin oktyabrı götürülür. Müqavilə gələn ilin aprelində yenidən baxılma imkanı ilə altı ay uzadılıb. İran, Venesuela və Liviya müqavilədən azad edildi.

Rusiyanın energetika naziri Aleksandr Novak yeni müqaviləni bazar üçün yaxşı bir siqnal kimi dəyərləndirib, OPEK+ çərçivəsində əməkdaşlığın davam etməsinin və neft istehsal edən ölkələrin istənilən vəziyyətə reaksiya vermə qabiliyyətinin sübutu olmasını vurğulayıb.  

"Biz bazarda vəziyyəti hələ də çətin kimi qiymətləndiririk, 2019-cu ilin birinci və ikinci rüblərində neft artıqlığı müşahidə olunacaq... Azaldılma bazarın balansında daha yaxşı vəziyyət təmin etməlidir. Hesab edirəm ki, bütün ölkələr anlaşmanı yerinə yetirmək üçün hər cür səy göstərəcəklər ", - deyə A.Novak qeyd edib.

Rusiya nazirinin sözlərinə görə, OPEK+ çərçivəsində yeni müqavilənin imzalanması 2019-cu ilin birinci və ikinci rübündə bazarın balanslaşdırılmasına imkan verəcək. "Ən azından, biz ümid edirik ki, hazırda bazarda formalaşan qiymətlər qorunacaq. Bu gün qəbul edilən kimi qərarlar olmazsa, qiymətlər xeyli azala bilər ", - deyə A.Novak vurğulayıb.

Eyni zamanda Rusiya naziri, neft qiymətlərinin barelə görə 55-65 dollar aralığında olmasını istehsalçılar və istehlakçılar üçün məqbul olduğunu bildirib. A. Novak hesab edir ki, "bu, sahənin inkişafı üçün şərait yarada bilər, bazarda hasilat artıqlığının və neft çatışmazlığının qarşısını alar".

Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl Falih öz növbəsində xəbərdarlıq edib ki, OPEK +nin şist nefti hasilatında önəmli artımın qarşısını almaq üçün hasilatın uzunmüddətli azalmasını planlaşdırmır.

Səudiyyəli nazir ABŞ prezidenti Donald Trampın hasilatı azaltmağa ehtiyac olmadığı barədə sözlərinə də reaksiya verib. "ABŞ-ın da daxil olduğu neft istehlakçıları bazarda sabitliyi təmin etdiyimiz üçün razı qalmalıdırlar", - deyə Xəlid əl-Falih bildirib. Onun fikrincə, ABŞ-da neft və qaz istehsalçıları "rahat nəfəs aldılar" ki, OPEK+ "2019-cu il üçün müəyyən etibarlılıq təmin edir" və şirkətlər artıq öz büdcələrini tərtib edə bilərlər. Səudiyyə nazirinin sözlərinə görə, "ən böyük fəlakətlərdən biri" odur ki, ABŞ ən böyük neft istehsalçılarından biri olmasına baxmayaraq, danışıqlarda iştirak etmir.

İran prezidenti Həsən Ruhani ümumilikdə OPEK-in neft hasilatını azaltmaq barədə qərarını ABŞ-ın müdaxilə siyasətinin uğursuzluğu kimi qəbul edib. "ABŞ-ın OPEK-ə müdaxilə etmək və balansı pozmaq cəhdlərinə baxmayaraq, üzv ölkələrin müqaviməti və neft nazirinin (Bijan Zəngənənin – «R+») səyləri sayəsində onun planları uğursuz oldu",- deyə İran lideri vurğulayıb.

 

Azərbaycan bahalı neftə tərəfdardır  

OPEK+ çərçivəsində yeni anlaşmaların gerçəkləşdirilməsinə Azərbaycan da, az da olsa, töhfəsini verəcək. Müqavilənin şərtlərinə əsasən, Azərbaycan 2018-ci ilin oktyabr göstəricisinə nisbətdə neftin hasilatını gələn ildən gündə 20 min barelə azaldacaq, yəni 783 min barel /gündən 763 min barel/günədək azaldacaq.

Vyanada keçirilən OPEK+ nazirlər toplantısının nəticələrini qiymətləndirən Azərbaycan energetika naziri Pərviz Şahbazov 2019-cu ilin aprelinədək neft hasilatının azaldılması barədə qərarı neft sənayesinin inkişafı üçün çox vacib sayıb.  

"Son zamanlar siyasi və iqtisadi amillərin təsiri altında neft qiyməti düşməyə başladı və proses ardıcıl xarakter aldı. Hasilatın istehlakdan artıq olması, dünya iqtisadiyyatında azalmanın proqnozlaşdırılması da gələn il üçün qiymətlərin düşəcəyini göstərirdi. OPEK+ ölkələri neft bazarına dəstək verməyi bacardılar. Bugünkü qərar neft istehsalçıları, neft bazarı və neft sənayesinin gələcəyi üçün çox əhəmiyyətli bir addım oldu".

Yeri gəlmişkən, Azərbaycan elə ilk başdan neft bazarında qiymətlərin sabitləşdirilməsinə yönəlmiş tədbirlərin tərəfdarı idi və OPEK+ -in 2016-cı il dekabrın 10-da əldə edilmiş ilk anlaşması çərçivəsində öhdəliklərini dəqiq şəkildə yerinə yetirib. Bu anlaşma çərçivəsində Azərbaycan neft hasilatını 30 min barel/gün azaldara, 834 min barel/gündən aşağı səviyyədə saxlamağı öhdəlik götürüb. 2017-ci ildə respublikada gündəlik orta neft hasilatı 781,9 min barel, 2018-ci ilin yanvar-noyabr aylarında isə gündəlik orta hasilat 793 min barreli keçməyib.

Azərbaycanın gündəlik hasilatın 763 min barel səviyyədə saxlanması barədə yeni öhdəliyi yerinə yetirəcəyinə şübhə yoxdur. Özlüyündə neft hasilatının azalması 2019-cu ilin statistik göstəricilərində özünü göstərəcək. Bununla belə, OPEK+-un müqaviləsi gələn ilin mart ayının sonuna qədər etibarlıdır və onun daha da genişləndirilməsi ehtimalı hələ ki, minimaldır, buna görə də ölkə ilin qalan aylarında bu azalmanı kompensasiya edə bilər. Bunun əksi olarsa belə, istənilən halda, Azərbaycanın neft qiymətlərinin 60+ diapazonunda saxlanmasından əldə edəcəyi dividendlər müəyyən qurbanların verilməsinə layiqdir. Beləliklə, ölkə hökuməti 2019-cu ildə neftin qiymətinin barel üzrə 60 $ olması şəraitində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artacağını gözləyir.

"Bütün büdcə öhdəliklərinin yerinə yetirilməsindən və öz xərclərini çıxdıqdan sonra ARDNF-in aktivləri 2019-cu ilin sonunda 2018-ci ilin sonu ilə müqayisədə 2,5 milyard dollar artacaq. Əgər neftin qiyməti 45 dollar ətrafında olarsa Fondun aktivləri dəyişməyəcək", - maliyyə naziri Samir Şərifov vurğulayıb.

O, bildirib ki, neft qiymətlərindəki dəyişiklik yalnız məcmu dövlət büdcəsinin parametrlərinə təsir göstərə bilər, çünki məcmu büdcə əsasən ARDNF-nin gəlirləri əsasında yaradılır.  

"2019-cu il üçün dövlət büdcəsinin parametrlərinə gəldikdə, neftin qiymətinin azalması SOCAR-dan və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən alınacaq mənfəət vergisi daxil olmalarına təsir edə bilər",- deyə S.Şərifov bildirib.

Dövlət Neft Fondunun özündə isə ehtiyatların 2023-cü ilə qədər 50,8 milyard dollara qədər artacağını gözləyirlər. Fondun rəhbərinin müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlunun sözlərinə görə, 2015-2016-cı illərdə ARDNF-in aktivlərinin azalması müşahidə olunub ki, bu da dünya bazarlarında neft qiymətlərinin kəskin azalması ilə əlaqədardır.  

"Lakin dövlət büdcəsinin xərclərinin müvəffəqiyyətlə optimallaşdırılması ilə yanaşı qiymətlərin artması 2017-ci ildən başlayaraq fondun aktivlərini tez bir şəkildə bərpa etməyə imkan verdi. Hazırda bu göstərici 38,9 milyard dollar səviyyəsindədir", - deyə müşavir bildirib.

 

Uğurlu əməliyyat  

Qeyd etmək lazımdır ki, 2018-ci ildə Venesuelada istehsalın kəskin azalması və ABŞ-ın İrana qarşı sərt sanksiyalar tətbiq etmək barədə hədələri fonunda neft qiymətləri inamla artdı. Oktyabrın əvvəlinə Brent markalı xam neftin qiyməti 80 dollara qədər qalxdı. Amma noyabr ayının sonunda ABŞ tərəfindən İran nefti ilə bağlı sanksiyaların yumşaldılmış versiyasının qəbulundan sonra neft qiymətləri 60 dollardan aşağı düşdü. Bu varianta görə, Vaşinqton Çinə, Hindistana, İtaliyaya, Yunanıstana, Yaponiyaya, Cənubi Koreyaya, Türkiyəyə və Tayvana əlavə olaraq 180 gün müddətində satınalmaların həcmini tədricən azaltmaqla İran neftini idxal etməyə icazə verib. Bundan sonra qiymətlər kəskin şəkildə üzü aşağı getdi, barelə görə 58-59 dollar səviyyəsinə düşdü. OPEK+ çərçivəsində yeni anlaşmadan sonra ilk həftə ərzində qiymət barelə görə 60 dollar səviyyəsində saxlanır.

İstənilən halda, anlaşmanın uzadılmasını, əlbəttə ki, OPEK ölkələrinin və karteldən xaric ölkələrin bazarı müəyyən müddətə sakitləşdirəcək növbəti uğurlu birgə fəaliyyəti saymaq olar. Bu, hadisələrin gələcək gedişini razılaşdırmaq üçün kifayətdir. Bu, məsələn, 2019-cu ilin birinci rübündə OPEK və qeyri-OPEK ölkələrinin gələcək əməkdaşlığı haqqında Xartiya imzalamaq barədə ola bilər.

Bununla yanaşı, OPEK neft bazarını sabitləşdirmək üçün birgə səylərə yeni neft istehsalçılarını da cəlb edə bilər. Bu səylərin nəticəsi OPEK-ə müşahidəçi kimi Çad, Cənubi Afrika və Özbəkistan kimi kartel üzvləri olmayan bir sıra yeni ölkələrin qoşulması olub.  

BƏƏ-nin Neft naziri Suhail Məhəmməd əl-Mazrui bildirib: «Bizə qoşulacaq və bazarın balanslaşdırılması, çətinliklə əldə edilmiş sabitliyin qorunması üzərində məsuliyyətli işləyəcək yeni ölkələri salamlayırıq», - deyə BƏƏ neft naziri Suheyl Muhammad əl-Mazrui bildirib.  

OPEK+in Vyanadakı nazirlər toplantısında verilən bu açıqlama, Qətərin enerji naziri Saad Şerid əl-Kaabinin ölkəsinin karteli tərk etməsi barədə gözlənilməz açıqlamasının fonunda xüsusi məna qazandı. "Qətər 2019-cu il yanvarın 1-dən OPEK-dən çıxacaq və çıxışdan sonra OPEK anlaşmalarını yerinə yetirməyəcək. Bizdə böyük neft potensialı yoxdur, biz bu məsələyə çox realist yanaşırıq. Bizim potensialımız qazdır", - deyə S. əl-Kaabi bildirib. «Bloomberg»in məlumatına görə, Qətər gündə 610 min barel neft hasilatı idə ümumi neft məhsulları istehsalı üzrə OPEK-də 11-ci yerdədir. Bu, kartelin ümumi istehsalının, təxminən, 2%-ni təşkil edir.

Bir sözlə, bu il neft qiymətləri ilə bağlı gözlənilməzliklərə OPEK-in son akkordu yetərincə səmərəli oldu. Şübhəsiz, 2018-ci il təşkilatın tarixində öz izini qoyacaq. Yalnız ümid etmək qalır ki, 2019-cu il neft istehsal edən dövlətlər və onların potensial müştəriləri üçün daha az ajiotajlı və dramatik olacaq, ümumiyyətlə, bazarda qiymətli sürprizlər olmayacaq...



MƏSLƏHƏT GÖR:

315