25 Aprel 2024

Cümə axşamı, 21:23

«XALQIN ADINDAN»

Avropada populizmə tələbat nədən artır?

Müəllif:

15.12.2018

2018-ci il üçün açıqlanmış «Qlobal sülhsevərlik indeksi»nə əsasən, Avropa 163 ölkə arasında dünyanın ən sülhsevər, dinc regionudur. Bu indeks ölkələrdə yaşamağın təhlükəsizlik həddini göstərir. Siyahıya başçılıq edən 30 ölkədən 20-si məhz Avropa ölkəsidir. Lakin son 3 ildə bu bölgə sözügedən sahədə xeyli geriləyib. Avropa şəhərlərində tez-tez törədilən terror aktları, görünməmiş miqrant axını və iqtisadi qeyri-sabitlik insanlarda «sosial müdafiəsizlik» hissini gücləndirib və güman ki, populist partiyaların reytinqinin getdikcə artması məhz bunun nəticəsidir.

Əgər 1998-ci ildə hökumətində ən azı bir populistin yer aldığı avropalıların sayı 12,5 milyon idisə, 2018-ci ildə onların sayı 170 milyona çatıb. Britaniyanın «Guardian» qəzetinin apardığı araşdırma göstərib ki, eyni dövr ərzində populist partiyalara səs verən avropalıların sayı 7%-dən 25%-ə yüksəlib.

 

İdeologiya yox, texnologiya

Populizm (latınca populus - xalq) ilk növbədə, ideologiya yox, rabitə texnologiyası, geniş xalq kütləsinin dəstəyinin alınmasında istifadə olunan texnologiyadır. Bu üzdən o, istənilən formada ola bilər – sol, sağ, mərkəzçi, avtoritar və s. Populist şüarlarla çıxış edən siyasətçilərin uğurları əsasən onların auditoriyanı inandırmaq bacarığından irəli gəlir – onlar guya ənənəvi siyasi sistemə, ölkə daxilindəki və qlobal səviyyəli «korrupsiyalaşmış» siyasi və ya iqtisadi elitaya aid olmadığını söyləyirlər. Populistlər özlərini isteblişmentin insafsız davranışlarından məyus olmuş adi xalqın hüquqlarının müdafiəçisi kimi təqdim edir. Ölkə əhalisini rasional düşüncəyə deyil, emosiya ilə hərəkət etməyə çağıran populistlər hədəflərinə nail olmaq üçün xalqın əhvalı ilə manipulyasiya edir, insanların hakimiyyətə qarşı qanuni və əsaslı etirazlarından öz xeyri üçün yararlanır.

Ən çox yayılmış populizm nümunələri arasında bu «dördlüyü» göstərmək olar: 1. Çətin problemlərin asan iş kimi göstərilməsi. 2. Özünü «yuxarılar»la mübarizə aparan «aşağılar»ın təmsilçisi kimi təqdim etmək. 3. İnsanları guya xalqa nəyin lazım olduğunu xalqdan daha yaxşı bildiklərinə inandırmaq acarığı. 4, Ölkənin «xalqın adından» idarə olunması ilə parlaq gələcək vədi.

 

Xalq suverenliyinin sonu

Avropada populizmin sürətlə artmasının səbəblərinə dair yekdil rəy olmasa da, bunun demokratiya təmsilçilərinin işindəki çatışmazlıqlar haqda xəbərdarlıq siqnalı olduğu dəqiqdir. Şübhəsiz ki, burada söhbət kompleks səbəblərdən gedir. Xalq kütləsilə siyasi, maliyyə elitası arasındakı münasibətlərdə yaşanan çətinliklər onun əsasını təşkil edir. Bu, bəlkə də, Avropada uzun müddət dominant olmuş sağ-mərkəzçilərlə sol-mərkəzçilər arasında siyasi sərhədlərin tədricən yox olması ilə başlayıb. Məlum olduğu kimi, həmin qüvvələr birmənalı olaraq neoliberal qloballaşmanın alternativinin olmadığını düşünür.

Beləliklə, vətəndaşlara siyasi qərarların qəbuluna təsir imkanı yaradan parlamentlərin və institutların rolu tədricən azalmaqdadır. Artıq demokratiya idealının əsasını təşkil edən ideya – xalq suverenliyi də rədd olunur. Bu gün «demokratiya»dan danışılan zaman söhbət faktiki olaraq, yalnız seçkidə iştirak hüququndan və insan haqlarından gedir. Artıq maliyyə kapitalının rolu durmadan artır, bu isə qeyri-bərabərliyin artmasına yol açır. Bununla, yalnız fəhlə sinfinin deyil, orta sinfə aid insanların əhəmiyyətli bir hissəsinin də gəlirləri azalır.

Avropadakı populist hərəkatlarla bağlı araşdırma aparanlar düşünür ki, 2011-ci ilin 11 sentyabr terrorundan sonra təhlükəsizlik tədbirlərinin dəfələrlə gücləndirilməsilə insan haqlarının ciddi şəkildə məhdudlaşdırılması radikallara yol açıb. Onlar hakimiyyətə ünvanlanmış sərt tənqidlər fonunda tərəfdarlarının sayını xeyli artıra bilib.

Daha sonra 2008-ci ilin qlobal iqtisadi böhranı başlayıb və 5 il ərzində Avropa bu böhranla çalxalanıb. Nəticədə, Avropanın əksər ölkələrində işsizlik səviyyəsi və yoxsulluq artıb, gəlirlər azalıb və s. Aİ-nin Yunanıstana milyardlarla avro yardımı sayəsində iqtisadi böhran aradan qaldırılsa da, gənclər arasında işsizlik səviyyəsi hələ də 39% təşkil edir. İspaniyada bu rəqəm 33,4%-dir və s.

Nəhayət, seçicilərin mərkəzçi partiyalara inamına əsas zərbəni Almaniya kansleri Angela Merkelin 2015-ci ildə elan etdiyi «açıq qapı» siyasəti nəticəsində görünməmiş miqyas almış miqrasiya böhranı vurub.

 

Populist ənənələr

Postmüharibə Avropasında populist əhvalın ciddi şəkildə yüksəlməsi 90-cı illərin sonlarından müşahidə olunmağa başlasa da, bu əhval orada bu və ya digər səviyyədə əvvəllər də mövcud olub. Populist şüarlarla çıxış etmiş ən birinci partiya Avstriyanın 1949-cu ildə yaradılmış «Müstəqillər ittifaqı» partiyası sayılır. 1956-cı ildə o qədər də uzaq olmayan keçmişdə Nasional Sosialist Alman Fəhlə Partiyasının və SS-in üzvü olmuş Anton Rayntaller onun bazasında Avstriya Azadlıq Partiyasını (AAP) qurub. Bu partiya Avstriya parlamentində daim müxtəlif səviyyələrdə təmsil olunub. 2017-ci ildə isə o, seçicilərin 26,5%-nin səsini yığmaqla, Avstriya Xalq Partiyası ilə koalision hökumət qurub.

2000-ci ilədək populist şüarlarla çıxış edən partiyalar yalnız 3 ölkə – İsveçrə, Avstriya və İtaliyanın hökumət strukturlarında yer alıblar. 2000-ci illərin əvvəllərindənsə onlar başqa ölkələrdə də getdikcə daha böyük xalq kütləsi tərəfindən dəstəklənməyə başlayıb. 2002-ci ildə radikal sağçı siyasətçi Pim Forteynin partiya yaradaraq Rotterdam Şəhər Şurasına seçkini qazanması üçün bir neçə ay kifayət etmişdi. Daha sonra isə o, bəlkə də, ümumxalq səsverməsində də uğur qazanacaqdı. Lakin o arada siyasətçini güllələyərək qətlə yetiriblər.

Elə həmin il Fransanın millətçi «Milli cəbhə»sinin lideri Jan-Mari Le Pen prezident seçkisində ikinci tura yüksələ və o mərhələdə 17,8% səs qazana bilmişdi. 15 il sonra onun bu uğurunu qızı Marin, üstəlik, bu dəfə 33,9%-lə təkrarlamışdı. Vışeqrad qrupuna aid 4 ölkənin də (Polşa, Macarıstan, Çexiya və Slovakiya) başında populist partiyalardır. Onlar, təbii ki, ölkələrində məhkəmə hakimiyyətinin və vətəndaş cəmiyyətinin zəifləməsinə çalışırlar. Bu da son deyil. Hazırda İtaliyaya radikal sağçı «Şimal Liqası» ilə radikal solçu «5 ulduz hərəkatı»ndan ibarət qeyri-adi ittifaq rəhbərlik edir.

Seçicilərin getdikcə populistləri daha çox dəstəkləməsi mərkəzçi qüvvələrin onlarla koalisiyaya getməsini zəruri edir. Məsələn, Skandinaviya ölkələrində belədir.

Bir sözlə, ənənəvi partiyalar populyarlığını o qədər itirir ki, insanlar onların siyasətini rədd etməyə başlayır. Bunun yaratdığı vakuumu isə populist partiyalar doldurur. Üstəlik, artıq populist şüarların cəlbediciliyinə Avropa iqtisadiyyatının bərpası, işsizliyin azalması, miqrasiya axınının məhdudlaşdırılması da mane ola bilmir. Məsələn, Polşada 1989-2015-ci illərdəki iqtisadi artım (Avropada ən yüksək göstəricilərdən biri) həlledici amil olsaydı, populist «Qanun və ədalət» partiyası heç zaman ölkənin siyasi arenasında dominantlıq edə bilməzdi.

Çexiyada işsizliyin səviyyəsi 2,3%-dir. Bu, Aİ-də ən aşağı göstəricidir. Üstəlik, ötən il bu ölkənin iqtisadiyyatı 4,3% artıb ki, bu da Aİ-dəki orta göstəricini xeyli üstələyir. Miqrasiya böhranı da Çexiyadan yan keçib. Lakin ötən il keçirilmiş ümumxalq səsverməsində populist partiyalar 40%-dən artıq səs toplayıb. Bu, 1998-ci ildə qeydə alınmış göstəricidən 10 dəfə yüksəkdir.

Bütün bunlarla yanaşı, son 20 ildə populist ideyaların yalnız yüksələn xətt üzrə getdiyini də demək olmaz. Bunun əksini göstərən mənzərə də var. Bir sıra ölkələrdə koalision hökumətdə yer almaq üçün məhz populistlər güzəştə getməli olur. Məsələn, 2015-ci ildə 17,5% səs qazanmış millətçi «Əsl finlər» partiyası hakim koalisiyaya daxil olsa da, bu, onun iki yerə parçalanması ilə nəticələnib. İndi onları seçicilərin müvafiq olaraq yalnız 10 və 1,5%-i dəstəkləyir. Yunanıstanın radikal solçu SİRİZA partiyasının reytinqi də 33%-dən 25%-ə düşüb.

 

İctimaiyyətin tələbi nədir?

Bu yaxınlarda populist partiyalarla mübarizə üsulunun tapıldığı məlum olub. Bunun üçün, sadəcə, onlara asimmetrik cavab verilməlidir. Başqa sözlə, rəqiblər meydana yeni formatda, hər zaman ictimaiyyət qarşısında dayanmaq üslubu olan, müasir dövrün tələblərinə cavab verən, məsələlərə yeni yanaşma ortaya qoymağı, lakin bu zaman mərkəzçilər üçün ənənəvi sayılan prinsipləri qoruyub saxlamağı bacaran insanlar çıxarmalıdır.

Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Tryudo, Avstriyanın federal kansleri Sebastyan Kurts belə yeni formatlı siyasətçilərdəndirlər.

Lakin bu yerdə Fransada ortaya «Sarı jiletlilər» çıxır və prezidentin istefasını tələb edir. Bu isə Makronun ictimaiyyətin tələblərinə cavab vermək bacarığını sual altına qoyur.

Bəziləri düşünür ki, partiya sistemlərilə bağlı yaranmış indiki böhran Birinci və İkinci Dünya müharibələri dövrünün böhranına çox bənzəyir. O zaman da siyasi arenada sosial-demokratlar, kommunistlər dominantlıq edir, millətçi-vətənpərvər şüarlar daha populyar sayılırdı. Lakin onda bu, sənaye cəmiyyətinə keçidlə bağlı idi.

Bu gün isə biz, bəlkə də, informasiya cəmiyyəti adlı yeni formatın yaranmasına şahidlik edirik. Bəlkə, sosial şəbəkələr vasitəsilə formalaşmış və konkret lideri olmayan «Sarı jiletlilər» hərəkatı məhz bunun simptomlarındandır?



MƏSLƏHƏT GÖR:

348