29 Mart 2024

Cümə, 16:38

QƏLƏBƏDƏN SONRAKI BOŞLUQ

Özü müstəqil olmayan Paşinyan Ermənistana müstəqillik gətirə biləcəkmi?

Müəllif:

15.12.2018

Ermənistanda yeni Konstitusiyanın qəbulundan sonra sayca ikinci seçki keçirilib. Parlament seçkisi Nikol Paşinyanın başçılıq etdiyi «mənim addımım» siyasi blokunun mütləq qələbəsilə bitib. Lakin opponentlər arasında bu qədər dərin uçurumun olacağını, yəqin ki, heç kəs gözləmirdi.I.: Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, «Mənim addımım» səslərin 70,45%-ni toplayıb. İkinci yeri 8,37% səslə «Çiçəklənən Ermənistan», üçüncü pilləni isə 6,37%-lə «Parlaq Ermənistan» partiyası tutub. Bununla da, Paşinyan parlamentdə mütləq çoxluğu ələ alıb və istədiyi qanun layihəsini qəbul etdirmək imkanı qazanıb. Əlbəttə ki, ölkənin yeni baş nazirinin də Paşinyan olacağına heç kəsin şübhəsi yoxdur. Bəs, Ermənistanın yeni lideri kimdir və o, qısa müddətdə ölkədə mütləq hakimiyyəti necə ələ ala bildi?

 

Who is m-r Pashinyan?

Nikol Paşinyan 1975-ci ildə doğulub. Hazırda 43 yaşı olan Paşinyan postsovet məkanının ən cavan dövlət başçısıdır. Bu, əlbəttə ki, ona yaşlı nəslin təcrübəsini öyrənmək və ondan yararlanmaq, eyni zamanda gənclərin hisslərini bilmək imkanı verir. Bu arada onu da xatırladaq ki, Ermənistanda bu ilin aprelində baş vermiş və «odda batmaz, suda yanmaz» Serj Sarqsyanın istefası ilə nəticələnmiş etiraz dalğasının aparıcı qüvvəsi məhz «sosial şəbəkələr nəsli» olub. İnformasiya texnologiyaları erası müxtəlif tədbirlərin (o cümlədən mitinqlərin) təşkilini son dərəcə sadə işə çevirib. Odur ki, indi, belə işlərlə istənilən şəxs məşğul ola bilir.

Etiraf etmək lazımdır ki, Paşinyanın nəyi olsa da, danışıq qabiliyyəti və «açıqlığı» var. Bununla yanaşı, informasiya texnologiyalarının vətəni olan Qərb yeniliklərdən ictimai rəyə təsir vasitəsi kimi yararlanmağı tez öyrənib. Son 15 ildə bu güc mərkəzləri müxtəlif araşdırmalara son dərəcə ciddi vəsaitlər xərcləyib. Məqsəd yeni texnologiyaların onlara xidmət etməsinə nail olmaq olub. Musiqini isə məlum olduğu kimi, pulunu ödəyən sifariş edir. Müasir Ermənistan buna parlaq nümunədir. Bu ölkəyə əksər yeniliyi geniş heyətə malik ABŞ səfirliyi və Soros Fondu kimi müxtəlif psevdohumanitar təşkilatlar gətirib. Onların Paşinyana güvənsə sonda özünü doğruldub. O, hər şeydən əlavə həm də peşəkar jurnalistdir və demək, əhalinin müxtəlif təbəqələrilə, necə deyərlər, öz ixtisasına uyğun olaraq, bilavasitə ünsiyyət qurmaq iqtidarındadır. Paşinyanın və xanımının rəhbərlik etdikləri məşhur «Haykakan jamanak» qəzeti hələ illər əvvəl Serj Sarqsyan rejimini sərt tənqid edirdi və bu üzdən, dəfələrlə bağlanmağın bir addımlığınadək gəlib çıxmışdı. Hakimiyyətə qarşı etiraz aksiyalarının təşkilinə görə yaydığı qısa həbs isə Paşinyanı «nümunəvi müxalifətçi»yə çevirmişdi. Hakimiyyət uğrunda mübarizədə əsas kozır da məhz bu olub.

 

Piar bacarığı

Son yarım ildə Paşinyanın adı bütünlükdə postsovet məkanında populyarlıq qazanmışdı. İnternerdə rusdilli seqment üçün nəzərdə tutulmuş istənilən axtarış sistemilə Ermənistanın yeni liderilə bağlı müxtəlif məqalələr tapmaq mümkündür. Hər bir məlumatlı şəxs bilir ki, müasir jurnalistika 90% təbliğat, yaxud fərqli formada ifadə etsək, piar vasitəsidir. Sadəcə, diqqəti cəlb etmək kifayətdir. Paşinyanın opponentlərilə bağlı ilk baxışdan tikanlı, emosional fikirləri əslində ciddi şəkildə planlaşdırılmış bir işin tərkib hissəsi idi və məqsəd yalnız onun «xalq uğrunda mübariz» imicinin möhkəmləndirilməsi olub. O, bu bacarığını KTMT-nin yeni rəhbərinin seçimi ətrafında yaranmış vəziyyətdə də göstərib. Paşinyanın postsovet məkanının tanınmış liderlərindən olan Lukaşenko və Nazarbayevlə bağlı zəhərli ifadələri real vəziyyətə təsir etməsə də, onun ölkəsində apardığı daxili mübarizədə aktivinə daha bir neçə xal yazıb. Populizm bəşəriyyətin çoxdankı ixtirasıdır. Bu, siyasətdə ondan yaxşı istifadə etməyi bacaranlardan başqa heç kəsə fayda gətirməyib. Əvəzində, zərəri kifayət qədər olub. Bu dəfə də KTMT-nin imici məhv olmasa da, bir qədər pisləşib.

Bunu anlayan postsovet respublikalarının liderləri «bambılı»nı yerinə oturtmağa çalışırlar. Bu, özünü AAİ və MDB-nin Sankt-Peterburqda keçirilmiş sammitində özünü daha aydın göstərib. Orada Paşinyana, demək olar ki, fikir verən olmayıb: heç kəs onunla vacib mövzuların müzakirəsinə həvəs göstərməyib, bir çox liderlər isə belə tədbirlər üçün standart prosedur sayılan şəkil çəkdirməkdən belə, imtina edib. Lakin Paşinyan ölkəsindəki seçkiqabağı dövrdə faktiki obstruksiyanı belə, öz xeyrinə təqdim edə bilib. O, Sankt-Peterburqda əzilmiş, gözüyaşlı imic yaratmaqla, özünü nüfuzlu şəxslər tərəfindən «incidilmiş» uşaq obrazında çıxış edib. Bu isə illərdir «Qarabağ klanı»nın idarəçiliyindən əziyyət çəkmiş Ermənistan vətəndaşları üçün lap yerinə düşüb: «Bax bu, bizim adamdır!»

Təcrübə isə göstərir ki, populistlər üçün adi hal olan inam onların hakimiyyətə yiyələnməsindən sonra durmadan azalmağa başlayır. Çünki artıq piarı iqtisadi çiçəklənməyə çevirmək lazımdır. Bu isə kənar yardımlar olmadan mümkün deyil. Demək, Ermənistanın əsarət altına alınması nəinki bitməyəcək, əksinə, daha da artacaq.

Bu gün piar özünəməxsus populyarlaşma oyunudur. Onun müsbət və mənfi tərəfləri var. Populyarlıq «izləyicilər»in artımı ilə düz, sakit, azad həyatla tərs mütənasibdir. Populyarlığı proqnozlaşdırmaq çox asandır və bu piara özgənin piarı hesabına gəlir götürmək istəyənlərdən də pul ayrılır. Lakin başqasından alınan pul insanın azadlığı ilə birdəfəlik vidalaşması deməkdir. Belə olan təqdirdə, ortaya sual çıxır: «Özü azad olmayan Paşinyan Ermənistana müstəqillik gətirə biləcəkmi?»

 

Ermənistan ayaqları ilə səs verdi

Ermənistanda keçirilmiş seçkinin xüsusiyyətlərindən biri seçici fəallığının son dərəcə zəif olması idi. MSK-nın məlumatına görə, səsverməyə seçicilərin cəmi 48,63%-i, yəni yarıdan da az hissəsi qatılıb. 2017-ci ildə keçirilmiş parlament seçkisindən (fəallıq 60,86%) fərqli olaraq, 1,5 milyonadək erməni seçkiyə etinasız qalıb. Əksər analitiklər hesab edir ki, xalqın mövqeyi tamamilə qanunauyğundur və iki amillə bağlıdır. Birincisi, ermənilərin əksəriyyətini Rusiya ilə çox şey bağlayır, Paşinyan isə seçkiqabağı təşviqatını Moskva əleyhinə ritorika üzərindən qurmuşdu. Statistikaya əsasən, təxminən, 2 milyon Ermənistan vətəndaşı müvəqqəti və ya daimi əsaslarla Rusiyadadır. Vətəndə qalanlar da məhz Rusiyadakı yaxınlarının göndərdiyi pulla yaşayır. Belə çıxır ki, insanlar seçkiyə Rusiyadan gələn gəlirlərin azala biləcəyini düşündüyü üçün etinasız yanaşıb. Məsələ ondadır ki, dünyanın digər ölkələrindəki erməni diasporunun davamlı şəkildə göndərdiyi vəsait vətəndaşların cibinə deyil, daha çox dövlət büdcəsinə yönəldilir. Burada da ermənilərin öz rəhbərlərinə inanmamaq kimi «irs»i özünü bir daha göstərir.

İkinci səbəb Ermənistan əhalisinin sadəcə, siyasi proseslərdən yorulmasıdır. Adi insanlar üçün siyasətin incəlikləri maraqlı deyil və onlar çəkdikləri əziyyətin qarşılığını dərhal görmək istəyir. Digər yandan Respublika Partiyasının tərəfdarları o dərəcədə pərən-pərən düşüb ki, əksəriyyəti Paşinyanın blokunun qələbəsinə şübhə etmirdi. Bu gün iqtisadi hərc-mərclikdən əziyyət çəkən Ermənistan vətəndaşları üçün seçki məntəqələrinə getməkdən daha ciddi problemlər var. Vətənpərvərlik öz yerində, amma hərəyə öz dərdi daha ağırdır. Bunu dolayısı ilə Paşinyanın özü də təsdiq edib – yeni parlamentdə onun xeyli yaxın qohumu var.

 

Revanş təxirə salınır

Seçkinin daha bir sensasiyası son illərin siyasi hegemonu olan Respublika Partiyası ilə müttəfiqi «Daşnaksutyun»un parlamentə düşə bilməməsidir. Bunu yalnız sarsıdıcı məğlubiyyət adlandırmaq olar. Beləliklə, «Qarabağ klanı»nın siyasi revanş ümidləri dəfn olunmuş sayıla bilər. Artıq onların mübarizənin «təmiz aparılmadığı»na (Koçaryanın həbsinə eyhamdır) və «nifrət atmosferinin yaradıldığı»na dair ittihamları, çətin ki, beynəlxalq təşkilatlar tərəfindən eşidilsin. Bu təşkilatlar artıq Ermənistanda «uzun illər sonra ilk dəfə açıq siyasi rəqabət şəraitində təmiz mübarizənin baş tutduğunu» bəyan ediblər. Qərb dünyasının bu şadlığı isə anlaşılandır. Ermənistan parlamentinin yeni üzvlərinin əksəriyyəti xaricdə təhsil alıb və Avropa və ABŞ ilə bu və ya digər şəkildə əlaqəlidir.

Yaranmış vəziyyətdə Ermənistanın «əsrlərdən gələn müttəfiqi» Rusiya üçün oliqarx Qaqik Sarukyana və onun «Çiçəklənən Ermənistan» partiyasına bel bağlamaqdan başqa yol qalmır. Rusiyanın «Dmitri Donskoy» və «Müqəddəs Anna» ordenlərinin sahibi olan bu iş adamının Rusiya və Belarusda ciddi aktivləri var. Bu gün Sarukyan sanki Kremlin Cənubi Qafqaz siyasətində «ermənilərin İvanişvilisi» rolunu oynayacaq. Lakin Ermənistanda daha çox «Xeyirxah Qaqik» adlandırılan bu şəxsin siyasi mövqeyi gürcü həmkarının mövqeyi kimi güclü deyil. Xalq arasında o, kifayət qədər sərt insan və «Koçaryanın dostu» kimi tanınır. Bu isə heç də yaxşı imic deyil.

İndi rusiyalı siyasi texnoloqlar Sarukyanın və ona yaxın şəxslərin imici üzərində uzun-uzadı və çətin iş aparmalıdırlar. Doğrudur, Moskvadan artıq onlara belə naşükür, etibarsız müttəfiqin lazım olmadığına dair fikilər eşidilir. Amma Rusiya, çətin ki, Ermənistanı tezliklə könüllü şəkildə buraxsın.



MƏSLƏHƏT GÖR:

281