25 Aprel 2024

Cümə axşamı, 09:35

753 MEDAL

2018-ci idman ili Azərbaycan üçün necə yadda qaldı

Müəllif:

01.01.2019

2018-ci il Azərbaycanın idman həyatında bir sıra nüfuzlu idman yarışı və vacib qələbələrlə yadda qaldı. Artıq ənənəyə çevrilmiş Formula-1 yarışı və Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirlə yanaşı, yola saldığımız ildə Bakı həmçinin ilk dəfə olaraq 124 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatı, batut gimnastikası, ikili mini batut və tamblinq üzrə Avropa Çempionatı, bədii gimnastika və aerobika gimnastikası üzrə Dünya Kuboklarına, BMX üzrə dünya birinciliyinə də ev sahibliyi etdi. 

2018-ci ildə Azərbaycan idmançıları olimpiya növlərində 85 qızıl, 90 gümüş, 138 bürünc medal qazanıb. Qeyri-olimpiya növlərində isə təmsilçilərimiz 178 qızıl, 140 gümüş və 122 bürünc medala layiq görülüb. Ümumilikdə, il ərzində müxtəlif turnirlər eləcə də dünya və Avropa çempionatları, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 753 medal əldə edib. Bu isə Azərbaycan bayrağının müxtəlif yarışlarda gün ərzində, orta hesabla, ən azı iki dəfə yüksəlməsi deməkdir. 

 

Olimpiya hərəkatı 

Ötən il Azərbaycan idmançıları Buenos-Ayresdə təşkil edilən və 206 ölkədən 4 mindən artıq idmançının qatıldığı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurlu çıxış nümayiş etdirib. Argentinanın paytaxtına 17 idmançı ilə yollanan milli komandamız 3-ü qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 7 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Bədii gimnastımız Yelizaveta Luzan beynəlxalq komandanın tərkibində qızıl medala layiq görülüb. Ağırlıqqaldırmada çıxış edən idmançımız Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvandoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Beləliklə, Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 31-ci, medal sayında isə 37-ci yerdə qərarlaşıb. 

 

Futbol

Azərbaycan futbolu üçün ilin yekunlarını uğurlu saymaq olmaz. Milli komandamızın UEFA Millətlər Liqasındakı uğursuzluğu ilə yanaşı, “Neftçi”, “Qəbələ” və “Keşlə” klubları da Avrokubokları elə ilk təsnifat mərhələsində tərk etməli olublar. Yalnız Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə adlamaqla minimum vəzifənin öhdəsindən gələ bilib. 

 

Gimnastika 

Müxtəlif yarışlarda iştirak edən Azərbaycan gimnastları ilboyu mötəbər yarışlarda layiqli çıxış edərək Vətənə medallarla qayıtdılar. 

Apreldə Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatına ev sahibliyi etdi. Milli Gimnastika Arenasında baş tutan sayca 26-cı olan qitə birinciliyində həm böyüklər, həm də gənclər proqramında 25 ölkə təmsil olundu. Hər 3 növ üzrə mötəbər yarışda, ümumilikdə, 400-dən çox idmançı mübarizə apardı. Budəfəki Avropa Çempionatının əsas özəlliyi o idi ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə etdilər. İdmançılarımız azarkeşləri qızıl və gümüş medallarla sevindirdi. Ən böyük nəticəni Mixail Malkin əldə etdi. Azərbaycan gimnastı batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında tamblinq yarışlarında qızıl medala layiq görüldü. Azərbaycan gimnastları Svetlana Makştaryova və Veronika Zemlyanaya Avropa Çempionatında batut üzərində sinxron tullanma yarışlarında gümüş medal qazandı. 

Bakı idman gimnastikası üzrə Dünya Kubokuna da ev sahibliyi etdi. Təmsilçimiz Marina Nekrasova bu yarışda fəxri kürsünün ikinci pilləsində yer aldı. 

İspaniyanın Qvadalaxara şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatı Azərbaycan millisi üçün ikiqat uğurlu oldu. Yığmamız qitə birinciliyini iki medal və Minsk-2019-a iki vəsiqə ilə başa vurdu. Fərdi proqramda gənc gimnastlar arasında gedən mübarizədə ümumilikdə dörd alət üzrə finala vəsiqə qazanan Arzu Cəlilova topla çıxışına görə bürünc medal qazandı. Komandamızın növbəti bürünc medalı isə 3 top - 2 iplə mübarizə aparan yığmamızdan gəldi. Aliyə Paşayeva, Siyana Vasilyeva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramovadan ibarət möhtəşəm beşlik də fəxri kürsünün üçüncü pilləsinə yüksəldilər. 

Milli Gimnastika Arenasında mövsümün sonuncu beynəlxalq turniri – Akrobatika Gimnastikası üzrə Dünya Kuboku təşkil olundu. Qarışıq cütlüklər tərkibində çıxış edən Azərbaycan gimnastları Abdulla Əl-Məşayhi və Ruhidil Qurbanlı Dünya Kubokunun gümüş medalını qazandılar. Ölkəmizə daha bir gümüş medal Dünya Kubokunda kişi cütlükləri tərkibində çıxış edən Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov qazandırdı. 

 

Karate

İspaniyanın Madrid şəhərində 139 ölkənin iştirakı ilə keçirilən karate üzrə Dünya Çempionatında millimizin qazancı 2 medal oldu. Azərbaycan yığmasının heyətində ən böyük nəticəni xanım idmançımız qazandı. Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (68 kq) dünya çempionatında qızıl medala layiq görüldü. Azərbaycan millisinin lideri, dünyanın ən güclü karateçilərindən sayılan Rafael Ağayev bu dəfə üçüncü yerlə kifayətləndi. Beşqat dünya çempionu və iki dəfə mundialın finalçısı olmuş dünya şöhrətli karateçimiz karyerasında ilk dəfə bu nüfuzlu yarışın bürünc medalına sahib oldu. 

Serbiyanın Novi-Sad şəhəri isə karate üzrə Avropa Çempionatına ev sahibliyi etdi. Yığmamızın lideri Rafael Ağayev (75 kq) bütün rəqiblərini məğlub edərək 11-ci dəfə Avropa çempionu oldu. Şahin Hətəmov (+84 kq) gümüş medalla kifayətləndi. Nuranə Əliyeva (50 kq) və Roman Heydərov (kata) “bürünc”ü boynundan asdı.

 

Cüdo 

Azərbaycan paytaxtı Bakı daha bir tarixi yarışa ev sahibliyi etdi. Milli Gimnastika Arenasında cüdo üzrə böyüklər arasında Dünya Çempionatı keçirildi. Çempionatda 125 ölkədən 800-dək idmançı mübarizə apardı. Azərbaycan yarışda 9 kişi və 6 qadın idmançı ilə təmsil olundu və müxtəlif çəki dərəcələrində 2 medal qazanıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov bürünc, 100 kq-dan yuxarı kateqoriyada isə Uşanqi Kokauri gümüş medala layiq görülüblər. Nəticədə, Azərbaycan millisi komanda hesabında 11-ci yeri tutdu. 

 

Güləş 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Dünya ÇempionatındanAzərbaycan güləşçiləri 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 5 medalla qayıtdı. Azərbaycan yığmasında yeganə qızıl medala yunan-Roma güləşində son Avropa çempionumuz Eldəniz Əzizli layiq görüldü. Sərbəst güləşçilərimizdən Cəbrayıl Həsənov və qadınlardan Mariya Stadnik gümüş medal qazandı. Bürünc medal qazanan güləşçilərimiz isə İrina Netreba və yunan-Romada Rəsul Çunayev oldu. Bu nəticə ilə millimiz ümumi sıralamada dörd ölkədən geri qaldı. 

Rusiyanın Kaspiysk şəhərində keçirilən yunan-Roma, qadın və sərbəst güləşi üzrə Avropa Çempionatı isə Azərbaycan pəhləvanları üçün daha uğurlu nəticə ilə əlamətdar oldu. Ötən qitə birinciliyində 8 medal qazanan güləşçilərimiz bu dəfə Vətənə 18 mükafatla qayıtdı. Pəhləvanlarımız 4 qızıl, 5 gümüş və 9 bürünc medalla yeni rekorda imza atdılar. Yunan-Roma güləşində 55 kq-da çıxış edən Eldəniz Əzizlinin karyerasında ilk dəfə Avropa Çempionatında qızıl medal qazanması xüsusilə vurğulanmalıdır. Əzizli bütün görüşlərini yüksək səviyyədə keçirməklə çempionluq sevinci yaşadı və bununla yığmadakı yerini möhkəmlətdi. Sərbəst güləşdə Georgi Edişeraşvilinin qızıl medalı məşqçilərimizi sevindirməyə bilməz. Edişeraşvili bütün görüşlərdə aşkar üstünlüyünü nümayiş etdirdi. Qadın güləşində Mariya Stadnik fenomeni qeyd olunmalıdır. 50 kq-da çıxış edən Stadnik növbəti dəfə peşəkarlığını nümayiş etdirməklə Avropada öz çəkisində güclü olduğunu isbatladı. Karyerasında səkkizinci dəfə Avropa çempionu olan Stadnik bütün görüşlərdə rəqibini döşək üzərinə çıxmağa peşman etdi.

  

Taekvando 

Ötən il Rusiyada taekvando üzrə Avropa Çempionatı təşkil olundu. Radik İsayev karyerasında ikinci dəfə qitə çempionluğunun sevincini yaşadı. Patimat Abakarova və Milad Beiqi Harçeqani yarışı bürünc medalla başa vurdu.

Qeyd edək ki, 2019-cu il daha çətin və məsuliyyətli mövsüm olacaq. Çünki yeni ildən Tokio-2020-yə lisenziya xarakterli yarışlar keçiriləcək. 

 

                                                  2018-CI ILIN ƏN YAXŞI IDMANÇILARI 

Eldəniz Əzizli

Yunan-Roma güləşi

Dünya və Avropa çempionu

Bayram Mustafayev

Paracüdo

Dünya çempionu

Hidayət Heydərov

Cüdo

Dünya və Avropa çempionatlarının mükafatçısı

Cəbrayıl Həsənov

Sərbəst güləş

Dünya və Avropa mükafatçısı

Radik İsayev

Taekvando

Avropa çempionu və Dünya Kubokunun mükafatçısı

Mixail Malkin

Tamblinq

Avropa çempionu

Pərviz Həsənov

Dama

Gözdən əlillər arasında Dünya və Avropa çempionu

Şəhriyar Məmmədyarov

Şahmat

 Dünya reytinqinin 3-cü pilləsində

Elxan Əliyev

Kingboksing

Avropa Çempionatının mükafatçısı

Rafael Ağayev

Karate

Dünya Çempionatının mükafatçısı və Avropa çempionu



MƏSLƏHƏT GÖR:

371