23 Aprel 2024

Çərşənbə axşamı, 14:05

«ALMANACAN»

Azərbaycanda şvab irsi ilə tanış olmağa imkan verən sərgi açılıb

Müəllif:

01.01.2019

Germanaijan. Düşünürsüz ki, bu hansısa bir ölkənin adıdır? Yaxud Mendeleyevin dövri sistem cədvəlinə əlavə edilmiş hansısa bir yeni kimyəvi elementdir? Yox. «Germanaijan» Bakıda açılmış bir sərginin adıdır. Bu, Azərbaycan torpağında özlərinə ikinci vətən qazanmış almanlarla yad mədəniyyətə, dinə və dilə dözümlü yanaşmağı bacaran azərbaycanlılar arasında sıx mədəni-dostluq bağlarını əks etdirmək üçün düşünülmüş bir sözdür. 

Sərginin kuratoru Əsli Səmədova açıqladı ki, söz iki ölkənin – Almaniya və Azərbaycanın adlarının birləşdirilməsindən yaranıb. Sərgi ölkəmizdə ilk alman yaşayış məskəninin yaradılmasının 200 illiyinə həsr olunub. Ekspozisiya artefaktlarla, arxiv fotoşəkilləri və sənədləri ilə, xəritələrlərlə və yaşayış məntəqələrinin cizgiləri ilə, interaktiv materiallarla, Azərbaycanın müasir şairi Leyla Salayevanın və almaniyalı illüstrator Kseniya Finkin multimedia layihəsi ilə, rəssam və sənədli foto mütəxəssisi Çinarə Məcidovanın, Britaniya yazıçısı və fotoqrafı Tomas Marsdenin video işləri ilə təchiz edilib. Sərgi ekspoziyalarının aparıcısı Sevil Əliyevadır.

 

Bir az tarixdən 

Şvabiyadan almanların Azərbaycana köçürülməsi necə başladı? 1818-ci il mayın 10-dan rus imperatoru Birinci Aleksandr yeddi yüz şvab ailəsinin Cənubi Qafqazda köçmək barədə müraciətinin üstünü imzaladı. Bu köçün səbəbi nə ilə bağlı idi? Tarixi mənbələrə görə, Qafqaza, məhz Azərbaycana gələn şvablar lüteran idilər, lakin onların köçməsinin səbəblərindən biri onların peitizm hərəkatına aid olmaları idi. 

Peitizm XVII əsrdə lüteran və reform kilsələrinin daxilində yaranıb və lüteran ortodoksluğuna qarşı çıxırdı. Bu hərəkat dindarların şəxsi təqvasına, inanc iztirablarına, Tanrı ilə canlı ünsiyyət hissinə, həm də daima ciddi və həssas "Tanrı gözü" altında olma hissinə xüsusi önəm verməsi ilə səciyyələnir. Pietizm kilsələrdəki ruhani soyuqluğa qarşı bir reaksiya idi.

1818-ci ilin avqustunda həmin yeddi yüz ailədən dörd yüzə yaxını Azərbaycana gəlib. Bəziləri uzun və çətin yola dözməyib və Qara dəniz bölgəsində qalmışdı. Həmin zaman Qara dənizdəki alman koloniyalarından yüzə yaxın ailə də yeni gələnlərə qoşulublar. Köçürülənlər 1819-cu ilin yazında Azərbaycanda iki koloniya yaradıblar: Helenendorf (indiki Göygöl) - imperator I Pavelin qızı Yelena Pavlovnanın şərəfinə salınıb və Annenfeld (Şəmkir). Daha sonra altı əlavə koloniya qurulub: Qrinfeld, Traubenfeld, Yelizavetinka, Eygenfeld, Georgsfeld, Alekseyevka (Qazax, Tovuz və Ağstafa rayonlarının ərazilərində yerləşirdilər).

Qafqazda ən böyük koloniya Helenendorf olub, o, bütün kolonial yaşayış məntəqələrinin mərkəzi imiş. Helenendorfun əsasını qoyanlar Qotlib Koxun, Hersoq Şimanın, Yakob Krauzın, Yohannes Vuhrerin ailələri olub. Almanlar və azərbaycanlılar arasında mövcud olan dil və mədəniyyət fərqləri mədəniyyət və iqtisadiyyat, kənd təsərrüfatı və sənətkarlıq fəaliyyətlərində sıx əlaqələr yaratmağa mane olmurdu. Bir ailənin köçürülməsi və yerləşdirilməsi üçün verilən kredit XIX əsrin 2 min rus rubluna bərabər idi.

 

Miras

Sərgi yeni yaşayış məkanının ətraf mühitində təsərrüfatçılıqda, iqtisadiyyatda, ticarətdə, tikinti və təhsildə alman vərdişlərinin inkişafı prosesinin necə baş verməsi haqqında ətraflı məlumat verir. Öz ərazisində yaşayan digər xalqların mənəvi və mədəni dəyərlərinə tolerant yanaşan azərbaycanlılar həyatlarına keyfiyyətcə yeni dəyişikliklər gətirən yabançı praktiki təcrübələri qəbul edə bildilər, eyni zamanda paylarını bölüşdülər. 

Dil öyrənməklə bağlı genetik istedada malik olan azərbaycanlılar tezliklə alman dilini anlamağa başladılar ki, bu, ünsiyyət prosesini çox sadələşdirdi. Bu, ticarətlə məşğul olmaq, üzümçülük, sənətkarlıq və s. sahəsində praktiki təcrübə aparmaq üçün imkan yaratdı. Müasir Azərbaycan dilində alman mənşəli çox sayda söz - aysberq, bant, banknot, hershersoq, feldmarşal, marqans, şablon, sinkoqrafiya, termos, yenot və s. sözləri bu gün də qorunmaqdadır. 

Sərgidə gerçək sənədli mənbəyə malik əsərlər, interaktiv informasiya ekranı, rəsm əsərlərinin surətləri, müasir alman rəssam və fotoqrafların əsərlərinin fotoinstalyasiyası, ilk köçkünlərin məişət detallarının bərpası ilə yaradılmış fotoarxiv, evlərin maketləri və s. təqdim edilir. Maraqlı bir təəssürat da var: Azərbaycan Xalq Cümhuriyyəti (AXC) zamanında (1918-1920) parlamentdə alman əhalisini deputat Lorens Yakovleviç Kun təmsil edirdi. Ümumiyyətlə, Şvabiya köçkünlərinin həyat və fəaliyyəti haqqında ətraflı məlumatı Həcər Verdiyevanın «Şimali Azərbaycan almanları» kitabında tapmaq olar.

 

Təsərrüfat fəaliyyəti

Almanların Azərbaycanda əsas məşğuliyyəti üzüm yetişdirilməsi və spirtli içkilərin - marka və süfrə şərablarının müxtəlif növləri, konyak, şampan istehsalı olub. İstehsalat Yelenendorfda yerləşirmiş, məhsulun satışı yerli ticarət firmaların - "Forer qardaşları", "Hummel qardaşları", "Konkordiya" firmalarının vasitəsilə həyata keçirilirmiş. Forer qardaşları tərəfindən pivə və konyak zavodları qurulubmuş. Məhsul Rusiyaya (Moskvaya, Sankt-Peterburqa) və Avropaya göndərilirmiş. Köçkünlərin azərbaycanlılardan öyrəndiyi üzümçülüklə yanaşı və alman məskənlərində şərabçılıq, əkinçilik, heyvandarlıq, süd istehsalı və müxtəlif növ sənətkarlıq inkişaf etmişdi. Sovet dövründə Azərbaycan almanlarının öz kolxozları var idi.

 

Sənətkarlıq 

Almanlar tərəfindən at arabası və çəllək istehsalı üzrə xarratlıq və dülgərlik emalatxanaları, paltar və ayaqqabı tikişi sexləri, dəmirçi və çilingər emalatxanaları, rəngsaz və soba istehsalı emalatxanaları yaradılmışdı.

 

Təhsil

Gələn köçkünlər arasında müəllim də olub. Artıq 1823-cü ildə məktəb tikilibmiş və şvab uşaqları yazı, hesab, qiraət, coğrafiya və tarix öyrənmək imkanı əldə ediblər. 1907-ci ildə Yelenendorf məktəbində yalnız Azərbaycanda deyil, həm də Gürcüstanda yerləşən şvab yaşayış məntəqələrindən təhsil almaq üçün gələn uşaqlar üçün internat açılıb. Bu məktəbdə işləmək üçün Almaniyadan müəllimlər dəvət edilib. Köçkün məktəblərində Azərbaycan dili də öyrədilirmiş. Onlara rus, azərbaycanlı və alman müəllimlər dərs keçirmiş. Maraqlıdır ki, Aloiz Melixar (Berlin Filarmoniyasının gələcək dirijoru) bu məktəbdə musiqi dərsləri keçib, tarixi dərsini isə öz arxeologiya üzrə əsərləri ilə tanınan Yakov Hummel, məşhur alman yazıçısı və şairi F.Bax tədris edib. 

 

Mədəni həyat

O, 1893-cü ildə «Alman cəmiyyəti»nin (Yelenendorf) yaradılması ilə başlayıb, cəmiyyət kitabxana ilə kişi klubundan, oxu salonundan və keqelbandan ibarət olub. Daha sonra nəfəs alətləri və simli alətlər orkestrləri, teatr studiyası təşkil edilib. Konsertlər və tamaşalar klubun səhnəsindən, ictimai bağda və müxtəlif bayram tədbirlərində həyata keçirilib. Burada bütün Cənubi Qafqaz koloniyalarından iştirakçıların gəldiyi müxtəlif festivallar keçirilirmiş. Şvab koloniyalarında mədəniyyət və iqtisadiyyat qürubu 1930-cu illərdə kollektivizmə keçidlə başlayıb. Köçkünlərin həyatının bu dövrü sərginin eksponatlarında da əks olunub.

 

Memarlıq

Azərbaycan almanları təkcə koloniyalarda deyil, həm də Bakıda yaşayırdılar. Onların arasında sahibkarlar, alimlər, memarlar, mühəndislər, müəllimlər, həkimlər olub. Şəhərin təkrarsız memarlıq üslubunun formalaşmasına alman memarlar da xüsusi töhfələr vermişlər. Onların içində ən məşhuru 1889-cu ildən 1902-ci ilə qədər şəhərə rəhbərlik etmiş N.A. fon der None olub. Məhz bu dövrdə Bakıda bir çox gözəl tarixi binalar, o cümlədən Bakı bulvarı tikilib. 

Bu gün şəhərdə Musiqili Komediya Teatrı kimi, 19-cu əsrdə isə Hacı Zeynalabdin Tağıyev teatrı kimi tanınan unikal gözəllikli bina F.A.Lemkul tərəfindən tikilib. Bakıda alman memarları tərəfindən bütünlükdə 60 gözəl bina tikilib. Bunlar sırasında kirxa da var. Alman memarlarının Bakının memarlıq görkəminə bədii töhfəsi haqqında ətraflı məlumatları Elçin Əliyevin "Azərbaycan memarlığında alman irsi" kitabında tapmaq olar.

 

Repressiyalar

1818-ci ildən bu ərazidə yaşayan Azərbaycan almanları 1933-1941-ci illərdə milli mənsubiyyətlərinə görə repressiyalara məruz qalıblar. Böyük Vətən müharibəsinin başlaması ilə SSRİ daxili işlər komissarının (11 oktyabr 1941-ci il tarixli, 001487 saylı) "Azərbaycandan, Gürcüstandan və Ermənistandan milliyyətcə alman olan şəxslərin köçürülməsi haqqında" əmri ilə Xanlar (Yelenendorf) almanları Orta Asiyaya, Qazaxıstana və Sibirə sürgün edilib. 

 

2018-ci il

Azərbaycanda alman ustaları tərəfindən yaradılmış bütün mədəniyyət və arxitektura abidələri diqqətlə qorunur. Mütəmadi olaraq dövlət başçısının sərəncamı ilə Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmiş alman memarlıq irsinin qorunması üçün təmir-bərpa işləri aparılır. Almanların köçürülməsinin və Azərbaycan ərazisində alman yaşayış məskənlərinin yaradılmasının 200 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cənubi Qafqaz regionunda alman yaşayış məskənlərinin yaradılmasının 200 illiyi haqqında" sərəncam imzalayıb. Bu, Azərbaycanda tarix-memarlıq irsinə qayğıkeş münasibətinin bir nümunəsidir ki, bura orqanik olaraq alman memarlıq ustalarının yaradıcılıq fəaliyyəti də daxildir. Alman-Azərbaycan mədəniyyət cəmiyyəti "Kapelhaus" müxtəlif sərgilər, konsertlər, tədbirlər keçirməklə ölkəmizin tarixi keçmişin və bu gününün mədəniyyət yaddaşının qorunmasına yardım edir.

«Germanaijan» sərgisi 2019-cu il 16 fevral tarixinə qədər davam edəcək. O, Almaniya Federativ Respublikasının səfirliyi tərəfindən federal xarici işlər nazirliyinin Mədəniyyətin qorunması proqramının, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və «Goethe-Zentrum Baku/Kapellhaus»un maliyyə dəstəyi ilə təşkil olunub və həyata keçirilir.



MƏSLƏHƏT GÖR:

312