20 Aprel 2024

Şənbə, 10:14

SONSUZ İMPROVİZASİYA

Təranə MAHMUDOVA: «Müasir müsiqi dünyası çox ziddiyyətlidir – orada gedən deqradasiyanı müşahidə etmək çox üzücüdür»

Müəllif:

01.01.2019

"İnanıram ki, musiqi şəfa verə bilər və mən həyatımı başqa insanların həyatını asanlaşdırmağa həsr edirəm, çünki musiqi mənim özümə də kömək edir". Bu sitat məşhur caz ifaçısı Dayan Rivzə aiddir. Azərbaycanın caz müğənnisi Təranə Mahmudova ilə səmimi və açıq söhbət zamanı məhz bu sözlər beynimdə canlanırdı. Onlar Təranə xanımın həyat və yaradıcılıq yolunu daha tam və dəqiq ifadə edir. O, həyatının ən çətin anlarında caza üz tutub və musiqi, həqiqətən, onun ən yaxın dostuna çevrilib. Caz ona şəfa və ilham verib, özünə və öz bacarıqlarına inandırıb. Yaradıcı insana xas ehtiras, hər şeyə olan sevgi, ətrafı qavramaq istəyi, milli caz ahənginə yeni bir iz salmaq arzusu – bütün bunlar Təranə xanımın yaradıcılığını oldğu kimi əks etdirir. Bu yaxınlarda ifaçı xarici həmkarları ilə birlikdə Bakı Muğam Mərkəzində böyük konsert verib. Bizimlə söhbətində müğənni sənət axtarışları, çin olmuş arzuları və şəxsi duyğuları barədə danışıb.

- Beynəlxalq Muğam Mərkəzində keçirilən son konsertinizlə bağlı sizi təbrik edirik. Sizin öz təəssüratlarınız necədir?

- Mən xoşbəxtlikdən göyün yeddinci qatında idim. Bu məsələdə özümü şanslı adam hesab edirəm. Çağdaş musiqi dünyası çox təzadlıdır – onun deqradasiyaya uğramasını izləmək çox kədərlidir. Konsert möhtəşəm idi. Ən xoş olanı isə o idi ki, bunların hamısını öz gücümlə bacardım.

- Siz səhnəni xarici musiqiçilərlə paylaşdınız. Bu beynəlxalq komandanı necə bir araya gətirmisiniz?

- Mənim atam 3 il əvvəl dünyasını dəyişib. Bütün bu vaxt ərzində mən dərin depressiyada idim. Ölümündən 7 ay sonra mən anladım ki, artıq dəli oluram. Onda mənim dəvətimlə Bakıya gələn gürcü musiqiçilərlə birlikdə ilk konsertimi verdim. Bütün təşkilati işlər, aranjman ən yaxın dostum – istedadlı cazmen, ən yaxşı pianoçu Elbəy Məmmədzadənin çiyinlərinə düşdü. Bir il sonra mən yenidən səhnəyə çıxdım. Bu dəfə Bakıda keçirilən caz festivalında iştirak etdim. 2018-ci ildə tanınmış dünya musiqiçiləri ilə birlikdə konsert verməyə qərar verdim. Mənim ifam dünya səviyyəli bas gitaraçı Linley Marte (Fransa), məşhur zərb alətləri ustası, beynəlxalq festivalların iştirakçısı və mükafatçısı Zaza Tsertsvadzenin (Gürcüstan) və istedadlı pianoçu Elbəy Məmmədzadənin (Azərbaycan) müşayiəti ilə gerçəkləşdi. Mənim üçün bu musiqiçilər dünyanın ən yaxşılarıdır. Onlar uzun müddətdir ki, yaradıcılıqla məşğul olurlar. Yaşca onlardan böyük olmağıma baxmayaraq, hələ də belə peşəkarlar qarşısında oxumaq mənim üçün böyük məsuliyyətdir. Linley həmişə məni sakitləşdirirdi və çox praktiki məsləhətlər verirdi. Etiraf edirəm ki, bu adam məni öz qüruru, seçdiyi yola inamı və bacarığı ilə heyran qoyub. Çox böyük musiqiçi olmasına baxmayaraq, çox sadə insanlığı var – yəni "öz adamımızdır". Bu, ona inanılmaz mənəvi gözəllik verir. Bir sözlə, bu musiqiçilər mənim dəvətimi qəbul etdilər və biz inanılmaz konsert verdik.

- Xarici musiqiçilər üçün Azərbaycan musiqisi nədir? 

- Linley Marte onu sevir. O, Parisdə yaşayır, parislilər isə folklor və caz musiqisini sevirlər. Məşqlərdən sonra söhbət zamanı mən onu Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun yaradıcılığı ilə tanış etdim. O, heyran qalmışdı. Şərqi və mədəniyyətini, həqiqətən, sevir. Etiraf edirəm ki, onun marağı məni öz yolumu milli caz istiqamətində davam etdirməyə ruhlandırdı. Razılaşın ki, cazın ənənəvi üslubunda ifa ilə bir amerikalını və ya fransızı təəccübləndirmək mümkün deyil. Buna görə də milli musiqini təkmilləşdirmək və təbliğ etmək lazımdır.

- Azərbaycan cazını daha çox muğamla sintez kimi təqdim edirlər. Yeni bir şey əlavə etmək mümkündürmü?

- Bəli, Vaqif Mustafazadə Azərbaycana muğamın ənənəvi caz ilə sintezini təqdim etdi. Kim bu dahi kimi ifa edə bilsə, özünü xoşbəxt hesab edər. Ancaq hər birimizin borcu musiqiyə öz töhfəmizi verməkdir. Əldəki cizgilər eyni olmadığı kimi, musiqidə də oxşar ifalar ola bilməz. Hər bir insanın öz tembri və öz tərzi var, biz bir-birimizdən fərqli olmalıyıq. Təəssüf ki, pop musiqidə musiqiçilər uğur qazanmış ifaçıları təkrarlamağa çalışırlar. Amma mən fərdiliyə üstünlük verirəm. Öz imzanızın olmasına - sonra da öz üzərinizdə işləməyə çalışmalısınız.

- Siz də pop-ifaçı kimi tanınırsınız. Amma janrınızı dəyişmisiniz...

- Mənim ilk peşəm rejissorluqdur. Amma özümü musiqiyə həsr etməyə qərar verdim. Bəli, mənim pop janrında mahnılarım var və mən korporativ tədbirlərdə çıxış edirəm – bu, mənim gəlir yerimdir. Bu janrda mənim pərəstişkarlarım var. İstəsəydim, bu istiqamətdə bacarıqlarımı inkişaf etdirə və yüksələ bilərdim, amma mən cazı seçdim. Artıq yeddi ildir ki, caz musiqisi ilə ciddi şəkildə məşğul olmağa başlamışam. O, mənim üçün inanılmaz fantaziyalar və düşünülə bilməyən duyğular dünyasına çevrilib. Mən cazı ehtirasla sevirəm. Mən sadəcə, bu musiqi ilə yaşayıram. Mən, ümumiyyətlə, sevməyi sevirəm (gülür). Caz ilə ilk dəfə 17 yaşımda tanış olmuşam. Evə Bill Holideyin plastinkasını gətirdim və dinləməyə başladım. Siz güləcəksiniz, amma o, məni özümdən çıxardı. Və mən "bu, nə cür musiqidir" deyib plastinkanı əsəbi şəkildə bir kənara qoydum. Sonra düşünməyə başladım – əgər bu musiqi yaradılıbsa və bu qədər məşhurdursa, deməli, onda nəsə var. Düz iki il, məhz anlamaq üçün özümü caz dinləməyə məcbur etdim. Sumqayıtda yaşayırdım və rok ifa edən uşaqlarla dostluq edirdim. Onlar mənə ifa etdikləri janrın yolu ilə getməyi məsləhət görürdülər. Amma çox gec idi. Birdən mən anladım ki, ovsunlanmışam – qəlbən cazı qəbul etmişəm və ona aşiq olmuşam. Mən dinləyirəm və dinləməkdə davam edirəm - bunlar Vaqif Mustafazadə, Bred Meldau, Dayan Rivz, Billi Holidey kimi dünya cazının əfsanələridirlər. Böyük musiqiçilər məni ruhlandırırlar. Əgər klassik janrda çərçivələr varsa, cazda bu, yoxdur. Bu, sonsuz improvizasiyadır. Doğrudur, mən həmişə improvizasiyaya ehtiyatla yanaşmışam. Amma istənilən halda qərar verdim.

- Siz Azərbaycan xalq mahnılarını caz tərzində oxuyursunuz. Onları necə seçirsiniz? Populyarlığına görə, ya öz zövqünüzə görə?

- Xeyr, populyarlığa görə yox. Biz Azərbaycan insanının qavramı üçün xoş olan xalq musiqilərinə müraciət etmək qərarına gəldik. Beləliklə, konsertdə mən "Laçın" mahnısını səsləndirdim. Onu seçməyi mənə Elbəy Məmmədzadə tövsiyə etdi. İlk reaksiyam qorxu və imtina oldu. Qorxurdum ki, bacara bilmərəm. Lakin ilk notları aldıqdan sonra iş getdi. Biz bunu tək qalmış və heç kimin qayğı göstərmədiyi Laçın üçün laylay şəklində gerçəkləşdirdik. Mən hiss etdim ki, zal ağlayır. Sevgi və itki notları ilə dolu bu musiqini ifa etmək mənim üçün şərəf idi. Çünki mənim bir əlimdən "Vətənimə sevgi" adlı qan axır, o biri əlimdən axan qanın adı isə "caz"dır. Mən həm də konsertdə Akif İslamzadənin indi çox az müraciət edilən mahnısını ifa etmişəm. Bu incini ifa etməyimə icazə verdiyi üçün ona təşəkkür edirəm. Mənim fikrimcə, çox uğurlu alınıb. 

- Hər bir azərbaycanlı "Laçın" melodiyasını böyük acı ilə ifa edir. Xarici bir müğənni bu musiqini də belə ifa edə bilərmi?

- Hər bir peşəkar musiqiçi əvvəlcə bu mahnının tarixini öyrənməlidir ki, onu hiss etsin. Əlbəttə ki, heç kim «Laçın»ı azərbaycanlılar kimi oxuya bilməz. Məşq zamanı, etiraf edirəm, ağlamamışdım, amma səhnədə duyğularımı çətinliklə cilovlaya bildim. Çox çətin kompozisiyadır.

- Fərqli ölkələrdən, demək olar ki, fərqli dünyalardan olan musiqiçilər səhnədə görüşüb eyni əsəri ifa edən zaman nə baş verir?

- Caz - hər zaman sintez etmək istənilən bir üslub, başqa bir ruhu hiss etmək imkanıdır. Caz tamamilə fərqli insanları birləşdirən bir ailədir. Birgə ifa – bu, ürəkləndirən və coşduran informasiya axınıdır. Böyük pianoçunun sözləri ilə deyəcəm, bildirib ki, biz fərqli ölkələrdən fərqli peşə təcrübəsinə malik musiqiçiləri öz konsertimizə toplamaqla yalnız musiqi ifa etməklə qalmırıq, həm də genişmiqyaslı məlumat mübadiləsi edirik və bir-birimizdən çox şey öyrənirik.

Komandamızda Linley Marte, Zaza Tsertsvadze və Elbəy Məmmədzadə var - biz bir-birimizdən çox şey öyrəndik. Bir-birimizə çox sayda sual verdik, bizi heyrətləndirən məqamları aydınlaşdırdıq. Bu məlumatlar qarışdı və hər kəs üçün yararlı oldu. Mən öz şüurumun sərhədlərini genişləndirməyi, onu sərbəst axına buraxıb dünyanın bir çox ölkələrində müxtəlif festivallara qatılmaqla zənginləşdirməyi düşünürəm.

- Yəni gələcəklə bağlı planlarınız böyükdür?

- Bəli. Mən həyatı çox sevirəm və irimiqyaslı planlarım var. Atam vəfat etdikdən sonra mənim sağ tərəfim, demək olar ki, hərəkətsiz idi. Mən axsayırdım. Dəhşətli ağrılarım vardı, amma bu vəziyyətdə yaşamağa davam edirdim - uşaqları bağçaya, şahmat klubuna aparırdım. Üç il mən fiziki və mənəvi ağrılar içində yaşadım. İnanıram ki, insan sevgi bəxş etmək və qəbul etmək üçün yaradılıb. Hər şeyi sevdiyiniz, ancaq əvəzində bir şey əldə etmədiyiniz zaman hisslər tükənə bilər. Ancaq, Tanrıya şükür, mən musiqidən əvəzini görə bilirəm. Əgər səhərlər kefim yoxdursa, caz dinləyirəm. Öz uşaqlarımı qucaqlayanda da eyni töhfəni alıram. Bu, inanılmaz bir hissdir.

- Uşaqlar ananın işini anlaya bilirlərmi?

- Bəli, konsertlərimə gəlirlər. Xüsusilə qızım qürur duyur. O deyir: "Ana, səni hər yerdə tanıyırlar?" Məktəbə gecikdiyimiz zaman özümü söyəndə məni sakinləşdirir: "Ana, sən bir ulduzsan" (gülür). Mən uşaqlarımı yaradıcılıq yönündə yetişdirirəm. Onlar cazı və klassik musiqini sevirlər. Motsart və Baxın musiqisi altında yuxuya gedirlər. Dörd yaşlarından musiqi məktəbinə gedirlər. Amma gələcəkdə, əlbəttə ki, seçim onların olacaq. Belə də, musiqi ilə ahəngdə yaşayırıq (gülümsəyir).

- Bir az əvvəl dediniz ki, musiqi deqradasiyaya uğrayır. Bu məsələdə yönəldici qüvvə nədir? Buna nə səbəb olur: cəmiyyət, yoxsa musiqiçilər?

- Meyli musiqiçilər diqtə edir. Buna görə cəmiyyəti günahlandıra bilmərəm, çünki insanlar bizdən biz verdiklərimizi tələb edirlər. Musiqiçilər üçün yüngül musiqiyə müraciət etmək asandır – bəziləri nə iləsə dolanmaq məcburiyyətindədir, digərləri isə bununla böyük pullar qazanmaq istəyirlər. Bizim torpağımız bir çox anadangəlmə qabiliyyətli pianoçular yetişdirib. Linleyin fikrincə, postsovet məkanının ən yaxşı pianoçuları azərbaycanlılardır. Mən bu fikri tamamilə bölüşürəm. Bütün dünya bu gün Bakıdan olan pianoçuları tanıyır. Bunlar Salman Qəmbərov, Elçin Şirinov, Şahin Növrəsli, İsfar Sarabski, Elbəy Məmmədzadədir. Onların bir çoxunun xaricdə müqavilələri var və mən onların hər biri ilə qürur duyuram. Pop musiqimizdə də istedadlar çoxdur. Təəssüf ki, caz istiqamətində hərəkət etmək bir az çətindir, çünki Azərbaycanda, hələ ki, caz məktəbi yoxdur.

- Bəs, sizə inkişaf etməkdə və öyrənməkdə nə kömək edir?

- Mən daima məşğul oluram və öz üzərimdə işləyirəm. Bakıda mənim müəllimim Tamilla Əhmədovadır, Gürcüstanda isə gözəl vokal ustası Quliko Çanturiya ilə tanış olmuşam. Hələ ki, biz distansion məşğul oluruq. Gürcüstanda olanda ünsiyyət qururuq. O, mənə çox şey öyrədir. Aygün Bayramovanı da çox sevirəm. Onunla yaxşı münasibətlərimiz var. Mən ondan dərs almağı planlaşdırıram. Əlbəttə ki, konsert verərək də çox şey öyrənirik. Mən xoşbəxtəm ki, heç bir sponsor dəstəyi olmadan, öz gücümə böyük zallarda və mini-caz klublarında konsert təşkil etmək qabiliyyətindəyəm. Pop musiqi ilə pul qazanıram və bu gəlirimi cazın dirçəlişi üçün sərf edirəm. Mənim gürcü müəllimim deyib ki, mən caz üçün yaradılmışam. Buna görə də böyük məhəbbətlə bu istiqamətdə hərəkət edirəm.

- Cazı böyük auditoriya qarşısında və mini-caz klubda ifa etmək arasında fərq varmı?

- Əlbəttə, var və böyükdür. İndi caz klubu «Moon Blue»də çıxışlarım olur. Orada, bu meyli sevənlər ilə eyni dili - caz dilində danışırıq. Böyük konsertlərə gəldikdə isə, böyük həyəcan doğurur. Hətta məndə – həmişə səhnədə olan bir adamda. Mən böyük bir konsertin səhnəsində olana qədər bunu heç təsəvvür belə edə bilmirdim. Mənim ayaqlarım və təbii ki, səsim titrəyirdi. İzləyici – o, bunun hamısını hiss edir. İkinci dəfə caz festivalında çıxış edirdim, daha az həyəcan keçirirdim, amma üçüncü dəfə özümü daha inamlı və sərbəst hiss etdim. Düşünürəm, getdikcə daha da yaxşı olacaq (gülümsəyir).

- Bildiyiniz kimi, Bakıda keçirilən caz festivalında yerli musiqiçilər nadir hallarda çıxış edirlər, lakin siz bu səhnəyə çıxdınız.

- Bəli, mən Azərbaycandan tək ifaçı oldum. Qürurla və bütün gücümlə vətənimi dünya festivallarında da təmsil etmək istərdim. Bir istedadım və istəyim var. Eynşteynin dediyi kimi, ən əsas bilik deyil, arzudur. Mənim arzularımın gerçəkləşmək adəti var. Mən arzu etdiyim konserti verdim. Səhnəni bölüşmək istədiyim musiqiçini dəvət etdim. Doğru, çox yoruldum. Sanki çiynimdə ağır bir yük vardı və konsertdən sonra o yük düşdü... Yəni mən bunu bacardım.

- Deməli, arzular çin olur? 

- Mənim uşaqlarım gec olub və çox gözləmişəm onları. Mənim ilk konsertimdə anam mənə dedi: "Təranə, yadındadır, bir vaxt nə bir konsertin, nə də bir uşağın yox idi. Bir dəfə sən mənə dedin ki, istəyirsən, uşaqların tamaşaçılar arasında oturub sənin caz konsertini dinləsinlər". İlk caz konsertimdə mənim sevimli əkizlərim oturmuşdu, onların 3 yaşı vardı. Bu, bir xoşbəxtlik idi. Bu sözlərimi unutmuşdum, amma anam xatırlatdı. Arzular gerçəkləşir, biz hətta onları unutsaq belə.

- İndi nə arzulayırsınız?

- Uşaqlarımla birgə bütün dünyanı konsertlə gəzməyi və festivallarda Azərbaycanı təmsil etməyi.

- 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür...

- Bu, vacib və gözəl tarixdir. O, xalqımızın birliyini və həmrəyliyindən danışır, bizi buna çağırır. Harada olmağımızdan asılı olmayaraq, bizim əsas məqsədimiz ölkəmizin maraqlarını müdafiə etmək, Azərbaycanı fəaliyyətin bütün sahələrində müvafiq səviyyədə təmsil etməkdir. Ölkəmizin adının yüksəkdə olması üçün hər cür səy göstərməliyik. Mənim arzum yaxın gələcəkdə bizim bu tarixi Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd etmək, "Laçın" mahnısını sevinc göz yaşları içində Laçında oxumaqla bağlıdır. Mən bizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm! Xeyir, sülh və rifah arzulayıram!



MƏSLƏHƏT GÖR:

343