20 Aprel 2024

Şənbə, 07:44

XİZƏYİ YAYDA HAZIRLA…

Azərbaycan qış kurortlarının rəqabət qabiliyyətinin artırılması üçün qiymət siyasətini optimallaşdırmalıdır

Müəllif:

01.01.2019

Altı il bundan əvvəl Azərbaycanın turizm sektorunda keyfiyyətcə yeni istiqamət - qış turizmi imkanları açıldı. Qusar və Qəbələ rayonlarında «Şahdağ» və «Tufandağ» dağ-xizək kurortlarının tikintisi ilə ölkədə maraqlı qış istirahəti üçün gözəl imkan yarandı. Xatırladaq ki, populyarlığına görə MDB ölkələri arasında üçüncü yeri tutan «Şahdağ» kurortunda artıq yeddinci qış mövsümü başlayıb. 

Ekspertlərin qiymətləndirməsinə görə, Azərbaycan bu yeni turizm istiqamətində uğurlu debüt edib. Bununla belə, qonşu Türkiyə, Gürcüstan və Qazaxıstanda qış turizm növlərinin yüksək inkişaf templəri, qiymətlərin azaldılması və xidmət keyfiyyətinin yüksəldilməsi nəzərə alınarsa, Azərbaycan rəqiblərindən geri qalmamaq üçün bu sahəyə diqqəti artırmalıdır.

 

Populyar kurortlar 

Qeyd edək ki, 2017/2018-ci qış mövsümündə «Şahdağ»ı 120 min nəfər ziyarət edib və bu, mərkəzin fəaliyyətə başlamasından bəri rekord göstəricidir. Ötən il burada istirahət edənlərin yarısı xaricilərdir ki, onların da arasında Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan olan turistlər üstünlük təşkil edib. Bundan başqa Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Böyük Britaniyadan da çox sayda qonaq gəlib. 

«Şahdağ»a gələn turistlərin, təxminən, 30%-i xizək idmanı həvəskarlarıdır ki, onların xidmətinə qaldırıcılar, 18 dağ-xizək yolu və snoubord enişi təqdim edilib. Fəal istirahətin digər növlərinin həvəskarları aero-xizək və kvadro-tsikllərdən, tandemli paraplan uçuşlarından yararlana bilərlər, həmçinin ziplaynda (trosla aşağıya sürətli sürüşmədə) iştirak edə bilərlər, uşaqlar üçünsə kirşə və ya buz meydançalarında sürüşmək üçün konki icarəyə götürmək olar. Bütünlükdə, turistlər 15 növ qış əyləncəsindən yararlana bilərlər. 

Digər bir xizək kurortu «Tufandağ» da çox uğurla inkişaf edir və gündə, təxminən, 3 min adama xidmətə hesablanıb. Onun dağ-xizək enişi zolağının ümumi uzunluğu 17 kilometr təşkil edir. Həmçinin üç qondola və bir kanat qaldırıcısı - telemiks fəaliyyət göstərir: ilk qaldırıcı dəniz səviyyəsindən 950 metr hündürlükdə, son qaldırıcı isə dəniz səviyyəsindən 1920 metr yüksəkdə yerləşir.

Ümumiyyətlə, çoxsaylı qonaqların və mütəxəssislərin qiymətləndirmələrinə görə, öz infrastrukturuna və xidmət səviyyəsinə görə hər iki kurort İsveçrə və ya alman kurortlarından heç də geri qalmır.

"Azərbaycanda idman turizminin intensiv inkişafı müşahidə edilir. «Şahdağ» yay-qış kurortu artıq dünya səviyyəli bir dağ-xizək mərkəzinə çevrilib, həmçinin bundan sonra açılan daha bir dağ-xizək mərkəzi – «Tufandağ» da inkişaf edir",- deyə Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Lənkəran rayonuna səfəri zamanı bildirib.

Müasir infrastrukturun və müxtəlif qış əyləncə növlərinin olması, əlbəttə ki, "Şahdağ"da istirahəti xarici qonaqlar üçün cəlbedici edir. Bu, Rusiyanın aparıcı "TourStat" analitik agentliyi tərəfindən də təsdiqlənir. Agentlik «Şahdağ»a ruslar arasında populyarlığına görə MDB ölkələrinin ən yaxşı 10 dağ-xizək mərkəzi arasında üçüncü yeri verib. "Azərbaycanın Qəbələ rayonunda yerləşən «Tufandağ» mərkəzi də ilk onluğa daxildir və populyarlığına görə 9-cu yeri tutur", - deyə «TourStat»ın 2018/2019-cu qış mövsümündə turizm səfərlərinin sifarişlərinin analizinə əsaslanan reytinqində bildirilir.

Rusiyanın «İnturist» turizm agentliyinin müştəri xidmətlərinin rəhbəri Natalya Nikiforova da bu fikirdədir və bildirir ki, bu il şirkət Azərbaycanın populyarlıq qazanmış «Şahdağ» xizək mərkəzinə yollayışları fəal şəkildə təşviq edir. "Bu, Andorra şirkəti tərəfindən idarə olunan, yetərincə inkişaf etmiş dağ-xizək infrastrukturuna malik bir müasir kurortdur: burada Avstriyanın «Doppelmayer» şirkətinin modern qaldırıcıları quraşdırılıb, ümumi uzunluğu 16,8 km olan 14 tras, fristayl üçün iki zona və öz xizək məktəbi var. «Şahdağ»a baxanda yüksəkliklər arasında fərq nisbətən kiçikdir, lakin bu yer turistlər arasında getdikcə populyarlaşır", - deyə Nikiforova vurğulayıb.

 

Məsələ qiymətdədir

Azərbaycan dağ-xizək mərkəzlərinin reytinqinə müəyyən qədər mənfi təsir edən yeganə göstərici – qiymətlərin region ölkələrinə nisbətən yüksək olmasıdır. Elə "TourStat" ın göstəricilərinə görə, "Şahdağ" və "Tufandağ"a səyahətin bir günü yalnız yerləşmə və yemək daxil olmaqla rus səyahətçiləri üçün gündə 100 dollara başa gəlir. Bura qaldırıcıların haqqı, xizək avadanlıqlarının və digər ləvazimatların icarəsi, əyləncələr, məşqçilərə ödənişlər və s. daxil deyil ki, onlara da ən optimal hesablamalara görə, orta hesabla 35-50 dollar ödəmək gərəkdir. 

«Tufandağ» kompleksində hotel xidmətlərinin qiyməti bir az aşağıdır ki, bu da onun Azərbaycanın ən böyük turizm habına – Qəbələyə yaxınlığı ilə bağlıdır (şəhər dağ-xizək kurortundan, təxminən, 4 km məsafədə yerləşir). Şəhərdə, təxminən, iyirmiyə yaxın hotel, mehmanxana və istirahət zonası yerləşir ki, onlarda qalmağın qiymətləri yetərincə müxtəlifdir.

Lakin ekspertlərin fikrincə, tələbatın təklifi üstələdiyi şəraitdə qiymətlərin yüksək olması tamamilə təbiidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, dollar Azərbaycan manatı qarşısında gücləndikdən sonra bu qiymətlər xarici qonaqlar üçün daha əlverişli olub.

Böyük ehtimalla Azərbaycanda qiymətlərə ərəb turistlərin artan sayı da təsir göstərir. Fakt odur ki, bu gün "qış" mehmanxanalarında hətta bir ay qabaqdan belə otaq tapmaq mümkün deyil. Yer çatışmazlığı özünü xüsusilə bayram günləri və həftə sonları göstərir ki, bu da hotellərin müştəri sarıdan korluq çəkmədiyindən xəbər verir.

 

Yeni imkanlar 

Bir sıra ekspertlərin fikrincə, Azərbaycanda qış istirahəti növləri daha çox kütləvi, qənaətcil turizmə, ilk öncə hotel və müvafiq xidmət qiymətlərinin aşağı salınmasına istiqamətlənərsə, sektor daha uğurla inkişaf edər. Özəlliklə, bu strategiya infrastrukturun formalaşmasına dövlət fondlarının da sərmayə yatırdığı «Şahdağ» kurortunun inkişafı layihəsində nəzərdə tutulub. Bu, dağ-xizək mərkəzinin inkişafı layihəsinin çərçivəsində iki mərhələ gerçəkləşdirilib, onların sayı isə dörddür. Sonrakı mərhələlərin həyata keçirilməsinin gedişində işlərin tamamlanması üçün yeni hotellərin və digər lazımi infrastrukturların tikintisi üçün özəl sərmayəçilərin axtarışı aparılır ki, bu, son nəticədə təklifin artırılmasında, qiymət siyasətinin optimallaşdırılmasında özünü göstərəcək. 

Bundan əlavə, Azərbaycanın qış kurortları hər il təklif olunan xidmət paketini təkmilləşdirir, ona yeni maraqlı əyləncə və istirahət növləri əlavə edir. Həm də bu kurortların menecmentinin gücləndirilməsinə, hotel və mərkəzləri idarə etmək üçün yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsinə xüsusi diqqət yetirilir.

Ekspertlər göstərir ki, Azərbaycanda qış turizm növlərinin gələcək inkişafı üçün də potensial var. Özəlliklə, Qax rayonu xüsusi qeyd olunur, paytaxta yaxın olmasa da, kurortun yaradılması üçün çox əlverişli iqlim şəraitinə malikdir. Yeni daxili rəqiblərin ortaya çıxması, əlbəttə ki, artıq fəaliyyət göstərən qış istirahət mərkəzlərinin fəaliyyətinə müsbət təsir göstərəcək.

İstənilən halda, Azərbaycanda yaradılan dağ-xizək mərkəzləri, şübhəsiz ki, turizmin iqtisadi cəhətdən yetərincə səmərəli istiqamətidir və onun daha da inkişafı diqqət mərkəzində olacaq. Özü də, Avropa və Çin təcrübələri əsasında aparılmış hesablamalara görə, qış kurortlarının iqtisadi fəaliyyətinin multiplikasiya effekti yetərincə yüksəkdir. Belə ki, əgər bir turist tərəfindən sərf olunan bir dollar orta hesabla bu və ya başqa şəhərin uyğun sahələrində 5-6 dollar yaradırsa, dağ-xizək kurortlarında nisbətlər fərqlidir: qaldırıcıya xərclənmiş 1 dollar kurorta birbaşa 5 dollar, şəhərin və ya bölgənin iqtisadiyyatına isə 15 dollar gətirir. Bu amil Azərbaycanda qış turizm mərkəzlərinin tikilməsi və saxlanılması üçün yatırılan indiki xərcləri tam əsaslandırır, gələcək üçünsə böyük mənfəətlər vəd edir.



MƏSLƏHƏT GÖR:

323