19 Aprel 2024

Cümə, 21:01

MAKRO İL

Bu il Azərbaycan iqtisadiyyatda sabitliyi qorumaqla yanaşı qeyri-neft sektorunda islahatları dərinləşdirməyə hazırlaşır

Müəllif:

01.01.2019

Genişmiqyaslı islahatlar və qeyri-neft sektorunun sürətli inkişafı sayəsində Azərbaycan iqtisadiyyatı 2014-16-cı illərdə neftin ucuzlaşmasının mənfi təsirlərindən tezliklə qurtara bilib. Ölkə üçün qeyri-neft sektoru həmişə əsas olub, lakin bu qiymət təlatümləri iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətli biznes mühitinin yaradılması, kiçik və orta sahibkarlığın (KOS), turizmin, kənd təsərrüfatının, informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı, həmçinin cəlbedici investisiya mühitinin yaradılması istiqamətində addımları daha da sürətləndirib. Açıqlanan makroiqtisadi proqnozlar 2019-cu ildə həm ölkə iqtisadiyyatının bütövlükdə böyüməsini, həm də qeyri-neft sektorunun müxtəlif sahələrində əhəmiyyətli irəliləyişlərin olmasını vəd edir.

 

İlkin yekunlar 

Əgər 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) azalması 3,1% təşkil edibsə, qeyri-neft sektorunda azalma isə 4,5% olubsa, 2017-ci ildə Azərbaycan 0,1%-ə bərabər iqtisadi artıma çıxmağı bacarıb, qeyri-neft ÜDM-də 2,7% artım olduğu halda, neft sənayesində azalma (5%) davam edib.

Hökumətin özəl sektorun inkişafını stimullaşdırmaq, yeni böyük müəssisələr açmaq, sənaye və aqrar parklar yaratmaq və irimiqyaslı infrastruktur layihələri həyata keçirmək üzrə addımları 2018-ci ildə öz müsbət təsirini göstərib. Nəticədə, Azərbaycanın iqtisadi artımı, təxminən, 2%-ə bərabər olub, qeyri-neft ÜDM-in artım tempi isə 3,4%-ə çatıb. Diqqətəlayiqdir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan ümumi sərmayələrin, təxminən, 70%-i qeyri-neft sektorunun payına düşüb.

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq maliyyə institutlarının, eləcə də reytinq agentliklərinin diqqətindən yayınmayıb. Belə ki, Dünya Bankının 2018-ci ilin oktyabrında açıqlanmış "Doing Business" hesabatında Azərbaycan ən çox iqtisadi və institusional islahat aparan ölkə kimi tanınıb və dünyanın 10 islahatçı ölkəsi siyahısına daxil edilib. 2017-ci ilə nisbətən bu hesabatda 32 addım irəliləyən Azərbaycan 190 ölkə arasında 25-ci yer tutub və MDB ölkələri arasında lider sayılıb. 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində bir sıra müəssisələrin istifadəyə verilməsi mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "reytinqdə belə bir irəliləmə həyata keçirilən islahatların məntiqi nəticəsidir". 

"Doing Business" hesabatları sərmayəçilər üçün (bu və ya digər ölkənin iqtisadiyyatına) pul yatırıb – yatırmamaq üçün əsas amil olaraq qalır. Azərbaycandakı ümumi sabitlik və inkişaf, şəksiz ki, yerli və xarici sərmayəçiləri daha çox stimullaşdırır. Təsadüfi deyil ki, son 15 ildə onlar Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırıblar", - deyə dövlət başçısı vurğulayıb. 

Sərmayəçilər və iş adamları üçün Dünya İqtisadi Forumu (DİF) tərəfindən hər il dünyanın 140 ölkəsi üçün tərtib edilən «Qlobal rəqabətqabiliyyəti indeksi» də vacibdir.

2017-ci ildə Azərbaycan bu indeks üzrə 35-ci yeri tutub – bu, ölkənin Davos Forumunun bu tədqiqatlarında iştirakının bütün tarixi üzrə ən yüksək göstəricidir. 2019-cu ildə Azərbaycan DİF reytinqinə görə 69-cu səviyyədə qeydə alınsa da, ölkə biznesin dinamik inkişafı baxımından 31-ci yeri, «infrastruktur», «ictimai institutlar», «İKT potensialı» və "əmək bazarı" kimi indikatorlar üzrə də mövqelər yaxşılaşıb. 

Prezident İlham Əliyevin dediyi kimi, Davos Forumunun hesabatları ətraflı şəkildə təhlil olunmalıdır və bizim geridə qaldığımız müddəalar üzrə vəziyyət, milli iqtisadiyyatın rəqabət qabiliyyətini daha da artırmaq üçün düzəldilməlidir.

Qeyd edək ki, DİF-in Azərbaycan üçün "makroiqtisadiyyat" kimi göstərici üzrə 2018-ci il reytinqi istənilən halda ölkədəki inflyasiya proseslərini nəzərə almışdı, ancaq ilkin məlumatlara görə 2018-ci ildə Azərbaycanda inflyasiya 2017-ci ildəki 12,9% göstəricisindən 3,5%-dək azalıb. 

"Azərbaycanda inflyasiya azalır və pul-kredit siyasətini yumşaltmaq üçün şərait yaradır. Bunun nəticəsi kimi Mərkəzi Bank təkrar maliyyələşdirmə dərəcəsini bu il dörd dəfə endirib - 2018-ci ilin fevral ayında 15%-ə bərabər olan göstəricidən 2018-ci ilin oktyabrında 9,75%-ə qədər azaldıb", - deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) «Transition Report 2018-19» hesabatında bildirilir. Burada, həmçinin 2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoruna kapital qoyuluşlarının artımı göstərir ki, bu da qeyri-neft mallarının və xidmətlərinin ixracının artmasına gətirib çıxarır.

"Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında profisit artır və 2018-ci ilin sonuna kimi ÜDM-in 6,6%-ni təşkil edəcək, halbuki 2017-ci ildə ÜDM-in 4,1%-nə bərabər idi", - deyə AYİB-də hesab edirlər. Azərbaycan Prezidenti də öz çıxışlarında bu müsbət meyli vurğulayıb.

"Biz ölkənin qarşısında duran vacib vəzifələri həll edirik, biz investisiya və infrastruktur layihələri həyata keçiririk, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda artıq 45 milyard dollara çatan valyuta ehtiyatlarımızı artırırıq. Əminəm ki, bu ilin sonuna qədər daha da artacaq. Bu, gələcək uğurlu inkişafımız üçün çox vacib amildir", - deyə dövlət başçısı qeyd edib ki, "Azərbaycan çox düşünülmüş iqtisadi siyasət aparılır və gələcəkdə Azərbaycan iqtisadiyyatı qarşısında ciddi problemlər gözlənilmir".

 

Pozitiv proqnozlar

Büdcə zərfinin təqdimatı çərçivəsində hökumət tərəfindən 2019-cu il üçün açıqlanan makroiqtisadi proqnozlar da sabitliyin qorunması meylini göstərir. Beləliklə, ÜDM artımının 3,6% olacağı gözlənilir, qeyri-neft sektoru üçün bu göstərici 3,9%, neft sektoru üçünsə 3,1% səviyyəsində gözlənilir. İnflyasiya 3-4%-lik dəhlizdə qalacaq.

2018-ci illə müqayisədə ÜDM-in artım tempi göstəricilərinin yüksəldilməsi «Şahdəniz» yatağından qaz hasilatının artması, həmçini qeyri-neft sektorunun inkişafı üzrə məsələlərin həlli ilə də bağlıdır. Bunu həm Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, həm də AYİB ekspertləri öz çıxışlarında dəfələrlə qeyd ediblər. "2019-cu ildə Azərbaycanın ÜDM artımı 3,5% təşkil edəcək, 2018-2019-cu illərdə Azərbaycan ÜDM-i tədricən artacaq, o cümlədən qaz hasilatının genişləndirilməsi və ölkənin ixrac potensialının artması bunda rol oynayacaq",- deyə Avropa Bankının hesabatında vurğulanır.

Digər bir beynəlxalq maliyyə institutunun - BVF-nin fikrincə isə, Azərbaycanda qaz hasilatının artması 2019-cu ildə neft ÜDM-nin 5% artmasına səbəb ola bilər. "2018-ci ildə Azərbaycanda gündəlik qaz hasilatı neft ekvivalentində 0,41 milyon barel təşkil edəcək, 2017-ci ildə isə bu, 0,31 milyon barel olub, 2019-cu ildə isə bu, 0,54 milyon barelə çatacaq", - deyə BVF ekspertləri sanırlar.

Beynəlxalq reytinq agentliyi «Fitch Ratings» 2019-cu ildə "əhlinin etibarının bərpası və büdcə xərclərinin artması fonunda" Azərbaycan iqtisadiyyatının artım templərinin sürətlənəcəyini gözləyir. Agentliyin Avropanın inkişaf etməkdə olan ölkələri üzrə hesabatında qeyd olunur ki, "Azərbaycan Makedoniya və Slovakiya ilə birlikdə regionun 2019-cu ildə iqtisadi artım templəri sürətlənəcək üç ölkəsi arasında yer tutacaq".

Yeri gəlmişkən, BVF-nin hesablamalarına görə, 2018-ci ilin sonuna qədər Azərbaycandan mal və xidmətlərin ixracı 23,8 milyard dollar təşkil edəcək (2017-ci ildə 19,8 milyard dollar olmuşdu), 2019-cu ildə isə bu, 25,6 milyard dollara çatacaq. Fond sanır ki, 2018-ci ildə Azərbaycana idxal 19,2 milyard, 2019-cu ildə isə 19,6 milyard dollar təşkil edəcək. Bu zaman idxal göstəricilərinə Azərbaycan sənayesinin inkişafı (avadanlıqların alınması) və pul gəlirləri inflyasiyaya nisbətən üç dəfə çox olan (müsbət göstəricidə) əhalinin alıcılıq qabiliyyətinin artması təsir edəcək.

AYİB isə hesab edir ki, "iqtisadiyyatın təmkinli şaxələndirilməsi Azərbaycanda ortamüddətli iqtisadi artım üçün əlverişli perspektivlərə malikdir, lakin qeyri-neft iqtisadiyyatının rolunun gücləndirilməsi üçün hələ çox işlər görülməlidir".

 

Böyük ümidlər

Təbii ki, Azərbaycan hökuməti bu həddindən vacib məsələnin həyata keçirilməsinin önəmini başa düşür. Bununla bağlı, olaraq gələn il qeyri-neft sektorunun bir sıra sahələrinə xüsusi ümidlər bağlanıb.

Məsələn, turizm - Azərbaycan 2023-cü ilə kimi ölkəyə gələn insanların sayını iki dəfə artırmağı və bu göstəricini ildə 5 milyona çatdırmağı düşünür. 2017-ci ildə Azərbaycanda, təxminən, 2,7 milyon turist (2016-cı ildəkindən 20 faiz çox) qeydə alınıb, 2018-ci ilə də artım tempi, təxminən, 6 faiz təşkil edib, lakin turizmin inkişafı ilə bağlı Dövlət Agentliyinin yaradılması, xarici ekspertlərin cəlbi, həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin və xarici aviaşirkətlərin planları nəzərə alınarsa, 2019-cu ildə turist axınının artacağı gözlənilir. 2019-cu ilə planlaşdırılan Bakı-Tbilisi-Qars-İstanbul dəmiryolu ilə sərnişin daşımalarının başlanması da bu işə öz töhfəsini verə bilər. Ümumiyyətlə, hökumət 2019-cu il dövlət büdcəsindən turizmin inkişafı üçün 49,3 milyon manat ayrılmasını qərara alıb.

Digər çox perspektivli sahə kənd təsərrüfatıdır. Son illərdə kənd təsərrüfatı sektorunun inkişafına və regionlarda məşğulluğun artmasına böyük diqqət yetirilir, fermerlərə güzəştlər, subsidiyalar şəklində dəstək verilir. 2018-ci ilin ilk 9 ayında kənd təsərrüfatında artım 4,3% təşkil edib. Azərbaycanda işləyənlərin ümumi sayının 37-40 faizi bu sektorun payına düşür. ÜDM-də kənd təsərrüfatı sektorunun payı hələ ki, təxminən, 7%-ə bərabərdir, lakin ümumi sahəsi 192 min hektar olan 45 aqroparkın yaradılması hesabına bunun artması planlaşdırılır (aqroparkların bir çoxu artıq fəaliyyət göstərir), habelə kommersiya ailə təsərrüfatlarının təşkili də bu işdə dəstəkçi olacaq.

Həmçinin 2019-cu ildə taxıl istehsalının 5% artması (3,5 mln. tona çatdırılması), pambıq istehsalının 13% artırılması (300 min ton çatdırılması), ət - süd məhsullarının və digər məhsulların da artırılması planlaşdırılır. Bu baxımdan diqqət yenidən regionlara yönəldilib - 2018-ci ildə regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı başa çatıb. Proqram Prezident İlham Əliyevin dediyi kimi, "hətta artıqlaması ilə yerinə yetirilib". 2019-cu ildə dördüncü proqramın icrasına başlanmalıdır və proqramm üzərində işlər son mərhələdədir.

Bunların hamısını kiçik və orta sahibkarlığın (KOS) inkişafı olmadan gerçəkləşdirmək mümkün deyil. Bu il İqtisadiyyat Nazirliyi yanında yaradılan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin işi fəallaşdırılır, Agentlik yeni elektron portal, «KOS evləri», subpodratçı işləri ilə təmin etmək üçün böyük şirkətlərlə məsləhətləşmələr vasitəsilə kiçik və orta biznes subyektlərinə dəstək verməlidir.

İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviq sisteminin tətbiqi də davam edəcək. Bu günə qədər investisiya təşviqatı üzrə 300-dən çox sənəd hazırlanıb, bu sistemdə ümumi həcmi 2,7 milyard manat olan layihələr həyata keçirilməsi nəticəsində 20 min iş yeri yaradılıb.

Prezident İ.Əliyevin qeyd etdiyi kimi, "yerli istehsalın artması Azərbaycanın uğurlu inkişafı üçün ən mühüm amillərdən biridir". Bu baxımdan, plan və proqnozlara görə 2019-cu il qeyri-neft sektorunda yerli məhsulların istehsalının və ixracının artırılmasına yönəlmiş istlahatların dərinləşdirilməsi ili olacaq ki, bu, son nəticədə bütün əlaqəli sənaye sahələrində fəallığın artmasını stimullaşdıracaq və əsas məqsədə nail olmağa - neft sektorundan asılılığın azaldılmasına kömək edəcək.

 


MƏSLƏHƏT GÖR:

297