19 Aprel 2024

Cümə, 05:06

ALBİON YENƏ DUMAN İÇİNDƏDİR

Böyük Britaniya Avropa İttifaqından ayrılma şərtlərini müəyyənləşdirə bilmir

Müəllif:

01.01.2019

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması kampaniyası həlledici mərhələyə qədəm qoyub. Lakin tərəflər arasında «boşanma»nın yekun şərti hələ də aydın deyil. Britaniyalı və avropalı siyasətçilər arasında bitmək bilməyən diskussiyalar, mübahisələr heç cür müsbət nəticə vermir.

 

Britaniyasayağı «boşanma»

Avropa İttifaqı Şurası noyabrın sonunda Birləşmiş Krallığın qurumdan çıxmaq qərarını təsdiqləyib. Bu, 2019-cu il martın 30-na keçən gecə baş verməlidir. Dekabrın 11-də isə «Brexit» üzrə razılaşma Britaniya parlamentindən keçməli idi. Lakin baş nazir Tereza Mey səsverməni təxirə salıb. O, qərarını razılaşmanın parlamentdə lazımi dəstək qazanmayacağı ilə əsaslandırıb. Hökumət başçısının dəftərxanasından verilən açıqlamada bildirilir ki, yekun səsvermə yanvarın 21-də olacaq. Nəzərə alsaq ki, parlament işini Yeni il və Milad bayramlarından sonra – yalnız yanvarın 7-də bərpa edəcək, «Brexit»in müzakirəsi üçün uzağı 2 həftə vaxt olacaq.

Amma Meyin qərarı parlamentarilərin böyük bir hissəsi tərəfindən etirazla qarşılanıb. Hətta onun partiyadaşları olan və «Brexit»in şərtlərinin dərhal müəyyənləşdirilməsi tələbilə çıxış edən bəzi deputatlar baş nazirə etimad səsverməsinin keçirilməsi təşəbbüsünü belə irəli sürüblər. Onların tələbi həyata keçirilib və 63% səs yığmış Tereza Mey vəzifəsində qalıb.

Bunun ardınca baş nazir leyboristlərin təzyiqilə üzləşib. Onların lideri Ceremi Korbi Meyə etimad məsələsini yenidən müzakirəyə çıxarıb. O, hesab edir ki, deputatlardan ölkə üçün son dərəcə vacib olan «Brexit»lə bağlı qərarı az qala 1 ay gözləmələrinin tələb olunması yolverilməzdir. Lakin parlamentdəki mühafizəkar çoxluq əsas müxalifət partiyasının hücumlarını dəf edib. Amma müdafiə jesti, əlbəttə ki, Tereza Mey hökumətinə yönəlmiş zərbələrin qarşısını almayıb.

Beləliklə, Britaniyanın (həmçinin təbii ki, Aİ-nin) gələcəyinin asılı olduğu «Brexit»in taleyi «havada» qalıb. Ən qızğın müzakirələr Londonun keçid dövrü ərzində Aİ ilə Gömrük İttifaqında qalmaq istəməsi ətrafında gedir. Britaniyalılar hesab edir ki, Aİ ilə azad ticarət zonasına dair razılaşma hazır olanadək, bu, belə olmalıdır. Mey hökuməti Gömrük İttifaqına üzvlüyün davam etməsini keçid dövründə Birləşmiş Krallığın bir hissəsi olan Şimali İrlandiya və İrlandiya Respublikası ilə sərhəddə sərt rejimin yaranmaması üçün yeganə vasitə hesab edir. Lakin qarşı tərəf buna kəskin etiraz edir. Çünki Londonun Gömrük İttifaqını tərk etməsi ilk günlərdən «Brexit»in əsas maddələrindən, əsas şərtlərindən biri olub. Baş nazirin opponentləri (onların arasında kifayət qədər tori də var) hesab edir ki, Britaniya ilə Aİ arasındakı saziş layihəsinə görə, Şimali İrlandiya Londondan çox Brüssellə Dublinə bağlı olacaq. Çünki İrlandiya adasındakı sərhədlə bağlı razılaşma, yəqin ki, müddətsiz olacaq.

Beləliklə, Böyük Britaniya siyasətçilərinin bir hissəsinin ciddi müqavimətilə üzləşmiş Tereza Mey Aİ-nin dekabrın 13-14-də Brüsseldə keçirilmiş sammitində bir məsələdə zəmanət tələb edib: Aİ üzvü olan İrlandiya Respublikası ilə Birləşmiş Krallığın tərkibindəki Şimali İrlandiya arasında xüsusi gömrük rejimi konkret müddət üçün nəzərdə tutulmalıdır. Lakin avropalılar razılaşmaya yenidən baxmaq fikrində olmadıqlarını bildiriblər.

Nəticədə, Mey çətin durumda qalıb. Bu, onu qarşıda pad vəziyyətinə sala bilər. İndi «Brexit»lə bağlı mümkün variantların heç birinin İcmalar palatası tərəfindən dəstəklənməyəcəyi belə, istisna deyil. Məsələ ondadır ki, Londonla Brüssel arasındakı mövcud razılaşma nə parlamentdəki çoxluğu, nə müxalifəti qane edir. Əvvəldən Londonun Aİ-dən ayrılmasına qarşı olan Brüssel isə razılaşmaya yenidən baxmağı düşünmür. İndi Aİ çalışır ki, Böyük Britaniya ondan Brüsselə az-çox sərf edən şərtlərlə ayrılsın.

 

Tereza Mey «sərt Brexit»i seçir?

Londonla Brüssel arasında razılaşdırılmış «boşanma»nın, nəhayət, baş tutacağı istisna deyil. Lakin bu, heç də asan görünmür. Çünki nə inadkar britaniyalı deputatlar, nə də Aİ məmurları mövqelərindən geri çəkilmək fikrindədir. Birincilər prinsipcə, sövdələşmənin şərtlərini qəbul etmir, ikincilərsə onun dəyişdirilməsini mümkünsüz sayır. Odur ki, Böyük Britaniya hökuməti Aİ-ni yekun razılaşma olmadan tərk etməyə hazırlaşdığını bəyan etmək məcburiyyətində qalıb.

Başqa sözlə, Tereza Mey göstərir ki, məcburiyyət nəticəsində də olsa, Brüssellə razılaşmanı hər hansı yeni sövdələşmə olmadan da pozmağa hazırdır. Söhbət vətəndaşların hərəkəti, yüklərin daşınması, ticarət və digər məsələlərə dair razılaşmadan gedir. Əslində, torilərin Meyi baş nazir kürsüsündən düşürməyə uğursuz cəhd etmiş hissəsi də elə buna çalışır. Bununla yanaşı, hökumət «sərt Brexit»ə gediləcəyi təqdirdə nəqliyyat, gömrük və s. qurumlarının fəaliyyətinin təmini məqsədilə əlavə 2 milyard funt ayırmağa hazır olduğunu da bəyan edib.

Bununla bağlı, ölkənin səhiyyə və sosial müdafiə məsələləri üzrə dövlət katibi Mett Xenkokun bəyanatı maraqlıdır. Ölkəsinin Aİ-dən ayrılmasının böhranlı ssenari üzrə gedəcəyi təqdirdə, 2019-cu il martın 29-dan sonra dərman preparatlarının tədarükü ilə bağlı ciddi problemlərlə üzləşə biləcəklərini deyən Xenkok hesab edir ki, ölkənin bütün klinikaları və xəstəxanaları yarım il sonraya da yetəcək dərman preparatları ilə təmin olunmalıdır. O, bununla yanaşı, təcili olaraq əlavə soyuducuların alınmalı olduğunu da bildirib.

Ekspertlər də hesab edir ki, London Aİ-dən yekun razılaşma olmadan ayrılarsa, ciddi problemlərlə üzləşəcək. Söhbət xüsusilə rüsumların artacağından, gömrük nəzarəti nəticəsində mal tədarükünün ləngiyəcəyindən gedir. Bundan başqa, «Fitch» beynəlxalq reytinq agentliyi də öz xəbərdarlığını edib: yekun razılaşma olmadan gerçəkləşdiriləcək «Brexit» Britaniya iqtisadiyyatında tənəzzülə və 2019-cu il 0,6%-lik geriləməyə səbəb ola bilər. Birləşmiş Krallığın yeni ildər Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən güclü iqtisadiyyatları reytinqində geriləyəcəyinə dair proqnozu da London üçün narahatlıq yaradan məqamdır. Proqnoza görə, hazırda reytinqdə 5-ci olan Britaniya 7-ci yerə düşəcək. Onu Hindistanla Fransanın üstələyəcəyi güman olunur.

Yeri gəlmişkən, dünyanın aparıcı maliyyə mərkəzlərinin ekspertləri «sərt Brexit» nəticəsində Aİ iqtisadiyyatının da problemlərlə üzləşəcəyini düşünür. Elə həmin BFV-də hesab edirlər ki, bu halda Aİ-də iqtisadi artım 1,5% zəifləyəcək. Məhz bu üzdən Avropa Komissiyası «razılaşmanın əldə edilməyəcəyi təqdirdə, zərərin qarşısının alınması» üçün təcili tədbirlər planı hazırlayıb.

Bütün bu çətinlikləri düşünən Britaniya siyasətçiləri və ekspertlər ölkədə «Brexit»lə bağlı yeni referendumun keçirilməsini belə, məqsədəuyğun sayır. Məlum olduğu kimi, bununla bağlı ilk referendum 2016-cı il iyunun 23-də keçirilib və o zaman britaniyalıların 51,9%-i «boşanma»ya «hə», 48,1%-i «yox» deyib. Bu gün isə aparılan sosioloji sorğular bu və ya digər formada «Brexit»ə 41%-in müsbət yanaşdığını göstərir. İndi britaniyalıların 45%-i ayrılığın əleyhinədir.

Maraqlıdır ki, təkrar səsvermənin təşkilini ən çox leyboristlər istəyir. Halbuki Ceremi Korbinin partiyası ilk referendumun nəticəsini rəsmən dəstəkləyir. İndi onlar «Brexit»in əleyhinə çıxaraq, dalandan qurtulmağın yeganə yolu kimi təkrar referendumu görür. Lakin baş nazirin mövqeyi təkrar səsverməni mümkünsüz edir. Tereza Mey hesab edir ki, bu addım ölkənin imicinə «görünməmiş zərbə» vuracaq: «Bizim demokratiyamıza inanan milyonlarla insan görəcək ki, biz demokratiya ilə bacarmırıq».

Bütün bunlarla yanaşı, Böyük Britaniyanın hazırkı baş nazirinin mövqeyi istənilən variantda laxlayır. KİV-də onun artıq 2019-cu ilin aprelində – «Brexit»in reallaşmasından dərhal sonra vəzifəsilə vidalaşa biləcəyinə dair fikirlər getdikcə artmaqdadır. O, Aİ-dən Britaniyaya sərf edən variantda ayrıla bilməməkdə günahlandırılır. Tənqidçilər hesab edir ki, ölkə üçün bu qədər əhəmiyyətli məsələdə xalqın daxilində parçalanmanı məhz Mey yaradıb.

İlk fikirlə bağlı mübahisə etmək olar. Çünki London ayrılmanın şərtlərini təkbaşına müəyyənləşdirmir. İkinci ittiham isə kifayət qədər əsaslıdır. Hər halda, Birləşmiş Krallığın Aİ-dən ayrılmasının tərəfdarları ilə əleyhdarlarının onlayn imza yığımına başlaması xalq arasında real bölünmənin göstəricisidir. Üstəlik, tərəflərin hər biri cəmi 1 həftəyə 100 minədək səs yığa bilib.

Xalqın «Brexit» məsələsində bölündüyü o qədər aşkardır, hadisələrin necə inkişaf edəcəyisə o qədər qeyri-müəyyəndir ki, Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson fövqəladə vəziyyətin yaranacağı təqdirdə 3,5 min hərbçini döyüş hazırlığı vəziyyətinə gətirməyə hazır olduqlarını bəyan edib. Odur ki, Dumanlı Albionun üzərini, həqiqətən, duman bürüyüb. Üstəlik, ənənəvi müstəqillik hissi üzündən Aİ adlı layihəni tərk etməyə çalışan krallığın üzərindəki bu dumanın nə zaman çəkiləcəyini demək çox çətindir.



MƏSLƏHƏT GÖR:

293