29 Mart 2024

Cümə, 14:51

ERMƏNİSTAN: NASİZMİN İCAZƏLİ OLDUĞU ÖLKƏ – VII HİSSƏ

Qaregin Njde Ermənistanda durmadan qəhrəmanlaşdırılan yeganə nasist cinayətkarı deyil

Müəllif:

01.01.2019

Qaregin Njde Ermənistanda durmadan qəhrəmanlaşdırılan yeganə nasist cinayətkarı deyil. İkinci belə şəxs XX əsr tarixində daha çox «Dro» ləqəbilə tanınmış Drastamat Kananyandır. Müasir Ermənistanda ona münasibət Njdeyə olan münasibətlə müqayisədə daha həssasdır. Çünki o, ermənilər tərəfindən daha çox dövlət xadimi və ideoloq kimi yox, hərbçi kimi qəbul olunur. Başqa sözlə, o, mütəfəkkir yox, əməl adamı sayılır. Bu səbəbdən, Njdedən fərqli olaraq, bu personajın qəhrəmanlaşdırılmasına hər hansı mistik bəzək-düzək verilmir.

Bununla yanaşı, Ermənistanda keçmişə aid millətçilərə göstərilən rəğbət Droya da aiddir. Söhbət İkinci Dünya müharibəsi illərində nasistlərlə əl-ələ verərək vuruşmuş insanlardan gedir. Ermənistan və ABŞ hökumətləri arasında əldə edilmiş razılaşmaya əsasən, Boston qəbiristanlığında dəfn olunmuş Dronun qalıqları çıxarılaraq Ermənistana gətirilib və Arapan şəhərindəki qəbiristanlıqda basdırılıb. Söhbət Baş-Arapan döyüşünün iştirakçılarının dəfn olunduğu məkandan gedir. Dronun qalıqları orada hərbçilərə aid təntənə ilə torpağa tapşırılıb.

Bu gün İrəvanda Drastamat Kananyanın adını daşıyan meydan və küçə var. Üstəlik, Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə-Tədqiqat Universitetinin Milli Strateji Araşdırmalar İnstitutu da onun adını daşıyır. Bu, Ermənistan hakimiyyətinin bu nasist cinayətkarının şəxsiyyətinin qəhrəmanlaşdırılmasına necə sistemli yanaşdığının göstəricisidir.

Dro Üçüncü reyxin kəşfiyyatı tərəfindən 1940-cı ilin aprelində ələ alınıb. Bu işi Njdenin tövsiyəsi ilə artıq yazılarımızda adı dəfələrlə çəkilmiş P.Kamsarakan görüb. Bundan sonra o, ermənilərin millətçi «Daşnaksutyun» partiyasının bütün strukturlarının nasistlərin xidmətinə cəlb olunmasına yardım göstərib. Kamsarakanın 1948-ci il 21 oktyabr tarixli ifadəsində Təhlükəsizlik Xidməti (TX) əməkdaşlarının Dro ilə əməkdaşlığa dair apardıqları danışıqlar, həmçinin onların arasındakı əməkdaşlıq haqda müfəssəl məlumatlar var: «…Dro ilə Araratyan arasında Buxarestdə əldə edilmiş razılaşmadan dərhal sonra onlar əllərində olan kəşfiyyat məlumatlarını VI İdarənin Rumıniyada fəaliyyət göstərən nümayəndəsi Bolşvinqə verməyə başlayıblar. Bu məlumatların əksəriyyəti yerli xarakterli idi. Onlar həmin məlumatları başqa ölkələrdən gəlmiş daşnaklardan, həmçinin digər ermənilərdən almışdılar. Hettl deyirdi ki, bu məlumatlar Buxarestdən birbaşa Berlinə, Folhayma çatdırılırdı. Yeri gəlmişkən, Hettlin sözlərinə görə, Folhaym ilkin dövrlərdə əldə etdiyi xəbərlərdən o qədər də razı deyilmiş. Bessarabiyanın Sovet ordusu tərəfindən ələ keçirilməsindən, təxminən, 10 gün əvvəl Dro Bolşvinqə Rumıniya ilə sərhədə Sovet qoşunlarının cəmlənməyə başladığı haqda xəbər vemişdi. O, Bessarabiyanın ələ keçirilməsi uğrunda əməliyyata başlanacağını belə demişdi. Lakin Bolşvinqin yanlışı ucbatından bu məlumat Buxarestdən Berlinə əməliyyata cəmi 7 gün qalmış çatmışdı. Üstəlik, görünən odur ki, Folhaym daşnaklara tam inanmadığından məlumata da ciddi yanaşmamışdı. Nə vaxt ki, əməliyyat keçirildi və Bessarabiya Sovet qoşunlarının nəzarətinə keçdi, daşnakların məlumatlılıq dərəcəsi VI İdarədə hər kəsi heyrətə gətirdi. Dro ilə sonrakı görüşlərimizdən birində həmin xəbəri haradan əldə etdiklərilə maraqlansam da, o, mənbəni açıqlamadı. Lakin həmin xəbəri əldə etməsilə çox qürrələnir, almanları bu qədər dəyərli məlumata ciddi yanaşmamaqda qınayırdı.

Bunu daşnaklara inamın azlığı ilə əlaqələndirən Dro mənə dedi ki, bundan sonra almanlar onlara inanmaq məcburiyyətindədirlər. Elə həmin söhbətdə o, Berlinə Sovet qoşunlarının diqqəti Çernivçıya yönəltdiyinə dair daha bir vacib məlumat ötürdüklərini söylədi. Onun sözlərinə görə, indi, Sovet qoşunları qüvvəsini o istiqamətdə cəmləyirdi.

O dövrdə almanları ən çox maraqlandıran məsələlərdən biri Rumıniyanın neftlə zəngin rayonlarındakı vəziyyət, orada neft hasilatının səviyyəsi, neft məhsulları emalının durumu, ayrı-ayrı istehsalat sahələrinə dair avadanlıqlar, neft ehtiyatının həcmi və s. idi. Rumıniya birmənalı olaraq nasist Almaniyasına dəstək vermirdi və II Kralın hakimiyyəti davam edirdi. Odur ki, almanlar bu ölkədə mövqelərini gücləndirmək üçün əllərindən gələni edirdilər. Bolşvinqin tapşırığı əsasında Dro ilə Araratyan neft hasilatının həyata keçirildiyi ayrı-ayrı bölgələrin alınması imkanlarını araşdırırdılar. Almanlar istəyirdi ki, həmin bölgələrdə öz adamlarını yerləşdirsinlər və hasilatı onların vasitəsilə ələ keçirsinlər».

Dronun nasistlərlə 1940-cı ilin yayında etdiyi əməkdaşlıq sadəcə hərbi və hərbi-siyasi kəşfiyyatı, yaxud Rumıniya əleyhinə casusluğu nəzərdə tutmurdu. O, xüsusilə böyük miqyaslı spekulyasiyalarla da məşğul olurdu. Məsələn, Dronun rəhbərlik etdiyi və Rumıniyada fəaliyyət göstərən daşnak təşkilatı TX tərəfindən «qara bazar»da orta və kiçik ölçülü brilyant daşların satışına da cəlb olunmuşdu. Söhbət Hollandiyanın yəhudi zərgərlərindən müsadirə edilmiş daşlardan gedirdi. Bu, SSRİ-nin daxili işlər naziri, general-polkovnik S.N.Kruqlovun 18 oktyabr tarixli arayışında və Kamsarakanın 1948-ci il 21 oktyabr tarixli ifadəsində də əksini tapıb.

Dronun başçılıq etdiyi daşnaklarla hitlerçilərin tam etibara əsaslanan əməkdaşlığı nasistlərin Niderlandda törətdiyi Holokost qurbanlarından qalmış mülkiyyətin satışı məsələsindən başlayıb. Daşnaklar bu mülklərin satışının leqallaşdırılmasında hitlerçilərə əllərindən gələn köməyi ediblər. Bu işə formal olaraq Almaniya tərəfindən işğal olunmamış ölkələrdəki erməni diasporunun nümayəndələri cəlb olunubmuş. Bu kriminal-kommersiya əməliyyatı haqda Kamsarakanın dedikləri: «Almaniya üçün daşnakların Rumıniyada gördüyü daha bir önəmli iş 1940-cı il boyunca brilyantların və digər qiymətli daşların satışı idi. Onları almanlar işğal etdikləri Hollandiyadan ələ keçirmişdilər. Bu qiymətli daşların satışı açıq həyata keçirilə bilməzdi. Çünki onlar işğal edilmiş ölkəyə aid ayrı-ayrı şəxslərin, firmaların, dövlət fondlarının qarəti nəticəsində əldə olunmuşdu. Brilyantlar orta və kiçikölçülü olduğundan onların mənbəyilə maraqlanmırdılar. Nəticədə, onlar diplomatik yüklərin içərisində Büxarestə daşınır, TX-nin səlahiyyətlisi olan Bolşvinqə çatdırılırdı. Daha sonra Dro ilə Araratyan daşları qeyri-leqal yolla satırdılar. Bu haqda mənə Dronun özü danışmışdı. Dro deyirdi ki, Bolşvinq onların bu işindən çox razıdır. Çünki daşlar yaxşı qiymətə satılır, Drogil buna görə əlavə pul tələb etmirmiş. Amma fikrimcə, bu, bir qədər şübhəli məsələdir. Kifayət qədər incə olan bu işin daşnaklara həvalə olunması da göstərirdi ki, tərəflər arasında tam qarşılıqlı etibara əsaslanan münasibət var və daşnaklar yeni sahiblərinin istənilən tapşırığını həyata keçirməyə hazırdır».

Erməni millətçilərinin bu cinayətdə iştirakı sayəsində onlarla İmperiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları arasında elə münasibət yaranmışdı ki, tərəflər bir-birini işəgötürən və muzdlu deyil, biznes tərəfdaşı sayırdı. Bu, müasir cinayətkar dairələrdə banda adlandırılır.

Bu əməliyyatdan dərhal sonra Dro və rəhbərlik etdiyi ermənilərin onlara sadiqliyinə, həmçinin bu insanların Üçüncü reyxin xüsusi xidmət orqanlarına işləmək qabiliyyətinə əmin olan nasistlər onların qarşısına daha ciddi vəzifə qoyur. Kananyana vaxtilə SSRİ-dən köçərək Avropa ölkələrində yaşayan erməni diasporunun şəxsən tanıdığı üzvlərindən xüsusi komanda yaratması tapşırılır. Onlardan erməni əhalinin də yaşadığı rayonlarda keçiriləcək hərbi əməliyyatlar zamanı istifadə edilməli idi. Dəstə yaradılır və ona Dronun ləqəbinə uyğun «Dromedar» adı verilir.

Qeyd edək ki, İkinci Dünya müharibəsi ərəfəsində erməni diasporundakı millətçilərin, demək olar ki, hamısı Ermənistandan deyil, Azərbaycandan köçmüş şəxslər olub. Njde ilə Dro naxçıvanlı idilər və burada onların xeyli qohumu, uşaqlıq və gənclik dövrünə aid tanışı qalmışdı. Bu üzdən də Sovet İttifaqının təhlükəsizlik orqanlarının rəhbərliyi tam haqlı olaraq «Dromedar» agenturasının kəşfiyyat işlərinə Ermənistandan deyil, Azərbaycan ərazisindən başlayacağını düşünürdü. Odur ki, nasist kəşfiyyatına məxsus bu kəşfiyyat-diversiya qrupunun fəaliyyətinə qarşı işlərin koordinasiyası Azərbaycan SSR Xalq Dövlət Təhlükəsizliyi Komissarlığına (XDTK) tapşırılmışdı. Bu, SSRİ XDTK-nin 1943-cü il 31 dekabr tarixli, №2/6/31215 saylı direktivində əksini tapıb.

Cəbhəyanı bölgədə bu işlə «SMERŞ» Baş Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları məşğul olurdu. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində Azərbaycan SSR XDTK-nin «Dromedar»la bağlı operativ-axtarış işlərinə dair sənədlər bu gün də qalmaqdadır. Orada bu qrupun fəaliyyətinə dair, demək olar ki, tam informasiya var. İkinci Dünya müharibəsinin başa çatmasından sonra «1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövründə SSRİ əleyhinə fəaliyyət göstərmiş alman kəşfiyyat orqanları haqda arayış materialları məcmuəsi» adlı anatilik-informasiya məqaləsi də məhz bu materiallar əsasında hazırlanmışdı. Məcmuə 1952-ci ildə SSRİ-nin Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfinən çap olunmuşdu. Məqsəd sovet-partiya rəhbərliyinin və əməkdaşlarının mövcud hərbi-siyasi təhlükənin real miqyası, onun fəsadları ilə tanış olmasına şəraitin yaradılması idi.

Dro nasist Almaniyasının bu kəşfiyyat orqanına 1940-cı ilin yayından 1943-cü ilin iyulunadək rəhbərlik edib. O, bu işdən hərbi tapşırıqları yerinə yetirən zaman soyğunçuluğa yol verdiyi üçün kənarlaşdırılıb. Bundan sonra «Dromedar» komandası ləğv edilib və onun üzvləri 114-cü abverqrupa verilib. Bununla da, dəstəyə cəbhə xəttində və cəbhəyanı ərazilərdə kəşfiyyat-diversiya, terror aktları törətmək, qiyam təşkil etmək kimi tapşırıqların verilməsi dayandırılıb. Onlar insanların ələ alınması, hazırlanması və Sovet qoşunlarının arxa cəbhəsinə göndərilməsilə məşğul olmağa başlayıb. O, birbaşa almanların komandanlığı altında 1945-ci ilin aprelinədək bu formada fəaliyyət göstərib. Nasist Almaniyasının hərbi kəşfiyyatının erməni əsilli 1000-dək agenti onların əlindən keçib. Sovet kəşfiyyatı onların şəxsiyyətini müəyyənləşdirərək, barələrində axtarış verib və sonda bu şəxsləri ya neytrallaşdırıb, ya da məhv edib. Bu, SSRİ dövlət təhlükəsizliyi orqanlarının xüsusi informasiya-arayış nəşrlərində də əksini tapıb. «Dromedar» agentlərinin ad və soyadlarına «SMERŞ» Baş Əks-Kəşfiyyat İdarəsi və SSRİ DTN-nin «Tam məxfi» qrifli xüsusi nəşrlərində də rast gəlmək mümkündür. Bu sənədlər «Dromedar» və 114-cü abverqrupun agenti olmuş şəxslərin az qala tam siyahısı ilə tanış olmağa imkan verir.

Dronun «Dromedar»ın başçısı kimi fəaliyyəti onun əsl simasını tam ortaya qoyub, asan qazanc, məşhurluq hərisliyini təmin edib. Bunu P.Kamsarakanın ifadələri də təsdiqləyir: «1941-ci ildə Dro başına əsasən Paris ermənilərindən, həmçinin Buxarest daşnaklarından ibarət bir neçə nəfər yığmışdı. Onların arasında Arutyun Arutyunyan ilə Sarkis Sarqsyan da var idi. Araratyanın mənə Buxarestdə danışdığına görə, Dro tez-tez Şərq cəbhəsinə yollanır, orada öz adamları vasitəsilə Sovet İttifaqı haqqında kəşfiyyat məlumatları toplayırmış. Araratyan deyirdi ki, Dro almanlarla əməkdaşlığından qürur duyur və gələcəkdə Ermənistanda ona rəhbər vəzifə veriləcəyinin xəyalını qururdu. O, almanlarla hər an qeyd-şərtsiz əməkdaşlığa hazır idi.

Njde ilə Araratyan danışırdılar ki, Dronun daşnak dəstəsi daha çox kəşfiyyat məlumatlarının toplanması kimi riskli işlərlə deyil, mülki şəxslərə qarşı soyğunçuluqla məşğul olurdu. Yəqin ki, bu zaman əldə olunmuş varidatın böyük hissəsi Droya çatıb. Soyadını unutduğum bir gənc buxarestli erməni deyrdi ki, 1944-cü ilin yazında Dro Rumıniyadan İsveçrə bankına əsl soyadı olan Kanayanın hesabına 100 min İsveçrə frankı köçürübmüş».

Kamsarakanın dedikləri ümumilikdə «1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövründə SSRİ əleyhinə fəaliyyət göstərmiş alman kəşfiyyat orqanları haqda arayış materialları məcmuəsi»ndə yer almış informasiyalarla üst-üstə düşür: «Dro və əlaltılarının soyğunlarından bezmiş alman komandanlığı 1943-cü ilin aprelində onun dəstəsini ləğv edərək, üzvlərini abverqrupa verib və bundan sonra onlar ober-leytenant Bruno Şteynə tabe olublar. Dronun özü isə SSRİ-dən qarət olunmuş zinət əşyalarını erməni diasporu vasitəsilə «qara bazar»da satmaq məqsədilə Rumıniyaya qayıdıb».

Bununla da, Dro vaxtilə nasistlərin tapşırığı ilə gördüyü işə (Niderlandın yəhudi zərgərlərindən götürülmüş brilyantların satışı) qayıdıb. Lakin indi o, özünə işləyirdi…



MƏSLƏHƏT GÖR:

393