25 Aprel 2024

Cümə axşamı, 15:32

ÜMİDVERİCİ İL

Prezident İlham Əliyev: «2019-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcək»

Müəllif:

01.01.2019

«2019-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcək». Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə apardığı danışıqlardan sonra özünün «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb. Rusiya diplomatiyasının başçısı isə öz növbəsində, Azərbaycan Prezidentinin danışıqların bərpasına və kompromis yollarının axtarışına kökləndiyinin şahidi olduğunu bildirib. Prosesin 2018-ci ilin böyük hissəsi ərzində faktiki olaraq «donmuş halda» qaldığını nəzərə alsaq, bu, yaxşı əlamət sayıla bilər.

 

Lavrovun gətirdiyi «mülayim hava»

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılmaq üçün Bakıya gəlmiş Rusiyanın XİN başçısı Sergey Lavrov Qarabağ mövzusuna, ümumiyyətlə, toxunmaya da bilərdi. Hər halda, böyük Qara dəniz regionunda Rusiyanın və region dövlətlərinin ciddi diqqət göstərməli olduğu kifayət qədər məsələ var. Lakin vəziyyət elə gətirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Moskva üçün bir imic məsələsinə çevrilib. Ermənistandakı hakimiyyət dəyişikliyi üzündən bu problemin həllinə dair danışıqlar prosesinin dayanması və İrəvanın Qərbə meyillənməsinə dair getdikcə artmaqda olan xəbərlər Kremlin Cənubi Qafqazda zəifləməsi kimi şərh oluna bilər. Bu üzdən də, Rusiya ilin sonuna yaxın XİN başçısının simasında Qarabağda sülhün Moskvanın himayəsi altında əldə olunacağına eyham vurmağa vadar olub. Bu sülhün necə olacağı isə aydındır: «Madrid prinsipləri»nin son dövrlərdə qeyri-rəsmi olaraq «Lavrov planı» adlandırılması sülh prosesində əsas vasitəçinin kimliyini açıq şəkildə ortaya qoyur.

«Əslində, prinsipial olaraq yeni həll axtarmırıq – nizamlama prosesinin əsasları aydındır. Lakin hər hansı taktiki, kreativ ideyaların tapılması konsensusun əldə olunmasına yardım edərdi». Lavrovun Prezident İ.Əliyevlə görüşün yekununda səsləndirdiyi bu fikri bütün ilboyu sülh prosesi üçün əsas müddəa saymaq olar.

 

Paşinyan və seçkilər

Artıq qeyd etdiyimiz kimi, danışıqlar prosesinin «donması»nın səbəbi aydındır. Münaqişə tərəflərindən biri 2018-ci ildə daxili siyasi problemlər yaşayıb və ölkədə hakimiyyət dəyişikliyi olub. Halbuki hələ ilin əvvəlində Qarabağda tezliklə sülhə nail olunacağı kifayət qədər real görünürdü. Rusiya-Azərbaycan-Ermənistan formatında aparılan müxtəlif səviyyəli danışıqlar müəyyən nikbinliyə əsas yaratmışdı. Artıq Serj Sarqsyan Bakı ilə sülhə nail olunmayacağı təqdirdə ölkəsinin hələ uzun müddət orta əsrlər şəraitində yaşamalı olacağını anlamışdı. Rusiya isə faktiki olaraq, tərəflərə sülh təkliflərini qəbul etdirməyə çalışırdı. Moskva buna real vəziyyətin qlobal inteqrasiya proseslərinə mane olduğunu düşünərək çalışırdı. Beləliklə, Sarqsyanın var qüvvəsilə dəstəklədiyi status-kvo artıq nə Rusiyanın, nə də Ermənistanın maraqlarına cavab verirdi.

Lakin Ermənistanın artıq sabiq liderinin uzun müddətdir əhalini radikallaşdırmağa yönəlmiş siyasəti gözlənilmədən əks-effekt verdi. İrəvanda apreldə başlayan etirazlar sanki aydın səmada ildırım idi. Müxalifətin hakimiyyətə əsas etirazlarından biri isə Qarabağ məsələsində Azərbaycana edilə biləcək mümkün güzəştlər idi. Yeri gəlmişkən, hələ 1988-ci ildə S.Sarqsyanın Qarabağ klanı Levon Ter-Petrosyan hakimiyyətini məhz bu mövzu ətrafında manipulyasiya etməklə devirmişdi. 20 il sonra Paşinyan və tərəfdarları da erməni millətçiliyi amilindən istifadə etməklə, ölkə rəhbərliyini dilemma qarşısında qoydu: ya hakimiyyət təhvil veriləcək, ya da 2008-ci ilin dəhşətli hadisələrinin 10-cu ildönümündə İrəvan yenidən qana boyanacaq.

Sarqsyan «könüllü təslimolmanın» nəzərə alınacağı ümidi ilə birinci variantı seçdi. Lakin sonrakı hadisələr göstərdi ki, yeni erməni demokratlar qana sələflərindən heç də az həris deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən geri çağırılmış (sonradan həbs olunmuş) Yuri Xaçaturovun ətrafında baş verənlər və eks-prezident Robert Koçaryanın həbsi çox şeydən xəbər verir. Paşinyanın oğlunu hərbi xidmət çəkmək üçün Qarabağa göndərməsi, hərbi əsirlərin mübadiləsindən aşkar imtina, hərbi obyektlərdə yoxlamalara başlanılması, ilk növbədə, Azərbaycana deyil, öz elektoratına «dişini göstərmək» cəhdidir.

Beləliklə, Paşinyanın sərt ritorikası daxili siyasi məkanda ona mütləq üstünlük qazandırıb və bu, tezliklə özünü növbədənkənar seçkidə də göstərib. Lakin digər yandan, elə bu ritorika KTMT liderlərini Paşinyana qarşı qaldırıb. Təşkilat Qarabağda Ermənistan naminə Azərbaycanla döyüşmək fikrində olmadığını aydın şəkildə ortaya qoyub. Hər halda, ölkədə hakimiyyətin dəyişməsi onun əvvəlki razılaşmalardan imtina etməli olduğu anlamına gəlmir. Radikal ermənilərin KTMT ilə yolların ayrılması, Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılması haqda çağırışlarına isə ciddi yanaşan yoxdur. Çünki İrəvanın heç zaman Moskvanın əleyhinə açıq addımlar ata bilməyəcəyi hər kəsə bəllidir. Paşinyan və tərəfdarları nə qədər qərbpərəst olsalar da, Rusiyanın himayəsindən məhrum olacaqları təqdirdə, Azərbaycan və Türkiyə qarşısında «ağ bayraq qaldırmaq» məcburiyyətində qalacaqlarını yaxşı anlayırlar. Bu isə Ermənistanın istənilən hakimiyyəti üçün intihar deməkdir.

 

Minsk qrupu olsun, olmasın?

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri faktiki olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini formallığa çevirir. Bu il ərzində dünyanın ən müxtəlif qütblərindən bu vasitəçi qrupun ən azı indiki şəkli ilə mövcudluğunun vacibliyinə şübhə ilə yanaşanlar olub.

Xatırladaq ki, Qarabağda gedən şiddətli döyüşlər üzündən, 1992-ci ilin iyununa təyin olunmuş Minsk sülh konfransı baş tutmamışdı və tərəflər kontakt qrupu vasitəsilə işləməyə başlamışdılar. Atəşkəsin qüvvədə olduğu illərdə qrupun 3 həmsədri – Rusiya, Fransa və ABŞ problemin sülh yolu ilə həlli variantını tapmağa çalışıblar. Lakin Rusiya ilə ABŞ, Rusiya ilə Avropa və Avropa ilə ABŞ arasında mövcud olan ziddiyyətlər tərəfləri qane edən real kompromisin status-kvonun qorunub saxlanmasından o tərəfə keçməsinə imkan verməyib.

Beləliklə, Rusiyanın Qarabağ münaqişəsilə bağlı vəziyyətin onu qane etmədiyini açıq şəkildə bəyan etməsindən və bu istiqamətdə daha ciddi çalışmağa başlamasından sonra tənliyin bütün şərtləri dəyişib. Nəticədə, ABŞ ölkə başçısının milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun dililə Ermənistanın Azərbaycanla barışmalı olduğuna nəinki eyham vurub, hətta bunu açıq şəkildə bəyan edib. Bunun ardınca Vaşinqtondan Azərbaycan üçün zərərli olan 907-ci düzəlişin ləğvinə çağırışlar başlayıb. Bunadək açıq şəkildə ermənilərin maraqlarının lobbiçiliyilə məşğul olan Fransa belə, qəflətən Bakı ilə hərbi-texniki əməkdaşlıq qurmaq qərarına gəlib. Avropa Parlamentinin qəbul etdiyi «Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti» adlı qətnamədə açıq şəkildə bildirilir ki, İttifaq tərəfdaşlarının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dətəkləməlidir. Sənəddə bütün «dondurulmuş» münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında həll olunmasının vacibliyi də vurğulanır. Üstəlik, erməni tərəfinin bu sənədə «xalqların öz müqəddəratını təyin etməsi» prinsipi haqda fikir əlavə etmək cəhdi nəticə verməyib.

Bu arada bir məqamı da qeyd etmək lazımdır. 2016-cı ilin aprelində baş vermiş «dörd günlük müharibə» Qarabağ probleminin heç də «dondurulmuş» münaqişə olmadığını, bölgədə hər an yeni silahlı qarşıdurmanın başlaya biləcəyini göstərib. Bu isə yalnız Azərbaycan və Ermənistanın deyil, regional sabitlikdə maraqlı olan qlobal oyunçuların da maraqlarına toxunacaq. Hər halda, söhbət Azərbaycanın nəqliyyat və enerji infrastrukturunun təhlükəsizliyindən gedir.

İŞİD-in peyda və məhv olması açıq şəkildə göstərir ki, ABŞ, Rusiya və Avropanın mövqeyi üst-üstə düşdükdə problem istənilən halda həllini tapır. Demək, ATƏT-in Minsk qrupunun fəallığına ümidlər kifayət qədər məntiqlidir və artıq ondan nəticə gözləmək olar.

 

Minsk sülh konfransı ərəfəsində

İllərdir ekspertlər Ermənistanla Azərbaycan arasında gələcək sülhün necə olacağı haqda düşünür. Aydındır ki, Bakı Azərbaycanın inzibati ərazi vahidi olan Dağlıq Qarabağın itirilməsilə heç zaman razı olmayacaq. O da bəllidir ki, Ermənistan 20 min erməni yaraqlısının ölümü nəticəsində ələ keçirdiyi torpaqları qaytarmaq istəmir.

Ötən 25 ildə bölgədə dayanıqlı sülhə nail olunması üçün bir neçə mümkün kompromis variantı nəzərdən keçirilib. Əldə edilmiş ən optimal nəticə Minsk qrupunun tərəflərə 2007-ci ildə təqdim etdiyi «Madrid prinsipləri»dir. Ötən illər ərzində Minsk qrupu tərəfindən açıqlanmış bu prinsiplər ictimaiyyətə də çatdırılıb və kütlənin şüurunda özünə yer edib. «Paket-mərhələli» həll prinsipi erməni qüvvələrinin işğal altındakı ərazilərindən tədricən çıxarılmasını, Dağlıq Qarabağın ətrafındakı rayonların demilitarizasiyasını, Ermənistanın Qarabağ ermənilərilə əlaqə saxlaması üçün dəhliz saydığı Laçın və Kəlbəcər rayonları üçün xüsusi rejimin tətbiqini, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün referendumun keçirilməsini nəzərdə tutur. Referendum isə azərbaycanlı qaçqınların Qarabağa qayıdışından sonra keçirilməlidir. Lakin bunun necə olacağı hələ tam bəlli deyil: doğma torpaqlarından kənarda doğulmuş qaçqın uşaqları da qaçqın sayılacaqmı, yaxud bu illər ərzində Qarabağa başqa regiondan köçürülmüş ermənilər necə olsun? Bütün bu məsələlər sonrakı danışıqların əsas mövzusu olacaq.

Qalan bütün məsələlər nəinki real, hətta tam şübhəsiz, mümkün və məntiqli görünür. İstənilən halda, Ermənistanın KTMT-dəki tərəfdaşları da daxil olmaqla, bütün maraqlı tərəflər buna çalışır. Vasitəçilərin səyləri gec və ya tez, bu və ya digər formada Minsk sülh konfransını qaçılmaz edəcək. ATƏT-in müvafiq qərarı da məhz bunu tələb edir. Başqa sözlə, Minsk Ermənistanla Azərbaycan üçün «yeni Paris» olmalıdır və bu, sadəcə zaman məsələsidir.

Azərbaycan Prezidentinin Ermənistanın yeni liderilə Sankt-Peterburqda keçirdiyi «ayaqüstü» görüş, həmçinin iki ölənin xarici işlər nazirlərinin Milanda apardıqları danışıqlar da qısa çəksə də, müsbət atmosferdə baş tutub. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Zöhrab Mnasakanyanla görüşdən sonra verdiyi bəyanatdan da görmək mümkündür. «Hesab edirəm ki, erməni həmkarımla Milanda keçirdiyim son görüşdə uzun müddət sonra qarşılıqlı anlaşma əldə etdik», - deyə E.Məmmədyarov qeyd edib.

Görünən odur ki, Ermənistanın yeni rəhbərliyi danışıqların tezliklə bərpa olunmasının və substantiv müzakirələrə başlanmasının qaçılmaz olduğunu anlamağa başlayıb.



MƏSLƏHƏT GÖR:

297