19 Aprel 2024

Cümə, 22:57

TAKTİKİ FƏALİYYƏT

Neft bazarında gərginlik qalmaqdadır, amma proqnozlar nikbindir

Müəllif:

15.01.2019

Yeni ilin əvvəli 2016-cı ilin dekabrından bu yana neft bazarı üçün ən fəal qiymət artımı ilə yadda qaldı. Brent markalı neftin mart fyuçerslərinin qiyməti 3,4% artaraq barelə görə 57,85 dollara çatıb, WTI isə fevral təchizatı üçün 3,4% bahalaşaraq barel üzrə 48,69 dollara satılıb. Ümumiyyətlə 2019-cu ilin ilk günlərində Brent markalı neft 10,8%, WTI isə 7,4% bahalaşıb – bu, iyun ayından etibarən ən yüksək bahalaşma tempi olub. Səudiyyə Ərəbistanı və Liviyada neft hasilatının azalması, əsasən, ABŞ-da xam neft ehtiyatlarının azalması ehtimalı, həmçinin Vaşinqton və Pekin arasındakı ticarət danışıqlarına ilə bağlı optimist gözləntilər buna səbəb olub, çünki danışıqlar dünyanın iki böyük iqtisadiyyatı arasında gərginliyin azalmasına gətirə bilər.

 

Qiymətlərin sabitləşməsinə doğru

Ümumiyyətlə, Çində iqtisadi artımın zəifləməsi və dünya iqtisadiyyatının perspektivlərinin pisləşməsi üzrə siqnalların fonunda neft bazarında gərginlik hələ də saxlanmaqdadır. Buna baxmayaraq,  OPEK+ ölkələri arasında neft hasilatını azaltmaq barədə bu ilin yanvarın 1-dən qüvvəyə minən anlaşma neft qiymətlərini yüksəldə bilər. Belə ki, OPEK ölkələri və kartelə üzv olmayan bir sıra ölkələr birlikdə qərara alıblar ki, hasilatı 2018-ci ilin oktyabr ayı ilə müqayisdə 1,2 milyon barel azaltsınlar, bunun 800 min bareli OPEK ölkələrinin, 400 min bareli isə kartelə daxil olmayan ölkələrin payına düşəcək.

Doğrudur, bu qərar dekabr ayının sonuna qədər vəziyyətin yaxşılaşmasına səbəb olmadı. Hətta müqavilənin bağlandığı gündən (7 dekabrdan) sonra neft bazarında bir neçə kəskin azalma yaşandı. Dekabrın 24-də Brent markalı neftin qiyməti 2017-ci ilin iyul ayından bu yana ilk dəfə bir barel üçün 50,5 dollar səviyyəsinə endi.

Amma buna baxmayaraq ehtimal yüksəkdir ki, OPEK+ tərəfindən neft hasilatının faktiki azaldılması üzrə atılacaq addımlar qiymətlərə təsir göstərəcək və neft bazarında müəyyən sabitlik yaranacaq. Qazaxıstanın enerji naziri Kanat Bozumbayev də bu fikirdədir. "Treyderlər hesab edir ki, neft istehlakında azalma ola bilər. OPEK ölkələri və OPEK-ə daxil olmayan iri ölkələr yanvar, fevral və mart aylarında öz enerjili tədbirləri ilə vəziyyəti sabitləşdirməlidirlər ki, bunun nəticəsində neft qiymətləri sabitləşə bilər", - deyə nazir vurğulayıb.

K. Bozumbayev həmçinin bildirib ki, yanvar ayında OPEK+ bazarın dəstəklənməsi üçün açıqlama ilə çıxış edə bilər. "Bu, anlaşma tərəflərinin öz öhdəliklərinə tam riayət edəcəyi barədə bəyanat ola bilər. Bu, 7 dekabr anlaşmasına güvənlə bağlı suallar var, buna görə də bu, treyderlərin əhvalına təsir edir ", - deyə qazax nazir açıqlayıb.

Anlaşmanın özünə gəldikdə isə, ilkin olaraq neft hasilatının OPEK ölkələrinin hər biri üçün 2,5%, OPEK-ə üzv olmayan ölkələr üçün 2% azalmasından bəhs edilirdi. Ancaq dekabrın üçüncü ongünlüyündə müqavilənin maraqlı detalları açıqlandı. Ümumilikdə, ilin birinci yarısında OPEK+da iştirakçısı olan 24 ölkə bütünlükdə neft hasilatını 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2,65% azaldacaq, özü də kartelin üzvləri istehsalı 3%-i, təşkilatın üzvü olmayanlar isə ən azı 2%, azaldacaq, Azərbaycan və Omanın isə hər birinin hətta 2,5% azaltması gözlənilir.

Əksər ölkələr üçün neft hasilatının azaldılması oktyabr ayına nisbətən aparılacaq, Küveyt və Azərbaycan istisnadır (azalma sentyabr ayı səviyyəsinə uyğun aparılacaq), həmçinin Qazaxıstan neft hasilatının azalmasına 2018-ci ilin noyabrından etibarən hesablayacaq.

Azərbaycan üçün bu, 2019-cu ildə ölkənin hasilatı 20 min barel/sutka azaldaraq 776 min barel /sutka səviyyəsinə qədər azaltmaq deməkdir. Halbuki ilk başdan azalmanı 2018-ci ilin oktyabrına görə apararaq bu göstəricini 763 min barelə qədər azaltmaq düşünülürdü. Bu düzəlişə baxmayaraq, ölkənin OPEK+ qarşısında olan öhdəliklərini yerinə yetirəcəyinə heç bir şübhə yoxdur. OPEK və OPEK-ə daxil olmayan ölkələr arasında razılaşmanın mövcud olduğu bu iki il ərzində Azərbaycan götürdüyü öhdəlikləri qaydasında yerinə yetirir.

OPEK+ müqaviləsi üzrə hasilatın ən böyük azalması Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin payına düşür. Özü də, Rusiya Federasiyası hasilatı gündə 230 min barel azaldaraq 11,191 milyon barelə endirmək məcburiyyətindədir. Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak bildirib ki, 2019-cu ilin birinci rübündə ölkə bu göstəriciyə nail ola biləcək.

 

Anlaşmanın vaxtı uzadılacaq

OPEK+ anlaşmasının effektivliyi ilə bağlı nəticə çıxarmaq üçün, hələ ki, tezdir. Bu il fevralın sonu - mart ayının əvvəlində Bakıda OPEK və OPEK+-in Monitorinq Komitəsinin iclasının keçirilməsi planlaşdırılır ki, orada neft bazarındakı vəziyyət və 2018-ci ilin yayında əldə olunmuş balansın bərpası üçün lazım olan tədbirlər müzakirə ediləcək. Görüşün dəqiq tarixi də razılaşdırılacaq.

Aprel ayında OPEK+ ölkələri neft bazarında vəziyyətin qiymətləndirilməsi və hasilatın azaldılması ilə bağlı razılaşmaya yeni lazımi düzəlişlər etmək üçün bir daha görüşəcəklər. Buna baxmayaraq, bir sıra ekspertlər indidən hesab edirər ki, davam etməyə etməyə ehtiyac olmayacaq.

Səudiyyə Ərəbistanın enerji naziri Xalid əl-Falih, əksinə, tam əmindir ki, OPEK+ müqaviləsi uzadılacaq. Səudiyyənin Enerji Nazirliyinin rəhbəri öz baxışını onunla əsaslandırır ki, OPEK+ ölkələri üçün neft bazarında balanslaşdırmaya nail olmaq üçün daha çox vaxt lazımdır. "Aprel ayında görüşəcəyik və mən əminəm ki, biz onu uzadacağıq. OPEK+ sazişi 2019-cu ildə neft bazarında balans əldə etməyə imkan verəcək", - deyə Al-Falih qeyd edib.

«Rystad Energy» şirkətinin analitikləri də onunla həmfikirdirlər və düşünürlər ki, OPEK+ anlaşmasını ilin sonuna qədər uzatmaq vacibdir, çünki neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması neft qiymətlərinin dərhal və dayanıqlı bərpası üçün yetərli olmayacaq. "2019-cu ilin sonuna qədər bazarda balansı bərpa etmək və qiymətləri barel üzrə 70 dollara qaytarmaq üçün OPEK-in istehsalı razılaşdırılmış 31,8 milyon barel/sutka səviyyəsindən 700 min barel/sutka az olmalıdır",- deyə «Rystad Energy»nin hesabatında bildirilir.

«Citigroup»un analitiki Ed Morse hesab edir ki, OPEK+ ABŞ-a görə yenə istehsalı azaltmağa məcbur olacaq. " OPEK+ anlaşması anbar ehtiyatlarının azalmasına və neft qiymətlərinin artmasına gətirib çıxaracaq ki, bu da ABŞ-ı və digər ölkələri istehsalın artmasına səbəb olacaq. Amerikanın neft istehsalında artımı ehtiyatların artmasına səbəb olacaq və OPEK+ ölkələri istehsal həcmlərini azaltmaqla bağlı qərar vermək üçün yenidən bir araya gələcəklər. Bu vəziyyət dəfələrlə təkrarlanacaq ", - deyə ekspert hesab edir. Onun qiymətləndirməsinə görə, qiymətlər 70-75 barelə çatdıqda, Birləşmiş Ştatlar istehsalı və ixracı artırmağa başlayacaq.

Rusiyanın enerji nazirinin sözlərinə görə, yeni OPEK+ sazişinin dünya neft bazarına təsiri 2019-cu ilin yanvar-fevral ayından sonra qiymətləndirilə bilər. OPEK+-in anlaşmasının effektivliyi barədə danışarkən, o qeyd edib ki, bu razılaşmanın keçərli olduğu iki il ərzində Rusiya Federasiyası "əlavə olaraq 120 milyard dollar qazanıb".

A.Novak öz səudiyyəli həmkarı kimi hesab edir ki, neft istehsal edən ölkələrin əməkdaşlığı istənilən halda davam edəcək, çünki müqavilə "öz etibarlılığını sübut edib". Ancaq hələlik onun etibarlılıq müddətini öncədən təxmin etmək çətindir. "Əgər ölkələrə öz potensialından tam istifadə etmək imkanı verilərsə və istehsal sərbəst buraxılarsa, neftin qiyməti əhəmiyyətli dərəcədə azalacaq",- deyə o vurğulayıb.

 

İqtisadiyyat siyasətsiz deyil

Yeri gəlmişkən, OPEK və qeyri-OPEK ölkələrinin əməkdaşlığı üçün ayrı bir təşkilatın yaradılması planlaşdırılmır, hər şey könüllü bir xartiyanın qəbul edilməsi ilə məhdudlaşır. Sənəd artıq 90% hazırdır, sadəcə aydınlıq tələb edən bəzi nüanslar var.

"Bəyannamədə bir növ qarşılıqlı təsir mexanizmi nəzərdə tutulur: necə toplaşmaq, birgə memorandumları və qətnamələri necə müzakirə etmək və qəbul etmək barədə. Qoşulma könüllü əsasdadır: qoşulduq, razılığa gəldik – işləyirik, kim razı olmadı, qoşulmadı, anlaşmada iştirak edə bilməz. Bu, bir növ ictimai qeyri-rəsmi təşkilatdır "- deyə A.Novak bildirib.

Əslində, neft istehsal edən ölkələrin yeni bir təşkilatının formalaşması, xarici opponentlər tərəfindən sistematik şəkildə hücuma məruz qalan OPEK-in ciddi zəifləməsi və hətta dağılması ilə nəticələnə bilər, çünki təşkilat üzvləri arasında siyasi ziddiyyətlər daima artır.

Kartel imicinə böyük zərbə Qətərin OPEK-dən çıxması ilə dəydi. Qətər bu addımın qaz layihələrinə diqqəti artırmaq istəyi ilə əsaslandırdı. Doha ilə Riyad arasındakı münasibətlərin vəziyyəti nəzərə alınarsa, Qətərin Səudiyyənin açıq bir şəkildə liderlik etdiyi karteli tərk etmək qərarı olduqca təbiidir və heç də gözlənilməz olmadı. Belə vəziyyətdə Qətərın gedişi gec və tez baş verməli idi.

"OPEK-dən çıxmaq qərarı, böyük ehtimalla, yalnız diqqəti qaz və ya neft hasilatına yönəltməklə bağlı deyil (əlbəttə ki, biz ilk növbədə qaz istehsal edən ölkəyik), həm də onunla bağlıdır ki, OPEK tədricən az sayda ölkələr qrupunun əlində bir vasitəyə çevrilir, halbuki qurum bütün üzvlərinin mənafeyinə eyni dərəcədə xidmət etməlidir ", - deyə Qətərin Rusiyadakı səfiri Fahad ben Muhammed əl-Attıyə bildirib.

Diplomat qeyd edib ki, onun şəxsi fikrincə, "OPEK siyasətləşdirilmiş bir təşkilat halına gəlir" və neft qiymətlərinin bu yaxınlarda düşməsi buna nümunədir. «Mən neft qymətlərinin düşməsi və jurnalist Kaşıkçının öldürülməsi arasındakı əlaqəni istisna etmirəm. Səudilər amerikalılara, xüsusən də prezident Trampa xoş gəlmək üçün bu düşməyə səbəb ola bilərlər»,- deyə o vurğulayıb.

"OPEK-in səbətində bizim payımız ən kiçik – təxminən, 650 min barel idi. Eyni zamanda, biz dünyanın ən iri sıxılmış təbii qaz istehsalçısıyıq, Qətərin enerji naziri Saad əl-Kaabinin dediyi kimi, məhz bunda da səylərimizi cəmləşdirəcəyik", - deyə səfir vurğulayıb.

Qətərin OPEK-dən çıxması, kartelin ümumi istehsalında ölkənin payının kiçik olması üzündən, neft bazarına böyük təsir göstərməyib. Amma onların ardıqca başqaları - maraqları təşkilatın qərarlarının əksinə olanlar da gedə bilərlər. Bununla yanaşı, ekspertlərin fikrincə, yaxın gələcəkdə İran və İraq kimi iri neft istehsalçılarının kartel tərk etmək ehtimalı çox yüksək deyil. OPEK-ə üzv ölkələrlə birlikdə bazara təsir etmək daha asandır.

 

Proqnozlaşmayanı proqnozlaşdırmaq

Neftin gələcək qiymətlərinə gəldikdə isə, son illərin təcrübəsi göstərir ki, əvvəldən, proqnozlaşmayanı proqnozlaşdırmaq mümkün deyil, xüsusilə də bir il əvvəldən, özü də birja dəyərinin bu və ya digər regionda gərginliyin artması ilə, yaxud dünya supergüclərinin liderlərindən hər hansı birinin ifadələri üzündən sıçraya və ya kəskin enə bilən bir məhsul üçün. İstənilən halda, sorğuya cəlb edilmiş 13 investisiya bankı təmsilçisinin sözlərinə görə, 2019-cu ildə Brent markalı neftin orta qiyməti barel üzrə 69 dollardan çox ola olacaq, WTI isə barel üzrə 63 dollardan azacıq baha satılacaq.

«Jefferies» analitikləri gözləyir ki, Brent neftinin orta qiyməti barrel üzrə 65,75 dollar, WTI-nin qiyməti isə 56,75 dollar olacaq. «Citi» isə proqnozlaşdırır ki, 2019-cu ildə Brent üçün orta qiymət barel üzrə 60 dollar, WTI üçün isə 49 dollar səviyyəsində olacaq.

«UBS» ekspertləri isə proqnozlaşdırır ki, OPEK+ anlaşmaları sayəsində 2019-cu ildə Brent markalı xam neftin qiyməti barrel üzrə 70-80 dollar arasına dönə bilər. Proqnoz ona əsaslanır ki, iri istehsalçı ölkələr qlobal bazarda balansı təmin etmək üzrə öhdəlik götürərək "güclü siqnal" göndəriblər. Eyni zamanda, 2019-cu ildə neft təklifləri azala bilər, çünki yaxın aylarda İran və Venesuelada istehsal azalmaqda davam edəcək.

«Standard Chartered»un proqnozlarına görə, yanvar ayında OPEK-in hasilatı 31,7 milyon barel/sutka təşkil edəcək ki, 2019-cu ildə İran və Venesuelada istehsalın daha da azalması, böyük ehtimalla, bazarı yumşaq profisit halından yumşaq defisit halına keçirəcək.

«2019-cu il neft bazarı üçün 2018-ci ildən daha çətin olacaq, dünya iqtisadiyyatı artım tempini azaldır ki, bu, tələbi zəiflədir»,- deyə «Commerzbank AG»nin xammal bazarının tədqiqatı şöbəsinin rəhbəri Oygen Vaynberq bildirib. Bununla yanaşı, o, hesab edir ki, 2019-cu ildə OPEK+ neft bazarında tələb və təklif balansını bərpa edə bilər.

"OPEK+ azaltmalarının Kanadada neft hasilatının məhdudlaşdırılması və İran ixracının gələcək azalması ilə birləşməsi yetərli olmalıdır ki, inkişaf etmiş ölkələrdə ehtiyatlar son beş il üzrə orta səviyyəyə qədər azalsın",- deyə «Jefferies»in neft analitiki Ceyson Qammel bildirir.

Göründüyü kimi, bütünlükdə, proqnozlar pessimist deyil, əksinə, çox hallarda neft istehsal edən ölkələr, o cümlədən Azərbaycan üçün müsbətdir. Lakin neft bazarının 0gözlənilməzliyi nəzərə alınarsa, bunların nə qədər özünü doğruldacağını zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

350