29 Mart 2024

Cümə, 02:27

İTİRİLMİŞ MÖVQELƏR

2019-cu ilin ilk superturnirini Azərbaycan şahmatçıları uğursuz başa vurdu

Müəllif:

01.02.2019

Niderlandda ənənəvi “Tata Steell Masters-2019” şahmat superturniri başa çatıb. Şahmat həvəskarları bu yarışı daha çox keçirildiyi şəhərin adıyla - Veyk-An-Zee turniri kimi tanıyır. Dünyanın ən qədim və ən nüfuzlu şahmat yarışlarından sayılan bu turnir 1937-ci ildən keçirilir və ənənəvi olaraq şahmat ili onunla başlayır.

Bu il şahmat taxtası ətrafına dünyanın ən güclü 14 şahmatçısını toplayan superturnirdə növbəti dəfə dünya çempionu Maqnus Karlsen qalib gəlib.

Azərbaycanı təmsil edən qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov isə, təəssüf ki, böyük nəticələrlə yadda qalmayıblar. Təmsilçilərimizdən Teymur Rəcəbov 6.5 xalla yeddinci, Şəhriyar Məmmədyarov isə 5 xalla on ikinci yerlə kifayətlənib.

Teymur Rəcəbov 13 tur ərzində bir qələbə sevinci və bir məğlubiyyət acısı yaşayıb. Qalan 11 görüşü heç-heçə ilə başa vuran şahmatçımız, onlardan üçündə üstünlüyü əldə etsə də, vəziyyəti inkişaf etdirə bilməyib. Lakin son illər mübariz oyun sərgiləməyən Teymur bu dəfə inamlı gedişlərlə diqqəti cəlb edib. Buna görə də onun ən yaxşı vaxtlarını geri qaytaracağına inam böyükdür. Artıq bu il Teymur Rəcəbovu 2019-cu ildə İddiaçılar Turnirinə vəsiqə verən Qran-Pri yarışları, komandalar arasında Avropa Çempionatı, eləcə də bir sıra vacib turnirlər gözləyir.

Şəhriyar Məmmədyarova gəldikdə isə, son illər onun qələbələrinə adət edən azarkeşlər Veyk-An-Zeedə də Azərbaycan şahmatının liderindən qələbə olmasa da, uğurlu partiyalar gözləyirdi. Təəssüf ki, bu gözləntiləri doğrultmaq mümkün olmayıb. Üç partiyada uduzan Məmmədyarovun son turlarda ümidsizliyi hiss olundu və o, alışdığımız dinamik oyunu sərgiləyə bilməyib. Nəticədə, 27.3 xal itirən Şəhriyar reytinqdəki üçüncü yerdən dördüncüyə geriləyib.

Mütəxəssislər hesab edirlər ki, Teymur və Şəhriyarın uğursuz çıxışı narahatlığa səbəb olsa da, həyəcan təbili çalmağa tələsmək lazım deyil. Veyk-An-Zee ilin ilk yarışıdır və vəziyyəti düzəltmək üçün yetərincə vaxt var.

Şahmat eksperti, əməkdar məşqçi Anar Allalverdiyev də dediklərimizlə razılaşdı. Mütəxəssis qrossmeysterlərin Veyk-An-Zee çıxışını belə dəyərləndirdi: Əlbəttə, Veyk-An-Zee böyük tarixə və nüfuza malik turnirdir. Buna görə də planetin aparıcı şahmatçıları orada iştirak etməyə can atır. Təşkilatçılar siyahıya diqqətlə yanaşırlar və yalnız güclülər Veyk-An-Zeeyə dəvət alır. Azərbaycanı bu dəfə də Şəhriyarla Teymur təmsil etdi. Onlar müxtəlif illərdə Veyk-An-Zeenin qalibi olub, yaxşı nəticələr əldə ediblər. Bu dəfə fərqli oldu. Şəhriyar Məmmədyarov əmsalına görə yarışın favoritlərindən sayılırdı. FİDE reytinqində üçüncü mövqedə olması ona diqqəti artırırdı. Məmmədyarov imkanlarından aşağı çıxış etdi. Hiss olunurdu ki, formada deyil. Bu səbəbdən də, dünya çempionu Maqnus Karlsenlə görüşdə bərabər mövqeyini qoruya bilmədi. Ardınca Anandla görüşdə də məğlubiyyət acısı yaşadı və artıq son turlarda iddiası qalmadı.

Teymur Rəcəbova gəldikdə o, pis oynamadı. Lakin üç partiyada qələbə şansından istifadə etmədi. Son illər praktikasının azalması buna əsas səbəb sayılmalıdır. Bununla yanaşı, dinamik mübarizə sərgilədi. Başlanğıcda Vladimir Kramniklə görüşdə üstünlüyü var idi. İnkişaf etdirmək olardı. Oyun keyfiyyətini artırdığı hiss olunur. Yalnız bir görüşdə uduzdu. Vladimir Fedoseyevlə partiyada bərabərlik idi. Məğlubiyyətə layiq deyildi. Teymur bu yarışda daha çox xal toplaya bilərdi”.

Anar Allahverdiyevin fikrincə, yalnız bir turnirə görə şahmatçıların səviyyəsi barədə danışmaq düzgün olmaz. Şahmatda daim lider olmaq asan deyil. Bu mənada 2019-cu ildə şahmatçılarımızın özlərini göstərməsi üçün hələ çox imkanı olacaq.

Artıq FİDE yeni mövsüm üçün Qran-Pri turnirlərinin vaxtını açıqlayıb. Həm Şəhriyar, həm Teymur İddiaçılar Turnirində iştirak etməyə əsas namizədlərdən sayılır. Onlar əvvəllərdə iştirak ediblər. İlin əvvəlində bəzən ideal formada olmaq alınmır. Amma getdikcə ideal formanı qaytarmaq mümkündür. Bunun üçün praktika çox vacibdir.



MƏSLƏHƏT GÖR:

330