25 Aprel 2024

Cümə axşamı, 06:12

BENEFİSİARLIQDAN DONORLUĞADƏK

Dünya iqtisadiyyatında gedən qlobal proseslərin vacibliyini anlaması Azərbaycanı dayanıqlı inkişafın farvaterinə doğru aparır

Müəllif:

01.02.2019

Yanvarın 21-25-də İsveçrənin Davos şəhərində 49-cu Dünya İqtisadi Forumu (DİF) keçirilib. Ənənəvi olaraq, toplantıya nəhəng korporasiya və biznes strukturlarının rəhbərləri, həmçinin dünyanın 60-dan çox ölkəsinin rəhbərləri qatılıblar. Budəfəki forumun şüarı «Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması» olub. Kifayət qədər aktual olan bu mövzu ətrafında düşünüləcək çox şey var.

 

Liderlərin «şatdaun»u

Dovosda ilk nəzərəçarpan dünyanın indiyədək forumda davamlı iştirak etmiş nəhəng oyunçularının bu dəfə orada olmaması idi. ABŞ, Rusiya, Fransa və Böyük Britaniya liderləri bu və ya digər səbəbdən İsveçrəyə gəlməmişdilər. Amma bu, heç də təsadüf deyildi. Nəzərə alsaq ki, forumda dünyadakı qeyri-sabitlik müzakirə olunurdu, bunu əsl göstərici kimi qiymətləndirmək mümkündür.

DİF ərəfəsində Tramp administrasiyası gözlənilmədən «şatdaun», yəni demək olar ki, bütün hökumət institutlarının tətilini elan edib. ABŞ hakimiyyətindəki bu böhran respublikaçı Trampın prezidentliyi fonunda Konqresdə çoxluğun demokratlarda olması ilə əlaqədar yaranıb. Amerika parlamentində yer almış demokratlar ABŞ prezidentinin bir çox təşəbbüslərinə əngəl olur. Bunların arasında Meksika ilə sərhəddə 3 min kilometrlik divarın tikintisi təşəbbüsü də var. Parlamentdə prezidentə impiçment elan oluna biləcəyinə edilən eyhamlar isə Trampı önləyici tədbirlər görmək məcburiyyətində qoyur. Nəticədə, ölkədə «idarəolunan xaos» hökm sürür. Bununla yanaşı, ABŞ-ın icraedici və qanunverici orqanları arasında gərginliyin artması dünyanın ən nəhəng iqtisadiyyatına qeyri-sabitlik də gətirə bilər.

«Brexit» ətrafında yaşananlarla Fransadakı «Sarı jiletlilər» hərəkatı isə Tereza Mey ilə Emmanuel Makronun Davosa gəlmələrinə imkan verməmişdi. Hər iki siyasətçi ölkəsində ciddi müxalifətlə qarşı-qarşıya qalıb və bu da dünyanın aparıcı analitiklərində heç də nikbinlik yaratmır. Artıq DİF-də məlum olub ki, Beynəlxalq Valyuta Fondu 2019-2020-ci illər üçün dünya iqtisadiyyatının artım proqnozunu azaldıb. Azalma «reytinq»ində ilk üç ölkə ABŞ, Böyük Britaniya və Çindir. Braziliya ilə Hindistan kimi inkişaf etməkdə olan iqtisadiyyatlar isə yaxın 2 ildə mövqelərini gücləndirəcəklər.

Rusiya prezidenti Vladimir Putinə gəlincə, o, Davos forumuna Türkiyə lideri Rəcəb Təyyub Ərdoğanla planlaşdırılmış görüşü üzündən qatıla bilməyib. Hər halda, Suriyadakı vəziyyət Rusiya ilə Türkiyənin fəaliyyətini dərhal koordinasiya etməsi zərurətini yaradıb.

Digər yandan Qərbin sanksiyalarının daha da sərtləşdirildiyi şəraitdə Moskvanın dünya iqtisadiyyatına təklif edəcəyi çox az şey var. Sanksiyaları dəstəkləməyən dövlətlərlə isə ikitərəfli formatda danışmaq daha uyğundur.

Göründüyü kimi, foruma qatılmağı lazım bilməyən liderləri bu gün iqtisadiyyatdan çox, siyasət maraqlandırır. Beləliklə, qlobal dünya liderlərinin qatılmadığı DİF dünya iqtisadiyyatının «kölgə liderləri»nə diqqətin artmasına imkan vermişdi.

 

Azərbaycan və DİF

Davos forumunda Azərbaycan Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti də fərqlənirdi. Azərbaycan lideri 2008-ci ildən bir dəfə də olsun, DİF-i buraxmayıb. Bu dəfə o, rəsmi sessiyalara qatılıb və onlarda çıxış edib, həmçinin ayrı-ayrı dövlət başçıları, beynəlxalq korporasiyaların rəhbərlərilə görüşlər keçirib.

İlham Əliyevin forumun gedişində səsləndirdiyi bəyanatları dünya analitiklərinin diqqətini cəlb edib. Məsələn, Azərbaycan Prezidenti neft bazarına həsr olunmuş sessiyadakı çıxışında dünya iqtisadiyyatı üçün neftin qiymətinin sabit qalmasının, həmçinin OPEK+ sövdələşməsinin uzadılmasının vacibliyini bildirib. «Düşünürəm ki, ölkələr, şirkətlər, istehlakçılar – hər kəs neftin 1 barelinin qiymətinin 60-70 dollar ətrafında qalmasında maraqlıdır. Bu qiymətin qourunub saxlanması üçün sövdələşmənin müddətinin uzadılmasına ehtiyac yaranacaqsa, düşünürəm ki, bunu etmək daha doğru olacaq», - deyə Prezident qeyd edib.

İlham Əliyev Davosda «LUKOYL», «Total», BP və s. kimi nəhəng neft-qaz şirkətlərinin rəhbərlərilə də görüşüb.

Lakin necə deyərlər, dünya neftlə yekunlaşmır. Azərbaycan Prezidenti forumda qlobal nəqliyyat infrastrukturunun inkişafı məsələsinə böyük diqqət ayırıb. O, beynəlxalq nəqliyyat layihələrinə investisiya yatırılmasının vacibliyini bildirib: «Neft və qaz nə vaxtsa tükənəcək. Nəqliyyat infrastrukturu isə əbədidir. Biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq».

İlham Əliyev Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prioritet olduğu bir daha ortaya qoyulub. Dünyanın DİF-də akkreditasiya olunmuş çoxsaylı aparıcı media orqanlarına müsahibələrində prezident dəfələrlə Dağlıq Qarabağ münaqişəsinə toxunub, onu Cənubi Qafqazda qeyri-sabitliyin əsas səbəbi kimi göstərib.

Ümumiyyətlə, Azərbaycan DİF-in işində, müxtəlif layihələrində hər zaman fəal iştirak edib. Məsələn, 2013-cü ildə DİF-in regional layihələrindən olan «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq» adlı tədbirə məhz Azərbaycan ev sahibliyi edib. O zaman Bakı forumunda sənaye, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə, telekommunikasiya kimi sektorların inkişafına dair müzakirələr aparılmışdı. Forum regional və qlobal oyunçular üçün regionun gələcəyi baxımından əsas çağırış və imkanların qiymətləndirilməsi üçün vacib platformaya çevrilmişdi. Bu, özünü artıq qlobal nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində göstərib. Söhbət Azərbaycanın bilavasitə iştirakçısı olduğu layihələrdən gedir.

Dünya iqtisadiyyaitında gedən qlobal proseslərin vacibliyini anlaması Azərbaycanı dayanıqlı inkişafın farvaterinə doğru aparır. Azərbaycan kifayət qədər qısa müddətdə regional və beynəlxalq səviyyədə donora çevrilib. O, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının səhmdarıdır.

Öz növbəsində, dünya iqtisadiyyatı və beynəlxalq maliyyə institutları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən struktur və iqtisadi islahatları müsbət qarşılayır. Nəticədə, ölkənin müxtəlif beynəlxalq iqtisadi hesabatlardakı reytinqi ildən-ilə yüksəlir. Ötən il DİF Azərbaycanı «İnklüziv İnkişaf İndeksində» ilk üçlüyə daxil edib. Bu, ölkənin iqtisadi inkişafının ən parlaq göstəricisidir. Azərbaycanın beynəlxalq təşkilatlardakı reytinqini təsdiqləyən daha bir məqam Davosda bir çox beynəlxalq şirkət rəhbərinin İlham Əliyevlə görüş imkanını qaçırmamağa çalışmasıdır. Bu il Azərbaycan Prezidenti DİF çərçivəsində CISCO, «Viza», SAP SE, «Microsoft», «Signify», «Procter and Gamble Europe», «Lazard Freres», «The Boston Consulting Group» və s. kimi məşhur şirkətlərin rəhbərlərilə görüşüb.

 

Sakit iqtisadi oazis

DİF-in tarixi 1971-ci ilə gedib çıxır. Həmin il Cenevrə Universitetinin professoru Klaus Şvap ilk dəfə İsveçrədə aparıcı iş adamları ilə siyasətçiləri bir araya toplamış, onlarla dünya bazarında Avropa biznesinin inkişaf perspektivlərini müzakirə etmişdi. O vaxtdan, hər ilin yanvarında bəşəriyyətin taleyini həll edən güclər kiçik Davos şəhərinə toplaşaraq, dünya iqitisadiyyatının inkişaf vetorlarını cızır.

İsveçrə vətəndaşlarının əlləri və ağlı ilə Alpdakı «sakit iqtisadi oazis» strategiyasını davam etdirir. Artıq 100 ildir ki, insanlar burada rahat dincələ, güc toplayaraq gələcəklə bağlı planlarını qura bilir.

Forumun yaradıcısı, dəyişməz direktoru Klaus Şvab 49-cu toplantını açarkən bildirib ki, «qloballaşmanın dördüncü dalğası» maksimum dərəcədə insanların rifahının yaxşılaşdırılmasına yönəldilməli, dünyadakı qeyri-sabitlik fonunda o, daha dayanıqlı olmalıdır. Lakin qlobal əməkdaşlıq yalnız əməkdaşlığın genişləndirilməsilə mümkündür. Bu üzdən də forumun proqramına hər zaman olduğu kimi, müxtəlif mövzularda çoxsaylı diskussiyalar daxil edilmişdi. DİF çərçivəsində ənənəvi olaraq müzakirə edilən enerji, rəqəmsal iqtisadiyyat, qlobal maliyyə riskləri, qloballaşma, inkişaf etməkdə olan bazarlarla bağlı strateji proqnozlarla yanaşı, kriptovalyuta, müasir quldarlıq, kibertəhlükəsizlik, demokratiyanın gələcəyi və bir çox digər mövzular da diqqət mərkəzində olub.

Lakin DİF-də müzakirələr yalnız rəsmi sessiyalarda aparılmayıb. Forum iştirakçılarının əksəriyyəti qeyri-formal diskussiyalara da keçiblər. Bu kiçik məkanda 4 gün davam etmiş fasiləsiz hərəkətlilik korporasiya rəhbərləri, siyasətçilər və jurnalistlərə çoxsaylı görüşlər keçirmək imkanı verib. Onlar istər indi, istərsə də gələcəkdə maraqlı olacaq məsələlər haqda danışıblar.



MƏSLƏHƏT GÖR:

327