16 Aprel 2024

Çərşənbə axşamı, 23:48

QARA QARAYEVİN İZİ İLƏ

Görkəmli bəstəkarın interaktiv ev muzeyi - dahinin olduğu yerləri görmək maraqlıdır

Müəllif:

15.02.2019

XIX əsrin sonlarından etibarən Yaponiyada incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan insanların ustalıq və istedad səviyyəsini müəyyən edən qanun mövcuddur. Bu qanunla "millətin dəyəri" və "millətin canlı dəyəri" müəyyən edilir. Çox güman ki, bu adlar formal bir ənənə deyil, milli mədəniyyətin inkişafına və qorunmasına verilən töhfənin çox dəqiq və əhatəli müəyyən edilməsidir ki, bu, yapon incəsənətinə öz orijinal görkəmini qoruya bilməkdə yardımçı olur.  

Qara Qarayev Muzeyi 2018-ci il oktyabrın 1-də açılıb, bu il fevralın 5-də isə bu böyük musiqi dühasının doğulmasından 101 il keçir. Nizami küçəsində 47 nömrəli evin girişində adamda qəribə təəssürat yaranır, bu cür qarşılaşma boş yerdən ola bilməz: XII əsr ədəbiyyatının klassiki Nizami və XX əsrin musiqi mədəniyyətinin klassiki Qara Qarayev Zamanda görüşərək Azərbaycan xalqının milli dəyəri və dünya mədəniyyətinin sərvətinə çevriliblər.

 

«Ziyarət» yeri

Mənzil-muzey. Muzeylər məhz bu formatda olmalıdır. Bir çox səbəblərə görə. Əsas odur ki, bu məkan sakinlərinin düşüncələrinin, hisslərinin, duyğularının enerjisini qoruyur. Bu cür yerləri «ziyarətgah» adlandıraraq ziyarətə gedilən yerlərə aid edirlər. Mənzil-muzeylər ziyarətçilərin hisslərinə və düşüncələrinə təsir göstərə biləcək mədəni-sakral ocaqlardır, onlara miras qalmış ruhani araşdırma gerçəkləri ilə ziyarətçilərə xeyirxahlıq, sevgi və minnətdarlıq bəxş edirlər. Ölkəmizdə belə muzeylər çoxdur. Onların sırasında ilklərdən biri kimi, ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən Cəlil Məmmədquluzadənin ev-muzeyi açılıb (1978).

Qara-Qarayevin ev-muzeyi texniki təchizat dərəcəsinə görə və təqdim olunan 300 eksponatlıq ekspozisiya baxımından birinci yeri tutur. Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın rəhbərlik etdiyi Musiqi İncəsənəti Muzeyinin daha bir filialı olaraq mənzil-muzey Alla xanımın təşəbbüsü ilə interaktiv planşetlərlə, displeylərlə təchiz edilib, onlar dahi bəstəkarın həyat və yaradıcılıq yolu barədə böyük həcmdə görüntü və səs informasiyasına (radio effekti!) malikdirlər. Burada operalar, baletlər, simfoniyalar, dramatik səhnələr və filmlər var. Köhnə sovet telefonunun dəstəyini qaldırdıqdan sonra siz bəstəkarın yaradıcılığı ilə bağlı mədəniyyət tədbirləri maraqlı bir radio xülasəni dinləyə bilərsiniz. Maqnitli xəbər lövhəsinin qarşısında dayandıqda isə yalnız ölkəmizdə deyil, həm də xaricdə də baş verən cari tədbirlər (yaradıcılıq axşamları, konsertlər) haqqında tam və ətraflı məlumat əldə edə bilərsiniz. Bu gözəl ideya konseptual şəkildə təsdiq edir ki, bəstəkar Qara Qarayevin yaradıcılığı "millətin canlı dəyəri" olaraq qalır və bizim milli mədəniyyətimizin tarixi keçmişi deyil!

 

«Uşaqlar üçün» Qara Qarayev və yaradıcılıq paraleli

Burada siz Ustadın öz əli ilə yazdığı notların orijinallarını, onun yaradıcılıq işlərinin əl yazılarını, nəvəsinə məktublarını, nəvəsi üçün çəkdiyi rəsmləri tapa bilərsiniz. Məktublar və rəsmlər uşaqlar ilə interaktiv ünsiyyət üçün nəzərdə tutulmuş xüsusi proqramın tərkib hissəsidir və bunun üçün muzey «Qara Qarayev» adlı musiqi mədəniyyəti fenomeninin mənimsənilməsi üzrə fərdi proqram nəzərdə tutub. Ustadın öz nəvəsi üçün çəkdiyi rəsmlərin boyadılmasını nəzərdə tutan oyun vasitəsilə uşaqlara Qara Qarayev hqqında - bir insan, baba və bəstəkar haqqında lazımi məlumatları vermək imkanı yaranır. Bu çox önəmli və gərəkli məqamdır. Uşaqlar erkən yaşlarından öz xalqlarının mədəni irsinin nə olduğunu anlamalıdırlar – bunun qürurverici dəyər olduğunu bilməlidirlər və qürur duymalıdırlar. Önəmlidir ki, bütün bu məlumatlar - video, səs, mətn, çap, foto məlumatları üç dildə (Azərbaycan, rus və ingilis dillərində) təqdim olunur ki, bu da ölkə sakinləri və turistlər üçün informasiya məkanı imkanlarını xeyli genişləndirir. Bu, müxtəlif dil qruplarına qarşı tolerant və multikultural münasibətin, şəhərimizin bütün qonaqlarına və turistlərə qarşı hörmətli yanaşmanın nümunəsidir.

Ustadın əlyazma işləri də maraqlıdır! Vərəqlər muncuq kimi xırda hərflərlə çox sıx yazılıb, sətirlər arasında boşluq qoyulmayıb! Bu, psixoloji yaradıcılıq və qrafologiya sahəsi mütəxəssislərinin elmi tədqiqatlar üçün səbəbdir və bu, Ustadın şəxsiyyəti fenomeninin açıqlanması üzrə daha bir dayaq ola bilər. Burada bəstəkarın yaradıcılığı üzrə böyük bir kitabxana var ki, bu, yeni başlayan musiqiçilər və Qara Qarayev irsinin tədqiqatçıları üçün gözəl yardım ola bilər. Muzeydə əla təchiz olunmuş zal da var ki, orada artıq bəstəkarın yaradıcılığına həsr olunmuş musiqi axşamları keçirilir.  

Doğmalarından və dostlarından başqa çox az adam bilirdi ki, istedadlı bəstəkarın ətraf həyatdakı maraqlı anları əbədiləşdirməyə qarşısıalınmaz bir istəyi var idi. Ekspozisiyada heyranedici kompozisiya kadrları ilə yanaşı, bəstəkarın hətta xarici ölkələrə səfərləri zamanı ayrılmadığı çoxsaylı fotoaparatları da təqdim edilir. Onun foto işlərinin bəziləri ilə sovet jurnalları da maraqlanıblar və onları öz səhifələrində yerləşdiriblər. Paralel yaradıcılıq (rəsm, fotoqrafiya) işləri ehtimal etməyə imkan verir ki, bəstəkar istəsəydi, bu sahələrin istənilən yüksək peşəkar zirvəsinə çata bilərdi və öz ölkəsini şöhrətləndirərdi.

 

Ailə

Birinci ekspozisiya salonunda pəncərənin önündə üzərində əlvan qızıl güllər olan iri və gözəl bir güldan var. Vazanın üzərində nəcib-alicənabı üzlü çox gözəl bir qadın portreti təsvir edilib. Bu, bəstəkarın anasıdır. Sona xanım Axundova-Qarayevadır. Müqəddəs Nina qadın gimnaziyasının istedadlı məzunlarından biridir (hazırda orada 132 nömrəli məktəb yerləşir). Oxumuş, yaradıcı, şairlik istedadına və musiqi sevgisinə sahib bir şəxs olub. O da həyat yoldaşı - görkəmli alim, həkim, ölkədə pediatriyanın banisi, tibb elmləri doktoru, əməkdar elm xadimi Əbülfəz Qarayev kimi hesab edirdi ki, oğullarının hər ikisinə gözəl təhsil vermək çox önəmlidir. Onlardan biri bəstəkar, digəri isə həkim oldu. Hər ikisi də öz ölkələrinin həyatında görkəmli yer tutdular.  

Bəstəkarın nəsil şəcərəsi haqqında geniş ekspozisiya materialları yalnız məlumat olmaqla qalmır, həm də ümumiyyətlə Azərbaycan ziyalılarının genetik irsi və o cümlədən Qarayevlər ailəsi barədə düşünməyə səbəb olur. Burada Azərbaycanın xalq yazıçısı Anarın "Doktor Qarayev" kitabından ifadələri dərc etmək yerinə düşər: "Elə ailələr və sülalələr var ki, təkcə cəmiyyətin mühüm tərkib hissəsi olmaqla qalmırlar, həm də bu cəmiyyətin dayandığı təmələ, əsasa çevrilirlər".  

Daha yaxşısını, bəlkə də, demək mümkün deyil. Ailə, nəsil, soyad - tədricən bizim şüurumuzu tərk edən anlayışlardır. Buna görə də, bütün ekspozisiyanın xüsusi dəyəri ondadır ki, həyat tərzləri və davranışları milli ənənələrin, maarifçiliyin, təhsilin və mənəvi kamilliyin qorunmasına yönəldilmiş ailələrin ölkədə mənəvi və vətənpərvər sabitliyinin təminatçısı olduğunu anladır. Ekspozisiya Qarayevlər ailəsinin mənəviyyat dünyası, Sona xanım Axundova-Qarayevanın öz uşaqlarına və nəvələrinə aşılamağı bacardığı mənəvi dəyərlər haqqında ətraflı məlumat verir. Azərbaycan ailəsində qadın hər zaman uşaqların və nəvələrin mənəvi tərbiyəsində və ruhca yetkinləşməsində böyük rol oynayıb. Bu fikri Sona xanımın nəvəsi - Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayevin xatirələri də təsdiqləyir:

"Nənəm ölənə qədər bizim hər birimizə görə məsuliyyət hiss edirdi. Yatağının üstündə bütün uşaqlarının və nəvələrinin şəkilləri asılmışdı. Yuxuya getməzdən əvvəl həmişə yaşanmış günün hadisələrini təhlil edirdi: görülənləri, baş verənləri. Biz bir yerdə yaşamırdıq. Amma həmişə həftə sonlarında hamımız bir yerə toplanırdıq: ya o, bizə gəlirdi, ya da biz onun yanına getdik. Qayda belə idi. Ondan heç bir sərt söz eşitməmişdik, aramızda heç bir hörmətsizlik olmamışdı".  

Ailənin mənəvi dəyərləri hər şeydən üstün olub. Çox önəmlidir ki, Qara Qarayev Muzeyi bu ailənin soy yuvası sayılan mənzildə yerləşir. Bu məkanda ölkənin incəsənət və tibb dünyasında bir çox istedadlı insanlar verən bu ailənin salnaməsi bu gün də davam edir. Beləliklə, bir insanın həyat hekayəsi - yaradıclıq və insani hekayəsi bütün Qarayevlər ailəsinin - Axundovlar və Qarayevlər soylarının bir çox tarixi və bioqrafik faktlarına işıq tutur. Deməli, Azərbaycan ziyalılarının bir çoxu ailənin tarixini güzgü kimi əks etdirir. Belə alınır ki, bir insana həsr olunmuş ekspozisiya bir ailənin çərçivəsindən kənara çıxır və ölkənin ümumi mədəniyyət dünyasının bir növ ümumiləşdiricisinə çevrilir.

 

İnsan amili

Çox önəmlidir ki, muzeyin direktoru böyük bəstəkarın qızı Züleyxa Qarayeva -Bağırovadır. Azərbaycanı musiqili mədəniyyətinin bu dahisinin yüksəliş tarixini qızından daha yaxşı, daha dərin, daha tutumlu kim bilməyə qadirdir? Bir ailənin və nəslin tarixini faktların metodik izahı səviyyəsinə enmədən, canlı və maraqlı şəkildə öz nümayəndəsindən başqa kim izah edə bilər?

Məlumatın çatdırılması etibarlı-emosional tonda olmalıdır – Züleyxa xanım təlimatçı Zivər Məmmədovanın da, qoruyucu Lətifə Məmmədovanın da qarşısında qoyduğu əsas tələbdir. Hər iki qız musiqi təhsili alıb və böyük bəstəkarın yaradıcılıq və həyat təlatümlərini yaxşı bilirlər. Onlar sizi bir anlıq belə diqqətdən kənar qoymurlar, muzeydə yerləşdirilən hər bir eksponatla bağlı dolğun məlumat verirlər.  

Bütün bunlar sizin üzərinizə tədqiqat mövzusuna - "milli dəyər" Qara Qarayevin yaradıcılığına olan sevgi axını kimi tökülür. Azərbaycanın mədəni irsinin populyarlaşdırılmasında böyük önəm kəsb edən bu amil böyüməkdə olan nəslin tərbiyələndirilməsi və maarifləndirilməsi üçün də çox vacibdir. Bu məsələdə qürur duymalı olduğumuz insanlar və dəyərlər var. Anlamaq çox önəmlidir ki, xalqın mədəni və mənəvi dəyərlərini qoruyub saxlamaqla yanaşı, həm də artırmaq lazımdır.



MƏSLƏHƏT GÖR:

323