28 Mart 2024

Cümə axşamı, 15:34

REKORD MİNİMUM

Azərbaycanda minimum əməkhaqqının artımı 600 min vətəndaşı əhatə edəcək

Müəllif:

15.02.2019

Martın 1-dən etibarən Azərbaycanda minimum əməkhaqqı 50 manat artıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə gələn aydan etibarən ölkə üzrə ən aşağı maaşın məbləği 130 manatdan 180 manata qədər artırılacaq. Bu ən mühüm sosial göstəricinin son illər üzrə belə bir rekord göstərici (38,5%) ilə artımı büdcə təşkilatlarında və özəl sektorda, təxminən, 600 min işçinin maaşını artırmağa imkan verəcək.

 

19 pilləli artım

Bundan əlavə, bunun hesabına 2019-cu ildə ölkədə minimum əməkhaqqı yaşayış minimumunun orta səviyyəsinə bərabərləşdirilib ki, bu da hökumətin əsas qısamüddətli hədəflərindən biri idi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, bu artım konkret olaraq dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların əməkhaqları vahid tarif cədvəli ilə ödənilən 450 min işçisinə təsir edəcək. Onların əməkhaqqı, orta hesabla, 30%, bəzi hallarda isə 70% artacaq. Bunlar elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil və kommunal təsərrüfatı, rabitə və nəqliyyat, meliorasiya və s. sahələrdə çalışan işçilər olacaq. Təhsil müəssisələrinin vəzifələri vahid tarif cədvəlində göstərilən müəllimlərinin də minimum əməkhaqqı artacaq.

"Başqa sözlə, bu qərar yalnız minimum əməkhaqqı alanlara aid deyil. Bu gün vahid tarif cədvəli 19 pillədən ibarətdir və daha əvvəl o, 143 manat məbləğindən başlayırdı. Yəni hər bir işçi öz karyerasının növbəti pilləsinə keçdikcə, maaşı müəyyən bir əmsalla artırdı. Minimum əməkhaqqının artımından sonra ilk pillə müvafiq olaraq 180 manatdan başlayacaq, əməkhaqqı bütün digər pillələrdə də artacaq ", - deyə S. Babayev bildirib.

Nazirin sözlərinə görə, bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər strukturlarla birlikdə mövcud maaşları yeni sərəncama  uyğunlaşdırmaq üzərində işləyəcək ki, 2019-cu ilin mart ayınının yekununda   artan məbləğlərin ödənilməsi təmin edilsin.

Amma bu, sərəncamın yalnız dövlət sektorunun nümayəndələrini əhatə edəcəyi demək deyil. Hazırda özəl sektorun 150 min nəfərə yaxın işçisi minimum əməkhaqqı ilə maaş alır və işəgötürənlər əməkhaqqının ən azı 180 manata qədər qalxmasını təmin etmək məcburiyyətində idilər. «Ümid edirəm ki, ümumiyyətlə, bu qərar özəl sektorda müəssisə rəhbərlərinə digər işçilərin maaşlarını artırmaq üçün stimul olacaq ", - deyə nazir əlavə edib.

Həmçinin, bir sıra böyük holdinqlərin reaksiyası da özünü uzun gözlətmədi və onların rəhbərliyinin işçilərin əməkhaqqına artım  istiqamətində yenidən baxılması ilə bağlı qərarları barədə mətbuatda məlumatlar yayılmağa başlandı. Yəni prezidentin sərəncamı yetərincə qısa bir müddətdə bazarda rəqabət mühiti yaratdı və bütün işəgötürənləri adekvat addımlar barədə düşünməyə məcbur etdi.

 

Sosial-iqtisadi effekt

Ölkədə minimum əməkhaqqının rekord səviyyədə artımı vətəndaşların rifahını birbaşa yaxşılaşdırmaqla yanaşı, həm də vətəndaşların gəlirlərinin leqallaşdırılmasına səbəb olmalıdır. "Əlbəttə, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə əməkhaqlarını öz iqtisadi imkanlarından aşağı səviyyədə ödəyirlər. Ancaq çox sayda şirkət var ki, minimum əməkhaqqı dövlət qurumlarına nisbətən daha yüksəkdir. Əməkhaqqını bilərəkdən aşağı göstərən strukturlar istənilən halda onu qaldırmağa məcbur olacaqlar. Yetərincə aydındır ki, bu, dövlət büdcəsinə daxil olan gəlirlərə müsbət təsir göstərəcək, həm də ən önəmlisi, gələcəkdə pensiya vəsaitlərinin artımına səbəb olacaq, iqtisadiyyatın digər sektorlarına göstərəcəyi təsir də öz yerində", - deyə Əmək Nazirliyinin Əmək siyasəti şöbəsinin direktoru Əbülfət Məhərrəmov bildirib.

Paralel olaraq, təbii ki, işçilərin sosial sığortası üzrə ödənişlər də artacaq, bu da nəticədə, gələcəkdə onların pensiya təminatına müsbət təsir edəcək. "Biz ümumilikdə vergi ödənişləri və sosial sığorta haqlarının 100-150 milyon manatadək artacağını gözləyirik", - deyə nazir S.Babayev bildirib.

Göründüyü kimi, minimum əməkhaqqının artımından daha bir sosial təsiri var: məsələ bundadır ki, vahid tarif cədvəli əsasında əməkhaqqı alan qadınların payı kişilərə nisbətən daha yüksəkdir, çünki kişilər daha çox özəl sektorda çalışırlar və onların orta əməkhaqqı daha yüksəkdir. Lakin minimum əməkhaqqı 180 manata çatdırıldıqdan sonra bu məsələdə müəyyən qədər "gender balansı" əldə ediləcək. Bu  məqam Azərbaycanda qəbul olunmuş əmək standartlarının dünya nümunələrinə uyğunlaşdırmaq baxımından çox vacibdir.

Nazirin sözlərinə görə, leqallaşdırma mühiti  həm də ÜDM-in, təxminən, 400-500 milyon manat artımını təmin edəcək ki, bu da ölkə iqtisadiyyatı üçün olduqca önəmlidir.

 

İnflyasiya olacaqmı?

Açıqlanmış məlumatlara görə, bu il dövlət xəzinəsi bunun üçün əlavə olaraq 335 milyon manat ayıracaq. Hökumətin hesablamalarına görə, ümumiyyətlə, birbaşa və dolayı təsirlər nəzərə alındıqla ölkə üzrə orta əməkhaqqı 10% artacaq. Bununla yanaşı, həm iqtisadçılar, həm də əhali arasında doğru bir sual yaranır: iqtisadiyyata əlavə pul kütləsinin atılması inflyasiya artımına səbəb olacaqmı?

İlk öncə, hökumət, əməkhaqqının artması ilə bağlı süni qiymət artımlarının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görməyi vəd edir. Digər tərəfdən A.Məhərrəmovun qeyd etdiyi kimi, əməkhaqqının artırılması ilə qiymət artmının rentabelli olacağı barədə fikirlər də yanlışdır.

"Biz bir bazar iqtisadiyyatı şəraitində yaşayırıq, uyğun olaraq, digər ölkələrin iqtisadiyyatının bizimkinə təsiri qaçılmazdır. Bu gün Azərbaycan öz məhsullarını dünya bazarına ixrac etməklə yanaşı, çox sayda məhsul da ölkəyə  gətirilir. Bu prosesin iqtisadiyyatda dayanıqlı olması üçün qiymətlər və əməkhaqqı arasında balansı təmin etmək lazımdır ", - deyə A.Məhərrəmov bildirib.

O, hesab edir ki, əməkhaqqı islahatları risklər və hesablamalarla bağlıdır, lakin iqtisadçılar bu addımın lazım olduğunu başa düşürlər. "Hər halda, bunun baş verməmsi üçün tədbirlər görüləcək. Bundan əlavə, bazarın özü də qiymətləri tənzimləyəcək. Qiymətlərdə süni artım etmək niyyətində olanlar, bu addımlarının uğursuzluğa  məhkum olduğuna bir daha əmin olacaqlar ", - deyə Məhərrəmov bildirib.

Başqa sözlə, minimum əməkhaqqının artırılmasına dair sərəncamın təsir etdiyi  azərbaycanlılar bu artımı öz ailə büdcələrində tam  səviyyədə hiss edəcəklər.


MƏSLƏHƏT GÖR:

392