19 Aprel 2024

Cümə, 23:29

NEFT ŞAXƏLƏNDİRMƏSİ

SOCAR xaricdə öz biznesini genişləndirir

Müəllif:

15.02.2019

SOCAR xarici bazarlarda genişlənmə siyasətini davam etdirir. Hazırda şirkətin xarici bazarlarda əldə etdiyi gəlirlər şirkətin daxili gəlirlərini üstələyir.

"Dövlət başçısının qarşımıza qoyduğu əsas məqsədlərdən biri bir məhsul növündən asılılığı azaltmaq idi. Bu məqsədlə öz biznes portfelini önəmli dərəcədə şaxələndirən SOCAR yeni sahələrə və yeni ölkələrə sərmayə yatırıb, qlobal bazarlara açılmağa başlayıb. Nəticədə, o, bu gün dünyanın aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrilib", - deyə ARDNŞ prezidenti Rövnəq Abdullayev vurğulayıb.

 

Türkiyədə yeni biznes

Məlum olduğu kimi, SOCAR-ın xarici sərmayələrinin əsas həcmi Türkiyədə layihələrin həyata keçirilməsinə yönəlib və bu ölkədə layihələrin portfeli getdikcə artır. Bu ilin yanvar ayında şirkət Almaniyanın ən böyük enerji şirkəti «EWE AG»nin Türkiyə aktivlərinin satınalınması məsələsini həll edib. Tərəflər arasında əldə edilmiş razılığa əsasən, SOCAR Türkiyədə «EWE AG» şirkətinin əməliyyatlarının idarəçiliyini gerçəkləşdirən «EWE Turkey Holding»i və filiallarını əldə edib. «EWE Turkey Holding» 2007-ji ildən etibarən Türkiyə bazarında «Bursagaz», «Kayserigaz», «Enervis», «EWE Enerji» və «Millenicom» şirkətləri vasitəsilə enerji, qaz təchizatı və telekommunikasiya sahələrində fəaliyyət göstərir.

Yeri gəlmişkən, «EWE Turkey Holding» Türkiyədə «Bursagaz» və «Kayserigaz» vasitəsilə dördüncü iri təbii qaz tədarükçüsüdür. 2017-ci ilin sonuna şirkətin illik dövriyyəsi 2,4 milyard türk lirəsı (təxminən, 0,7 milyard dollar) təşkil edib. «EWE Turkey Holding»in alınması SOCAR-ə qaz tədarükü sahəsində əlavə dəyər gətirəcək və son istehlakçıya birbaşa çıxışı təmin edəcək.

"2013-cü ildən etibarən SOCAR Türkiyə bazarında ildə 1,2 milyard kubmetr təbii qazın topdan satışı ilə məşğuldur. Qaz paylayıcı biznesin satın alınması Türkiyədəki sərmayə zəncirimizi tamamlayacaq: istehsal – nəqletmə - paylama", - deyə Rövnəq Abdullayev bu müqavilənin önəmindən danışarkən bildirib.

Eyni zamanda SOCAR prezidenti vurğulayır ki, şirkət əldə etdikləri ilə kifayətlənmək niyyətində deyil və Türkiyə bazarında digər imkanların qiymətləndirilməsini davam etdirəcək. İndiyədək aparılan fəaliyyətin nəticəsi isə göz qabağındadır. 2018-ci ilin iyun ayında istismara verilən Trans-Anadolu qaz kəməri ilə də arıq Türkiyə bazarına artıq 1,1 milyard kubmetrdən çox qaz tədarük edib.

Ötən ilin oktyabr ayında istismara verilmiş "STAR" neft emalı zavodu (NEZ) bu aydan etibarən tam gücü ilə fəaliyyət göstərir və artıq ilk məhsulunu - 1303 ton nefti "Petkim Petrokimya Holding" neft-kimya kompleksinə çatdırıb. Ege bölgəsində ən böyük konteyner terminalı olan «Petlim»in və Əliağa əyalətində 51 MVt-lıq külək elektrik stansiyasının istismarı üzrə işlər uğurla davam etdirilir.

Türkiyədə yeni neft-kimya kompleksinin tikintisində də irəliləyiş müşahidə olunur. SOCAR layihəni həyata keçirmək üçün Britaniyanın enerji nəhəngi BP-ni cəlb etmək istəyir. 2018-ci il dekabrın 20-də tərəflər "Türkiyədə dünya miqyaslı bir neft-kimya kompleksinin tikintisi və onun idarə edilməsi üçün birgə müəssisə yaratmaq üzrə planların qiymətləndirilməsi üçün müqavilə prinsipləri"ni imzalayıblar.

Xatırladaq ki, söhbət Əliağa rayonunda ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı üzrə müəssisə yaradılmasından gedir. Kompleksin 2022-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Layihəyə qoyulacaq sərmayə həcmi, təxminən, 1,8 milyard dollar səviyyəsində qiymətləndirilir. Layihə üzrə son investisiya qərarı bu ilin sonuna qədər qəbul ediləcək.

"Layihənin həyata keçiriləcəyi təqdirdə, bu, PTA, PX və benzolun inteqrə edilmiş istehsalı üzrə Qərb yarımkürəsində ən böyük kompleks, 20 il bundan öncə Çinin Çjuhai şəhərində aromatik karbohidrogenlərin istehsalı üzrə açılmış müəssisədən sonra BP-nin ən böyük platforması olacaq",- deyə «BP Global»ın aromatik karbohidrogenlər bölməsinin rəhbəri Luis Syerra bildirib.

«SOCAR Turkey Enerji»nin başçısı Zaur Qəhrəmanovun sözlərinə görə, yeni neft-kimya kompleksinin tikintisi hər il Türkiyəyə 6 milyard dollar məbləğində cari hesab kəsirini ödəmək imkanı verəcək.

"SOCAR və BP layihəyə daha bir investor cəlb etməyi planlaşdırırlar, onun payı 10-15% ola bilər. Bu məsələ bu ayın sonuna qədər aydınlaşacaq", - deyə Z.Qəhrəmanov qeyd edib.

 

Karbamid biznesinin xaricdə davamı

Yuxarıda göstərilən sektorlara əlavə olaraq, SOCAR həm də Türkiyənin mineral gübrələr satışı bazarına daxil olmaq niyyətindədir. Belə görünür ki, bu ilin yanvar ayında Azərbaycanda ilk karbamid zavodu «SOCAR Carbamide»in istismara verilməsi bu addıma təkan verib. Zavodda ildə 650-660 min ton karbamid məhsulu istehsal olunacaq, bunun 70%-i Türkiyə bazarına göndəriləcək. «SOCAR Carbamide»in hazır məhsul ixracından illik gəlirləri 160 milyon dollar səviyyəsində proqnozlaşdırılır.

Çox güman ki, bu məhsulun Türkiyəyə və daha sonra digər ölkələrə ixracını təmin etmək üçün «SOCAR Turkey Enerji» Türkiyənin kənd təsərrüfatı sektorunu gübrə ilə təchiz edən Türkiyə şirkəti «Gubretas» (Gubre Fabrikalari Turk A.S.) ilə birgə müəssisə yaratmağı qərara alıb. Şirkət Türkiyə istehlakçılarına 2800 paylama nöqtəsi vasitəsilə 100-dən çox növ məhsul təqdim edir.

2019-cu il yanvarın 31-də «SOCAR Turkey Enerji» və «Gubretas» potensial tərəfdaşlıq potensialını müzakirə etmək və bərabərlik – 50 + 50% əsasında birgə müəssisə yaradılmasının müzakirəsi prosesini başlamaq üzrə niyyət məktubu imzalayıblar.

"Birgə müəssisənin yaradılması neft-kimya istehsalçılarından və coğrafi yaxınlıqdakı digər istehsalçılardan karbamid idxalını, Türkiyənin daxili bazarında satışını və xarici bazarlara ixracını təmin etmək niyyəti daşıyır", - deyə «Gubretas»dan açıqlayıblar.

SOCAR-ın neft məhsullarının pərakəndə satış bazarına daxil olmaq planları da öz gücündə qalır. Bu məsələdə hələ konkret bir şey yoxdur, sadəcə, şirkət Türkiyədə 600-700 ədəd yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkə almaq imkanlarını araşdırır.

"İndi SOCAR, demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir və xarici bazarlarda əldə olunan gəlirlər artıq daxili gəlirlərdən üstündür... Bizim müxtəlif ölkələrdə genişlənən beynəlxalq iqtisadi əməliyyatlarımız ölkəmizin iqtisadi və siyasi müstəqilliyini gücləndirəcək, beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək",- deyə SOCAR prezidenti «AZƏRTAC» dövlət agentliyinə müsahibəsində bildirib.

 

Rumıniyadan Özbəkistana

Türkiyə bazarı ilə yanaşı SOCAR Rumıniyada biznesin genişləndirilməsi imkanlarını da araşdırır. Şirkət 2011-ci ildən 2017-ci ilə qədər 80 milyon dollarlıq sərmayə qoyaraq SOCAR brendi altında 41 yanacaqdoldurma məntəqəsindən ibarət geniş şəbəkə işə salıb. Hazırda şirkət Qara dənizdə neft və qaz hasilatı əməliyyatlarında iştirak etmək üçün Rumıniyanın «Romgaz» şirkətinə öz tərəfdaşlığını təklif edir. SOCAR nümayəndələri buna maraq göstərdiklərini Rumıniya şirkətinin baş direktoru Adrian Volintirunun bu ilin yanvar ayında Bakıya etdiyi səfəri zamanı ifadə ediblər.

Belə görünür ki, «Romgaz» əməkdaşlıqdan imtina etməyi planlaşdırmır, bunun əvəzinə, SOCAR-a Azərbaycanın qurusunda və Xəzər dənizi şelfində qaz istehsalı üzrə tərəfdaşlıq təklif edir. Bu istiqamətdə hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək, çünki tərəflər maraqlarını dəqiqləşdirmək üçün müzakirələri davam etdirməyi qərara alıblar. Buna baxmayaraq, Rumıniya şirkətinin rəhbəri böyük layihələrdə SOCAR ilə tərəfdaşlığın «Romgaz»a "beynəlxalq bazarlara açılma yolunu" açacağını da gizlətmir.

"SOCAR kimi bir şirkətlə genişlənmə perspektivi ilə tərəfdaşlığın təşkili bizim üçün vacibdir, çünki bu biznes təkcə «Romgaz»a deyil, eyni zamanda Rumıniyanın energetika sektoruna və bütünlükdə milli iqtisadiyyatına böyük fayda gətirəcək. «Romgaz» yeni imkanları araşdıraraq xarici bazarda fəaliyyətini genişləndirməyə çalışır, genişlənmənin optimal və təsirli yollarını müəyyən edir", - deyə A.Volintiru vurğulayıb.

Özbəkistan da neft və qaz kəşfiyyatı sahəsində SOCAR və BP-nin zəngin təcrübəsinə ümid edir. Bu ölkənin hökuməti hətta əməkdaşlığın genişləndirilməsi üzrə gələcək istiqamətləri müzakirə etmək üçün iki şirkətin nümayəndələri ilə xüsusi görüş təşkil edib. Görüşün nəticəsi olaraq, özbək tərəfi SOCAR-a BP ilə birgə Ustyurt bölgəsində neft və qaz axtarışı üçün üç investisiya blokunda birgə geoloji kəşfiyyat aparmaq imkanını araşdırmağı təklif edib. Təşəbbüs qarşılıqlı maraq doğurub ki, bu da bu istiqamətdə dialoqun davam etdirilməsini nəzərdə tutur.

"SOCAR və BP şirkətləri ilə tərəfdaşlıq Özbəkistanın neft-qaz sənayesi üçün prioritetdir. Aktual məsələlər sırasında üçüncü tərəflərin iştirakı olmadan birbaşa xarici sərmayələrin cəlb edilməsi dayanır. Buna görə, bu şirkətlərin nümayəndələrinə Ustyurt bölgəsinin Aralomorsk, Samsko-Kosbulak və Bayterek investisiya bloklarının birgə geoloji kəşfiyyat imkanlarını nəzərdən keçirmək təklif olunub", - deyə "Uzbekneftqaz"dan görüşün nəticələri ilə bağlı bildirilib.

Yeri gəlmişkən, SOCAR və "Uzbekneftqaz" arasında əməkdaşlığın təməli 2016-cı ilin mayında neft-qaz yataqlarının kəşfiyyatı və istismarı, eləcə də energetika sektorunun inkişafı üçün digər potensial sahələrdə əməkdaşlıq haqqında memorandumun imzalanması ilə qoyulub. Bir il sonra, 2017-ci ilin mayında "Uzbekneftqaz", BP və SOCAR investisiya bloklarında geoloji kəşfiyyat işlərinin birgə görülməsi, eləcə də yataqların birgə işlənməsi üzrə iki memorandum imzalayıblar.

Karbohidrogen ehtiyatlarının axtarışı və istehsalı üzrə xarici layihələrdə iştirakı SOCAR-ın 2015-2025-ci illər dövrü üçün hesablanmış inkişaf strategiyasının bir hissəsidir. Savadlı təşkil edilmiş marketinq və risklərin effektiv qiymətləndirilməsi şirkətə düzgün seçim etməkdə yardımçı olacaq, güclü maliyyə vəziyyəti, yüksək kadr potensialı və zəngin təcrübə isə bu istəyi həyata keçirməyə imkan yaradacaq. Son nəticədə, xarici layihələrdə iştirak SOCAR qarşısında gəlirlərini çoxaltmaq və neft-qaz ehtiyatlarını artırmaq baxımından böyük imkanlar açır, xüsusilə də nəzərə almaq lazımdır ki, Azərbaycanın yataqlarında neft hasilatının azalması ilə bağlı təbii proses gedir.



MƏSLƏHƏT GÖR:

284