24 Aprel 2024

Çərşənbə, 17:55

«REALPOLİTİK» SEÇİMİ

«R+»un suallarını qlobal siyasət və Trans-Atlantik münasibətlər üzrə amerikalı ekspert Piter TEYS cavablandırıb

Müəllif:

15.02.2019

- Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılmasına qərar verib və bunu «İslam Dövləti» (İD) təşkilatı ilə mübarizənin başa çatdığı ilə əsaslandırıb. Lakin bu qərar ölkənin hərbi rəhbərliyində istefalarla müşahidə olunub. Fikrinizcə, onları bu addımı atmağa nə vadar edib? Bəlkə, Suriyanı tərk etməyin hərbçilərin qəbul etmədiyi başqa səbəbləri var?

- Prezident Tramp ABŞ Silahlı Qüvvələrinə Suriyanı tam tərk etməsi üçün 4 ay vaxt verib. Halbuki 2018-ci ilin dekabrında açıqlanmış bu qərar verilən zaman bunun üçün cəmi 30 gün nəzərdə tutulurdu. Doğrudur, prezidentin kəşfiyyat orqanlarının ciddi araşdırmalarına əsaslanan, ölkənin milli təhlükəsizlik maraqlarına cavab verən bu qərarı – amerikalı hərbçilərin evinə dönməsi və onların təhlükəsizliyinin təmini – aparıcı KİV tərəfindən təriflə qarşınmayıb. Lakin regiona dair saysız-hesabsız hesabatda bildirilir ki, artıq İD Suriyanın cəmi bir neçə kəndinə nəzarət edir və həmin ərazilərdən sürətlə geri çəkilməkdədir.

Beləliklə, prezidentin qərarını açıqlamasından dərhal sonra Birləşmiş Ştatların müdafiə naziri general Ceyms Mettis istefa verib. 2019-cu il yanvarın 2-də eyni addımı Ağ Ev Aparatının 28-ci rəhbəri, general Con F.Kelli də atıb.

Amerikanın Suriya siyasətindəki impulsiv gedişi Dövlət Departamenti rəhbərliyini də məyus edib: ABŞ-ın İD-yə qarşı qlobal koalisiyası ilə iş üzrə xüsusi nümayəndəsi Brett Makqret 2019-cu il fevralın ortalarında Dövlət Departamentindən gedəcəyini açıqlayıb.

Beləliklə, Trampın Ağ Evdəki ikinci ili Müdafiə Nazirliyindəki əsas məsləhətçilərinin, həmçinin Ağ Ev Aparatı rəhbərinin istefası ilə yadda qalacaq. Generallar Mettis ilə Kelli, həmçinin xüsusi nümayəndə Makqrek istefa qərarlarını Trampın siyasətilə razı olmamaları ilə izah ediblər. Onlar hesab edirlər ki, prezidentin sözügedən addımı ziyanlı, eyni zamanda ABŞ-ın milli təhlükəsizliyi baxımından yanlışdır.

- Bəs, Vaşinqton Suriyanı kimə qoyub gedir? Müttəfiqi olan Türkiyəyə? Bu arada Boltonla Pompeonun regiona səfər etmələri nə ilə bağlı imiş?

- Şübhəsiz ki, Türkiyənin regionda strateji rolu artır. Prezidentlər Ərdoğan ilə Tramp Suriyada ABŞ-ın maraqlarının qorunması üçün sıx ikitərəfli əməkdaşlıq etmək haqda razılığa gəliblər. Vaşinqtonsa öz növbəsində, İD ilə mübarizədə Ankaraya maddi-texniki yardım göstərəcək. Ümid edirəm ki, Ankara ilə Vaşinqton hərbi sahədə əməkdaşlığı gücləndirəcək və İD ilə davamlı mübarizə aparacaqlar. Demək, Suriyada kürd silahlı dəstələri də azalacaq.

- ABŞ-ın Suriyanı tərk etməsini Vaşinqtonun diqqəti İranla mübarizəyə yönəltməsilə əlaqələndirənlər də var. Bu iki ölkə arasında qarşıdurmanın gələcəyini necə görürsünüz?

- Amerikanın qoşunlarını gözlənilmədən Suriyadan çıxarması ortaya Vaşinqtonun Yaxın Şərq siyasətilə bağlı fərqli prioritetlər, müxtəlif variantlar çıxaracaq. Qarşıdakı 2 ildə vəziyyətin öyrənilməsi, İran hökumətinə təzyiqlərin artırılması istiqamətində bir sıra dinamik addımlara şahid olacağıq. Tramp administrasiyası İranla Cənubi Amerikanın bir sıra dövlətləri arasında hərbi əməkdaşlığı da diqqətlə izləyir. Qitəyə İran kəşfiyyat xidmətinin gəlişi, həmçinin Cənubi Amerikanın bir sıra dövlətilə İran arasında hərbi əlaqələr, bu sahədə əməkdaşlıq Vaşinqton üçün ciddi önəm daşıyır. Söhbət Boliviya, Venesuela, Surinam, Ekvador, Kuba və sair dövlətlərdən gedir.

İran Venesuela ilə iqtisadi və texnoloji sahədə də sıx əməkdaşlıq edir. Üstəlik, son aylarda Hind okeanında və Fars körfəzi ətrafında İran tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə, o cümlədən təyyarə daşıyan gəmilərə qarşı təxribatçı addımlar da atılır.

- Bu günlərdə Pompeo İranda casusluqda ittiham edilərək həbs olunmuş ABŞ vətəndaşlarının azadlığa buraxılması tələbilə çıxış edib. İlyarım əvvəlsə ABŞ prezidenti bu addımı atmayacağı təqdirdə, İranı «fəsadlar»la hədələmişdi. Hansı fəsadlar ola bilər?

- ABŞ-ın xarici siyasətində rəqiblərin qarşısının alınması üçün əsas vasitə iqtisadi sanksiyalardır. Əlavə tədbirlər kimi, ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən İranın hökumət nümayəndələrinin bank hesablarının dondurulacağını, Hörmüz boğası yaxınlığında hərbi təlimlərin keçiriləcəyini, daha miqyaslı əks-kəşfiyyat əməliyyatlarına başlanacağını, o cümlədən İranın ABŞ Milli Təhlükəsizlik Agentliyinin mühafizəsində olan rabitə sistemlərinə kiberhücumlarının neytrallaşdırılması üçün proqramların keyfiyyətinin artırılacağını düşünmək olar.

 Amerikalı girovlar vaxtında azad olunmazlarsa, Vaşinqton İranın yüksək rütbəli diplomatlarının, rəsmilərinin həbsinə order verə, onların ABŞ-a daxil olmasını qadağa edə bilər. Bu halda ABŞ-ın İran rəsmilərinin beynəlxalq banklardakı aktivlərinin müttəfiqlərilə əməkdaşlıq çərçivəsində dondurulmasına gedəcəyi də istisna deyil.

- ABŞ-ın əvvəlki prezidentlərinin dövründə də «şatdaun»lar federal hökumətin fəaliyyətini qismən iflic etmişdi. Lakin hakimiyyətin iki qanadı arasında indiki qədər sərt ziddiyyət olmamışdı. Bu qarşıdurmanın kökündə nə dayanır?

- Prezident Tramp Meksikadan və Mərkəzi Amerika ölkələrində ABŞ ərazisinə qeyri-leqal miqrant axınının qarşısının alınması üçün divar tikintisini vacib sayır. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, senator Çak Şumer və Demokratlar Partiyasının digər liderlərisə «Amerikanı yenidən qüdrətli dövlətə çevirək» siyasətində Ağ Evlə əməkdaşlıqdan boyun qaçırırlar. Demokrat liderlər deyir ki, Tramp federal hökumət fəaliyyətini sərhədlərin təhlükəsizliyi haqda danışıqlara başlamazdan, həmçinin divar tikintisinin maliyyələşdirilməsindən əvvəl bərpa etməlidir. Hazırda hökumətin fəaliyyətinin dayandırılması üzündən ölkə boyu 800 mindən artıq federal işçi öz hesabına məzuniyyətə göndərilib, yaxud əməkhaqqı almadan çalışır. Onlar artıq 1 ay məvacib almadan işləyiblər və indi daha 1 ay belə işləmək riski ilə qarşı-qarşıyadırlar. Bunun belə olmaması üçün məsələ qarşıdakı həftə ərzində həllini tapmalıdır. Prezident Trampın imzaladığı qanuna əsasən, dövlət qulluqçularının ləngimiş əməkhaqqı hökumətin fəaliyyəti bərpa olunar-olunmaz, ödənəcək.

Donald Tramp yanvarın 19-da bir təkliflə çıxış edib. Təklif demokratları sərhədlərin təhlükəsizliyinin təmini, artıq 1 aydır fəaliyyəti dayandırılmış hökumətin işinin bərpası üçün immiqrasiya islahatları üzrə danışıqlar masası arxasına qaytarmalı idi. Prezident DACA (Otlojennıe merı v otnoşenii detey-immiqrantov) proqramının bərpasını da təklif edir. Bu, immiqrasiya təhlükəsizliyinə dair 7 milyard dollarlıq daimi paketin təsdiqlənməsi qarşılığında, 3 il müddətinə edilməlidir. Burada 5,7 milyard dollar sərhəddə divarın tikintisinə xərclənməlidir. Lakin prezidentin təklifi 1 saat sonra demokratlar tərəfindən rədd olunub. Çünki orada sərhəd divarının inşasının maliyyələşdirilməsi təklifi də yer alırdı.

- Fikrinizcə, Tramp miqrasiya siyasətini reallaşdıra biləcəkmi? Hər halda, ona opponentlərlə yanaşı, hakim komandanın daxilində də xeyli etiraz edən var.

- Hazırda Meksikadan, Qvatemaladan, Hondurasdan, Nikaraqua və Salvadordan ABŞ-a gəlmiş qeyri-leqal miqrantların sayı 20 milyonu ötür. Ölkəyə bu qədər insan axını ABŞ-da ciddi iqtisadi problemlər yaradır, çoxsaylı icmalar arasında sosial əlaqəni kəsir, nəhəng və ortaölçülü şəhərlərdə cinayətkarlıq hallarını, o cümlədən narkotiklərin yayılmasını artırır.

Qeyri-leqal miqrantların ABŞ büdgəsinə bir sent də olsun vergi ödəməmələrinə baxmayaraq, Obama administrasiyası (2009-2017) onları pulsuz tibbi sığorta ilə belə, təmin etmişdi. Bütün bunlara baxmayaraq, ABŞ-ın aparıcı mətbuat orqanları Trampın dövlət siyasətini, miqrasiya sahəsində islahatlarını bəyənmir. Buraya ictimai təhlükəsizliyin möhkəmləndirilməsi, Meksikadan cinayətkar elementlərin ABŞ-a buraxılmamasına yönəlmiş qanunlar da daxildir.

Demokratlar anlamırlar ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ-a işsizliyin artmasına məhz qeyri-leqal miqrasiya sayəsində yaranmış qeyri-formal iqtisadiyyat səbəb olmuşdu. Konqresin demokrat üzvlərinin əksəriyyəti bir şeyi də etiraf etmək istəmir: ABŞ-da çoxsaylı cinayətlər törətmiş meksikalı cinayətkarların böyük bir hissəsi Meksikaya deportasiya olunduqdan sonra yenidən qeyri-qanuni yolla Texasa gələ bilib.

Bütün bu səbəbləri, həmçinin məsələnin iqtisadi və milli əhəmiyyətini nəzərə alan Donald Tramp seçimini «Realpolitik»in xeyrinə edib. Halbuki o, bu halda hansı təzyiqlərlə qarşılaşacağını bilirdi. Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sərhəddə divarın inşasına maliyyə ayrılmasına dair danışıqlardan davamlı boyun qaçırması faktiki olaraq, Konqresin Trampın miqrasiya siyasətinin qarşısını almaq üçün yararlana biləcəyi son vasitədir. Divar tikintisinin maliyyələşdirilməsi üçün Trampın Konstitusion hüququndan, fövqəladə səlahiyyətlərindən istifadə etməsinin vaxtıdır.

- Donald Tramp prezident seçildiyi andan, Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırılır. Fikrinizcə, ABŞ prezidentinin, həqiqətən, Moskvaya işləməsi mümkündürmü? Mümkün deyilsə, bu haqda zaman-zaman ortaya fikirlərin atılmasında məqsəd nədir? Arqumentlər nədən ibarətdir?

- 2018-ci ilin dekabrınadək Robert Müllerin Rusiyanın 2016-cı il seçkisinə mümkün müdaxiləsilə bağlı araşdırma aparan komandasının saxlanmasına 25,2 milyon dollar xərclənib. Mən səmimi olaraq inanıram ki, bu araşdırma federal soyğunçuluqdan başqa bir şey deyil. Müller evinə göndərilməli, Ədliyyə Nazirliyinin rəsmilərisə mətbuat üçün bəyanat verərək, məsələyə aydınlıq gətirməlidirlər. Bununla da, onlar Tramp komandası ilə Rusiya hökuməti arasında nə keçmişdə, nə də indi hər hansı əlaqənin olduğunu təsdiqləməlidirlər.

Bundan başqa, Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyalar məhz Trampın prezidentliyi dövründə qəbul olunub. «Soyuq müharibə»dən sonra Vaşinqtonla Moskva arasında ən sərt qarşıdurma, ən ciddi iqtisadi sanksiyalar məhz bu dövrə aiddir.

Bildiyimə görə, 2016-cı il seçkisində Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmuş Donald Trampla Rusiya arasında hansısa əlaqələrin olduğuna dair heç bir tutarlı dəlil yoxdur. Bu, illər əvvələ də aiddir. Trampa qarşı aparılan bu kampaniya Demokratlar Partiyasının kluarlarında hazırlanıb və Amerikanın əksər nəhəng qəzetlərinin səhifələrindən düşmür. Kapaniyanın müəllifləri arasında demokratların milyarder, filantrop Corc Soros kimi neoliberal tərəfdarları da var. O, Trampın imicinin korlanması məqsədilə milyonlarla dollar xərcləyib. Senatorlar Tom Tillis ilə Kristofer Kuns da bu istiqamətdə səylərini əsirgəmirlər. Onlar Robert Müllerin «əcinnə ovu» tipli araşdırmasına əllərindən gələn dəstəyi verirlər. Bundan başqa, senatorlar Kori Buker ilə Lindsi Qrem Mülleri işindən kənarlaşdırmaq qərarına gələ biləcək Trampın bu imkanını məhdudlaşdıracaq qanun layihəsi hazırlayırlar.

Hesab edirəm ki, «Raşageyt»i «Hillarigeyt» adlandırmaq daha doğru olar. Çünki bütün bu kampaniyanı Hillari Klintonun prezident seçkisini uduzmasından bir gün sonra onun komandası ortaya atıb. Layihənin bilavasitə müəllifisə «Orbis» araşdırmalar təşkilatıdır. Mənzil qərargahı Londonda yerləşən bu qurum bu iş üçün maliyyəni Demokratlar Partiyasının hələ də naməlum qalan donorlarından alıb.



MƏSLƏHƏT GÖR:

415