24 Aprel 2024

Çərşənbə, 00:35

AVROPANIN ƏSAS TANDEMİ

Axen razılaşması Fransa-Almaniya münasibətlərində yeni səhifə açır

Müəllif:

15.02.2019

Təntənəli mərasimlə imzalanmış Axen razılaşmasına baxmayaraq, Fransa prezidentinin fevralın 15-17-də keçirilmiş Münhen Təhlükəsizlik Konfransına qatılmaqdan, demək, həm də fevralın 16-da Almaniya kanslerilə birgə çıxışdan imtinası çoxları tərəfindən onların arasındakı ixtilafın növbəti əlaməti kimi qiymətləndirilib. Yeri gəlmişkən, ötən il zaman-zaman bu ixtilaf özünü kifayət qədər açıq göstərirdi.

Elə həmin an ortaya Fransa prezidentinin səfərdən imtinasının səbəbilə bağlı iddia da çıxıb. Deyilənə görə, bu, onun Berlinin Rusiyanın təşəbbüsü ilə inşa olunan «Şimal axını-2» qaz kəməri layihəsilə bağlı mövqeyilə razı olmaması ilə bağlıdır.

Etiraf etmək lazımdır ki, bu məsələdə fikir ayrılıqları, həqiqətən də, var. Lakin gözlənilmədən fevralın 8-də Aİ-nin Daimi Nümayəndələr Komitəsinin Brüsseldə keçirilən toplantısında Avropa Parlamentinə və Avropa Komissiyasına Almaniya ilə Fransanın birgə tövsiyəsi təqdim edilib: onlar «qaz nəqli sahəsində «Şimal axını-2» layihəsinə əngəl olmayacaq yeni qaydaların qəbulunu» istəyirlər.

Emmanuel Makronun Münhen konfransına qatılmamasına gəlincə, rəsmi versiya Davos Forumu zamanı göstərilmiş səbəblə eynidir – Fransanın daxili vəziyyəti ölkə başçısının Parisdə qalmasını zəruri edir.

«Sarı jiletlilər» probleminin çözülməmiş qalması, həqiqətən də, beynəlxalq arenada Makronun əl-qolunu bağlayır. 2017-ci il seçkisində Donald Trampın elan etdiyi izolyasionizm siyasətinə qarşı «Planetimizi yenidən böyük edəcəyik» şüarı ilə qələbə qazanmış siyasətçi artıq dördüncü aydır ki, öz xalqı ilə dil tapmağa çalışır və bu üzdən ölkəni tərk edə bilmir.

Prezident seçildiyi 2 ilə yaxın müddətdə Makron hansısa ciddi nailiyyətilə öyünə bilməz. Onun istər ölkə daxili, istərsə də Avropa İttifaqı üçün vəd etdiyi islahatlar həyata keçməyib. Üstəlik, bu təşəbbüslər Makronla eyni düşüncədə olanlar tərəfindən belə, ciddi müqavimətlə qarşılaşıb. Məsələn, prezidentin iqtisadi təlatümlər zamanı sabitliyin təmin edilməsi üçün avrozona üzvlərilə ümumi büdcənin yaradılması, həmçinin avrozonanın maliyyə naziri postunun təsisi olunması təklifi Aİ-nin əsas sponsoru sayılan Almaniya tərəfindən uzun müddət cavabsız qalıb. Yalnız ötən ilin dekabrında avrozona üzvü olan 19 ölkə, nəhayət, Avropa Valyuta İttifaqında islahatların aparılmasına razılaşıblar.

Lakin skeptiklər hələ də hesab edir ki, avrozonada islahatlara Fransa və Almaniyanın fərqli yanaşması onların həyata keçirilməsi zamanı problemlər yaradacaq.

Bütün bunlarla yanaşı, Avropanın iki ən nəhəng iqtisadiyyatının, Aİ əhalisinin üçdə ikisini özlərində birləşdirmiş bu iki dövlətin münasibətlərinin gec-tez Aİ layihəsinin özünü zərbə altına qoyacaq dərəcədə gərgin olduğunu düşünmək də doğru olmazdı. Məsələ ondadır ki, Merkel ilə Makron ölkələrində o qədər də möhkəm olmayan mövqelərinin qayğısına qalmaqla yanaşı, var güclərilə Aİ-nin qorunmasına, güclənməsinə də çalışırlar. Böyük Britaniyanın Aİ-ni tərk etməsi ərəfəsində bu, onlar üçün daha da vacib vəzifəyə çevrilib. Üstəlik, Avropanın bir sıra ölkələrində hakimiyyətə gəlmiş populistlər ittifaqı daxildən laxlatmağa çalışır. Misal kimi, İtaliya, Macarıstan, Polşa və digər ölkələri göstərmək olar. Məsələn, İtaliyanın baş naziri Matteo Salvini Berlinlə Parisi Aİ-nin rəhbər orqanlarına mayda keçiriləcək seçkidə «tamamilə yeni Avropanın qurulması» tərəfdarlarının qələbə qazanacağı ilə hədələyib: «Polşa ilə İtaliya bu yeni Avropa baharının qəhrəmanları olacaqlar».

 

Qızlar və qızılgüllər kimi solan müqavilələr

Almaniya ilə Fransa arasında barışıq və dostluq haqqında müqavilə 1963-cü il yanvarın 22-də prezident Şarl de Qoll ilə kansler Konrad Adenauer arasında Yelisey sarayında imzalanıb. O zaman müqavilənin məqsədi yalnız bu düşmənlər arasında dost və işgüzar münasibətlərin qurulması deyildi. Onlar bununla qitənin digər ölkələrinə sabit və çiçəklənən Avropa uğrunda birləşmək vaxtının gəldiyi mesajını da verməyə çalışırdılar.

Müqavilənin ən böyük uğuru bütün səviyyələrdə müxtəlif kommunikasiya alətlərindən uğurlu istifadədir – siyasətçilərdən hərbçilərə, gənclərdən sərhəd bölgələrinin sakinlərinədək. O vaxtdan xarici siyasətin koordinasiyası, hərbi əməkdaşlıq, təhsil proqramlarının icrası kimi qarşılıqlı öhdəliklər də götürülüb.

Lakin bir mərhələdə Fransa ilə Almaniyanın maraqları haçalanmağa başlayıb. Almaniya parlamentin Yelisey sazişinin ratifikasiyası zamanı sənədə ölkənin ABŞ ilə xüsusi münasibətlərindən bəhs edən preambula əlavə edib. Bundan son dərəcə qəzəblənmiş de Qoll məşhur fikrini məhz o zaman səsləndirib: «Müqavilələr də qızlar və qızılgüllər kimidir. Onlar da solur». O zaman Fransa prezidentini anlamaq mümkün idi. Məsələ ondadır ki, müqavilənin imzalanmasında əsas məqsədlərdən biri məhz ABŞ-ın təsirinə müqavimət göstərilməsi idi.

 

Qərbin paytaxtı

O vaxtdan 56 il keçir. 2019-cu il yanvarın 22-də Fransa ilə Almaniya kiçik alman şəhəri olan Axendə yeni saziş imzalayır. O, əvvəlki razılaşmanı əhəmiyyətli dərəcədə genişləndirir və zənginləşdirir. Sənəd Yelisey sazişindən həcminə görə də 2 dəfə böyük və daha iddialıdır. Onun imzalanma yeri də kifayət qədər aşkar eyham kimi seçilib. Axen şəhəri, yaxud fransız toponimilə Eks-lya-Şapel (Aix-la-Chapelle) əsrin ortalarında Böyük Karlın başçılıq etdiyi Qərb (yaxud Frank) imperiyasının paytaxtı, daha sonra Müqəddəs Roma imperiyası imperatorlarının tacqoyma mərasiminin keçirildiyi yer olub. 1668 və 1748-ci illərdə Avropanın düşmən fövqəldövlətləri arasında sülh razılaşmaları da bu şəhərdə imzalanıb.

1818-ci ildə Eks-lya-Şapeldə beynəlxalq konfrans keçirilib. Bu, inqilablardan və Napoleonun savaşlarından sonra Avropada yeni siyasi və hüquqi düzənin qurulmasını nəzərdə tutan Vyana razılaşmasından (1814-1815) sonra ilk beynəlxalq kofrans idi.

1950-ci ildən isə Axen Avropanın birləşdirilməsi və beynəlxalq əməkdaşlığa töhfələrə görə, Böyük Karl adına mükafatın təqdim olunma yeridir. Yeri gəlmişkən, 2008-ci ildə bu mükafat Merkelə, 2018-ci ildə isə «Avropa böhranının aradan qaldırılması məqsədilə millətçilik və izolyasionizmlə apardığı mübarizəyə görə» Makrona verilib.

Beləliklə, Avropanın iki aparıcı iqtisadiyyatın yeni razılaşmanın imzalanması üçün məkanı təsadüfən seçməyiblər. Yetişməkdə olan böhranın əngəllənməsi üçün birgə səylərə hazırlaşmağın tam zamanıdır. Bu gün Avropa layihəsinin daha sərt təmələ ehtiyacı var və Almaniya ilə Fransanın bu işdə əzm göstərməsinin vaxtıdır. Bu dəfə Almaniyanın Vaşinqton qarşısındakı öhdəlikləri, çətin ki, hansısa əhəmiyyət daşısın. Bu gün Berlində Donald Trampın populyarlığı Parisdə olduğundan da azdır.

ABŞ administrasiyasının Aİ-nin Vaşinqtondakı nümayəndəliyinin diplomatik statusunu azaltması da təbii ki, okeanın o biri tərəfindən simpatiya ilə qarşılanmayıb.

 

Parislə Berlin razılığa gəlib

«Fransa ilə Almaniya arasında sıx dostluq vahid, effektiv, suveren və güclü Avropa İttifaqının vacib elementi olaraq qalır», - deyə müqavilədə bildirilir. Bununla da, Avropanın əsas xəttinin güclü olaraq qaldığına, artmaqda olan avroskeptik millətçiliyə müqavimət göstərmək gücündə olduğuna eyham vurulur. Sənəddə hər iki tərəf Avropa üçün bütün vacib məsələlərdə birgə mövqedən çıxış etmək niyyətini də təsdiqləyib.

Müqavilə «ümumi qaydalara əsaslanan fransız-alman iqtisadi məkanı»nın yaradılmasını da nəzərdə tutur. Ekspertlər birliyi iqtisadi hüququn çətin məqamlarının harmonizasiyası yollarını tapmağa, investisiya maneələrini aradan qaldırmağa çalışacaq. Fransa prezidenti Emmanuel Makron düşünür ki, bu iqtisadi məkan «Avropa ölkələri arasında yaxınlaşma laboratoriyası» olmalıdır.

Parislə Berlin müdafiə proqramlarını da harmonizasiya etmək niyyətindədir. Buna, o cümlədən birgə Müdafiə və Təhlükəsizlik Şurasının yaradılması, hərbi texnikanın ixracı qaydalarının razılaşdırılması ilə nail olunmalıdır. Almaniya kansleri Angela Merkel bildirib ki, bu, gələcəkdə vahid Avropa ordusunun yaradılması istiqamətində atılacaq addım olacaq.

Tərəflər ərazilərinə silahlı hücum halında qarşılıqlı olaraq «mümkün yardımı və dəstəyi» təmin etməyi də nəzərdə tutur. Bu, «Silahlı qüvvələr də daxil olmaqla, bütün mümkün vasitələrlə» ediləcək. İlk baxışdan, burada yenilik yoxdur. Çünki NATO çərçivəsində «qarşılıqlı yardım və müdafiə» razılaşması var. Əslində isə məsələyə NATO-nun bu və ya digər səbəbdən iflic vəziyyətinə düşəcəyi təqdirdə istifadə olunacaq sığorta kimi yanaşmaq lazımdır. Hər halda, Vaşinqtonda NATO-nun maliyyələşdirilməsindən imtina haqda fikirlər yenidən eşidilməyə başlayıb.

Sazişdə Almaniyanın BMT TŞ-nin daimi üzvünə çevrilmək istiqamətində apardığı kampaniyaya dəstək də yer alıb.

İki ölkənin hər gün iş, təhsil və ya əyləncə ardınca saysız-hesabsız insanın keçdiyi 450 kilometrlik sərhədinin möhkəmləndirilməsi məsələsinə də ciddi diqqət ayrılıb. Fransa ilə Almaniya bir-birinin dilini öyrənməyə mümkün qədər çox insanın təşviqini, akademik ixtisasların qarşılıqlı olaraq daha geniş tanınmasının təminini də vacib sayır. Bütün bunları asanlaşdırmaq üçün bəzi bölgələrə böyük muxtariyyət də verilə bilər.

 

Tənqidlər və feyklər

Yeni müqavilənin Merkellə Makronun istər ölkələr daxilində, istərsə də kənardakı ideoloji rəqibləri tərəfindən tənqid edilməməsi qəribə olardı. Hər zaman olduğu kimi, bu tənqidlər arasında ağıllı fikirlər də var, aşkar «feyk»lər də.

Məsələn, «Milli cəbhə»nin lideri Marin Le Pen düşünür ki, sonda Fransa BMT TŞ-dəki yerini Almaniyaya güzəştə getməli olacaq. Halbuki BMT-nin qaydaları bunu sadəcə, mümkünsüz edir.

Le Pen Fransanın nə vaxtsa nüvə silahı arsenalını da Almaniya ilə bölüşəcəyini deyir.

Müqaviləni imzalamış tərəflər isə müdafiə proqramlarının unifikasiyasının son dərəcə çətin iş olduğunu etiraf edir. Fransa ilə Almaniya 1989-cu ildən birgə briqadaya malikdir. Lakin orada hələ də qarışıq bölüklər yoxdur və əsgərlərə milli standartlara uyğun təlimlər keçirilir. Onların silahları da fərqlidir. Hazırda bu briqada Malidə dislokasiya olunub. Lakin fransalı əsgərlər antiterror missiyalarında iştirak edirsə, almanlar yalnız yerli hərbçilərin hazırlığı ilə məşğuldur. Bu, qarşılıqlı anlaşmanın olmadığı anlamına gəlmir. Sadəcə, iki ölkənin silahlı qüvvələri arasında mədəniyyət fərqləri var.

Odur ki, əvvəlcə bu və digər maneələr aradan qaldırılmalıdır. Əsas odur ki, bir-birini anlamaq, qarşılıqlı güzəştlərə getmək istəyi var. «Şimal axını-2» layihəsilə bağlı razılaşma da buna nümunədir.

Ümid edək ki, general de Qoll heç də hər zaman haqlı olmayıb.



MƏSLƏHƏT GÖR:

299