29 Mart 2024

Cümə, 02:27

MƏRKƏZİ ASİYANIN «CİHADLAŞMASI»

Taliblərlə mərkəzi hökumət arasında barışığın müşahidə olunduğu bir vaxtda İD tərəfdarları mövqelərini gücləndirir

Müəllif:

15.02.2019

Bu yaxınlarda Dohada keçirilmiş danışıqların yekununda ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Əfqanıstandan tam çıxarılmasının mümkünlüyünü bəyan edib. Taliblər isə bunun baş verəcəyi konkret tarixi belə, elan ediblər – ölkənin amerikapərəst hökumətinə qarşı hərbi əməliyyatların dayandırılmasından ilyarım sonra.

Bunun fonunda taliblərin əsirliyində olan 40 «İslam Dövləti» (İD) üzvünün qaçdığı haqda xəbər yayılıb.

 

«Elə-belə» getmək olmaz

Yanvarın sonlarında İranın informasiya agentlikləri Əfqanıstanın taliblərə məxsus həbsxanasından 40 İD terrorçusunun qaçdığına dair xəbər yayıb. Bu, Əfqanıstanda onsuz da qarışıq olan vəziyyəti bir qədər də qəlizləşdirib. İran KİV-i baş verənlərə görə günahı dərhal ABŞ ordusunun üzərinə qoyub: guya, amerikalılar bu yolla antitalib hərəkatını gücləndirməyə çalışır. Lakin Tramp administrasiyası ilə «Taliban» liderləri arasında ciddi razılaşmanın əldə olunduğu bir vaxtda bu versiya inandırıcı görünmür. Əksinə, İD terrorçularının qaçması taliblərin ABŞ qarşısında strateji-kəşfiyyat işləri baxımından zəifliyini ortaya qoyub və danışıqlarda onların mövqeyini daha zəif hala gətirib.

Taliblərin hökumət binalarına, Əfqanıstan ordusunun ayrı-ayrı bölüklərinə hücumları kəsilməsə də, son il ərzində «Taliban»ın nəzarətində olan ərazi, demək olar ki, böyüməyib. Bunu Əfqanıstan hökumətinin nəzarətindəki güc strukturlarının texniki baxımdan daha üstün, daha təchizatlı olması ilə də əlaqələndirmək mümkündür. Son illərdə amerikalılar Əfqanıstan ordu və jandarmeriyasının sayını 300 min nəfərədək artırıb. Taliblərin silahlı dəstələrinin sayı isə 50 mini ötmür.

Əfqanıstan ordusu say və texniki üstünlüklə yanaşı, rəqib üzərində maddi üstünlüyə də malikdir. Tramp hələ ötən il Əfqanıstana ayrılmış trilyonlarla dollardan əbəs yerə bəhs etmirdi. Hökumət tərəfindən orduya çağırılan gənclərə ayda, orta hesabla, 300-500 dollar məvacib verilir ki, bu da Əfqanıstan reallığında kifayət qədər yaxşı rəqəmdir. Bu, hərbi xidmətə yeni cəlb olunmuş gənclərin taliblərə, yaxud başqa radikal siyasi hərəkatlara tərəf keçməsini də əngəlləyir.

Bütün bunlarla yanaşı, yalnız ötən il taliblər 22 minədək əfqan hərbçinin həyatına son qoyub. Beləliklə, «Taliban»a qarşı fəal hərbi mübarizənin davam etdiyi şəraitdə ABŞ Əfqanıstanda, təxminən, 14 minlik kontingent saxlamaq məcburiyyətindədir. Onların əsasını xüsusi əməliyyat qüvvələri təşkil edir. Məsələ ondadır ki, Amerika əsgəri əfqanıstanlı həmkarından «baha»dır. Bu «məhdud kontingent»in saxlanılması belə, Pentaqona, təxminən, Əfqanıstan ordusunun tam təchizatı ilə eyni qiymətə başa gəlir. Odur ki, biznesmen Trampın prezidentliyi dövründə Əfqanıstan Amerika administrasiyası üçün hədsiz dərəcədə bahalı yük sayılır. Lakin amerikalılar buranı «elə-belə» tərk etməyi də düşünmür. Çünki taliblərlə sülhə nail olunmazsa, bu ölkəyə qoyulmuş pul və illərdir göstərilən səylər «havaya atılmış» sayılacaq.

 

Taliblər cihadçılara qarşı

Taliblərlə hökumət qüvvələri arasında sülh əlamətlərinin müşahidə olunduğu şəraitdə Əfqanıstanın şimalında «İslam Dövləti» öz mövqelərini gücləndirməyə başlayıb. İD-nin «Şərqi Xorasana yürüş» elan etdiyi 2015-ci ildən başlayaraq, Əfqanıstanda cihadçılarla taliblər arasında qarşıdurma səngimir. İD Əfqanıstan istiqamətindəki fəaliyyətinin ilk illərində taliblərdən ayrılmış liderləri öz tərəfinə çəkməyə çalışırdısa, sonradan bu, bütünlükdə regionun əhalisini əhatə etməyə başlayıb.

Lakin İD-nin Suriya və İranda darmadağın edilməsindən sonra «xilafət»in Mərkəzi Asiyada olan yüzlərlə yaraqlısı doğma torpaqlara qayıtmağa başlayıb. Beləliklə, cihadçılar Əfqanıstanın cənub və şərq əyalətlərində nəzarəti itirdikdən sonra Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgələrdə – Cauzcan, Kunduz, Balx və Tahar əyalətlərində gücləniblər. Buna cavab olaraq, «Taliban» onlara qarşı güzəştsiz müharibə elan edib və ötən il ərzində vadilərdə, dağ dərələrində İD yaraqlılarına divan tutub. Darmadağın olunmuş «xilafət»in Əfqanıstanda dirçəlməsi təhlükəsi qardaş müharibəsinin barışmaz tərəflərini belə birləşdirib. Hətta ötən ilin yayında Əfqanıstan hökuməti taliblərlə müvəqqəti atəşkəs elan etmişdi. Hökumət bunu taliblər üçün «yadelli işğalçılar»ın ölkədən çıxarılması imkanının yaradılması kimi qiymətləndirirdi.

Lakin total təqiblərə rəğmən, bu gün Əfqanıstanın şimalında 4-5 min cihadçının olduğu deyilir. Onların döyüş təcrübəsini nəzərə alsaq, bu, kifayət qədər ciddi hərbi gücdür. Bəzi məlumatlara görə, burada onlara «İslam Dövləti»nin «hərbi naziri» Qulmurod Xalimov başçılıq edir. Bir vaxtlar Tacikistan xüsusi təyinatlılarının komandiri olmuş Xalimov bir müddət əvvələdək nə vaxtsa vətənə qayıdaraq, orada şəriət qanunları quracağını deyirdi. Odur ki, bu gün Pyanc sayı boyunca sərhəd ciddi şəkildə mühafizə olunsa da, Tacikistanda bəzi yaraqlı qruplarının dağ aşırımları vasitəsilə ölkə ərazisinə daxil olacağından narahatdırlar. Onlar hesab edirlər ki, yaraqlılar ölkədəki sosial qeyri-sabitlikdən istifadə edərək, əhalini ayağa qaldıra bilər.

Bütün Asiyanın islamlaşdırılması kimi hədəfi olmayan (İD-dən fərqli olaraq) «Taliban» isə cihadçıların Mərkəzi Asiyaya yönəlməsinə yardım göstərməyə hazırdır. Çünki bu halda onlar «çağırılmamış qonaq»dan xilas olacaqlar.

 

Xalq üçün tiryək neçəyədir?

Bu gün Əfqanıstanda gedən proseslərin kökü göründüyündən daha dərindədir. O, ölkədəki etnik qarışıqlığa və qismən davam edən tayfaçılıq düzəninə bağlıdır. İlk növbədə, qeyd olunmalıdır ki, fasiləsiz müharibələrə, milyonlarla insanın qaçqın düşməsinə baxmayaraq, son 20 ildə Əfqanıstan əhalisi nəinki azalmayıb, üstəlik, əhəmiyyətli dərəcədə artaraq, təxminən, 33 milyona çatıb. Etnoloqların proqnozlarına görə, ölkə əhalisinin hazırkı artım tempi davam edərsə, 2100-cü ildə onların sayı 100 milyon nəfərə çatacaq.

«Taliban»ın əsas yeni döyüşçü «tədarükçüsü» olan puştunlar Əfqanıstan əhalisinin 40%-dən çoxunu təşkil edir. Ölkənin mərkəzi və şimal əyalətlərində məskunlaşmış və ümumi əhalinin, təxminən, 35%-ni təşkil edən taciklər onlara qarşıdır. Əfqanıstan əhalisinin 20%-ni təşkil edən türkdilli özbəklər, türkmənlər və həzaralar əsasən ölkənin şimal və şimal-şərq əyalətlərində, Özbəkistan və Türkmənistanla sərhəddə yaşayır.

Bundan başqa, Əfqanıstan əhalinin sürətlə artması fonunda dünyanın ən yoxsul ölkələrindən biri olaraq qalır. 35 ildir bitmək bilməyən müharibə onun onsuz da güclü olmayan iqtisadiyyatını tamamilə çökdürüb. Əfqanıstan bəzi faydalı qazıntılara sahib olsa da, infrastrukturun yoxluğu onların hasilatını çətinləşdirir. Bu gün ölkənin milli gəlirinin 60%-nin opiat və onun törəmələrinin ixracından gəldiyi təəccüblü deyil. Bu illər ərzində «Əfqanıstan» və «heroin» anlayışları bütün dünyada sinonim kimi qəbul edilməyə başlayıb: bu təhlükəli narkotikin dünya üzrə istehsalının 90%-dən çoxu məhz Əfqanıstanın payına düşür. Yoxsulluq içərisində yaşayan əfqan kəndlisi narkotik becərmək məcburiyyətindədir. Bu isə narkotik ticarətinə və bölgənin total kriminallaşmasına gətirib çıxarıb. Çoxsaylı hərbi qruplaşmalar bu gün Əfqanıstanda narkotik maddələrin istehsalına, satış kanallarına nəzarət uğrunda da mübarizə aparır.

 

Hakimiyyət kimdə olacaq?

Əfqanıstanda «Taliban»ın son fəallığı həm də 2018-ci ilin oktyabrında keçirilmiş parlament və qarşıdan gələn prezident seçkisilə əlaqədardır. Ötən il taliblərin zorakılıq aktları vədinə baxmayaraq, təxminən, 9 milyon seçicinin 3 milyondan çoxu parlament seçkisinə qatılıb. Beləliklə, «Əfqanıstanda demokratiya mümkündürmü?» sualına onillərdir davam edən daxili savaşlardan, kənar müdaxilələrdən bezmiş əfqan xalqının özü cavab verib. Xalqın gələcəyilə bağlı siyasi qərarların qəbulunda iştirakı perspektivi qeyri-müəyyən qalsa belə, bu, onları seçki məntəqələrinə üz tutmaqdan çəkindirməyib.

Bu il aprelin 20-nə təyin olunmuş prezident seçkisi isə iyuna keçirilib. Bu, radikal «Taliban» hərəkatı ilə sülh razılaşmasına dair danışıqlara hazırlıqla bağlıdır.

Doha danışıqları ilə paralel, Moskvada da əfqanıstandaxili barışığa dair konfrans keçirilib. Əfqanıstanın Rusiyadakı diasporunun himayəsilə bir araya gəlmiş əfqanıstanlı siyasətçilər və fəallar ölkənin sabiq prezidenti Həmid Kərzainin başçılığı ilə «Taliban» nümayəndələrilə danışıqlar masası arxasına əyləşiblər. Göründüyü kimi, taliblər Əfqanıstanın hazırkı prezidenti Əşrəf Qənidən fərqli olaraq, sabiq dövlət başçısı ilə danışıqlardan imtina etmir. Əşrəf Qəni isə Moskva danışıqlarını artıq «səlahiyyətsiz» elan edib. Onun sözlərinə görə, bu məsələdə ümumxalq konsensusu əldə olunmazsa, «Taliban»la sülh razılaşması imzalanmayacaq. Taliblər isə hələlik Əfqanıstan rəhbərliyini «ABŞ-ın oyuncağı» adlandırır və onunla birbaşa danışıqlardan imtina edir. Radikalların bu mövqeyini dəyişib-dəyişməyəcəyi tezliklə bəlli olacaq: artıq fevralda Dohada ABŞ ilə taliblər arasında danışıqların ikinci raundu keçirilməlidir. Bəlkə də, terrorçuların «qılığına girilməsi» taktikası sərt təzyiqdən daha effektiv olacaq.



MƏSLƏHƏT GÖR:

301