19 Aprel 2024

Cümə, 21:06

BÜTÖVLÜYÜN QARANTLARI

Türkiyə ilə Rusiya arasında artan əməkdaşlıq Suriyada sülhün bərqərar olunmasına kömək edir

Müəllif:

15.02.2019

Türkiyənin Suriya probleminin nizamlanmasındakı rolunun artması ərəb ölkəsinin müharibədən sonrakı quruluşunda əsas amillərdən birinə çevriləcək. Ankara Amerikanın Suriyanın şimalında kürd muxtariyyəti yaratmaq planını qəti qəbul etmir. Bu isə Türkiyə ilə ABŞ arasında ziddiyyətləri daha da artırır, Suriyanın bütövlüyünün qorunub saxlanmasında maraqlı olan Moskva tərəfindən isə anlayışla qarşılanır.

 

Ankara əməliyyatlara hazırdır

Türkiyə Suriyanın şimalında kürd terror təşkilatının mövcudluğu ilə barışmayacağını qəti şəkildə ortaya qoyur. Türkiyə ordusunun strateji əhəmiyyətli bölgə olan Manbic şəhərinə hücuma hazırlıq görməsi də bununla bağlıdır. Kürdlərin «Demokratik ittifaq» partiyasının (PYD) hərbi qanadı olan «Xalq özünümüdafiə qüvvələri» (YPG) məhz bu şəhərdə məskunlaşıb. Ankara hər iki təşkilatı Türkiyənin cənub-şərqində 10 minlərlə insanın ölümündə günahkar olan terrorçu Kürd Fəhlə Partiyasının (PKK) strukturu sayır.

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bu günlərdə kifayət qədər vacib bəyanatla çıxış edib. Onun sözlərinə görə, Ankara ilə Moskva Suriyanın Manbic şəhərilə bağlı «yol xəritəsi»nin reallaşdırılmasına dair razılığa gəlib. Söhbət əvvəllər əldə edilmiş Türkiyə-ABŞ razılaşmasına uyğun fəaliyyətdən gedir. Demək, Ankara milli təhlükəsizliyinə və ərazi bütövlüyünə kürd terrorçularından gələn bütün təhdidləri aradan qaldırmaq üçün Rusiyanın prinsipial dəstəyini alıb. Moskva, öz növbəsində, kürd qüvvələrinə Qərbin regiondakı maraqlarının təmini aləti kimi yanaşır. Ankaranın Birləşmiş Ştatlardan «yol xəritəsi»lə bağlı hələ ötən ilin iyununda razılaşdırılmış Türkiyə-ABŞ sövdələşməsinə əməl etməsini istəməsi məhz bu üzdən Moskva tərəfindən də bəyənilir. Söhbət kürd hərbi birləşmələrinin Manbicdən çıxarılması planından gedir.

Ankara ABŞ-ın YPG və PYD-yə hərbi yardım göstərməsindən, həmçinin «yol xəritəsi»nin icrasına başlanılmasını uzatmasından narazılığını dəfələrlə dilə gətirib. Ankara ilə Vaşinqton arasında bu məsələ ilə bağlı yaranmış ziddiyyət ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması qərarından sonra daha da dərinləşib. Ağ Evdən bildirirlər ki, qoşunların Suriyadan çıxarılması ABŞ-ın «kürd müttəfiqlərinin maraqlarına ziyan vurmamalıdır». Türkiyə məhz bu üzdən bəyan edib ki, ABŞ PYD və YPG qüvvələrinin bölgədən xoşluqla çıxmasını təmin etməyəcəksə, o, Fərat çayından şərqdə, həmçinin Manbicdə hərbi əməliyyatlara başlayacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində fevralın 5-də etdiyi çıxışda ABŞ-ı bir daha Suriya ilə bağlı vədlərinə əməl etməyə səsləyib. Onun sözlərinə görə, əks halda Ankara «milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması üçün addımlar atacaq». Ərdoğan amerikalılara Manbiclə bağlı «yol xəritəsi»ni reallaşdırmaları üçün cəmi 2 həftə vaxt verib. Bu müddətdə lazımi addımlar atılmazsa, Türkiyə Suriyanın şimalında yeni antiterror əməliyyatlarına başlayacaq. «Amerikanın sanksiyaları bizi qorxutmur. Türkiyə hər şeyə rəğmən, Suriyanın şimalında təhlükəsizlik zonası yaradacaq», - deyə Ərdoğan bildirib.

Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatlarına tam hazır olduğunu ölkənin milli müdafiə naziri Hulusi Akar da təsdiqləyib. Bununla yanaşı, o, Suriyanın şimalında həyata keçirməyə hazırlaşdıqları hərbi əməliyyatların «bölgədə yaşayan etnik kürdlərə yönəlmədiyini» deyib. «Əməliyyatın məqsədi PKK-nın Suriya qanadı olan PYD/YPG-nin məhvi və təhlükəsizlik zonasının yaradılmasıdır», - deyə nazir qeyd edib.

Beləliklə, Ankara Suriya-Türkiyə sərhədində Fəratdan şərqə doğru bufer zonanın yaradılmasında qərarlıdır. Buna Manbicdən ətrafda, Əl-Arim yaşayış məntəqəsində kürd qüvvələrinin hakimiyyəti könüllü olaraq Suriyanın hökumət qüvvələrinə təhvil verməsi də maneə deyil. Halbuki kürdlər orada bu addımı məhz Türkiyə Ordusunun hücumundan sığortalanmaq üçün atıblar.

Manbic üzrə türk-amerikan «yol xəritəsi»nin reallaşdırılmasında Ankaraya Moskvanın da dəstək verməsi kürd təşkilatlarının planlarını pozur. Məsələ ondadır ki, Moskva kürd qüvvələrinin amerikalıların Suriyadakı əsas dəstəyi olduğuna və Rusiyanın dəstəklədiyi Suriyanın ərazi bütövlüyü üçün təhlükə doğurduğuna şübhə etmir.

Yaranmış vəziyyət bir daha göstərir ki, Suriyanın bütövlüyü ideyasına birmənalı dəstəyi, ilk növbədə, Astana prosesinin təşəbbüskarları və təşkilatçıları verir. Söhbət Rusiya, Türkiyə və İrandan gedir. Onlar problemin sülh yolu ilə tənzimlənməsinin qarantı kimi çıxış edirlər. Bu mənada Ərdoğanın Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyinə dair bəyanatı da yerinə düşür.

 

Ərdoğan Əsədlə razılığa gələcək? Putin razıdır

Ankara Suriya prezidenti Bəşər Əsədin daxili siyasətini pisləsə də, Suriya münaqişəsinin əvvəlki mərhələlərində birmənalı olaraq onun istefasını tələb etsə də, bu gün siyasi birliyi dəstəkləyir. Türkiyənin Suriyada yeni Konstitusiyanın hazırlanması, azad seçkinin keçirilməsi ideyasına dəstək verməsi də bununla bağlıdır. Bu, fevralın əvvəlində Ankarada aparılmış Türkiyə-Rusiya danışıqlarında da təsdiqlənib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Ankarada «Suriyadakı mövcud vəziyyət, siyasi prosesin irəli aparılması yolları müzakirə olunub, Suriya böhranının həllində vacib mərhələ kimi, tezliklə Konstitusiya komitəsinin fəaliyyətə başlamasının vacibliyi vurğulanıb».

Bu danışıqlardan az sonra Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu yaxın zamanlarda Suriyada Konstitusiya komitəsinin yaranacağını açıqlayıb. Komitənin tərkibində Suriya vətəndaş cəmiyyətinin, hökumətin və müxalifətin təmsilçiləri yer alacaqlar.

Moskva ilə Ankaranın Suriya ilə bağlı razılaşdırılmış siyasət yürütdüklərinin daha bir təsdiqi onların İdlibdə əməkdaşlığın davam etdirilməsinə dair gəldikləri razılıqdır. Türkiyə Milli Müdafiə Nazirliyi nümayəndələrinin Moskvaya yanvarın sonunda etdiyi səfər zamanı tərəflərin İdlibdə sülh və sabitliyin təmini üçün əməkdaşlığı davam etdirməyə hazır olduqları bəyan olunub. Maraqlıdır ki, Moskva ilə Ankara Türkiyəyə Mancib və Əfratın şərqindəki kürd qüvvələrindən gələn təhlükənin aradan qaldırılmasının vacibliyi məsələsində də həmfikirdirlər. Bundan başqa, Rusiya ilə Türkiyə Suriyanın ərazi bütövlüyünün tanınması çərçivəsində istənilən terror təşkilatı ilə mübarizədə əməkdaşlığa sadiqdirlər.

Bütün bunlar bir daha göstərir ki, Suriya münaqişəsinin uzunmüddətli həllində əsas amillərdən biri məhz Türkiyə-Rusiya əməkdaşlığıdır.

Bu arada daha bir vacib məqam diqqət çəkir. Ankara artıq Bəşər Əsədin prezidentliyi davam etdirməsinə qarşı çıxmır (ən azı, bu, əvvəlkitək hiss olunmur). Bununla da, o, faktiki olaraq, danışıqlar prosesində Suriya hökumət nümayəndələrinin də yer almasının məqsədəuyğunluğunu etiraf edir. Bundan başqa, Ankaranın Əsədin siyasi səhnədən getməsi tələbindən tam imtina edəcəyini (hələ etməyibsə) də düşünmək olar. Almaniyanın «Der Spiegel» nəşri Ərdoğanla Əsədin Suriyadakı vətəndaş müharibəsinə qədər dost olduqlarını xatırladaraq yazır ki, «indi, vəziyyət dəyişə bilər. Çünki Suriyanın şimalında məskunlaşmış kürdlər ordusunu regiondan çıxaran ABŞ-ın dəstəyini itirir. İndi onların taleyi Moskva ilə Dəməşqin qərarlarından asılıdır. Ərdoğan isə Türkiyə Ordusunun kürd yaraqlılarına qarşı əməliyyatlara başlamasına razılıq verilməsi qarşılığında Əsədlə barışığa gedə bilər».

Qəzet yazır ki, bu gün həm Ərdoğanın Suriya ilə bağlı prioriteti dəyişib: indi o, diqqəti Əsədin devrilməsinə deyil, Suriyada YPG-nin rəhbərlik edəcəyi kürd muxtariyyətinin yaranmamasına yönəldib.

Şübhəsiz ki, hadisələrin bu cür inkişafı Rusiyanı qane edir. O, Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində Türkiyənin simasında vacib müttəfiq qazanır, həmçinin Ankaranın Vaşinqtonun «kürd müttəfiqləri»lə mübarizəsindən maksimum dividend qazanmağa çalışır. Hər halda, bu, Amerikanın Suriyaya təsir imkanlarını məhdudlaşdıracaq.

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Suriya ilə Türkiyə arasında hələ 1998-ci ildə imzalanmış Adana sazişini əbəs yerə xatırlatmayıb. Həmin sənədə əsasən, Dəməşq öz ərazisində Türkiyəyə düşmən olan qüvvələrlə mübarizə aparmalıdır. Başqa sözlə, Dəməşq Adana sazişini imzalamaqla, əslində, PKK-ya qarşı mübarizədə Ankara ilə əməkdaşlığa «hə» deyib. PKK lideri Abdullah Öcalanın Suriya ərazisindən qovulması və sonradan həbsi də bunun sayəsində mümkün olub.

Ekspertlər Rusiya liderinin bu xatırlatmasını son dərəcə vacib gediş sayır. Məsələn, Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakış düşünür ki, Putinin Ərdoğanla yanvarda apardığı danışıqlardan sonra Suriya-Türkiyə münasibətlərinə dair bu bəyanatı verməsi, bəlkə də, Ankara-Dəməşq əlaqələrində yeni üfüqlər açır.

Beləliklə, Ankaranın kürd terror təşkilatları ilə mübarizəsi, həmçinin Türkiyə ilə Rusiyanın Suriya böhranı ilə bağlı əməkdaşlığının getdikcə genişlənməsi illərdir müharibə burulğanında boğulan bu ərəb ölkəsində tezliklə sülhün bərqərar olunmasına yol açır. Lakin bu yolda Suriya dövlətinin bütövlüyü haqda düşünməyən məlum qlobal güclərin yaratdığı maneələri nəzərə alsaq, iztirablı ərəb ölkəsində dinc həyata tezliklə nail olunması elə də asan görünmür.



MƏSLƏHƏT GÖR:

313