28 Mart 2024

Cümə axşamı, 14:36

QLOBAL TRENDLƏR ARASINDA BİRİNCİ

Nigar Arpadarai: “Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı heşteq ardıcıl iki il "Twitter"də birinci yerdə olub”

Müəllif:

01.03.2019

Formula 1 Azərbaycan Qrap-Prisinin keçirilmə müddəti 2023-cü ilədək artırılıb. Bu barədə sazişi fevralın əvvəlində Bakıda gənclər və idman naziri Azad Rəhimov və “Formula 1 Group” şirkətinin baş icraçı direktoru Çeyz Keri imzalayıblar.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi Formula 1 təqviminə 2016-cı ildən daxil edilib və bu il aprelin 28-30-da Bakıda keçiriləcək yarış sayca dördüncü olacaq. Əvvəlki müqavilə Qran-Prinin 2020-ci ilədək keçirilməsini nəzərdə tuturdu.

Bu il Bakıda avtomobil idmanı həvəskarlarına hansı yeniliklər və sürprizlər ediləcəyi ilə bağlı suallarımızı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai cavablandırıb.

- İlk olaraq, müqavilənin artırılması barədə danışmaq istərdik. Bu, bir qədər gözlənilməz oldu.

- Bildiyiniz kimi ilkin müqavilə 5 il müddətinə nəzərdə tutulmuşdu. Yəni 2020-ci ildə başa çatmalı idi. Bundan sonra tərəflər şərtlərə yenidən baxaraq müqaviləni artırmaq və ya dayandırmaq hüququna malik idi. Biz indidən bəzi şərtləri yenidən baxaraq müqaviləni artırmaq barədə qərar qəbul etdik. Beləliklə, 2023-cü ilə qədər Formula-1 yarışı Azərbaycanda olacaq.

- Nə üçün məhz 3 il?

- Bu, müqavilə imzaladığımız Liberty Media tərəfinin şərtidir.

-  Formula-1-də söz sahibi Liberty Media olandan sonra nə dəyişib?

- Bir sıra dəyişiklik gözlənilir. Yeni rəhbərlik Formula-1-in əhatəsini artırmaq barədə işlər aparır. İnternetdə silsilə layihələr olacaq. Yarışın əhatəsini artırmaq barədə düşünürlər. Formula-1 daha çox 25 yaşdan yuxarı olan insanların maraq dairəsindədir. Hazırda onlar daha çox gəncin marağını bu yarışa cəlb etməyə çalışırlar.

- Bu il Formula-1 Azərbaycanda dördüncü dəfə keçiriləcək. Bakı Şəhər Halqasının əsas hədəfi nədən ibarətdir?

- İlk növbədə, daha çox bilet satışını reallaşdırmaq istəyirik. Formula-1-in yerli əhali arasında daha da sevilməsinə səy göstəririk. Eyni zamanda Bakıda keçirilən yarışın xarici ölkələrdə daha çox tanınmasına çalışırıq. İndiyədək Azərbaycan Qran Prisi üç dəfə baş tutub. Onlardan ikisi ən yaxşı yarış adına layiq görülüb. Xarici fanatların Bakı yarışına böyük marağının olması bizi sevindirməyə bilməz. Bilet satışını daha sürətlə reallaşdırmaqla, ölkəyə turist axınını artırmaq və ölkə iqtisadiyyatına töhfə vermək istəyirik. Formul-1 rəhbərliyi artıq bəzi məqamlara fərqli yanaşır. Bu ildən etibarən yerli şirkətlərə bizimlə daha geniş əməkdaşlıq etmək imkanı verilib. Əvvəlki yarışlarda Formula-1-in sponsoru olmaq imkanı yox idi. İndi isə tərəfdaş kimi layihədə iştirak etməyə imkan verilir.

- Demək olar ki, bu ilki yarışda xərclərimiz az olacaq?

- Əlbəttə. Əgər ilk ildə biz təbliğat üçün maliyyə xərcləyirdiksə indi o qədər vəsaitə ehtiyac yoxdur. Artıq Azərbaycan Qran Prisi özünəməxsus səviyyədə tanınır. Bundan başqa, eyni infrastruktur istifadə olunur və yol xərclərimiz azalır. Yarış eyni asfalt qatında keçirilir, onun dəyişdirilməsinə ehtiyac yoxdur. Qurğulara, avadanlıqlara xərcimiz çıxmır.

- Yeni ulduz səfir kim olacaq?

- Ulduz səfir olmayacaq. Amma konsertlərimiz qüvvədədir. Hazırda danışıqlar gedir. Dəqiqləşəndən sonra hansı ulduzların Bakıya gələcəyi barədə məlumat veriləcək.

- Bilet satışını təhlil etsək, ən çox hansı ölkədən Azərbaycan Qran-Prisinə maraq göstərilir?

- Rusiyadan çox böyük maraq var. Sonrakı yerləri İngiltərə, Ukrayna, Finlandiya tutur.

- Azərbaycanda Formula-1 dördüncü mövsümünə qədəm qoyur. Sizcə, bu illər ərzində Bakı Şəhər Halqası nəyə nail olub?

- İldən-ilə maraq artır. İlk ildə insanlar Formula-1 haqqında o qədər də məlumatlı deyildi. Hazırda bu yarışı sevənlərin sayı artıb. Son Formula-1 yarışı göstərdi ki, izləyicilərin arasında 31% artım var.  Ötən il isə bilet alanların 77%-i  azərbaycanlılar olub. Bu illər ərzində bizim özümüzün də təcrübəmiz artıb.

Son illər ölkəyə turist axını hiss olunur. Fikrimcə, bu işdə Formula-1 yarışının özünəməxsus yeri var. Turistlər var ki, Formula-1 üçün Bakıya gəlir, sonra isə ailəsiylə istirahətə görə yenidən Azərbaycanı seçir. Xaricilər ölkəmizi – mədəniyyətimizi, tariximizi daha yaxşı tanımağa başlayıb. Ötən il Qran-Pri günü küləkli hava var idi. Düşünürdük ki, küləkli hava insanların gəlməsinə mane olacaq. Amma təsiri olmadı. Bu onu göstərir ki, Formula-1 insanları maraqlandırır.

- Ölkəmizdə çoxlu sayda mötəbər beynəlxalq idman yarışları keçirilir. Sizcə, Formula-1 azarkeşlərin marağında hansı yeri tutur?

- Birinci yerdə, fikrimcə, futboldur. Azərbaycanlılar futbolçu çox sevir. Formula-1 isə ilk üçlükdə qərarlaşıb. Son illər maraq artıb. Artıq insanlar digər ölkələrdəki Formula-1 yarışlarını da izləyirlər. Onlara pilotların yürüşü, finişə neçənci yerdə çatacaqları maraqlıdır. Formula-1-dən ən böyük qazancımız təbliğatla bağlıdır. Canlı efirdə eyni zamanda 83 milyon insan yarışı izləyir. Çox böyük auditoriyadır. Turnirlə bağlı nüfuzlu TV-lərdə xəbərlər, reportajlar yayımlanır.

- Builki Formula-1 Azərbaycan Qran Prisinin keçirilməsinə az vaxt qalır. Yarışa hazırlıq işləri nə yerdədir?

- İşlər qrafikə uyğun davam edir. Artıq Pit binasının əsas quruluşu hazırdır, binanın içərisində tamamlama işlər görülür. Digər tərəfdən trekdə beton blokların yerləşdirilməsinə başlanılıb və bu aydan etibarən tribunaların quraşdırılmasına, həmçinin Dənizkənarı Milli Parkın ərazisində işlərə başlanılacaq.

Bütün işlər yarış həftəsinin əvvəlində tam yekunlaşacaq. Yarış şəhərin mərkəzində olduğu üçün yolları bağlaya bilmirik, ona görə də son işlər yarış həftəsinin ilk günlərində həyata keçiriləcək. Hazırda işlər elə aparılır ki, insanlara heç bir narahatlıq törədilmir. İşləri əsasən gecə saatlarında görməyə çalışırıq ki, insanlar əziyyət çəkməsinlər.

Yarış həftəsi ərzində işlər daha çox olacaq. İndidən insanlardan üzr istəyirik, çünki Qran Pri zamanı müəyyən narahatlıqlar olur, yollar bağlanır. Bu Qran Pri Azərbaycan üçün böyük dividendlər gətirir. Ona görə də insanlarımızdan çox xahiş edirik ki, bunu səbirlə, anlayışla qarşılasınlar.

Maraq üçün qeyd etmək istərdim ki, Azərbaycan Qran Prisi ilə bağlı heşteq ardıcıl iki il "Twitter"də birinci yerdə olub. Təsəvvür edin, nə qədər insan Azərbaycan Qran Prisi haqqında yazıb, paylaşımlar edib ki, biz "Twitter"də qlobal trendlər arasında 1-ci yerdə olmuşuq. Bu, ölkəmizin tanıdılması baxımından çox böyük işdir.



MƏSLƏHƏT GÖR:

270