18 Aprel 2024

Cümə axşamı, 17:37

ERMƏNİSTAN: NASİZMİN İCAZƏLİ OLDUĞU ÖLKƏ - IX HİSSƏ (yekun)

Ermənistan nasist cinayətkarı Njdeni niyə qəhrəmanlaşdırır?

Müəllif:

01.03.2019

Məqalələr silsiləmizin sonunda bir məqama aydınlıq gətirilməsini vacib sayırıq: Ermənistan hökuməti və erməni diasporunun hər hansı digər erməni millətçisinin deyil, məhz Qaregin Njdenin adının «göylərə qaldırılmasına» çalışması nə ilə bağlıdır? Axı, dünyanın siyasi xəritəsində Ermənistan Respublikasının peyda olmasında ondan daha çox rol oynamış kifayət qədər erməni millətçisi var.

Son 25 il ərzində erməni ziyalılarının və gəncliyinin təqlid edə biləcəyi, həm Ermənistanın daxilindəki bütün siyasi elitaları, həm də xaricdəki diasporanı qane edəcək ideal üçün ən müxtəlif xarizmatik nümunələr irəli sürülüb və bu zaman ölkənin ən yeni tarixinin personajları nəzərdən keçirilib. 1988-1994-cü illər Qarabağ müharibəsi başa çatar-çatmaz, bu məqsədlə uzun müddət beynəlxalq terrorçu Monte Melkonyanın adı hallandırılıb. ABŞ-da böyümüş, Berkli Universitetinin (Kaliforniya) məzunu olmuş Melkonyan 1975-1990-cı illərdə Livandakı vətəndaş müharibəsində fəal iştirak edib. O, ASALA erməni transmilli terror təşkilatında ikinci şəxs olub. Onu ASALA-RM qruplaşmasına da məhz Melkonyan çevirib. Məhz bu qruplaşmanın yaraqlıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsində müharibəyə başlamaq niyyətilə 1989-cu ildə Ermənistana gəliblər. Bu, həm də Cənubi Qafqazda Qaregin Njdenin vəsiyyətinə uyğun, ikinci müstəqil erməni dövlətinin yaradılması uğrunda müharibə idi.

Yeri gəlmişkən, müasir Rusiya ərazisindəki erməni diasporu Monte Melkonyanı hələ də ermənilərin əsas müasir milli qəhrəmanı sayır. Halbuki, əksər erməninin düşüncəsində o, iki səbəbdən belə qala bilməz: birincisi, 1992-ci ilin yayında Melkonyanın «Arabo» adlı dəstəsi Azərbaycan hərbçiləri tərəfindən darmadağın olunub, ikincisi, bundan az sonra onun özü də kəşfiyyat zamanı öldürülüb. Üstəlik, bu, əlbəyaxa döyüş zamanı baş verib və Melkonyanın başını kəsiblər. Onun bu cür biabırçı ölümü, həmçinin tabeliyində olan döyüşçülərin hamısının qırılması bu şəxsin adı ətrafında qəhrəman obrazının yaradılmasına imkan verməyib. Amma belə cəhdlərə bu gün də rast gəlinir.

Həmin hadisədən sonra İrəvan əsas milli qəhrəman obrazı olaraq Qaregin Njdeni ortaya çıxarmaq qərarına gəlib. Amma bu seçimin özü də daha çox ideoloji əsaslarla deyil, Ermənistan daxilindəki hakimiyyət mübarizəsinin nəticəsi kimi meydana çıxıb. Prosesə 2000-ci ildə, əsasını Njdenin qoyduğu irqçi «tseqakron» nəzəriyyəsinə əsasən yaradılmış Ermənistan Respublikaçılar Partiyasının lideri Andranik Marqaryanın ölkənin baş naziri təyini olunması ilə başlanılıb. O dövrdə Ermənistanda ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın tərəfdarları ilə sonda onu hakimiyyətdən uzaqlaşdıran ikinci prezident Robert Koçaryanın silahdaşları arasında kəskin daxili siyasi mübarizə gedirdi. Böhrana səbəb isə Ter-Petrosyanın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair apardığı danışıqlardakı mövqeyi idi. Bu mövqe Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin böyük hissəsinin Azərbaycana qaytarılmasını, üstəlik, bunun hər hansı ilkin şərt irəli sürülmədən edilməsini nəzərdə tuturdu.

Nəhayət, Ermənistan parlamentinin binasında 1999-cu il oktyabrın 27-də törədilmiş terror aktından sonra Ermənistan-Azərbaycan danışıqları pozuldu. Bundan sonra Ermənistanda hakimiyyətə gəlmiş, əsasən Azərbaycan ermənilərindən ibarət hərbi xunta ölkədə hakimiyyəti ələ keçirmələrinə legitimlik qazandırmaq məqsədilə işğal olunmuş torpaqları Ermənistan əraziləri elan etdi. Yeni hakimiyyət yenə də daxildə öz nüfuzunu gücləndirmək məqsədilə Qaregin Njdenin qəhrəmanlaşdırılmasına qərar verdi. Məsələ ondadır ki, 1921-ci ilin aprelində Cənubi Qafqazda ikinci erməni dövləti kimi, «Dağlıq Ermənistan Respublikası»nı» məhz Njde elan etmişdi. Müasir erməni millətçilərinin Azərbaycanın işğal olunmuş torpaqlarına iddiasının əsası da məhz bununla qoyulub. Bu, Ermənistan sakinlərinə - İrəvan ermənilərinə Azərbaycandan gələrək hakimiyyətini qəsb etmiş Qarabağ ermənilərinin onlara niyə rəhbərlik etməyə mənəvi haqqı çatdığını «izah etməli» idi.

Ümumiyyətlə, Njdenin «tseqakron» nəzəriyyəsi Ermənistan daxilindəki hakimiyyət uğrunda mübarizədə, siyasi elitanın dəyişməsində ciddi amillərdən olub. Prezident Levon Ter-Petrosyan liberal millətçilik tərəfdarı idi. Bu isə «Daşnaksutyun» partiyasının ideologiyasına yaxındır. Lakin bu, Ter-Petrosyanın 1996-cı ildə radikal «Dro» qruplaşmasının dövlət çevrilişinə cəhddən sonra daşnakların partiyasının fəaliyyətini qadağan etməsinə mane olmadı. Onu əvəzləyən prezident Robert Koçaryan yalnız həmvətənləri tərəfindən anlaşılması üçün deyil, həm də sələfindən fərqlənməsi üçün ictimaiyyətə yeni milli ideologiya təqdim etməli idi. Lakin o, prinsipial olaraq fərqli heç nə ortaya qoya bilmədiyi üçün, sadəcə, Njdenin nəzəriyyəsini bir qədər də radikal-sağçı formada tətbiq etməyə başlayıb. Bu, Koçaryanın xarici və daxili siyasətinin əsasını təşkil edib. İllər ötdükcə irqsi «tseqakron» Ermənistanda partiya nəzəriyyəsindən milli nəzəriyyəyə çevrilib və indi o, erməni ictimaiyyətinin əhəmiyyətli bir hissəsi tərəfindən qəbul olunur.

Hazırda Ermənistanın siyasi elitaları arasında əsas ideoloji ziddiyyət ondan ibarətdir ki, bir qrup tanınmamış «Dağlıq Qarabağ Respublikası»nı Ermənistanın bir hissəsi sayırsa, digər qrup Ermənistanın özünü de-fakto «Arsax»ın metropoliyası deyil, müstəmləkəsi hesab edir. Üstəlik, son yanaşma bu yaxınlaradək Ermənistanın siyasi sinifləri arasında daha hökmran mövqedə olub. Ən azı ölkəyə rəhbərlik edən siyasi sinif məsələyə belə yanaşıb.

Lakin bu məsələyə qərəzsiz yanaşdıqda aydın olur ki, müasir Ermənistanın bütün həyatı Dağlıq Qarabağın işğalı ideyasına həsr olunub. Ölkənin bütün resursları – insani, maddi, inzibati, diplomatik – məhz bu hədəf üçün səfərbər olunub. Bu dövrdə ölkə hökumətində, yerli administrasiyalarda, silahlı qüvvələrdə və polisdə bütün aparıcı postları Azərbaycan vətəndaşı olan, yaxud ən azı Azərbaycanda yetişmiş qarabağlılar tutub. Onlar maddi baxımdan da daha yaxşı vəziyyətdə yaşayıb, biznes fəaliyyətində daha çox imtiyazlara sahib olublar. Məhz bu maddi imtiyazlar sayəsində Ermənistanın eks-prezidentləri Robert Koçaryanla Serj Sarqsyan varidatlarını Rusiyaya köçürüb, öz şirkət və korporasiyalarını orada qurub, bununla da, faktiki olaraq, rəhbərlik etdiyi Ermənistana qarşı müstəmləkə siyasəti aparıblar. Ermənistan əhalisinin onların komprodorluğuna müqavimət göstərməməsi üçün isə ortaya Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılması ideyasının atası Qaregin Njdenin adı atılıb.

Erməni ictimaiyyətinin bu vəziyyətə istənilən etirazı isə hər zaman silah gücünə yatırılıb. Misal kimi, 2008-ci ilin 1-2 mart tarixlərində baş verənləri göstərmək olar. Həmin günlərdə İrəvanda prezident seçkisinin nəticəsinin saxtalaşdırılmasına etiraz edən kütləyə qarşı ordudan istifadə olunub. Söhbət yenə də Qarabağ klanının təmsilçisi Serj Sarqsyanın prezident elan edildiyi seçkidən gedir. Həmin günlərdə ordunun xalqın üzərinə yeridilməsi nəticəsində 10 nümayişçi həyatını itirib.

Beləliklə, Ermənistan Njdenin nəzəriyyəsindən yalnız Azərbaycana qarşı təcavüzə haqq qazandırmaq niyyətilə xarici siyasətindən istifadə etmir. Ermənistan daxilində vətəndaşların əsas hüquqlarının, demokratik azadlıqlarının boğulmasında da bu nəzəriyyədən istifadə olunur.

Ermənistan hakimiyyəti nasist cinayətkarı Qaregin Njdenin və ya beynəlxalq terrorçu Monte Melkonyanın qəhrəmanlaşdırılmasında hər zaman iki məqsəd güdüb. Birincisi, onlar bilavasitə erməni xalqına göstərmək istəyiblər ki, Ermənistanın beynəlxalq terrorçuların işğal olunmuş Azərbaycan torpaqlarında elan etdikləri «Dağlıq Qarabağ Respublikası»ndan olan şəxslərə tabe edilməsi ayrı-ayrı dövlətlərin simasında, beynəlxalq birlik tərəfindən bəyənilir və alqışlanır. İkinci hədəf, əlbəttə ki, işğalçı rejimin möhkəmləndirilməsi və onun yaşamağa mənəvi haqqının olduğu görüntüsünün yaradılmasıdır. Halbuki, sonuncu fakt yuxarıda qeyd etdiyimiz beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Faktiki olaraq, bu siyasət hər zaman hüquqi nigilizm, insan şərəfinin tapdanmasına əsaslanıb, çünki ideoloji əsaslandırma və interpretasiyadan asılı olmayaraq, nasizmin əsas xüsusiyyəti məhz budur.

Bütün bunlarla yanaşı, məhz erməni diasporunun təbliğatı sayəsində Qaregin Njde obrazı artıq iki dəfə ortaya müasir beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən amil kimi qoyulub. Əvvəlcə nasizmin fəal yardımçısı və yeni nəzəri istiqamətinin yaradıcısı, daha sonra isə müasir dünyada adı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı ilə assosiasiya olunan ideoloji obraz kimi.



MƏSLƏHƏT GÖR:

330