25 Aprel 2024

Cümə axşamı, 18:48

ULDUZLAR DANIŞIR

Nihat Kahveci: “Fürsət olsa, Azərbaycanda çalışmaq istərdim”

Müəllif:

18.03.2019

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyev və qızı Leyla Əliyevanın da izlədiyi matçda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları üz-üzə gəldi.

Maraqlı anlarla yadda qalan görüşdə məşhur futbolçular Yeju Dudek, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfiri Vəli Qasımov iştirak etdilər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatdı.

Qollardan beşinin müəllifi olan Türkiyə yığmasının sabiq futbolçusu Nihat Kahveci görüşdən sonra «Region plus» jurnalına eksklüziv müsahibə verdi.  

- Əvvəlcə səfər təəssüratlarınızı öyrənmək maraqlı olardı.   

-Mən bundan əvvəl də Türkiyə milli komandasının heyətində Bakıya gəlmişdim. Səhv etmirəmsə, bu, 7 il əvvələ təsadüf edirdi. Biz Azərbaycan milli komandasına qarşı köhnə stadionda oynamışdıq. İndi görürəm ki, Azərbaycanda futbola böyük dəstək var. Bu il Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkəniz üçün çox böyük şansdır. Belə böyük turnir vasitəsi ilə Azərbaycan dünyada daha da tanına bilər. Avropa Liqasında bu il çox güclü - "Arsenal", "Napoli", Çelsi, "Benfika", "Vilyarreal" və "Valensiya" kimi klublar var. Sanki bu yarış Çempionlar Liqasıdır. Buna görə də çox şanslı olduğunuzu düşünürəm. Bizə gəldikdə isə, Bakıya gəldiyimiz ilk dəqiqədən yaxşı qarşılandıq. Buna görə də ölkə Prezidenti cənab İlham Əliyevə, AFFA-nın prezidentinə və azərbaycanlı qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Burda olmaqdan xoşbəxtəm.

-Azərbaycan azarkeşləri Türkiyə təmsilçilərini Bakıdakı finalda görməyi arzulayırdılar.

- Avropa Liqasında klublarımızdan birini görmək istərdim, təəssüf, onlar artıq mübarizəni dayandırıblar. Düşünürəm ki, finalda İspaniya komandalarından biri olacaq. Əgər onlar növbəti mərhələlərdə bir-birilərinə rəqib olmasalar, böyük ehtimalla finalda azı bir İspaniya təmsilçisini görə bilərik.

- Vaxtilə heyətində çıxış etdiyiniz “Vilyarreal”ın şansları necədir?

- "Vilyarreal" İspaniya liqasında çətin günlər keçirir. Düşünürəm ki, onların əsas məqsədi liqada qalmaq olacaq. Yəqin ki, Avropa Liqasının finalına qədər irəliləməyə gücləri çatmayacaq. Bu mərhələyə qədər yüksəlmələri də onlar üçün yaxşı nəticədir.

- Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç Slaven Biliçin köməkçisi kimi “Beşiktaş”da çalışıb. Yığmanın sabiq baş məşqçisi Robert Prosineçki isə Türkiyədə “Kayserispor”a rəhbərlik edib. Bu mütəxəssislər barədə nə deyə bilərsiniz?

- Yurçeviç və Biliç birgə çox yaxşı mövsümlər keçirdilər. Eyni sözü Prosineçki barədə də deyə bilərəm. Hər ikisi çox səviyyəli mütəxəssislərdir. Son illər seçmə mərhələlərdə Azərbaycan millisi çətin qruplara düşsə də, qalib gəldiyi, xal qazandığı oyunlar oldu. Bu cür davam etmək lazımdır. Çünki rəqiblər də güclənir. Azərbaycan futbolunun önümüzdəki illərdə daha da inkişaf edəcəyinə inanıram. Fürsət olsa, Azərbaycanda çalışmaq istərdim.

- 2020-ci ildə Avropa Çempionatının dörd matçı Bakıda keçiriləcək. Sizcə, Azərbaycan millisinin qitə birinciliyində iştirak etmək şansları necədir?

- Hazırda qitədə bütün ölkələrdə futbol inkişaf edir. Artıq zəif komanda qalmayıb. Hətta reytinqdə son pillədə olan yığmalar belə güclü müqavimət göstərə bilər. Ona görə şanslar barədə danışmaq çətindir. Azərbaycan millisinə uğurlar arzu edirəm. Mən həmişə Türkiyə komandasıyla yanaşı, həm də Azərbaycan millisinə dəstək olmuşam.  

- Ölkəmizdə türk klublarının çoxlu azarkeş ordusu var. Bəs, siz klublarımızın avrokuboklarda çıxışı barədə məlumatınız varmı?

- Azərbaycan futbolunu əsasən avrokuboklarda izləyirik. “Qarabağ”ın Çempionlar Liqasında çıxışına baxmışam. “Atletiko”, “Roma” kimi klublara oyunu unutmaq olmaz. Xüsusilə “Atletiko”yla hər iki matçda heç-heçə oynamaq qürurverici nəticədir. Türkiyədə də sizin belə turnirdə iştirakınıza çox sevindik. Ümumiyyətlə, “Qarabağ” klubu son illər çox böyük nəticələr qazandı. Belə nəticələr Azərbaycan futbolunu qitədə tanıdır, ona olan marağı artırır. “Çelsi” klubuyla matçı qeyd edə bilərəm. Belə rəqiblərlə oyun bütün dünyada izlənilir. Sizin idmanda əldə etdiyiniz bütün uğurlara Türkiyə sevinir.

- Son zamanlar hansı işlərdə çalışmısınız?

- İspaniyada kurslara qatılaraq aldığım UEFA “Pro” lisenziyam var. Sonuncu dəfə AVRO-2016-da Türkiyə millisində Fatih Terimin köməkçisi olmuşam. Hazırda işsizəm. Ümidvaram ki, Azərbaycana səfərim vaxtı iş perspektivlərini də nəzərdən keçirə biləcəyik.



MƏSLƏHƏT GÖR:

329