28 Mart 2024

Cümə axşamı, 20:26

ANİMASİYANI CANLANDIRMAQ

Multiplikasiya filmləri: Rəssamlıq Akademiyasında bunun necə önəmli və gərəkli olduğunu anlayırlar

Müəllif:

18.03.2019

"Animasiya" sözü latın mənşəlidir və hərfi mənada "canlanma, dirilmə" deməkdir. Yəni multiplikasiya incəsənətini canlandırılmış hərəkət incəsənəti kimi də şərh etmək olar. Əsasında qrafik rəsm dayanır ki, bu rəsmlər bütün bədənin və ya onun hissələrinin vəziyyətinin faza dəyişikliyi əsasında canlı hərəkət edən personaj təsəvvürü yaradır. Animasiya filmlərini multiplikasiyaçı rəssamlar: qrafikaçı və heykəltəraşlar yaradır. Amma kompüter animasiyası (qrafiki faylların slayd-şousu!) meydana çıxdıqdan sonra animasiya bir incəsənət kimi öz "ruhunu» itirib. Lakin animasiyanı informasiya komiksləri səviyyəsinə endirməyə dəyərmi?

 

Canlı incəsənət  

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) animasiya sənətini qorumağa çalışırlar. Bir müddət əvvəl, burada yeni ixtisas tətbiq edilib: animasiya filmlərinin quruluşçu rəssamı. Önəmli məsələdir, çünki animasiya balaca insanlarımızın şəxsi keyfiyyətlərinin formalaşmasında və onların ictimailəşməsində çox ciddi rol oynayır.  

Akademiyanın rektoru xalq rəssamı Ömər Eldarov gerçək vətənpərvər, sənətə mütərəqqi baxışları olan bir adamdır. Öz işinin vurğunu olan ustad çox onilliklərdir ki, fədakarcasına sənətinə xidmət edir və bütün gücünü Azərbaycanın təsviri incəsənətinin bu gününə və gələcəyinə həsr edir. Akademiyada animasiya rəssamları "yetişdirmək" qərarı da göstərir ki, 92 yaşlı heykəltəraş ölkədə güclü animasiya məktəbinin olmasının vacibliyini anlayır. Bu qərar həm də onun mütərəqqi düşünən bir insan olduğunu göstərir. Ömər müəllimlə fotosərgidə görüşdük və fürsətdən istifadə edib suallarımızı ona ünvanladıq.

- Niyə məhz animasiya filminin quruluşçu rəssamı?

- Bütün rəssamlıq ali məktəblərində rəsm kafedrası ənənəvi iki istiqamətə – dəzgah və kitab qrafikası istiqamətlərinə malikdir. Keçən il gözəl müəllimə və əla multiplikasiya mütəxəssisi Firəngiz Qurbanovanın təşəbbüsü, deyim ki, israrlı təşəbbüsü ilə biz daha bir ixtisas təqdim etdik: animasiya filmlərinin quruluşçu rəssamı. Ümumi qəbul olunanlardan animasiya ilə məşğul olmaq üçün bir neçəsini seçdik. Bildirməyə məcburam ki, təəssüf ki, heç də hamı animasiya kafedrası yaratmaq ideyasını qəbul etmədi. Heç maraqlar da yoxdur. Fürsətdən istifadə edərək, deməliyəm ki, animasiya sənəti kafedrasının yaradılması məsələsinin həllində dövlət dəstəyinə ehtiyacımız var. Bunun üçün Təhsil Nazirliyinin qərarı lazımdır. Mən təhsil nazirinə bizim təşəbbüsümüzü dəstəkləməsi xahişilə məktub yazmışam, bu xahişin qanuniliyini və vaxtı çatdığını əsaslandırmışam: tələb də var, təklif də, deməli, bunu həyata keçirmək üçün peşəkar kadr hazırlamaq və tərbiyə etmək ehtiyacı da var. Bizi Mədəniyyət Nazirliyi də dəstəkləyir. Onlar da Təhsil Nazirliyinə məktub göndəriblər.

Ümid edir və inanıram ki, müvafiq kompüter proqramının yox, rəssamın əli ilə çəkilmiş canlı rəsmin önəmi ilə bağlı düşüncələrimizi anlayıb dəstəkləyəcəklər.

... Sonra biz animasiya janrında bir çox ticari yeniliklərin, o cümlədən ruhsuz, dağıdıcı təsiri olan çox şeylərin yarandığından bəhs etdik. Akademik, rektor və sadə insan Ömər Eldarov narahatdır ki, indiki uşaqlara həm multiplikasiya, həm də mənəvi və əxlaqi dəyərlər baxımından yanlış zövq formalaşır. Bu da kafedra açmağın vacibliyinin səbəblərindən biridir.

- Məni narahat edən odur ki, uşaqlar heç bir süjeti, heç bir hekayəsi olmayan qorxu filmlərinin pəncərəsindən dünyaya baxırlar… Hər şey o qədər çirkin, qeyri-estetikdir ki... Şiddət, xarici və daxili qeyri-estetiklik uşaqlara yaxşı bir şey verə bilməz. Müasir multfilmlərdə qəddarlıq, qəzəb və şiddət çoxdur. Həm də rəssam əli ilə yaranmamış filmlər həyat enerjisindən, səmimi duyğulardan məhrumdur.

Akademiyanın rektoru kimi həssas, müdrik və istedadlı bir insan mövzu haqqında gündəlik problem kimi danışırdı, nə qədər ki, ölkədə "multiplikasiya rəssamı" peşəsini daşıyanlar var, bunu həll etməyin mümkünlüyünü vurğulayırdı. Yalnız bunu bir problem olaraq müzakirə etməklə qalmır, həm də gerçək addımlar atır.

- Geri çəkilmərəm. Yazışmaları davam etdirəcəyik. Bizi eşidənə kimi.

 

Animasiya dünyası

Auditoriya kiçikdir, burada bir neçə masa, kompüter və həddindən çox rəsm var. Bu tələbələrin animasiya filmləri üzrə kurs işləridir. Yəqin ki, əziz oxucu, hər birimiz ən azından həyatımızda bir dəfə rəssam olmaq, gözəl və ifadəli rəsmlər: kiçik heyvanları, ağac yarpaqları, kirpiləri və insanları çəkmək istəyirik! Yaxud misal üçün, Abşeron qumunda turp əkmiş və yarım ev boyda məhsul götürmüş babanın bu hekayəsini! Bu süjet məşhur turp əhvalatının yeni müasir versiyasıdır və onu tələbələr düşünüblər. Biz maraqla tələbələrin gələcək animasiya hekayələrinə eskizlərinə baxırıq (onlar kadrlaşdırma adlanır!), onları çox böyük həvəslə Azərbaycanın əməkdar incəsənət xadimi, rəsm kafedrasının professoru Firəngiz Qurbanova göstərir.  

- Neçə yetirməniz var?

- Beş: dörd qız və bir oğlan. Onların hər birinin artıq öz üslubu və baxışı var.

- Bu nədə özünü göstərir?

- Rəsmlərdə! Kompüterlə deyil, tələbənin əli ilə çəkilmiş yaxşı rəsmdə. Çünki rəsm edilmiş yalnız çəkənin əlinin texniki bacarıqlarını deyil, həm də canlı, emosional olaraq inandırıcı bir personaj yaratmaq tələb edir! Yaşayan gerçək bir insan kimi emosiyaları, yaşantıları, ruha və hisslərə malik olan bir personaj. Yəni tələbələr istənilən bir obyektdən canlı və tanınan bir xarakter yaratmaq bacarığı və vərdişləri əldə etməlidirlər. Rəssamın araşdırma obyektinin kim və ya nə olması önəmli deyil - ağac budağından qopmuş yarpaq şöbəsindən ayrılmış və ya çəməni tərk etməyə hazırlaşan göbələk, ya da Kirpi, yaxud da Qız olması önəmli deyil. Hər bir tələbə işində – məxsusi baxış, canlandırılmış personajın xarakterini insanlaşdırılmış qavramı var.  

- Sizin tələbələrin başa çatmış müddətli sənədləri varmı?

- Var. Bu, Banu Adaşovanın işidir. Bu, "Kibritli qız" multfilmidir. O artıq başa çatdırılıb: kadrlar yığılıb, üstünə musiqi yazılıb. Filmin uzunluğu 3:26. Filmin yaradılması üçün tələbə tərəfindən 40-dan çox kadrlaşma yerinə yetirilib. İkinci film Kübra Binnətovanın "Yalançı kral"ıdır. Uzunluğu 3:41-dir, tələbə 100-dən çox kadrlaşdırma aparıb. Bunlar iki maraqlı, üslubuna və emosional təsiri baxımından tamamilə fərqlənən işlərdir. Tələbələrin qalan işləri işləmə mərhələsindədir.

Bizə göstərilən çox sayda rəsmlər yalnız maraq deyil, eyni zamanda heyranlıq yaratdı: nə qədər istedadlı gənclərimiz var! Onlar rəssam baxışından fərqli olaraq adi insanın görə bilmədiklərini dünyaya daha çox bildirmək istəyirlər. Dünyanı qlamur-saxta çalarla deyil, olduğu kimi - canlı və maraqlı görmək pedaqoqun öz tələbələri qarşısında qoyduğu öhdəliklərdən biridir! Daha sonra tələbələrin çəkdiyi multfilmləri izlədik. İki əsər: biri yetim bir qızın kədərli, şairanə, faciə çalarlı əhvalatı, ikincisi yalançı kralın qalmaqallı, gözlənilməzliklərlə və gülməli vəziyyətlərlə dolu hekayəsidir. Həm də hər iki animasiya işi gözəl və ilhamlı yerinə yetirilməklə yanaşı öz müəllif üslubuna, öz dəst-xəttinə malikdir ki, bunlar quruluşçu rəssamların özəlliyini asanlıqla göstərir, bu əsərlər həm də göstərir ki, yaradıcılıq taleləri uğurlu gedərsə, müəlliflərin parlaq bir peşəni gələcəyi gözləyir. Bizim qeyri-peşəkar fikrimizcə, onların işlərini bu gün «Mədəniyyət» telekanalında uşaqlara göstərilə bilər. Doğrudan! İşlər buna tam layiqdir. Görünür ki, kanalda "Tələbə yaradıcılığı" şərti adlı rubrika yaratmağa ehtiyac var ki, orada şəhərin bütün yaradıcı ali məktəblərinin tələbələrinin işlərini göstərmək olar!

- Sizin animasiya kinosu üçün quruluşçu-rəssamlar "yetişdirilməsi" üzrə xüsusi sirriniz varmı?

- Cavab bayağı səslənə bilər . Var. Bu, gördüyünüz işə sevgi və maraqdır.

- Rəsmə?

- Ona da! Mənim vəzifəm yalnız sənəti deyil, həm də peşəni birgə yaradıcılıq ruhunu qorumaq lazım olan formatda öyrətməkdir. Və bu yalnız yaradıcı, peşəkar münasibətlər deyil, həm də insani münasibətlərdir. İnsan amili istənilən yaradıcılıq layihəsində, xüsusilə animasiyada önəmli məsələdir. Mən tələbələrə özlərini quruluşçu rəssam rolunda hiss etmək imkanı verirəm, özümə quruluşçu rejissor rolunu götürürəm. Bu, onlara təcrübədə birgə yaradıcılıq üzrə təlim keçmək imkanı yaradar.  

- Quruluşçu rəssam rolunda çıxış edən tələbələriniz nə etdilər? 

- Onlar bu kurs işində quruluşçu rəssamların, adətən, gördüyü işdən daha çox iş görmüşlər. Tapşırıq isə bundan ibarət idi: quruluşçu rejissorun bədii ideyası səviyyəsində səslənə biləcək canlı, süjetcə savadlı hekayə yaratmaq. Bu prosesdə ikinci dərəcəli yaradıcılıq münasibətləri yoxdur. Burada hər şey vacibdir! Quruluşçu rəssam ilə quruluşçu rejissor arasında tandem çox vacibdir. Onların yaradıcılıq birliyindən çəkiliş qrupunun həm yaradıcı, həm də psixoloji "iqlim"i asılıdır.

- Sizin kiçik bir auditoriyanız və yalnız bir kompüteriniz var...

 - Bu mərhələdə biz hamımız peşəkar tapşırıqları yerinə yetiririk və proqram təminatı çərçivəsinə uyğunlaşırıq. Amma aprel ayında bizə məşğələ üçün lazım olan avadanlıqları quraşdıracaqlar. Bu, tələbələrə öz yaradıcı ideyalarını gerçəkləşdirmək üçün daimi yer imkanı verəcək, onlar başqa dərslərdən boş vaxtlarında bura gələ və öz layihələrini yaratmaq üzərində işləyə bilirlər.

- Çağdaş animasiya kinosunda rəssam əli ilə çəkilmiş multfilmlərə tələb olacağına inanırsınızmı? 

- İnanıram ki, onlara tələb olacaq. Çünki gözəlliyə, yüksəkliyə, estetik cəhətdən cazibədara, ruhu olana, canlı can atmaq insan təbiətində olub, var və olacaq. Həmişə belə olub. Nə qədər ki, insan var və ruha sahibdir... İndi biz Azərbaycanın animasiya kinosunun peşəkarlarının bilib - bacardığı ən yaxşı şeyləri qoruyub saxlamalıyıq. Ümumiyyətlə, niyə keçmiş zamanda danışmalıyıq? İndi gələcək nəsil animator rəssamlarımız böyüməkdədir. Özü də onlar hər şeyin satışa çıxarıldığı indi qəbul edildiyi kimi, o cümlədən incəsənətdə də, ticari kateqoriyalarla düşünmürlər, Xeyir və Şər kateqoriyalarını əsas götürürlər.



MƏSLƏHƏT GÖR:

309