25 Aprel 2024

Cümə axşamı, 20:15

BORC QUYUSUNDAN ÇIXIŞ

Problemli kreditlər məsələsinin həlli yalnız borclu vətəndaşların rifahına deyil, bütünlüklə Azərbaycanın maliyyə sisteminə müsbət təsir göstərəcək

Müəllif:

18.03.2019

Ötən ayın sonunda Azərbaycan Prezidenti İlham Əliyev fiziki şəxslərin problemli kreditləri məsələsinin həlli ilə bağlı tədbirlər haqqında tarixi fərman imzalayıb. Fərman 2015-ci ildə Azərbaycan manatının iki devalvasiyasından zərər çəkmişlərə kompensasiya ödənilməsini, habelə əhalinin problemli kreditlərinin əksəriyyətinin yenidən strukturlaşdırılmasını nəzərdə tutur.

Beləliklə, bir güllə ilə iki hədəf vuruldu - problemli kreditlər mikroiqtisadi səviyyədə vətəndaşların maddi vəziyyətini ağırlaşdırırdı, makroiqtisadi səviyyədə isə ölkənin bütün bank sisteminin fəaliyyətini çətinləşdirirdi.

 

Qaytarma mexanizmi 

İlkin hesablamalara görə, 900 minə yaxın Azərbaycan vətəndaşını əhatə edən, dünya miqyasında misilsiz olan bu sənədi şərti olaraq iki bəndə – kompensasiya ödənilməsinə və problemli kreditlərin yenidən strukturlaşdırılmasına ayırmaq olar. 

Kompensasiyanın ödənilməsi 2015-ci ildə (fevralda və dekabrda) baş vermiş iki devalvasiyadan zərər görmüş və bütün kreditlər üzrə əsas borcu 10 min dolları keçməyənləri əhatə edəcək. İlkin analizlərə görə, əhalinin bu kateqoriyası bütün borcluların 90%-dən çoxunu təşkil edir.

Kompensasiya necə hesablanacaq? 2015-ci il fevralın 21-dək olan kreditlər üzrə əsas borcun hər bir dolları üçün 0.25 manat (0,15 ABŞ dolları) kompensasiya veriləcək, 2015-ci il fevralın 22-dən dekabrın 21-dək verilən kreditlər üçünsə kompensasiya 0,6 manat (0,35 $) təşkil edəcək. Özü də, artıq borclarını banka yeni məzənnə ilə ödəyənlər, yaxud da birinci və ya ikinci devalvasiyadan sonra borclarını milli valyutaya konvertasiya etdirmişlərə də kompensasiya veriləcək. Artıq dünyasını dəyişmiş borcluların kompensasiyalarını varisləri alacaqlar. Hər bir fiziki şəxs üçün kompensasiya ödənişinin həcmi 5000 ABŞ dollarını (8500 manatı) ötməməlidir.

İlk öncə kompensasiya fiziki şəxslərin banklar qarşısında, o cümlədən ləğv edilmiş banklar qarşısında borcunun ödənilməsi üçün yönəldiləcək, qalan hissəsi isə fiziki şəxslərin özlərinə veriləcək. Hesablamalara görə, təxminən, 450 min nəfər bu güzəştdən istifadə edə biləcək, çünki bütün çətinliklərə baxmayaraq, kreditləri ödəməyi bacarıblar.

Yeri gəlmişkən, bir sıra hökumət qurumları artıq öz rəsmi saytlarında kompensasiyanı hesablamağa imkan verən xüsusi onlayn kalkulyatoru yerləşdiriblər. Həm də qeyd etmək lazımdır ki, Maliyyə Nazirliyi problemli kreditlərlə bağlı sualları cavablandırmaq üçün xüsusi "qaynar xətt" yaradır. Bununla yanaşı, Maliyyə Nazirliyinin rəsmi saytında artıq hər kəsin öz suallarını verə biləcəyi bir bölmə yaradılıb.

Fərmanın ikinci hissəsi problemli kreditlərin yenidən strukturlaşdırılması ilə bağlıdır. Bu proses xarici valyutada 10 min ABŞ dolları məbləğində və milli valyutada 17 min manata qədər olan problemli kreditləri əhatə edəcək. Eyni zamanda banklara tövsiyə edilib ki, məhkəmələrdə və ya icraatda olan bütün kredit işlərini geri çağırsınlar. Əhalinin problemli kreditlərini həll edilməsi üzrə tədbirlər haqqında sərəncamın əhatə etdiyi kreditlərlə bağlı məhkəmə işlərinin toplam sayı 311 min təşkil edir.

Yenidən strukturlaşma zamanı dollar kreditləri manat kreditlərinə çevriləcək. Yenidən strukturlaşma prosesi çərçivəsində fiziki şəxslərə banklar tərəfindən 5 il müddətinə bir ili güzəştli olmaqla kreditlər veriləcək. Banklar tərəfindən verilmiş kreditlər üzrə illik faiz dərəcəsi 1% təşkil edəcək. Həmçinin kreditlər üzrə faizlərin, cərimələrin və penyaların tam şəkildə silinməsini nəzərdə tutulur. Yenidən strukturlaşmadan 400 mindən çox borclu yararlana biləcək.

 

Əsas həfəf – vətəndaşların rifahıdır 

Bəs, bu fərmanın əhatəsinə düşməyənlər kimlərdir? İlk növbədə, fərmanın şərtlərindən borcları 10 min ABŞ dollarını və 17 min manatı aşanlar yararlana bilməzlər. Bununla yanaşı, maliyyə naziri Samir Şərifovun sözlərinə görə, birbaşa borcalanların əvəzinə banklara kredit ödəməyə məcbur olmuş borc zəmanətçiləri də böyük ehtimalla, bu fərmanın əhatəsindən kənarda qalacaqlar. Maliyyə nazirinin sözlərinə görə, bu kateqoriyalı vətəndaşlar üçün ayrıca kompensasiya proqramı qəbul edilə bilər.

Bundan əlavə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də hüquqi şəxslər kompensasiyaya və yenidən strukturlaşdırmaya ümid edə bilməzlər. Amma bədbinləşməyə dəyməz. S.Şərifov bildirib ki, hakimiyyət problemli kreditlər üzrə yeni bir proqram hazırlayır. Diqqət sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vaxtı keçmiş kreditlərinə yönəldiləcək. Onun sözlərinə görə, bu həm də Azərbaycanda bank sektorunun inkişafına yönəldilmiş növbəti bir addım olacaq.

Bütünlüklə, fərmanın birbaşa və dolayı təsirləri nəzərə alındıqda, qeyd etmək lazımdır ki, bu, ilk növbədə, əhalinin maddi vəziyyətini yetərincə yüngülləşdirəcək. Prezident İlham Əliyevin bu yaxınlarda keçirdiyi iqtisadi və sosial məsələlər üzrə müşavirədə qeyd etdi ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilib, ancaq onlar icra edilməyib: "Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir. Yəni burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır", - deyə İ.Əliyev vurğulayıb.

Beləliklə, fərman yalnız 900 minədək insanın maliyyə vəziyyətini önəmli dərəcədə yaxşılaşdırmaqla qalmayacaq, eyni zamanda onların kredit tarixçəsini düzəltməyə, borclarını ödəməyə imkan yaradacaq. Bundan başqa, əhalinin bir hissəsinə kreditə xidmət üzrə artıq ödənilmiş vəsaitləri geri qaytarmağa imkan verəcək. Vətəndaşlar bu pulları istədikləri vaxt banklar vasitəsilə yenidən iqtisadiyyata yatıra bilərlər.

 

Tam sağlamlaşdırma 

Banklar üçün də müsbət təsiri var - sirr deyil ki, 2015-ci ildə manatın devalvasiyasından sonra banklar vaxtı keçmiş kreditlərin artması, borclularla məhkəmə işlərinin sayının artması, zərərin və s. şəklində böyük maliyyə problemləri ilə üzləşiblər. Bundan əlavə, cəmiyyətdə banklar mənfi qəbul edilməyə başlanılmışdır, onları bir növ müştərini son qəpiyə qədər soymağa hazır olan "ac qurdlar" kimi görürdülər. Buna görə də, bu sərəncamın icrası bankların adının təmizlənməsinə, habelə onların maliyyə vəziyyətinin düzəldilməsinə imkan yaradır.

Bildiyiniz kimi, hər bir kredit üçün bank ölkənin Mərkəzi Bankında rezerv hesab yaratmalıdır, bu məqsədlə öz kapitalından pul yönəltməlidir. Bankların məhz bu "zəhərli" kreditləri onların "nizamnamə kapitalının" azalmasının əsas səbəbidir ki, son nəticədə bu bankların müflisləşməsi ilə nəticələnir. Fərman banklara "girovdan" böyük məbləğdə pul çıxırmağa, onları yenidən kapitalın artırılmasına və maliyyə vəziyyətinin gücləndirilməsinə yönəltməyə imkan yaradacaq. 

Özü də, fərmanın müddəalarını yerinə yetirmək üçün xüsusi xərclərə ehtiyac olmayacaq. Çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında Mərkəzi Bank tərəfindən banklara 682 milyon manat ayrılacaq ki, vətəndaşların xarici valyutada 10 min dollara qədər və milli valyutada 17 min manata qədər olan problemli kreditlərinin yenidən strukturlaşdırımasını gerçəkləşdirə bilsin. Planlaşdırılmış tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq üçün Mərkəzi Banka tövsiyə olunub ki, bankların qiymətli kağızlar təqdim etməklə müraciəti əsasında kredit ayırmaqla, onları 215 milyon ABŞ dolları məbləğində vəsaitlə təmin etsin - illik faiz dərəcəsi 0,5 faizə bərabər olsun. 

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov vurğulayıb ki, beləliklə bu qərar bankların sağlamlaşmasına, özü də bir sıra bankların tam bərpasına təsir göstərəcək.

Bu fərmanın həyata keçirilməsi üçün lazım olan vəsaitlərin dəqiq məbləğinə gəldikdə isə, onu müəyyənləşdirmək, hələ ki, çətindir. Məsələ bundadır ki, kompensasiya alacaqların siyahısı və onlara ödəniləcək vəsaitlərin həcmi hələ dəqiqləşdirilməlidir. Buna baxmayaraq, ilkin hesablamalara görə, fərmanın bu hissəsinin gerçəkləşdirilməsi üçün dövlət büdcəsindən 700 milyon manatdan çox vəsait ayrılacaq. Bu, necə deyərlər, birbaşa təsiridir.

Ancaq dolayı təsiri də var. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov bildirib ki, yenidən strukturlaşma prosesinə əsas məbləğləri toplam 900 milyon manatdan artıq olan kreditlər daxildir, Eyni zamanda bu kreditlər üçün cərimə və penyalar 700 milyon manat səviyyəsində qiymətləndirilir ki, onlar da hesabatdan silinəcək. 

Beləliklə, bu fərmanın həyata keçirilməsinin birbaşa və dolayı maliyyə effekti 1-2 milyard dollar arasında ola bilər, nəzərə almaq lazımdır ki, banklar kreditlərin yenidən strukturlaşdırılması üçün də Mərkəzi Bankdan vəsait alacaqlar.

Xərclənən vəsaitin əvəzinə bu qərar bank sektoruna olan inamın bərpa olunmasına kömək edəcək. Azərbaycan hakimiyyəti isə öz növbəsində kredit agentlikləri qarşısında ölkənin investisiya reytinqini bərpa etmək məsələsini qaldıra bilər. Həmçinin ölkə «Doing Business» reytinqində mövqelərini yüksəldə bilər ki, bu da xarici sərmayəçilərin ölkəyə marağını artıra bilər.


MƏSLƏHƏT GÖR:

294