19 Aprel 2024

Cümə, 07:00

CARİ PROQNOZ – MÜSBƏTDİR

Azərbaycanda optimal biznes mühitinin yaradılması üçün iri miqyaslı islahatlar davam etdirilir

Müəllif:

18.03.2019

Azərbaycanda gerçəkləşdirilən dərin iqtisadi islahatların əsas məqsədi dünya neft bazarlarındakı vəziyyətdən asılı olmayaraq, ölkənin dayanıqlı inkişafına nail olmaqdır. Ötən illərin təcrübəsi göstərir ki, neftin qiymətləri nə qədər sabit olursa-olsun, hər şey bir saatın içində dəyişə bilər və belə olan halda Azərbaycan iqtisadiyyatı üçün mənfi nəticələrin qarşısını almaq mümkün olmaz. Buna görə, son bir neçə il ərzində hökumət qeyri-neft sektorunun inkişafına yönəlik bir sıra, demək olar ki, inqilabi addımlar atdı.

 

Optimal mühit

Azərbaycan iqtisadiyyatındakı müsbət meyllər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də qeydə alınır ki, şübhəsiz, bu, ölkənin investisiya imicinə müsbət təsir göstərir. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon martın əvvəlində Bakıya səfəri zamanı bildirib ki, Azərbaycan iqtisadiyyatı 2016-2017-ci illərdə neftin qiymətinin azalması və dünya iqtisadiyyatındakı böhran nəticəsində baş verən şoklardan 1-2 il ərzində qurtula bilib. Halbuki vəziyyəti qonşu ölkələrin ətrafında gedən siyasi proseslər və manatın devalvasiyası daha da ağırlaşdırırdı. Ancaq genişmiqyaslı islahatların vaxtında başlaması böhranın qarşısını almaqla yanaşı, həm də qısa müddət ərzində iqtisadiyyatı sabitliyə çıxarmaq imkanı yaratdı. 

"Hökumət əsas islahatları həyata keçirməyə başladı. Ölkə üçün bizim cari proqnozumuz müsbətdir, müsbət artım templəri qeydə alınır, inflyasiya nəzarət altındadır. Hesab edirəm ki, hökumət vergi, maliyyə və iqtisadiyyatın şaxələndirilməsi sahələrində islahatlarla bağlı doğru addımlar atır ki, bu da ölkənin gəlirlərinə birbaşa təsir edir", - deyə M.Tembon bəyan edib.

Ümumiyyətlə, baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, məhz Dünya Bankının hesablamalarına görə, Azərbaycan 2000-ci illərdən başlayaraq illik 12%-dən çox artım göstərib və dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri sayılır. "Azərbaycan inkişaf və təkmilləşmə yolunda inamlı addımlar atır. Bütün bunlar qlobal hesabatlarda da öz əksini tapıb ki, bu hesabatlar həm beynəlxalq əlaqələr sistemində, həm də davamlı iqtisadi inkişaf baxımından yüksək nəticələri təsdiqləyir", - deyə Əli Əhmədov" İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu" forumundakı çıxışında bildirib.

Eyni zamanda ölkənin iqtisadi inkişafında qeyri-neft sektorunun potensialının istifadəsi hələ də qənaətbəxş sayıla bilməz, buna görə də özəl sektorun iqtisadiyyata sərmayə qoymasının fəallaşdırılması ilə bağlı çoxsaylı proqramlar qəbul edilir.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın sözlərinə görə, özəl sektorun inkişafının dövlət siyasətinin prioriteti olaraq qalması nəzərə alınmaqla, ən önəmli öhdəliklər sırasında sağlam rəqabət mühitinin yaradılması və Azərbaycanda optimal biznes mühitinin yaxşılaşdırılması üzrə yeni mexanizmlərin işlənməsi dayanır. Bu baxımdan iqtisadiyyatda şəffaflığın artırılması, ekosistemə uyğun gələn klasterlərin yaradılması özəl sektorun imkanlarını yetərincə artıra bilər. Bütün son islahatlar məhz bu hədəfə yönəldilib.

Düzdür, dar zaman kəsiyində sürətli sıçrayış gözləmək qeyri-mümkündür, lakin hökumətin planlarına əsasən, ölkə ümumi daxili məhsulunda (ÜDM) kiçik və orta biznesin (KOB) payı 2025-ci ildən sonra 60%-ə çatacaq.

 

İnflyasiya riski olmadan 

Şəksiz ki, bu istiqamətdə ilk addımlardan biri biznesin vergi yükünün optimallaşdırılmasıdır. Bu, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun qeyd etdiyi kimi, elə olmalıdır ki, həm özəl sərmayəçiləri stimullaşdırsın, həm də biznesi rentabelli etsin. AMB isə öz tərəfindən aşağı inflyasiya səviyyəsinin qorunmasına yönəlmiş monetar siyasət gerçəkləşdirməyi vəd edir. 

"Dünyanın bütün mərkəzi banklarının işi bir vacib problemə - inflyasiyanın tənzimlənməsinə yönəlib. Ailələr üçün, bu, sabit gəlir, sərmayəçilər üçünsə planlaşdırma və gələcəyə baxış deməkdir. Psixoloji baxımdan da gələcəyə müsbət baxışdır. Biz bu istiqamətdə monetar islahatları genişləndirmək niyyətindəyik", - deyə E. Rüstəmov bildirib.

Bununla yanaşı, son zamanlar ekspertlər inflyasiyanın sabit səviyyədə saxlanılmasının mümkünlüyü barədə şübhələrini ifadə etməyə başlayıblar. Bəllidir ki, bu ilin bir neçə ayı ərzində Azərbaycan hakimiyyəti böyük sosial və maliyyə islahatları paketi təsdiqləyib. Bu, əlbəttə ki, pul kütləsini də «ağırlaşdıracaq». Bu qərarlar təbii maliyyə təsiri ilə yanaşı, həm də inflyasiya proseslərinə psixoloji təsir göstərir ki, bu da fevral ayında statistika xidməti tərəfindən qeydə alınıb - orta illik dövr üzrə hesabatda inflyasiya, demək olar ki, 2%-ə qədər qalxıb. Əlbəttə, göstərici hələ də çox aşağı səviyyədədir, lakin bu gün üçün bir sual çox önəmlidir: artım meyli nə qədər davam edəcək? Xatırladaq ki, Prezidentin iqtisadi siyasət və sənaye üzrə köməkçisi Natiq Əmirovun sözlərinə görə, Prezident İlham Əliyevin bu ilin yanvar-fevral aylarında imzaladığı fərmanlar çərçivəsində 2019-cu ildə hökumət sosial təşəbbüslərin gerçəkləşdirilməsi üzrə 2,2 milyard manatdan (1,3 milyard dollardan) çox vəsait ayırmağı planlaşdırır.

E. Rüstəmovun sözlərinə görə, sosial fərmanların inflyasiyaya təsiri cüzi olacaq. "Biz onların təsirini 0,3-0,4% səviyyəsində qiymətləndirmişik. Bizdə isə illik inflyasiya 1,7-1,8% təşkil edir. Yəni inflyasiyaya güclü təsir gözlənilmir", - deyə Mərkəzi Bankın rəhbəri bildirib.

Problemli kreditlər məsələsinin həll edilməsi üzrə xərclərə gəldikdə isə, baş bankir qeyd edib ki, bu vəsaitlərin böyük bölümü 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulub. "Vəsaitlərin bir hissəsi emissiya xarakterli olacaq və inflyasiya artımının qarşısını almaq üçün biz Mərkəzi Bankın əlində olan bütün alətlərdən istifadə edəcəyik", - deyə E.Rüstəmov bildirib.

Görüdüyü kimi, islahatlar irimiqyaslı olsa da və qısa müddət üzrə qəbul olunsa da, onların bütün mümkün mənfi nəticələrin və bu nəticələrin qarşısının alınması üzrə addımları ciddi nəzərə alınması ilə işlənmişdir. Bu, biznesin investisiya layihələrini daha cəsarətlə inkişaf etdirməsi üçün daha bir səbəbdir.

 

Tədrici çıxış 

Bununla yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hesab edir ki, ölkədə aparılan islahatlar əmək bazarına çox böyük təsir göstərib və artıq müsbət nəticələr var. Belə ki, 2018-ci ilin sonuna qədər ölkədə 90 mindən çox əmək müqaviləsi bağlanıb. Amma təkcə 2019-cu ilin ilk 2 ayının nəticələrinə görə, bağlanan əmək müqavilələrinin sayı 53 min təşkil edib ki, bunun da 13 mini dövlət sektorunun, 40 mini isə özəl sektorun payına düşüb. 

"Vergi sahəsində aparılan islahatlar da əmək bazarındakı vəziyyətə müsbət təsir göstərəcək. Biz ümid edirik ki, yaxın illərdə əmək bazarını önəmli dərəcədə genişləndirməyi və əmək qanunvericiliyinin təkmilləşdirilməsi mexanizmini gücləndirməyi bacaracağıq", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, hazırda kölgə fəaliyyətin azaldılması, sosial sahənin gücləndirilməsi, əmək bazarının şəffaflığının artırılması və ölkədə rəqabət mühitinin yaradılması məqsədlərini daşıyan konsepsiya üzərində iş gedir.

Bir sözlə, hökumət öz tərəfindən qeyri-neft sektorunun inkişafına yönəlmiş genişmiqyaslı islahatları davam etdirəcək. Bununla yanaşı, sahibkarlara öz biznes funksiyalarının bir hissəsini bütünlüklə verməyə hələ tam hazır deyil, baxmayaraq ki, ekspertlər özəl biznesin rolunu möhkəmləndirilməsi üçün bu addımın effektivliyini bildirirlər. Ədalət naminə qeyd edək ki, məmurlar tərəfindən gətirilən əsaslar da yetərincə tutarlıdır. Bəli, ideal vəziyyətdə dövlət tənzimləyici funksiyasını yerinə yetirməlidir, lakin Azərbaycanın indiki vəziyyətində bu, hələ real deyil. Bunun da səbəbi var. Məsələn, S. Babayevin sözlərinə görə, əgər dövlət yalnız məişət tullantılarının idarə edilməsi prosesini tərk edərsə, əhalinin bu cür xidmətlərə aylıq xərci, təxminən, 100 manata qədər artacaq. Axı, məişət tullantılarının idarə olunması üzrə yalnız bir poliqonun tikintisi 40 milyon dollar təşkil edir, onun saxlanmasına isə 10 milyon dollar tələb olunur.

Belə bir qərarın verəcəyi sosial nəticələri təsəvvür etmək çətin deyil. Bu səviyyədə xərclərin ödənilməsi üçün bir ailəni məişət tullantılarına sərf etdiyi xərc ayda 30-50 avroya qaldırılmalıdır. Məhz buna görə Dünya Bankı ilə birlikdə məişət tullantılarının idarə olunması üzrə 15 illik proqram hazırlanıb və proqramda bu təsərrüfatın tədricən dövlət idarəetməsindən özəl idarəetməyə keçməsi nəzərdə tutulur.

Bu, digər bütün kommunal xidmətlərə də aiddir. "Hökumətin kommunal idarəetmə prosesindən çıxması tədricən baş verəcək, çünki əks halda bu, tariflərin yetərincə yüksəlməsinə və uyğun olaraq əhalinin xərclərinin artmasına gətirib çıxara bilər", - deyə Babayev bildirib.

Yəni hökumətin istənilən iqtisadi baxımdan yararlı qərarı, obyektiv olaraq məsələin sosial aspektlərini nəzərə almalıdır – axı, məhz bu, son nəticədə əhalinin satınalma qabiliyyətinə təsir göstərir ki, bu da istənilən biznesin uğurlu olması üçün əsas amildir.



MƏSLƏHƏT GÖR:

267