19 Aprel 2024

Cümə, 14:40

ABŞ-dan SONRA NÖVBƏ RUSİYANINDIR

Rusiya Dövlət Dumasının deputatı: «Xocalıda törədilmiş dəhşətli qətliam Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmalıdır»

Müəllif:

18.03.2019

Rusiyalı deputatlardan və ekspertlərdən ibarət nüfuzlu nümayəndə heyətinin Bakıya bu günlərdə etdiyi səfər tək Azərbaycan üçün deyil, qonşu dövlətlər üçün də əhəmiyyətli hadisə olub. Qonaqların Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş hüzn tədbirlərinə qatılması ilə isə 1992-ci ilin qanlı fevral hadisələri haqda həqiqətlər və gələcəkdə belə halların təkrarlanmasının yolverilməzliyi Rusiya vətəndaşlarına da çatdırılıb.

Bununla yanaşı, qonşu ölkələrin siyasi elitası və ictimaiyyətinin bu hadisəyə yanaşması arasında ciddi fərq də var. Ermənistanın rəsmi dairələri bu səfəri az qala Kremlin «iztirablı» müttəfiqini «satması» kimi qiymətləndiribsə, Rusiyanın özündə bu, iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələsi kimi qəbul olunub. Həqiqətən də, rusiyalıların Bakıya səfəri Rusiya KİV-də az qala ilk dəfədir ki, bu qədər geniş işıqlandırılır. Həmin yazılarda Azərbaycan Moskvanın etibarlı müttəfiqi, əsrlərdən gələn tərəfdaşı, ən çətin dövrlərdə belə, dostluğun dəyərini bilən qonşusu kimi qiymətləndirilir.

Rusiyadan Bakıya gəlmiş nümayəndə heyətinin üzvlərindən biri, Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri SAVELYEV «Region plus»a müsahibəsində Moskva-Bakı əməkdaşlığının bu və digər aspektlərindən danışıb.

- Dmitri İvanoviç, Azərbaycana kifayət qədər tez-tez gəlirsiniz. Ölkənin müasir inkişafını necə qiymətləndirirsiniz?

- Bugünkü Azərbaycan dünyaya açıq, regionda aparıcı rola malik güclü dövlətdir. Onun müstəqilliyinin ilk illərində üzləşdiyi çətin şəraitə rəğmən, buna nail olması xüsusi hörmətə layiqdir.

Bu gün dünyada müşahidə olunan ağır siyasi və iqtisadi vəziyyət Azərbaycanın əldə etdiyi uğurların çəkisini daha da artırır. Ölkədə keçirilmiş son prezident seçkisinin nəticəsi Azərbaycan xalqının Prezidenti İlham Əliyevin kursunu tam dəstəklədiyini ortaya qoyub. Bu kursun vacib istiqamətlərindən biri də Rusiya ilə strateji tərəfdaşlıqdır.

- Rusiya ilə Azərbaycan arasında müasir əməkdaşlığın əsas istiqamətləri hansılardır?

- Sabitlik, aydınlıq, davamlılıq, maraqların optimal balansı – Rusiya ilə Azərbaycan arasında səmərəli münasibətlər bunlara əsaslanır. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının əsasını, sadəcə, coğrafi yaxınlıq və ümumi tarix təşkil etmir. Burada möhkəm mədəni bağların da böyük rolu var. Nəticədə, ölkələrimiz arasında əməkdaşlıq mehriban qoşuluğa və dialoqa əsaslanır. Bu isə böyük ölçüdə ölkələrin konstruktiv xarici siyasi kursu ilə bağlıdır. Hər dəfə qeyd edirəm ki, prezidentlərimiz Vladimir Putin ilə İlham Əliyev arasındakı dostluq postsovet məkanındakı digər dövlət başçıları üçün nümunə ola bilər. Yalnız ötən il onlar 6 dəfə görüşüblər və bu görüşlərin hər biri məhsuldar razılaşmalarla bitib. Nəticədə, bu gün Rusiya ilə Azərbaycan arasında 2024-cü ilədək əməkdaşlıq proqramı var.

Rəhbərlərimizin kursu hər il ticarət və investisiya əlaqələrinin genişlənməsinə, mədəniyyətdən tutmuş, elmədək bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə imkan verir. Xatırladım ki, ölkələrimiz iqtisadi əməkdaşlıqda birgə prioritetləri də müəyyən edib. Bunun üçün 5 «yol xəritəsi» hazırlanıb və onlarda iki ölkənin ticarət və nəqliyyat, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması, birgə istehsalatın yaradılması, həmçinin humanitar sahədə əməkdaşlığın yolları aydın şəkildə əksini tapıb.

Xəzərdə həyata keçirilən layihələr əməkdaşlıq perspektivlərimizir daha da genişləndirir. Rusiya ilə Azərbaycan arasında yaxınlığın getdikcə artdığını göstərən daha bir fakt iki ölkə arasında yüksək səviyyəli komissiyanın yaradılmasına dair razılığın əldə edilməsidir. Hazırda onun imzalanacağı tarix müzakirə olunur.

- Dmitri İvanoviç, bu yaxınlarda Bakıda keçirilmiş Rusiya-Azərbaycan konfransının nəticələrini necə qiymətləndirirsiniz?

- Bu konfrans ilk dəfə keçirilmirdi və bu gün o, ekspertlərin, siyasətçilərin, ictimaiyyət nümayəndələrinin fikir mübadiləsi aparmaları üçün kifayət qədər effektiv imkana çevrilib. Biz orada iki dövlətin yaxınlaşmasına aid ən müxtəlif məsələləri müzakirə edir, həyata keçirilməli olan ideyaları müəyyənləşdiririk. Hesab edirəm ki, bu cür diskussiya meydanı çox olmalıdır.

- Bakıda Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı təşkil olunmuş yürüşdə iştirak etdiniz. Rusiyada bu faciədən nə dərəcədə məlumatlıdırlar?

- Xocalı dəhşətli faciədir. Dünyada bu hadisənin soyqırımı kimi tanınması prosesi gedir. ABŞ-ın bir sıra ştatları da faktı soyqırımı kimi tanıyıb. Rusiyada isə proses yeni başlayır. Mən müntəzəm olaraq çıxışlar edir, bu haqda danışıram. Bu yaxınlarda Dövlət Dumasında Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrə həsr olunmuş «dəyirmi masa» keçirilib. Orada da məhz bu mövzu üzərində dayandım, bildirdim ki, bu dəhşətli qətliamı Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi tanımaq lazımdır. Hesab edirəm ki, Rusiyanın informasiya məkanında fəal iş aparmaq, Xocalıda nələrin baş verdiyini rusların diqqətinə çatdırmaq lazımdır. Bu gün çoxları həqiqəti bilmir. Rusiyada isə ümumilikdə Qarabağda nələrin baş verdiyindən çox adam xəbərsizdir. Əlbəttə ki, bu haqda eşidiblər. Lakin detalları çoxu bilmir.

- Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görür və bu prosesdə parlamentarilərin rolu nədən ibarətdir?

- Özümün və həmkarlarımın vəzifəsi kimi, münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün bütün səylərin ortaya qoyüulmasını görürəm. Hər zaman efirlərdən deyirəm ki, Azərbaycan əsas milli ideyasına çevrilmiş fikrindən heç zaman dönməyəcək. Münaqişənin həlli üçün müxtəlif formullar, yollar var. Əsas Dağlıq Qarabağ ətrafındakı ərazilərin «5+2» formulu ilə Azərbaycana qaytarılması, azərbaycanlı qaçqınların öz evlərinə dönməsi, bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsidir.

Tamamilə aydındır ki, bu münaqişənin həlli Ermənistan əhalisinin də xeyrinədir. Ermənistan iqtisadiyyatındakı durğunluğa, sosial proqramların nə vəziyyətdə olduğuna fikir verin. Bunu bütün digər sektorlar haqda da söyləmək olar. Ermənistan qonşularına qarşı 1990-cı illərin əvvəllərindən yürütdüyü düşmənçilik siyasəti nəticəsində blokada vəziyyətinə düşüb. O, işğal olunmuş torpaqları könüllü şəkildə tərk edərsə, Azərbaycan cavab jestlərinə hazırdır. Məsələn, Bakı karbohidrogen ehtiyatları nəql edəcək boruları Ermənistan ərazisindən çəkə bilər ki, bu da ermənilərə tranzitdən ciddi gəlir qazandırar. Bundan başqa, Azərbaycan müxtəlif sosial proqramların icrasına, təhsil və digər sahələrdə əməkdaşlığa hazırdır. Bu gün hər kəs görür ki, Ermənistan durğunluqdadır, Azərbaycan isə çiçəklənir.

- Azərbaycana gəlmək arzusunda olan və ya ilk səfərinə hazırlaşan ruslara nə deyərdiniz?

- Buraya 6 il əvvəl etdiyim ilk səfərim zamanı keçirdiyim hissləri xatırlayıram. Burada Böyük Vətən müharibəsi veteranlarına nə qədər isti, həssas yanaşıldığını gördüm. Ölkə prezidenti hər bir veterana şəxsən yaxınlaşır, onunla qucaqlaşır, söhbətləşir, bununla da, onların qəhrəmanlığına dəyər verirdi. İstərdim ki, Azərbaycanın necə gözəl, nə qədər təhlükəsiz olduğu görmək üçün ildən-ilə daha çox rusiyalı buraya gəlsin. Opponentlərimizin hansı təbliğatı apardıqlarını bilirik. Onların sayəsində Azərbaycan haqda mənfi fikir formalaşır. Lakin buraya bir dəfə səfər etməklə, insanda tamamilə fərqli fikir yaranır. Buraya səfər edən rusiyalılar sözün əsl mənasında, ölkənizə heyran olurlar. Bu isə çox vacibdir.



MƏSLƏHƏT GÖR:

376