24 Aprel 2024

Çərşənbə, 14:53

PRİORİTET PRİNSİPLƏRƏ SADİQLİKDİR

«Slovakiya ATƏT-ə sədrliyi dövründə, həqiqətən, iddialı, innovativ və praktik addımlar atmaq niyyətindədir»

Müəllif:

18.03.2019

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkəsinin ATƏT-ə sədrlik etdiyi dövr üçün prioritet saydığı məsələlər haqda dövlət başçısına məlumat verən Layçak bildirib ki, bu müddətdə onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də töhfə vermək niyyətindədirlər. O, hesab edir ki, səfər münaqişə ilə bağlı vəziyyətlə yerində tanış olmaq, fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.

Miroslav Layçak «Region plus» jurnalına Azərbaycana səfəri ərəfəsində verdiyi müsahibəsində bu və gündəmə dair digər məsələlər haqda danışıb.

- ATƏT-in yeni sədri kimi, prioritetləriniz nədən ibarətdir?

- Slovakiya ATƏT-ə sədrlik edəcəyi 2019-cu ildə insanların rifahı, dialoq və sabitlik naminə, həqiqətən, iddialı, innovativ və praktik addımlar atmaq niyyətindədir. Biz bunun üçün 3 əsas prioritet istiqamət müəyyənləşdirmişik. Birincisi, biz münaqişələrin qarşısının alınması və onların həlli üçün əlimizdən gələni edəcək, bu münaqişələrdən əziyyət çəkmiş insanların həyat şəraitinin yaxşılaşdırılması üçün çalışacağıq.

Ukrayna ətrafındakı böhranın həlli mənim bu vəzifədə əsas hədəfim olacaq. Bu hadisələr haradasa uzaqda deyil, faktiki olaraq, Slovakiyanın sərhədində baş verir. Məhz bu üzdən mən vəzifəmin icrasına başladıqdan cəmi bir həftə sonra Ukraynaya yollanmışdım.

İkincisi, biz ATƏT-i yalnız bu günün deyil, sabahın da təhdidlərinə reaksiya verə bilən təşkilata çevirmək istəyirik. Bu üzdən, ikinci prioritetimiz təhlükəsiz gələcəyin təminidir. Bu hədəfə nail olunmasında gənclərin cəlbi, dinlənilməsi əhəmiyyətli yer tutacaq.

Üçüncü prioritet təbiidir: yerli və regional qruplarda, milli hökumətlər və ya beynəlxalq təşkilatlarda yer almağımızdan asılı olmayaraq, əksəriyyətimiz eyni məqsədə nail olmağa çalışırıq – iqlim dəyişikliyi, terrorçuluq və artmaqda olan reional təhdidlərlə mübarizə. Görürük ki, qayda-qanunlara əməl olunmasına əsaslanan sistemimiz getdikcə daha çox təhdidlərlə üz-üzə qalır. Nə qədər birgə çalışarıqsa, çoxşaxəli sistemimiz də o qədər güclənər və çağırışlara cavab tapmaq şansımız daha çox olar. Səfərlərim nəticəsində artıq əmin olmuşam ki, yerlərdə gələcək əməkdaşlıq üçün imkanlar var.

- Ukraynada davam etməkdə olan böhranın ümumi təhlükəsizliyimizə ciddi təhdid olduğunu dediniz. Gərginliyin azalması, inam atmosferinin yaranması və dialoqun asanlaşması üçün hansı konkret addımları atmaq fikrindəsiniz?

- Artıq qeyd etdiyim kimi, ATƏT-ə sədrliyimiz dövründə Ukrayna böhranının həlli əsas prioritetlərimizdən olacaq. Bu böhranın bütün region əhalisi üçün nə qədər aktual olduğunun fərqindəyik. O, vaxtilə üzərimizə götürdüyümüz öhdəlikləri, prinsipləri pozur.

ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk rəsmi səfərimi Ukraynaya etmişəm. Bu, yanvarın ortalarında olub. Açıq desəm, vəziyyət, həqiqətən də, ciddidir. Təmas xəttinə yaxın yaşayan, Luqanskda ciddi dağıntılarla üzləşmiş körpüdən keçmək məcburiyyətində qalan insanların hər gün həyat uğrunda mübarizə apardığını gördükdə missiyamızın üzərinə düşən məsuliyyətinin səviyyəsini dərk etməmək mümkün deyil. Bu, Luqansk vilayətinin yeganə açıq keçid məntəqəsidir. Yalnız bu zaman anlayırsan ki, biz siyasətçi və diplomatların atdığı və ya atmadığı hər bir addım bilavasitə sadə, günahsız insanların həyatına təsir göstərir. İnsanların necə iztirab çəkdiyini sadəcə, kənardan müşahidə etmək olmaz.

Ukraynadan qayıtdıqdan sonra komandamla birlikdə səfərin nəticələrini qiymətləndirdik, bu problemdən ən çox əziyyət çəkən insanların həyatını yaxşılaşdırmaq üçün bir neçə konkret təklif hazırladıq. Mən bu təklifləri Ukrayna və Rusiyanın xarici işlər nazirləri Pavel Klimkin və Sergey Lavrovla da müzakirə etmişəm. ATƏT missiyasının yerində necə vacib işlər gördüyünü nəzərə alaraq, biz təbii ki, bu missiyalarla sıx əməkdaşlıq edəcəyik. Bu, xüsusilə Ukraynadakı Xüsusi Monitorinq Missiyasına (XMM) aiddir. Bizim müşahidəçilərimiz təşkilatın gözü və qulağıdır. Onlar münaqişənin qızışmamasında bilavasitə rol oynayırlar.

Bununla yanaşı, zərərçəkmişlərə yardım edilməsi istiqamətində BMT və Aİ də daxil olmaqla, beynəlxalq və regional təşkilatların, o cümlədən «Qırmızı xaç» təşkilatının da bizimlə işləyəcəyinə inanıram. Biz ATƏT sədri olaraq, Üçtərəfli təmas qrupunun, ATƏT XMM-in sabitliyə nail olunması istiqamətində Normand formatı çərçivəsində göstərdiyi bütün səyləri dəstəkləyirik.

- Bəs, Cənubi Qafqazla bağlı prioritetləriniz nədən ibarətdir?

- ATƏT rəhbərliyi bütün iştirakçı dövlətlərlə sıx və səmimi münasibətlərdə, yerlərdə əməkdaşlıq etməkdə maraqlıdır. Biz ümumi təhlükəsiz gələcək üçün ümumi məsuliyyət daşıyırıq. Bu, hər birimizin Helsinkidə üzərimizə götürdüyümüz prinsiplərə və öhdəliklərə əsaslanan gələcək olmalıdır.

Biz ATƏT sədri olaraq, 2019-cu ildə sadəcə, Vyanada işləmək fikrində deyilik. Bizim fəaliyyətimiz yerlərdə olmalıdır. Regiona səfər etməkdə əsas məqsədim münaqişəyə bilavasitə cəlb olunmuş insanlarla görüşmək, onları dinləməkdir. Bu, vəziyyəti daha yaxşı anlamaq, yerli insanların problemlərindən daha detallı xəbərdar olmaq üçün lazımdır.

- ATƏT-ə hər yeni sədr gələn zaman Azərbaycan ictimaiyyəti ondan Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək gözləyir. Yəqin ki, qurumun yeni sədri kimi, siz bu münaqişəni də öyrənirsiniz. Fikrinizcə, sələflərinizin bu münaqişəni həll etmək cəhdləri niyə uğursuz olub?

- Hər şey sizin «uğur» dedikdə, nəyi nəzərdə tutduğunuzdan asılıdır. Münaqişə, hələ ki, həll olunmayıb, lakin davamlı, daha fəal dialoq sayəsində kiçik də olsa, uğur qazanmaq mümkündür. Münaqişədən ən çox əziyyət çəkmiş insanların həyat şəraitini yaxşılaşdırmaq istiqamətində uğur qazanmaq olar. Lakin ən önəmlisi, bu münaqişə azərbaycanlılarla ermənilər arasında yaşanır. Hər iki xalq növbəti addımlara hazır olmalıdır. ATƏT burada yalnız yardımçı rolunda çıxış edə bilər.

Beynəlxalq ictimaiyyət münaqişənin həlli prosesinin gedişini diqqətlə izləyir. ATƏT Minsk qrupu vasitəsilə gələcəkdə də prosesə yardım etməyə hazırdır.

Bu il bizim sədr kimi fəaliyyətimiz insanlara, dialoqa və sabitliyə yönəlib. Bu üç istiqamətin hər birilə bağlı proqnozlar nikbindir. Təmas xəttində insan ölümü halları azalıb. Yüksək səviyyədə dialoqun fəallaşdığını görürük. Bu proseslərin sonunda ATƏT məkanında sabitlik arta, irəliləyiş üçün əlavə imkanlar meydana çıxa bilər.

- Lütfən, konkret – Dağlıq Qarabağ münaqişəsi niyə hələ də həll olunmamış qalır?

- İstənilən köhnə münaqişənin həlli çətin işdir. O, regional sabitlik, fəal dialoq və insanların irəli getməyə hazır olmasını tələb edir. Təcrübə və faktlar göstərir ki, inklüziv proseslər, yəni siyasi və sosial həyata əhalinin bütün təbəqələrinin cəlbi böyük ehtimalla real, dayanıqlı sülhə, sabitliyə aparıb çıxarır.

Odur ki, hər iki xalqın sülhə hazırlanması çox vacibdir. Bunun üçün yerlərdə insanları eşitmək, yəni münaqişədən daha çox əziyyət çəkmiş təbəqəni dinləmək, cavab addımlarımızı müvafiq şəkildə atmaq lazımdır.

ATƏT bizim sədrliyimiz dönəmində də sülh prosesini və münaqişənin dayanıqlı həllini dəstəkləyəcək.

- Sələflərinizin təkliflərindən fərqli təklifiniz varmı?

- Bizim sədr kimi rolumuz yerlərdə əldə etdiyimiz kiçik uğurların dəstəklənməsidir. Fəaliyyətimizdə sələflərimizin işində köklü şəkildə fərqlənəcək dəyişiklik olmayacaq. Şübhəsiz ki, münaqişələrin həllində vacib elementlərdən biri davamlılıqdır. Mən sələflərimin bir fikrini bölüşürəm: ATƏT Qafqazı daha sabit, daha dayanıqlı regiona çevirmək üçün unikal imkanlara malikdir. Yaxın perspektivdə o, müzakirə və vasitəçilik forumuna çevrilə bilər.

Daha bir vacib məqam: uzaq perspektivdə istər ATƏT sədri, istərsə də Katibliyi təşkilatımızın digər orqanları ilə birlikdə regionun təhdidlərə qarşı daha dayanıqlı olmasına, münaqişələrin həlli üçün meydanın yaradılmasına birlikdə yardım göstərə bilər. ATƏT-dən başqa heç bir təşkilat təhlükəsizlik məsələlərinə bu qədər hərtərəfli yanaşmır. «Hərtərəfli» dedikdə, bütün səviyyələrdə yanaşmadan danışıram – geosiyasi səviyyədən tutmuş, fərdi səviyyəyədək. Slovakiya məhz, bu səbəbdən, 2019-cu il ərzində insanlara daim diqqət göstərəcək.

- Azərbaycan ictimaiyyəti uzun illərdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə şübhə ilə yanaşır. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı irəliləyiş görünmür. Bu təşkilatın fəaliyyətini siz necə qiymətləndirirsiniz?

- Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini tam dəstəkləyirik. Ermənistanla Azərbaycanın da yer aldığı Minsk qrupu beynəlxalq birliyin münaqişənin sülh yolu ilə həllinə dəstəyini, bunda maraqlı olduğunu kifayət qədər geniş əks etdirir. Nəzərə alsaq ki, bu platforma az qala 25 ildir mövcuddur, bu davamlı, yüksək əməkdaşlığa lazımi qiymət verilməlidir.

Mən Anjey Kaspirşiki yenidən bu münaqişə üzrə şəxsi nümayəndəm təyin etmişəm. Biz Minsk prosesinə inanırıq və ona uğur qazanması üçün lazım olan bütün dəstəyi veririk.

Mən Minsk qrupunun həmsədrlərilə də sıx ünsiyyətdə oluram və onların yüksəkrütbəli məmurlarla bu yaxınlarda keçirdikləri görüşün nəticələrini yüksək qiymətləndirirəm. Liderlər anlayırlar ki, əhalinin sülhə hazırlanması üçün konkret addımlar atılmalıdır. Biz isə buna dəstək veririk.

- Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən miqyaslı enerji və nəqliyyat layihələrinin gələcəyini necə görürsünüz?

- ATƏT rəhbərliyi Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirir. Kommunal xidmətlərin inkişafı üzrə Strateji Yol Xəritəsi çərçivəsində 23 layihənin reallaşdırılması, o cümlədən külək elektrik stansiyalarının, su elektrik stansiyalarının, bioyanacaqla işləyən stansiyaların yaradılması insanlar üçün daha təhlükəsiz gələcəyin təmini baxımından böyük addımdır. Bu, həm də iddialı başlanğıcdır.

Digər strateji layihələr, məsələn, «Şahdəniz-2» TANAP və TAP ilə birlikdə enerji təhlükəsizliyinin təmininə, təbii qaz nəqli marşrutlarının şaxələndirilməsinə kömək edir. Bu, bütün region, orada yaşayan insanlar üçün çox vacibdir.

- Regiondakı gərginlik bu layihələrin gələcəyinə təsir göstərəcəkmi?

- Gərginlik iqtisadi, enerji sahəsində əməkdaşlığa hər zaman mənfi təsir göstərir. Bu mənada Cənubi Qafqaz da istisna deyil. Bu layihələrin uğur qazanması üçün, o cümlədən insanların təhlükəsizliyinin, iqtisadi inkişafının təmini üçün dialoq qurmalı, regionda sabitlik və əməkdaşlıq yaratmalıyıq.



MƏSLƏHƏT GÖR:

411