23 Aprel 2024

Çərşənbə axşamı, 12:44

"PUL ƏSAS DEYİL"

Maykl ESSYEN: “Fikrim ancaq meydana çıxıb komandama xeyir verməkdir”

Müəllif:

01.04.2019

«Çelsi»nin ulduzu, Qananın futbol əfsanəsi, dünyanın məşhur futbolçusu … Mart ayının ortalarından Maykl Essyenin adı idman saytlarının ön səhifələrindən düşmür. 36 yaşlı yarımmüdafiəçi ikiillik fasilədən sonra yenidən yaşıl meydana çıxmaq qərarına gəlib. Məşhur futbolçu karyerasını Azərbaycanın «Səbail» futbol klubunda davam etdirəcək.

Qış transfer pəncərəsinin bağlanmasına baxmayaraq, Azərbaycan premyer liqasının debütantı "Səbail" M. Esseynlə müqaviləyə imza atmaqla medianın diqqətini özünə cəlb edib. Yarımmüdafiəçi klubla azad agent statusuyla anlaşıb. O, həmçinin gənclərdən ibarət U-19 komandasının məşqçi korpusunda çalışacaq.

Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan M. Essyen Qana millisinin heyətində keçirdiyi 58 qarşılaşmada 9 qolla yadda qalıb. Ən çox oyuna isə İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “Çelsi”nin formasında oynadığı 168 oyunda 19 qol vurub. Essyen zadəganların heyətində Avropanın ən nüfuzlu klub turniri - Çempionlar Liqasının qalibi olub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” klublarının da şərəfini qoruyub.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev M. Essyenin komandaya cəlb olunmasını klubun inkişafı üçün vacib addım adlandırıb. O, qanalı futbolçu ilə martın əvvəllərində Bakıda görüşdüklərini xatırladıb. "Essyen Avropa Liqasının final matçına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” ilə bağlı ölkəmizə gəlmişdi. Həmin vaxt bizim bazamıza da baş çəkmişdi. Söhbət zamanı belə başa düşdüm ki, karyerasını bitirdiyini elan etməyib və məşqlərini davam etdirir. Son olaraq İndoneziyanın "Persib Bandunq" komandasında çıxış edib. Biz də yarı-zarafat təklifimizi etdik ki, futbola davam etmək istəyirsinizsə, sizi komandamızda görmək istəyərik. Essyen də bu təklifə ciddi yanaşdı. Doğrusu, düşünmürdük ki, təklifimizə "hə" cavabını verəcək", - deyə baş məşqçi bildirib.

Bakıya gələr-gəlməz gündəmdən düşməyən futbolçuyla görüşmək qərarına gəldik. Təklifimizi qəbul edən M. Essyen bizə ayrılan qısa vaxt ərzində “Region plus”un bütün suallarını cavablandırdı.

- Dünyanın bir sıra aparıcı ölkələrində çıxış etmisiniz, Çempionlar Liqasında qalib olmusunuz. Maraqlıdır, “Səbail”in təklifində hansı məqam sizin diqqətinizi çəkdi?

- Dediyiniz faktlar keçmişdə qalıb. Sadəcə, futbol oynamaq istəyirəm. Avropa Liqasının tanıtımı ilə əlaqədar Bakıya gələndə klubun rəhbərliyi ilə görüşdük, mənə gələcək planlarından danışdılar, cəlbedici oldu. Özümü yeni çağırış üçün hazır sayıram.

- Yəni müqavilənin maddi tərəfi cəlbedici deyil?

- Doğrusu, maddi tərəfdən daha vacibi sənə olan münasibətdir. Burada yeni yaranan "Səbail"i daha da irəli aparmaq üçün layihələr işləyirlər. Bu işdə mən də təcrübəmi bölüşmək istəyirəm. Ölkənizdə futbolu çox sevirlər. Bu amil hər futbolçuya xoşdur.

- Əlinizdə olsa, sizinlə birlikdə Bakıya gəlmiş daha hansı veteran futbolçunu Azərbaycan çempionatına gətirmək istərdiniz?

- Bu barədə heç düşünməmişəm. 

- 2017-ci ildə İndoneziya çempionatında oynamısınız. Həmin zamandan sonra sizə hansısa təklif olub?

- Həmin vaxt bir neçə təklif gəlib, əsasən, Avstraliya çempionatından klublar maraqlanırdılar. Amma ora çox uzaq olduğu üçün qəbul etmədim, həm də qısa bir fasilə vermişdim özümə. “Çelsi”də məşqçilik kursları da keçdim bu müddətdə. Bu klubda həm də 16 yaşlılardan ibarət komandada məşqçi kimi çalışmışam. 

- Bu il 37 yaşınız tamam olacaq. Yaşla əlaqədar sürət probleminiz olmayacaq?

- Həyatımda çox futbol görmüşəm, sizinkindən daha sürətli çempionatlara şahidlik etmişəm, məncə, oynaya bilərəm. 

- Sizin gəlişiniz Azərbaycan futbolu və “Səbail” üçün böyük reklam olacaq. Siz bu barədə nə düşünürsünüz? 

- Mən futbolçuyam, fikrim ancaq meydana çıxıb komandama xeyir verməkdir. Siz dediyiniz nüans barəsində heç vaxt fikirləşməmişəm. 

- Futbolçu kimi əsas tələbiniz nə olub? 

- Heç bir xüsusi tələbim olmayıb. Əsas məqsədim isə budur ki, yanımda oynayan gənclər təcrübələrimdən faydalansınlar.

- Maykl Essyeni Azərbaycan çempionatının ən bahalı futbolçusu saymaq olar?

- Transferlə bağlı maliyyə şərtlərini açıqlamaq istəməzdim. Mənim üçün pul əsas deyil. Karyeram ərzində bir sıra məşhur klublarda çıxış etmişəm. Qazandıqlarım özümü təmin etməyə kifayət edir. Ölkəniz mənə maraqlı gəldi, "Səbail"i sanki özümə yeni çağırış kimi qəbul etdim. Ona görə Azərbaycanda karyeramı davam etdirməyə razılıq verdim.

- Artıq ölkə çempionatında bir oyunu izləmisiniz. Azərbaycan premyer liqası haqqında düşüncələriniz maraqlıdır.

- "Səbail"-"Qarabağ" görüşünü izlədim. Maraqlı oyun alındı. “Səbail”in məğlub olmasına baxmayaraq, düşünürəm ki, kifayət qədər gərgin matç izlədik. “Qarabağ”ın qələbəsində təcrübə amilinin həlledici olduğunu düşünürəm. 

- Gələcəkdə “Səbail”ə sizin vasitənizlə başqa ulduz futbolçu dəvət oluna bilərmi?

- Bu məsələ müzakirə edilməyib. "Səbail"ə gəlişimdə məqsəd Azərbaycan futboluna kömək etməkdir. "Səbail"də çalışan insanların futbola münasibətini çox bəyəndim. Ona görə karyeramı ölkənizdə davam etdirməyə razılıq verdim.

- Siz eyni zamanda klubun 19 yaşlılardan ibarət heyətinə məşqçilik edəcəksiniz. Maykl Essyenin məşqçilik təcrübəsi var?

- Gənclərə bildiklərimi öyrətməyə çalışacam. "Çelsi"də yeniyetmələr üzrə məşqçi kimi işləmişəm. Futbolçu və məşqçi ayrı-ayrı sahələrdir. Məşqçilik hətta daha çətindir. Bununla belə, ölkənizdə işləmək mənim üçün maraqlıdır.

- Ailəniz Bakıya gələcək?

- İndi məişət məsələlərini həll etməyə çalışırıq. Qalacağım məkanı seçirik. Eyni zamanda Bakıya öyrəşməyə müəyyən vaxt lazım olacaq. Ailə üzvlərimi gətirmək barədə düşünməmişəm. Yəqin, müəyyən vaxtdan sonra ölkənizlə tanış olmaq üçün Azərbaycana gələcəklər. 

- Azərbaycan futbolu haqqında nə bilirsiniz?

- Premyer liqada 8 klubun oynadığı barədə məlumat veriblər. Klublarınızın daimi olaraq avrokuboklarda çıxış etdiyini öyrənmişəm. "Qarabağ" bir dəfə Çempionlar Liqasında mübarizə aparıb. Bu il Avropa Liqasının final matçının paytaxtınızda olacağını bilirəm. Gələn il isə Avro-2020-nin 4 matçı ölkənizdə təşkil olunacaq. Bir-iki aydan sonra daha çox məlumatım olacağına inanıram. Futbolla yanaşı sizin mədəniyyəti öyrənmək istərdim. Özümə qarşı isti münasibətə sevinirəm. Gərək yaşıl meydanda da ümidi doğruldum.

- "Səbail" milli çempionatda 3-cü pillədə qərarlaşıb. Sizin gəlişinizdən sonra daha yaxşı oynayacaqlarına ümid böyükdür. Yeni klubla avrokuboklarda oynamaq istərdinizmi?

- Futbol komanda oyunudur. Bir futbolçu çox şey edə bilər, amma hər şeyi həll etməz. Yeni mühitə uyğunlaşmaq üçün vaxt lazımdır. Çalışacam qısa müddətdə "Səbail"ə öyrəşim. Avrokuboklara vəsiqə qazanmaq üçün bacardığımı edəcəm. Essyenin həmin Essyen olduğunu göstərmək istərdim.



MƏSLƏHƏT GÖR:

282