17 Aprel 2024

Çərşənbə, 03:31

LİSENZİYAYA KÖKLƏNƏRƏK

Azərbaycan gimnastı Dünya Kubokunun gümüş medalını qazanıb

Müəllif:

01.04.2019

Milli Gimnastika Arenasında ilin ikinci böyük yarışı - kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku keçirilib. “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan mötəbər yarışda 41 ölkədən 120-yə yaxın kişi, 40-dan çox qadın gimnast mübarizə aparıb. 

Turnirdə kişi gimnastlar sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar və turnikdə qüvvələrini sınadılar. Qadınlar isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və xalça üzərində sərbəst hərəkətlərdə mübarizə aparıblar.

Azərbaycan gimnastı Nikita Simonov halqalarla çıxışda 14,800 xal toplayaraq, ikinci olub. Sərbəst hərəkətlərdə mübarizə aparan Murad Ağarzayev 13,800 xalla altıncı yeri tutub. Qadınların yarışında isə Marina Nekrasova dayaqla tullanmada 13,966 xal toplayaraq altıncı yerdə qərar tutub.

Dünya Kubokunun gümüş mükafatçısı Nikita Simonov təəssüratlarını jurnalistlərlə bölüşüb. Gimnast bildirib ki, əsas məqsəd Tokio-2020-vəsiqə qazanmaqdır: "Dünya Kubokunda rəqabət çox yüksək idi. Gümüş medal qazandığıma görə sevinirəm. Bununla belə, əsas mübarizənin irəlidə olduğunu başa düşürəm. Əsas hədəfim 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır”, - deyə Nikita jurnalistlərə bildirib.

Qeyd edək ki, Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kuboku seriyasının ilk yarışı ötən ilin noyabrında Almaniyanın Kotbus şəhərində 50 ölkənin iştirakı ilə keçirilib. Bu ilin fevralında isə 32 ölkədən idman gimnastları Avstraliyanın Melburn şəhərində baş tutmuş yarışda çıxış ediblər. Azərbaycanın ev sahibliyi etdiyi sayca 3-cü təsnifat yarışına olimpiya mükafatçıları, dünya və Avropa çempionatnın medalçıları qatılıblar. İlin sonuncu olimpiya təsnifatı yarışı isə 20 – 23 martda Qətərin paytaxtı Dohada keçirilib. Azərbaycan gimnastlarından Dohada ən yaxşı nəticəni Marina Nekrasova göstərib. Sonuncu mərhələdə 13.216 xal toplayan idmançımız yarışı səkkizinci yerdə başa vurub.

Məlumat üçün bildirək ki, Milli Gimnastika Arenası bu il daha bir Dünya Kuboku və bir dünya çempionatına ev sahibliyi edəcək. 26 - 28 apreldə bədii gimnastika üzrə Dünya Kubokunun finalı, 16 - 19 mayda Avropa çempionatı təşkil olunacaq. 24 - 26 mayda isə aerobika üzrə Avropa çempionatı nəzərdə tutulub. 20 - 28 iyulda paytaxtda ilk dəfə daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı gerçəkləşəcək. Bu festival çərçivəsində idman gimnastikası üzrə yarışlar olacaq. İlin son yarışı isə 16 – 22 sentyabrda keçiriləcək lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatı olacaq. 

Dünya çempionatının ilk səfirinin adı da məlum olub. Bu, məşhur rusiyalı keçmiş gimnast Yana Batırşinadır. Batırşinanın namizədliyi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən rəsmi olaraq təsdiqlənib. Dəfələrlə dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta) Dünya Çempionatının təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bu proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.



MƏSLƏHƏT GÖR:

303