18 Aprel 2024

Cümə axşamı, 16:38

I WANT TO GO BACK HOME TO KARABAKH

Şervin Nəcəfpur: «Mən onu Azərbaycan dilində yazsaydım, kimsə başa düşməyəcəkdi»

Müəllif:

01.04.2019

Şervin Nəcəfpur sevincindən göyün yeddinci qatında idi – çox sevdiyi Novruz bayramını bu il Vətənində keçirmək qismət olmuşdu. Özü də Cocuq Mərcanlıda. Bu məqam onun üçün ayrıca, simvolik əhəmiyyət daşıyırdı.

Azərbaycan əsilli tanınmış norveçli dizayner cəmi iki həftə əvvəl Antalyada keçirilən moda həftəsində özünün yeni «I'm a Star» («Mən ulduzam») kolleksiyasını «I want to go back home to Karabakh» («Mən Qarabağa – evimizə qayıtmaq istəyirəm!») şüarı altında nümayiş etdirmişdi. Moda nümayişi mətbuatda və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmuşdu. İş o yerə çatmışdı ki, ermənilərin şikayətləri ucbatından dizaynerin səhifələri dəfələrlə bloklanmışdı.

Şervin özü bunu öz qələbəsi sayır. «Deməli, mesajım ünvanına çatdı», - deyir vətənpərvər dizayner. 

Onunla görüşəndə Cocuq Mərcanlıya – azərbaycanlıların doğma yurdlarına böyük qayıdışının müjdəçisinə çevrilmiş kəndə yola düşməyə hazırlaşırdı. Bu səfərlə Şervin NƏCƏFPUR yenidən dünyaya mesaj verəcəkdi: «Mən Qarabağa – evimizə qayıtmaq istəyirəm!»

Səs-küyə səbəb olmuş moda nümayişiniz barədə hələ danışacağıq. Lakin əvvəlcə sizi daha yaxından tanıyaq…

Adım Şervin Nəcəfpurdur. Bəzən camaat «Şərvin» deyir. Bu, yanlışdır. Adım Şirvandan gəlmədir. «Əbədi ruh», «qəhrəman» və «aslan» anlamına gəlir. Ona görə loqotipim də bu elementlərdən ibarətdir. Norveçdə doğulub böyümüşəm. Beynəlxalq marketinq üzrə təhsilim var. Hal hazırda Norveçdə dövlət qulluğundayam. Miqrantlarla iş üzrə bələdiyyə şurasına seçilmiş ilk azərbaycanlı xanımam. 

Modaya necə gəldiniz?

Uşaqlıqdan modelyer və biznes xanımı olmaq istəmişəm. Hətta 5 yaşımda cızdığım eskizlərim də var. 15 yaşımda isə bir yarışa baş vurdum. Orada özümün tikdiyim geyimi bir çox tanınmış Norveç modelyerlərinin qarşısında nümayiş etdirdim. Ondan sonra bir neçə təklif aldım. Lakin mən oxumaq üçün Amerikaya getdim, təhsil aldım və qayıtdıqdan sonra artıq çox tanınmış bir norveçli modelyerin yanında işə götürüldüm. Artıq 10 ilə yaxındır ki, moda sektorundayam. 

Sizin Norveç kral ailəsi üçün də sifarişlər yerinə yetirdiyiniz deyilir…

Təəssüf ki, mətbuatda yanlış olaraq məni kral ailəsinin modelyeri kimi təqdim edirlər. Bu, doğru məlumat deyil. Sadəcə mən bir tanınmış dizaynerlə işlədiyim zaman kral ailəsinin üzvləri bizim çox hörmətli müştərilərimiz idi. Mən onlarla orada tanış oldum və başladım onlar üçün geyimlər dizayn etməyə. Bu mənim üçün karyeramın ən böyük uğurlarından olub. Bundan başqa, norveçli məşhurlar üçün də dizayn etmişəm, hətta bir çox azərbaycanlıları da geyindirmişəm. Ancaq mən ad çəkməyəcəm - «bu, mənim geyimimdir, filankəsi mən geyindirmişəm» deməyi xoşlamıram. 

Bəs, norveçli məşhurlardan necə, kimlərinsə adlarını çəkə bilərsiniz? 

Əlbəttə. Bizim çox tanınmış teleaparıcılarımız, modellərimiz var. Misal üçün, Triana İqlesias adlı ispan əsilli Norveç məşhuru. Ondan sonra Norveç gözəlini geyindirmişəm. 

Müsahibələrinizin birində demisiniz ki, Şaneldən ilhamlanmışam. Niyə məhz Şanel?

Mənim atam hər zaman deyir ki, insan öz ayaqları üstündə durmağı bacarmalıdır – fərqi yoxdur, qadın olsun, ya kişi. Atam həmişə türk tarixində, Azərbaycan tarixində, dünya tarixindəki güclü qadınları nümunə gətirib mənə, deyib ki, Şervin hər zaman onlardan ilham al, sən də güclü qadın ol, insanlara nümunə ol. Çox şadam ki, o mənə bu prinsipləri öyrədib və onlar artıq mənim xasiyyətimin cizgilərinə çevrilib. 

Atam mənə Koko Şanelin kitablarını alırdı və mən də ondan çox ilham almışam. Axı Şanelin cəsarəti sayəsində bu gün qadınlar pantolon (şalvar – «R+») geyinə bilir. Ona qədər pantolon, qara rəng qadağan idi. Həqiqətən, moda dünyasının tarixində ən böyük işi görən o qadın olub.

Uşaqlıqdan biznes-ledi olmaq istəmisiniz, ancaq indi həm də dövlət işində çalışırsınız…

Bəli. Mən hesab etmirəm ki, bir insan ancaq bir işlə məşğul olmalıdır. Mənim aləmimdə bir insan eyni vaxtda bir neçə işdə uğur əldə edə bilər. Misal üçün, mən moda ilə siyasəti uzlaşdıra bilirəm. Norveçdə hakim partiyanın üzvüyəm, yəni daxili siyasətlə məşğulam, həm də modada öz biznesim, brendim var və çalışıram ki, moda vasitəsilə ana vətənimlə, türk dünyası ilə bağlı sosial mesajları göndərim. 

Sosial mesaj demişkən, sizin Antalyadakı nümayişiniz çox səs-küyə səbəb oldu… 

Bilirsiniz ki, Antalya Türkiyənin çox tanınmış turizm bölgəsidir. «Antalya Fashion Week» isə gündən-günə böyüyən və çox geniş kütləyə sahib olan bir moda həftəsidir. Ona görə, mənə dəvət gələndə düşündüm ki, mütləq Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı nəsə bir önəmli mesaj göndərməliyəm. Çünki Ermənistanın baş nazirinin İrana səfəri zamanı orada «Qarabağ Ermənistanındır» yazısını gördükdən sonra özümə gələ bilmirdim. Dedim, mən buna nəsə bir əks-reaksiya verməliyəm və bunu elə səliqəli şəkildə etməliyəm ki, dünyaya bu mesajı çatdıra bilim. Ona görə, bu fürsətdən istifadə elədim. 

Bu, sizin tərəfinizdən çox cəsarətli addım idi. Ona görə soruşmaq istərdim ki, bizim Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün səylərimiz yetərincədirmi?

Bilirsiniz ki, mən eyni zamanda Norveçdə CAN təşkilatının sədriyəm. Devizimiz var –«Sonsuzacan Azərbaycan!». Biz bu təşkilatı AXC-nin 100 illiyinə həsr etdik. Düşündük ki, xüsusilə Azərbaycana qarşı Norveçdə aparılan qarayaxma kampaniyalarının qarşısını almağa çalışaq. Bir diaspora üzvü və diasporanın böyük layihəsi olan Skandinaviya Əlaqələndirmə Şurasının koordinatoru kimi düşünürəm ki, gördüyümuz işlər gözəldir. Ancaq kifayət deyil. Bağışlayın, ancaq bunu çox səmimi deyəcəm. Nə üçün biz tədbirlərdə Azərbaycan dilində danışmalıyıq? Axı, xaricilər Azərbaycan dilində bizi başa düşmürlər. Bizim Prezidentimiz İlham Əliyev o qədər böyük səy göstərir ki, biz Azərbaycan həqiqətlərini dünyaya tanıdaq. Lakin təəssüflər olsun ki, çox ölkələrdə biz ancaq özümüz deyib, özümüz eşidirik. Axı, bu düz deyil. Biz innovativ metodlardan istifadə etməliyik. Mən düşündüm ki, Şervin sənin əlində hal-hazırda belə geniş beynəlxalq platforma var. Bir azərbaycanlı kimi sən neyləməlisən? Sən dünyaya bir mesaj göndərməlisən. Bəs, bunu necə etmək olar? Mən onu Azərbaycan dilində yazsaydım, kimsə başa düşməyəcəkdi. Ona görə mən «Mən Qarabağa – evimizə qayıtmaq istəyirəm!» sloqanını ingilis dilində yazdım. İnsanlar şəkillərə baxanda görəcəklər ki, səhnədə mənim geyimlərim, arxadakı ekranda da ingiliscə bir mesaj var. Ona görə Avropada tədbir keçiririksə, gərək bunu yerli dildə edək, təbliğatı yerli mentalitetə uyğun quraq. Misal üçün Finlandiyada qan görmək istəmirlərsə, qan göstərməyin. Məsələn, Bakı Media Mərkəzinin, Heydər Əliyev Fondunun Xocalını anladan videoları var ingilis dilində. Niyə onları nümayiş etdirməyək xaricilərə?

Gələcək üçün də belə planlarınız varmı? 

Əlbəttə var. Hal-hazırda Azərbaycanda çox böyük bir gözəllik yarışına hazırlıq gedir – «Mister and Miss Azərbaycan». Bu, dövlətin dəstəyilə keçiriləcək. Artıq təşkilatçılarla müqavilə imzalamışıq. Onlar üçün də özəl bir kolleksiya hazırlayacam. Hətta bu kolleksiya üçün belə bir şey də düşünmüşəm. Mən Norveçdə doğulub boya başa çatdığım üçün istəyirəm ki, Tur Heeydalın norveçlilərlə azərbaycanlıların qohumluğu haqqında nəzəriyyəsi əsasında bir kolleksiya hazırlayım. Onu mayın sonunda Azərbaycanda nümayiş etdirəcəm. 

Və son olaraq, bir dizayner kimi, sadə azərbaycanlıların geyim zövqünü qiymətləndirməyinizi istəyərdim.

Doğrusu, mən daha çox ictimai fəal insanlarla görüşdüyüm üçün onların geyim tərzini görürəm. Şəhərdə çox gəzmək imkanım olmadığı üçün insanların gündəlik geyim tərzini görə bilmirəm. Ancaq yenə də ümumi fikrim belədir ki, biz həqiqətən çox yaxşı geyinirik. Mən azərbaycanlı xanımları görəndə maraqlı gəlir ki, saçı yerində, makiyajı yerində, geyimi yerində. Çox diqqət edirlər buna. Bəylərimiz də eyni şəkildə. Mən çox şadam ki, onlar kostyum geyinirlər. Çox yaraşır. Azərbaycana gələndə ürəyim açılır ki, insanlar trendlərə, dəbə necə fikir verirlər. Bir sözlə, Azərbaycanda insanlar çox gözəl geyinir. Belə də davam etsinlər. Avropalılara qətiyyən fikir verməsinlər. Onlar artıq çox səliqəsiz geyinirlər. İnsan idman üslubunda geyinə bilər, ancaq onu da gözəl geyinməyi bacarmalısan. Azərbaycanlılar bunu çox gözəl bacarırlar.



MƏSLƏHƏT GÖR:

454