23 Aprel 2024

Çərşənbə axşamı, 20:38

ANLAŞMANIN DƏYƏRİ

OPEK+ formatının Bakı toplantısında neft bazarında tələb və təklif arasında balansın qorunması qərara alınıb

Müəllif:

01.04.2019

Bakıda böyük beynəlxalq tədbirlərin keçirilməsi artıq heç kim üçün sürpriz deyil. Bununla belə, OPEK + ölkələri nazirlərinin birgə monitorinq komitəsinin (JMMC) sayca 13-cü iclasının və birgə texniki komitənin (JTC) 27-ci iclasının ilk dəfə Azərbaycan paytaxtında keçirilməsi yetərincə rəmzidir. Bir tərəfdən, bu, əlbəttə ki, ən nüfuzlu neft karteli üçün Azərbaycanın önəmini təsdiqləyir, digər tərəfdən ardıcıl siyasət nəticəsində qazanılmış güvənin və etibarlı tərəfdaşlıq imicinin sübutudur. Qeyd edək ki, forumun Bakıda keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyevdir.

 

Yerinə yetirilmiş anlaşmalar  

Martın 17-18-də Bakıda keçirilmiş iclasda 14 dövlətin nümayəndələri iştirak edib. Halbuki monitorinq komitəsinin hazırda yalnız 6 üzvü var (Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Oman, Əlcəzair). Ancaq ənənəvi olaraq toplantılara qatılmaq üçün digər OPEK + ölkələri də dəvət olunur.

Bakı danışıqlarının əsas məqsədi OPEK və qeyri-OPEK arasında 2018-ci il dekabrın 7-də əldə edilmiş anlaşmanın yerinə yetirilməsi ilə bağlı vəziyyəti müzakirə etmək olub. Anlaşma 6 ay ərzində (apreldə yenidən baxılması imkanı ilə) günlük hasilatına 1,2 milyon barel azaldılmasını nəzərdə tutur. Anlaşmaya görə, kartel ölkələri 2019-cu ilin birinci yarısında hasilatı 800 min barel/sutka, qeyri-OPEK ölkələri isə 400 min barel/sutka azaltmalıdır. Özü də azalmada əsas pay Səudiyyə Ərəbistanına və Rusiyaya düşür – uyğun olaraq 322 min b/s və 228 min b/s azaltmalıdırlar. İran, Venesuela və Liviya öhdəlikdən azad ediliblər.

Anlaşmanın keçərli olduğu ilk iki ayda (2019-ci ilin yanvar-fevral aylarında – «R+») bir çox ölkələr onun gerçəkləşdirilməsi üzrə yetərincə yüksək səviyyədə nümayiş etdiriblər. Kartel bildirib ki, yanvar ayında OPEK+-un anlaşmanı yerinə yetirmə səviyyəsi 83% olduğu halda, fevralda bu, 90% -ə çatıb. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih sanır ki, mart ayında OPEK+-un anlaşmanı yerinə yetirmə səviyyəsi asanlıqla 100%-i aşacaq.

Ən çox Səudiyyə Ərəbistanı istehsalı azaldıb. OPEK-in təkrar mənbələrinin məlumatlarına görə, o, hasilatı yanvarda 420 min barel /sutka, fevralda isə 546 min b/s azaldaraq, anlaşma ilə müəyyən edilmiş 10,3 milyon b/s əvəzinə 10 milyon b/s-ya qədər endirib. Krallıq martda daha böyük azalma planlaşdırır- hasilatı 9,8 milyon b/s-yə qədər azaldacaq ki, bu, anlaşmanın yerinə yetirilməsini 2,6 dəfə üstələyir.

OPEK-ə üzv olmayan 10 ölkədən yanvar-fevral aylarında yalnız Bəhreyn, Meksika, Oman və Qazaxıstan anlaşmanı 100% faiz yerinə yetirməyə nail olublar. Eyni zamanda Qazaxıstan energetika nazirliyi bildirir ki, «Kaşaqan» və «Karaçaqanak» yataqlarında əsaslı təmirlə bağlı işin dayanması üzündən mart ayından etibarən hasilat mərhələli şəkildə önəmli dərəcədə azalacaq. Yanvar ayında Rusiya hasilatı, təxminən, 50 min b/s, fevralda isə 90-100 min b/s azaldıb. Eyni zamanda Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak bildirib ki, ölkənin mart ayının sonu - aprel ayının əvvəlinə lazımi səviyyəyə çatacağı gözlənir.

 

Azərbaycan söz verir  

Azərbaycan da aprel ayında OPEK+-un anlaşmasının yerinə yetirilmə göstəricisini yaxşılaşdırmağa ümid edir. Bu anlaşma çərçivəsində ölkə 2019-cu ildə hasilatı 2018-ci ilin sentyabr göstəricisi ilə müqayisədə 20 min b/s azaldaraq 776 min barel/sutkaya kimi salmağı öhdəlik götürüb. Bununla belə, Azərbaycan yanvar-fevral aylarının göstəriciləri üzrə öhdəliyi yerinə yetirə bilməyib - 2019-cu ilin yanvar ayında gündəlik neft hasilatı 793 min barel, fevral ayında isə 806 min barel təşkil edib. Ölkənin Energetika Nazirliyi bildirir ki, neft hasilatının tələb olunan səviyyəyə qədər azaldılmasına tədricən nail olunacaq və anlaşmanın 100% yerinə yetirilməsi üçün yetərincə vaxt var.

"Məlum olduğu kimi, 2018-ci ilin dekabrında biz OPEK+ anlaşması çərçivəsində yeni öhdəliklər götürmüşük. Ancaq hələ ki, o, tam olaraq yerinə yetirilmir. Biz bu anlaşma çərçivəsində öhdəliklərimizi yerinə yetirmək üzrə fəal çalışırıq və gələn ay öz göstəricilərimizi yaxşılaşdırmağa ümid edirik ", - deyə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı görüşündən sonra mətbuat konfransında bildirib.

Azərbaycanın OPEK+ çərçivəsində öhdəliklərini yerinə yetirməsi, böyük ehtimalla, 2019-cu ilin ikinci rübündə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Mərkəzi Azəri" platformasından hasilatın planlaşdırılan dayandırılması ilə təmin olunacaq. Platforma profilaktik işlər üçün, təxminən, 15 gün dayanacaq.

Nazir həmçinin qeyd edib ki, OPEK+ çərçivəsində iki il yarımlıq əməkdaşlıq boyunca Azərbaycan qəbul edilmiş qərarlarla bağlı öz öhdəliklərini bütünlüklə yerinə yetirib. "Biz bu əməkdaşlığı davam etdirmək, gələcəkdə də OPEK + formatını dəstəkləmək və onun fəal iştirakçısı olmaq niyyətindəyik. Biz görürük ki, təkcə Azərbaycanın deyil, kartel ölkələrinin və OPEK-ə daxil olmayan ölkələrin də fəal iştirakı bazarda balansı təmin etmək baxımından gözəl nəticələr verir", - deyə P.Şahbazov bildirib.

 

Gözəl nəticə

Anlaşma iştirakçıları onun yerinə yetirilməsini müsbət qiymətləndiriblər. "Biz OPEK+ sazişindən əvvəlki dövrlə baxanda daha sabit qiymətlər görürük, volatillik daha aşağıdır", - deyə A.Novak vurğulayıb.

"Fevral ayında anlaşmasının yerinə yetirilməsi əla olub. BƏƏ anlaşmanı, demək olar ki, 119% yerinə yetirib, amma biz bir aydan o biri aya orta hesabla 100% -ə nail olmağa çalışırıq. Biz gözləyirik ki, Rusiya bu anlaşmanı yerinə yetirmə səviyyəsini artıracaq və Rusiya energetika naziri Aleksandr Novak ilə işləyirik. Deyə bilərəm ki, bütünlükdə biz bazarda balansa yaxınlaşırıq. Mən bu il üçün nikbinəm (balansın əldə olunması ilə bağlı - R +). Biz bərpanı görəcəyik ",- deyə BƏƏ-nin energetika naziri Suheyl əl-Mazrui bildirib.

Həqiqətən, OPEk + ölkələrinin mövcud öhdəliklərə sadiqliyi fonunda neft qiymətləri 2018-ci ilin noyabr ayından bu yana ən yüksək səviyyədə dayanır. Brent markalı Şimal dənizi neftinin may üçün fyuçers qiymətləri barrel üçün 67,72 dollar, WTI xam neftinin barrel qiyməti isə 59,84 dollar olub.

Eyni zamanda ekspertlər bu ilin qalan aylarında bazarda gözlənilən kəsirin fonunda neft qiymətlərinin daha da artacağını proqnozlaşdırırlar. Məsələn, «CitigroupInc» analitikləri 2019-cu il üçün Brent neftinin orta illik qiymətini bir barel üçün 64 dollardan 70 dollara qaldırıblar. Onların «Morgan Stanley»dən olan həmkarları isə Brent neftinin qiyməti üzrə proqnozları yaxın dörd rüb üçün barrelə görə 70-75 dollara qədər artırıblar. Ekspertlərin fikrincə, son zamanlarda qiymətlərin artması neft emalı zavodlarının rentabelliyinin yaxşılaşması ilə müşayiət olunub - bu artımın uzunmüddətli olacağını göstərir.

Yeri gəlmişkən, OPEK-in baş katibi Məhəmməd Barkindo hesab edir ki, OPEK+-un neft hasilatını azaltmaq qərarından yalnız onun iştirakçıları deyil, həmçinin ABŞ-ın şist neft istehsalçıları da yararlanıblar. "Onlar özləri deyirlər ki, OPEK+-un qərarından faydalanıblar və OPEK+-u bazarı sabitləşdirmək üçün səylərini davam etdirməyə çağırıblar",- deyə baş katib vurğulayıb.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə OPEK+-un anlaşmasının 2019-cu ilin ikinci yarısında da davam etməsinin tərəfdarı olduğunu bildirib: "Bizim ilin ikinci yarısında da hasilatı cilovlamağı davam etdirməyimiz lazımdır". O qeyd edib ki, hazırda ABŞ-ın neft ehtiyatları "sona qədər doludur" və bu artıqlığın azaldılması OPEK+-un bazarda apardığı balanslaşdırmanın əsas məqsədi olaraq qalır. "Bizə ehtiyat artıqlığını bazardan çıxarmaq üçün bir neçə ay lazımdır",- deyə Xalid əl-Falih bildirib.

 

ABŞ sanksiyalarının təsiri

Doğrudur, əgər əvvəllər Ər-Riyad anlaşmanın artıq aprel ayından uzadılması təklifini irəli sürsə də, sonradan Bakıda olarkən Səudiyyə naziri bildirib ki, OPEK + anlaşmasının vaxtının uzadılması barədə potensial qərar iyun ayında qəbul oluna bilər. Onun sözlərinə görə, neft ehtiyatları artmaqda davam etdiyinə və ABŞ-ın (İrana və Venesuelaya qarşı – «R+») sanksiyaların bazara təsirinin hələlik qeyri-müəyyənliyi davam etdiyinə görə OPEK istiqamətini dəyişmək istəmir.

Xatırladaq ki, ötən ilin dekabr ayında neft hasilatını 2019-cu ilin birinci yarısı üzrə 1,2 milyon barel/sutka azaltmaq barədə qərar qəbul edərək, OPEK+ nazirləri dərhal qərara yenidən baxılması, bazarın sabitləşdirilməsi üçün addımların atılması imkanı üçün aprelə növbədənkənar iclas təyin etdilər.

May ayının əvvəlində ABŞ Xəzinədarlığının İran neftini sanksiya altına düşmə riski olmadan idxal edə biləmələri üçün bir sıra ölkələrə tanıdığı istisnaların müddəti bitir. Potensial olaraq bu idxal həcmi, təxminən, 1 milyon b/s təşkil edir.

"Əlbəttə ki, sanksiyalar bazara mənfi meyillər daşıyır, onlar tələb və təklif balansını bütünlüklə təhrif edirlər. Bu sanksiyalar qanunsuzdur, çünki onlar birtərəflidirlər və bazara qarışıqlıq gətirirlər. Onlar sanksiyalar tətbiq edilən ölkələrin bazarına öz məhsullarını yeritmək məqsədi daşıyır və qeyri-müəyyənlik yaradır ", - deyə A.Novak Bakıda OPEK+ toplantısından öncə bildirib.

Xatırladaq ki, ötən ilin martında ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin artmasına son dərəcə mənfi reaksiya göstərmişdi və onların azalmasına isə sevinmişdi. Bu ilin fevral ayının sonunda o, yenidən bildirmişdi ki, neft qiymətləri həddindən çox artıb və OPEK-i istehsalın azaldılmasına və qiymətlərin dəstəklənməsinə yönəlmiş tədbirləri məhdudlaşdırmağa çağırmışdı.

Bakı görüşündən sonra, martın sonunda D.Tramp öz müraciətini növbəti dəfə səsləndirmişdi. Həm də maraqlıdır ki, eyni mövzuda əvvəlki qeydlərindən fərqli olaraq, öncədən OPEK üzvlərinə təşəkkür etmişdi. "OPEK-in neft təchizatını artırması çox vacibdir. Dünya bazarları asılı vəziyyətdədir, neft qiymətləri həddindən yüksəkdir. Sağ olun", - deyə Amerika prezidenti «Twitter»də yazmışdı.

 

Apreldən maya kimi  

Amma bununla yanaşı, Bakıda keçirilən danışıqların nəticəsinə görə, OPEK+-un növbədənkənar nazirlər toplantısının aprel ayında deyil, may ayında Ciddə şəhərində (Səudiyyə Ərəbistanında) keçirmək qərara alınıb.  

«Önümüzdəki iki ayda bazarın əsaslı amillərinin önəmli dərəcədə dəyişməyəcəyi nəzərə alınmaqla, monitorinq komitəsi OPEK-+un aprel ayı üçün nəzərdə tutulan nazirlər toplantısını təxirə salmağı və onu mayda, yəni iyunun 25-də keçirilməsi planlaşdırılan OPEK konfransından əvvəl keçirməyi qərara aldı, konfrasda 2019-cu ilin ikinci yarısı üçün hasilat hədəfləri ilə bağlı qərarlar qəbul ediləcək", - deyə JMMC toplantının sonucları ilə bağlı yaydığı mətbuat açıqlamasında bildirib.  

Digər tərəfdən bazarda qlobal neft bazarın üçün kritik qeyri-müəyyənlik daşıyan amillər qalmaqdadır. Bu baxımdan, monitorinq komitəsi xüsusi vurğulayır ki, bütün iştirakçı ölkələr bazarda sabitliyini bərpa edilməsi və istənilən disbalansın təkrarlanmasının qarşısının alınması üçün birgə məsuliyyət daşıyırlar. OPEK+ ölkələrinin nümayəndələri isə, öz növbəsində, monitorinq komitəsini əmin ediblər ki, öz öhdəliklərini yerinə yetirməkdə qərarlıdırlar.  

Həmçinin JMMC bir sıra özəl qərarlar qəbul edib. Belə ki, komitə öz sıralarına Qazaxıstan, İraq, Nigeriya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələrini qəbul etməyi tövsiyə edib. Oman isə OPEK+ komitəsini tərk etməyə qərara alıb. Bundan başqa, 3 ölkə - Bruney, Malayziya və Ekvador üçün neft hasilatının azaldılması üzrə yekun şərtlərə düzəlişlər bəyənilib. Neft hasilatının azalması üzrə bu ölkələrin payına düşən toplam göstərici 34 min b/s təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin daha öncədən proqnozlaşdırdığı kimi, Bakıda keçirilən OPEK+ nazirlər toplantısının, ən azından, iyun danışıqlarına qədər neft qiymətlərinin sabitləşməsinə və dünya bazarlarında nisbi balansın qorunmasına yardım edəcəyini gözləmək olar. Əsas ixracatçıların mart ayı danışıqlarında nümayiş etdirdiyi müsbət əhvalı Azərbaycan üçün də 60-70 dollar arasında dəyişən optimist qiymət dəhlizinin müəyyənləşəcəyinə ümid verir.



MƏSLƏHƏT GÖR:

293