25 Aprel 2024

Cümə axşamı, 06:30

GƏLƏCƏKDƏN QONAQLAR

2023-cü ilə kimi Azərbaycan xarici turist axınını 4 milyon nəfərə qədər artırmaq niyyətindədir

Müəllif:

15.04.2019

Hələ dörd il əvvəl Azərbaycanın turizm sektoru daha çox daxili bazarı diqqət mərkəzində tuturdusa və qismən də beynəlxalq biznes turizm seqmentinə xidmət edirdisə, qlobal energetika böhranının başlaması və bunun ardınca manatın devalvasiyaya uğramasından sonra istirahət sahəsinin inkişaf istiqamətinin dəyişdirilməsi üzrə bir sıra kompleks tədbirlər görülüb. Gerçəkləşdirilmiş irimiqyaslı islahatlar nəticəsində mehmanxana xidmətlərinin müəyyən qədər ucuzlaşması, beynəlxalq aviaşirkətlərin sayının artması, viza prosedurlarının sadələşdirilməsi nəticəsində Azərbaycanda xarici səyahətçilərin sayı artdı, turizm xidmətlərində profisit göstəriciləri yüksəldi, həmçinin turist axınının coğrafiyasında radikal şəkildə şaxələndirmə baş verdi.

 

Üç faizlik artım  

"Azərbaycanda turizm sektoruna dövlət səviyyəsində xüsusi diqqət yetirilir: ölkənin turizm potensialının xaricdə tanıdılması, dünyanın bir çox yeni regionlarından qonaqların cəlb edilməsi, yeni turizm istiqamətlərinin inkişaf etdirilməsi və viza rejimini sadələşdirilməsi üçün bir sıra tədbirlər görülüb",- bunları ənənəvi olaraq «Iteca Caspian» şirkətinin təşkil etdiyi beynəlxalq turizm və səyahət sərgisinin (AITF 2019) açılış mərasimindəki çıxışında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, birgə səylər nəticəsində turizm sahəsində kiçik və orta sahibkarlığın fəaliyyəti ildən-ilə artır və sahə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə öz növbəsində vurğulayıb ki, Azərbaycanın turizm sektoruna artan diqqətin daha bir sübutu kimi «Bütün dünya. Bir sərgi» devizi altında keçirilən AITF-2019-da iştirak üçün Bakıya dünyanın 17 ölkəsindən 189 şirkətin gəlməsini göstərmək olar ki, onlar istirahət sahəsinin ən perspektivli sahələrini təmsil edirlər.

Ötən üç il ərzində Azərbaycanın turizm sahəsində gerçək canlanma yaşanması bu gün nüfuzlu ekspertlər icması tərəfindən də təsdiqlənir və onlar da turizm sektorunu ölkə iqtisadiyyatının ən önəmli sahələri ilə bir sırada görürlər. Dövlət Statistika Komitəsinin göstəriciləri da yeni strategiyanın effektivliyini sübut edir: məsələn, ötən il dünyanın 193 ölkəsindən Azərbaycana gələn xarici turistlərin sayı 2,8 milyonu ötüb ki, bu da əvvəlki illə müqayisədə 6 faiz çoxdur. Düzdür, 2018-ci ildə turist axınının artım dinamikası artımın 20%-ə bərabər olduğu 2017-ci ilin zirvə göstəricisindən geri qalmasına baxmayaraq, Azərbaycan hələ də bu göstərici üzrə postsovet məkanının ilk üç lider ölkəsindən biridir və Cənubi Qafqazda yalnız Gürcüstandan geri qalır.  

Bununla yanaşı, bir faktı da göstərmək önəmlidir ki, 2018-ci ildə xarici turistlər Azərbaycanda 2 milyard dollardan çox sərf etmişlər ki, bu da hotel və restoran sektorunun, əyləncə sahəsinin və digər istiqamətlərin inkişafına imkan verir. «Bloomberg» ekspertləri bu il dünya üzrə ən sürətlə populyarlıq qazanan on turizm istiqaməti arasına Türkiyə, Gürcüstan, Makedoniya və İslandiya ilə yanaşı, Azərbaycanı da daxil etməsi ölkəmizin turizm perspektivlərinin dayanıqlılığını göstərən başqa faktdır. Bizim ölkəyə qlobal maraqların artmasını göstərən digər bir önəmli marker isə ötən il dünyanın ən böyük turizm şirkətlərindən biri «Intrepid Travel»in xətti ilə Azərbaycanda mehmanxanaların sifarişinin üç dəfə artması olub.

"Bu il Azərbaycana gələn xarici turist sayında üç faiz artım müşahidə edilir ki, bu da yeni ölkələrdən xaricilərin gəlməsi hesabına baş verir. Belə ki, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan ərazisinə 360 minə yaxın xarici vətəndaş gəlib ki, onların çoxu Rusiya və Gürcüstan vətəndaşıdır. Eyni zamanda ilk dəfədir ki, Gürcüstandan gələn turistlərin sayı rusiyalılardan çox olub. ", - deyə Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

 

Ərəb turistlərin sayı azalıb  

Son illərdə Azərbaycanda 15 turizm bazarı üzrə turistlərin sayında, özəlliklə də Yaxın Şərq ölkələrindən turist axınında artım müşahidə edilir: məsələn, 2018-ci ildə Azərbaycana ərəb ölkələrindən 554.1 min turist gəlib. Cənubi Asiya ölkələrindən (Pakistandan, Hindistandan) Azərbaycana gələn turistlərin sayı 70% artıb, Mərkəzi Asiyadan (Özbəkistan, Qazaxıstan, Tacikistan və s. ölkələrdən) gələnlər isə 30% artıb.  

Eyni zamanda K.Quluzadə qeyd edib ki, bu ilin yanvar-fevral aylarında ərəb turistlərinin sayı 7% azalıb. "Lakin bu müvəqqəti haldır, çünki qış dövrü zəif turizm mövsümü sayılır. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq siyasi cəhətdən qeyri-sabit bölgədir və ölkədən çıxmaq ilə bağlı tez-tez problemlər yaranır. Digər tərəfdən ərəb ölkələrindən Azərbaycana birbaşa uçuşlar azalıb və İraq turistlərinə viza verilməsi prosedurlarında müəyyən dəyişikliklər edilib. Bu və bir sıra başqa amillər ərəb turistlərinin sayının azalmasına təsir göstərdi ", - deyə K. Quluzadə bildirib.

Buna baxmayaraq, DTA-nın mətbuat katibi vəziyyətin sabitləşə biləcəyinə inanır, o vurğulayıb ki, iki yeni ərəb aviaşirkətin tezliklə Azərbaycana, o cümlədən Omanda birbaşa uçuşlar başlayacaq. Səudiyyə Ərəbistanı ilə də davamlı birbaşa uçuşların təşkili ilə bağlı danışıqlar aparılır. Turist axınının artırılması məqsədilə 2018-ci ilin dekabrında BƏƏ və Səudiyyə Ərəbistanında Azərbaycanın turizm üzrə iki rəsmi nümayəndəliyi açılıb. Bu il Azərbaycanın turizm potensialının artırılması üçün Yaxın Şərqdə böyük bir sistemli kampaniya başlayır ki, bu da qonaqların əlavə axınını təmin edəcək və vəziyyəti sabitləşdirəcək.

Ərəb ölkələrindən gələn turistlərin sayının azaldılma səbəbinin digər versiyası isə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov tərəfindən səsləndirilib. "Axının azalma səbəbi turizm bazarındakı yüksək rəqabətlə bağlıdır, çünki ərəb turistləri yetərincə tələbkardırlar. Bu bazarda hər dəqiqədə mübarizə aparmaq məcburiyyətindəsiniz, özünüzü tanıtmalı və yada salmalısınız. Əvvəllər bu istiqamətdə görülən işləri indi on dəfə daha fəal şəkildə aparmaq lızımdır ", - deyə AzTA-nın rəhbəri hesab edir. N. Bağırovun sözlərinə görə, ərəb turistlərinin Bakıya və ölkənin regionlarına səfərlərə marağını qorumaq üçün maksimum səy göstərilməlidir - xidmətlərin çeşidini və keyfiyyətini, əyləncə növlərini artırmaq lazımdır, nəhayət, qiymətlərin azaldılması ilə yerli turizm məhsulunun rəqabət üstünlüyünü gücləndirmək gərəkdir. AzTA-nın rəhbəri hesab edir ki, əgər son illərdə Azərbaycana cəlb edilən ərəb turistlərinin axını azalırsa, onu yaxın gələcəkdə əvvəlki səviyyəyə çatdırmaq çox çətin olacaq.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda İran turistlərinin sayı da 33% azalıb, bu mənfi meyil bu il də davam edir. Axı, son zamanlara qədər iranlı turistlər Azərbaycana gələn rus və gürcü səyahətçilərdən sonra üçüncü yerdə idilər. Ekspertlər, bu meyli İslam Respublikasındakı yeni trendlərlə əlaqələndirirlər. Bu ölkənin hakimiyyəti beynəlxalq sanksiyaların sərtləşlməsi və İran milli valyutasının məzənnəsinin aşağı düşməsi şəraitində ölkədən pul axınının qarşısını almaq üçün maliyyə tədbirlərini sərtləşdirməyə məcburdurlar. Nəticədə, il ərzində başqa ölkələrə səyahət edən iranlıların sayı 50% azalıb.

 

Çinə və Rusiyaya bağlanan ümid  

Sadalanan bu mənfi məqamları aradan qaldırmaq üçün Azərbaycanda turist axınının şaxələndirilməsi və yeni istiqamətlərin inkişafı üçün bir sıra tədbirlər görür.

"Turizm strategiyası - 2023-cü il" sənədinə əsasən, Azərbaycanın qarşısında yaxın dörd il ərzində ölkəyə gələn turist axınının 4 milyona çatdırılması öhdəliyi dayanır ", - deyə Azərbayğan Turizm Bürosunun icraçı direktoru Bəhruz Əsgərov bildirib.

"2018-2023-cü illərdə Azərbaycana turistlərin cəlb edilməsi konsepsiyasına" əsasən, qarşıya qoyulan məsələni hər şeydən öncə ən böyük turist axını təmin edən ölkələrlə turizm əlaqələrinin inkişafı, eləcə də hava nəqliyyatının genişləndirilməsi, xidmət keyfiyyətinin yaxşılaşması və turizm məhsullarının ucuzlaşdırılması hesabına həll etmək düşünülür.  

O cümlədən coğrafi şaxələndirmənin ən vacib istiqaməti kimi Çindən turist axınının artması müəyyən edilib. "Yaxın illərdə Azərbaycana gələn Çin turistlərinin sayı 200 minə kimi çata bilər. 2018-ci ildə bu istiqamətdə 50 faizlik artım əldə edilib, indi hədəfimiz çinli turistlərin sayını dəfələrlə artırmaqdır", - deyə DTA sədri Fuad Nağıyev bildirib.

Bu cür hesablamalar bu yaxınlarda Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Çin Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış "Çin turistlərinin qrup turlarının sadələşdirilməsinə dair anlaşma memorandumu" əsasında aparılır. Bu gün bir milyard yarım əhalisi olan Çin daxili və xarici bazarlardakı turist sayına görə dünya üzrə birinci yerdədir və turistlərin Azərbaycana cəlb edilməsi üçün bu ölkənin prioritet kimi seçilməsi təəccüblü deyil.

Turist axını stimullaşdırılması üzrə ən mühüm istiqamətlərdən biri də postsovet məkanı, daha doğrusu, Rusiyadır. Bu istiqamətin perspektivli olmasını Rusiyanın "TurStat" analitik agentliyinin çoxsaylı hesabatları da sübuta yetirir. Belə ki, onların göstəricilərinə görə, Azərbaycan Belarus və Qazaxıstanla birlikdə Rusiya vətəndaşlarının ekskursiya tətilinə getmək istədiyi ən yaxşı MDB ölkələri arasında zirvə üçlüyünə daxil olub.  

 "2018-ci ildə Azərbaycan 900 mindən bir qədər az Rusiya turisti qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 5% çoxdur. Turizm qurumları bu ilin sonuna kimi Rusiyadan axını 1 milyona çatdırmağı planlaşdırırlar ", - deyə Azərbaycan Turizm Bürosunun (ATB) baş direktoru Florian Zenqstşmid bildirib.  

ATB baş direktorunun sözlərinə görə, Azərbaycan Rusiya bazarında böyük potensiala malikdir və buna görə illik 10% artım olduqca real görünür. Rusiya-Azərbaycan turizm klasterinin tərkib hissəsi kimi dəniz kruiz turizminin inkişafını göstərmək olar. Bu çərçivədə bu il «Böyük Pyotr» çay-dəniz sinifli gəmisi istifadəyə veriləcək və o, Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi arasında kruiz səfərləri edəcək. Artıq bu ilin yayında Bakıda və Moskvada Şimali Qafqaz istiqamətində birgə pilot layihələr yaradılması üçün mümkün variantlar nəzərdən keçirilir, həmçinin hazırda paket turlarının iştirakçıları üçün sərhəd prosedurlarının keçilməsinin asanlaşdırılması ilə bağlı danışıqlar aparılır.

Ümumiyyətlə, xarici turizmin inkişafı üzrə Azərbaycan üçün 12 əsas coğrafi istiqamət müəyyən edilib. "Artıq Frankfurtda, Dubayda, Ər-Riyadda, Mumbaidə, Moskvada və Çində Azərbaycanın rəsmi rəsmi nümayəndəlikləri açılıb, yaxın gələcəkdə daha dördü də açılacaq", - deyə Bəhruz Əsgərov vurğulayıb.  

Bütünlükdə, 2020-ci ilədək Azərbaycan xaricdəki turizm nümayəndəliklərinin sayını 10-a çatdırmağı planlaşdırır. Yəni,bu gün bütün turizm cəbhələrində iş gedir, yalnız bunun sektorun statistika hesabatlarında tam əks olunması üçün sadəcə gözləmək lazımdır.



MƏSLƏHƏT GÖR:

272