18 Aprel 2024

Cümə axşamı, 12:59

«BREXIT»: LƏNƏTLƏNMİŞ DAİRƏ

Avropa İttifaqı Londondan, nəhayət, seçim etməsini istəyir

Müəllif:

15.04.2019

Bu yaxınlarda bəşəriyyət tarixinin vacib elmi hadisəsinə şahidlik etdik. Söhbət tarixdə ilk dəfə «qara dəliyin» şəklinin çəkilməsindən gedir. Məşhur britaliyanı tədqiqatçı-jurnalist Eliot Higginsin («bellingcat.com»un yaradıcısı) zarafatı da lap yerinə düşüb – indi biz «qara dəliyin» necə olduğunu dəqiq bilsək də, «Brexit»in necə olduğunu hələ də anlaya bilməmişik.

Həqiqətən də, Birləşmiş Krallıqda Avropa İttifaqından ayrılmağın tərəfdarlarının qələbəsilə bitmiş referendumdan, təxminən, (23 iyun 2016-cı il) 3 il keçməsinə baxmayaraq, ölkənin Aİ-dən nə vaxt, necə çıxacağı, ümumiyyətlə, bunun lazıb olub-olmadığı ətrafında diskussiyalar bitmir.

Bununla əlaqədar, kifayət qədər ağır keçmiş danışıqlar ötən il noyabrın 18-də bir tərəfdən Aİ-yə üzv 27 ölkə, digər yandan isə Britaniya hökumətinin başçısı Tereza Meyin ayrılma haqda saziş layihəsini imzalaması ilə başa çatıb. Lakin Britaniya Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) deputatları onu hələ də ratifikasiya etməyib. Üstəlik, onlar bunu idman dili ilə desək, nəinki əsas vaxtda (martın 29-dək), əlavə vaxtda da (aprelin 12-si) edə bilməyib.

 

Dalana dirənmiş proses

Parlament üzvləri razılaşmanı davamlı olaraq rədd etməklə yanaşı (məsələ 3 dəfə səsverməyə çıxarılıb), Aİ-ni razılaşmasız tərk etmək də istəmir. Ölkənin İttifaqdan razılaşmasız ayrılmasını qadağan edən qanun da rekord sayılacaq dərəcədə qısa vaxtda qəbul olunub (8 aprel). Maraqlısı odur ki, parlament hökuməti «Brexit»lə bağlı qərar qəbul etmək səlahiyyətindən məhrum etməyə belə, cəhd edib. Deputatlar bunun üçün 8 alternativ variant hazırlayıb – Gömrük İttifaqına üzvlüyün davam etməsi, «Norveç-2» variantı (Aİ ilə sıx iqtisadi və siyasi əlaqələr), «Brexit»in ləğvi, yeni referendumun keçirilməsi və s. Parlament öz təkliflərini də 2 dəfə səsverməyə çıxarsa da, yenə yekun qərar qəbul olunmayıb.

Beləliklə, proses dalana dirənib: mühafizəkarlar hökumətinin yeni təklifləri generasiya etməsi imkansızdır, Aİ ilə razılaşmanın əleyhinə isə parlamentdə elə həmin mühafizəkarlar səs verir.

Yeri gəlmişkən, hökumətdə də hər şey qaydasında deyil. Onu demək olar ki, hər ay gah «Brexit»in tərəfdarları, gah da əleyhdarları tərk edir. Son yarım ildə Nazirlər Kabinetinin 29 üzvü istefa verib.

Belə bir vəziyyətdə baş nazir Tereza Meyin istefaya çağırılması da təbiidir. O, vəzifəsinin öhdəsindən gələ bilməməkdə günahlandırılır. Lakin Mey könüllü getmək fikrində deyil. O, Britaniya xalqına «Brexit»i icra edəcəyi vədi verdiyini bildirir.

Əvvəlcə baş nazirdən istefası xoşluqla istənilirdi. Ötən ilin dekabrında isə ona etimadsızlıq göstərilməsi məsələsi gündəmə gətirilsə də, parlament impiçment haqqında qərar qəbul etmədi. Britaniya qanunvericiliyinə əsasən, buna ildə cəmi 1 dəfə cəhd etmək olar.

Bundan sonra Meyin devrilməsi məqsədilə sövdələşməyə gedildiyi haqda xəbərlər yayılıb. Artıq onun mümkün xələflərinin adları da çəkilir. Bunlar avroskeptik kimi tanınmış şəxslərdir – Boris Conson, Ceremi Xant, Maykl Qouv və s.

Bu qarışılq vəziyyətdə baş nazir Leyboristlər Partiyasının lideri Ceremi Korbinin mümkün kompromislərin birgə müzakirəsi təklifini qəbul edib. Lakin Mey bu qərarı da gec qəbul edib – 12 aprelə cəmi 1 həftə qalmış. Məhz bu səbəbdən keçirilmiş bir neçə görün heç bir nəticə verməyib. Əksinə, Meyin Aİ-ni tərk etdikdən sonra da Brüssellə sıx əməkdaşlığa tərəfdar olan leyboristlərlə razılığa gəlmək cəhdi daha çox partiyadaşını ona qarşı qaldırıb.

Nəticədə, yaranmış şəraitdə razılaşmanı 4-cü dəfə səsverməyə çıxarmağın mənasız olduğunu hər kəs anlayıb. Bununla da, Tereza Mey Aİ-dən növbəti dəfə vaxt istəməli olub.

 

Avropa tələsdirmir

Londonda baş verənləri diqqətlə izləyən Avropa İttifaqı isə öz təhlükəsizliyinin qayğısına qalmaq qərarına gəlib. Bu məqsədlə o, martın 29-da Britaniyanın Aİ-dən razılaşmasız ayrılmasına hazırlığın uğurla başa çatdığını bəyan edib.

Avropanın mərkəzçi liderləri düşünür ki, nəticəsiz «Brexit» Avropada iqtisadi və siyasi böhranı dərinləşdirəcək, bu isə sonda bütün qitə boyu solçu və populist qüvvələrin mövqeyinin güclənməsilə nəticələnəcək. Artıq İtaliya, Macarıstan və Polşada hakimiyyətdə millətçi-populist hökumətdir. Avstriyada isə onlar koalision hökumətin bir hissəsidir. Fransa, Almaniya və Niderlandda keçirilmiş seçkilərdə də qatı sağçılar yaxşı nəticələr göstərib, İspaniyada da ciddi uğur qazanıb.

Aİ liderləri bütün bunları yaxşı anlayır və bu üzdən də Böyük Britaniyanı qərar qəbul etməsi üçün tələsdirmir. Bu əhval özünü Aİ-nin aprelin 10-da keçirilən və sırf «Brexit»ə həsr olunmuş fövqəladə toplantısında da açıq şəkildə göstərib. İttifaqa üzv 27 ölkənin 17-si Böyük Britaniyaya qərar qəbul etməsi üçün 9-12 ay vaxt verilməsinə tərəfdar çıxıb. Buna faktiki olaraq, bir nəfər etiraz edib – Fransa prezidenti Emmanuel Makron. O, Londondan məsələyə uzağı iyunun 30-dək aydınlıq gətirməsini tələb edir. Tereza Meyə də məhz həmin tarix sərf edir. Onların hər ikisi bu istəyini Aİ-də mayın 23-də keçirilməli olan parlament seçkisilə əsaslandırıblar. Amma motivlər fərqlidir.

Britaniyanın baş naziri ölkəsinin seçkidə iştirakına imkan verməyəcəyini bildirib. Çünki bu, ya Aİ sıralarından çıxmaqdan imtina, ya da hələ bir müddət də orada qalmaq anlamına gələcək. Mey razılaşmanı ölkə parlamentindən mayın 22-dək keçirməyi planlaşdırır və bu halda Avropa Parlamentinə seçkiyə getməyə ehtiyac qalmayacaq. Baş nazir buna nail olmasa, seçkiyə getməli olacaq. Amma onun iyunun sonunadək vaxtı da qalacaq. Yeni Avropa Parlamentinin ilk iclasının iyulun 2-də keçiriləcəyini nəzərə alsaq, avroparlamentə yeni seçiləcək britaniyalı deputatlar iclasa qatılmaya biləcək.

Fransa prezidentinin arqumenti isə fərqlidir. O, hesab edir ki, Böyük Britaniyanı, ümumiyyətlə, seçkiyə buraxmaq olmaz. Çünki yeni çağırış parlamentə düşəcək britaniyalı deputatlar bu və ya digər qərarın qəbulunu əngəlləməklə, Aİ-yə daxildən zərbə vura bilər. «Heç kəsə Avropa layihəsini nüfuzdan salmamaq imkanı verilməməlidir», - deyə Makron bildirib.

Sonda sammit iştirakçıları kompromisə gəlib və Londonu oktyabrın 31-dək vaxt verilib. Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk lazım gələcəyi təqdirdə vaxtın uzadıla biləcəyini də deyib.

Britaniya parlamenti bu müddət ərzində razılaşmanı qəbul edərsə, ölkənin Aİ-dən ayrılması prosesinə növbəti ayın 1-dən start veriləcək. Yəni, məsələn, Britaniya parlamenti sənədi avqustun hər hansı günündə ratifikasiya edərsə, proses sentyabrın 1-dən başlayacaq.

Başqa şərtlər də var. «Əgər Birləşmiş Krallıq Aİ-nin mövcud qanunvericiliyinə uyğun olaraq, Avropa Parlamentinə seçki keçirməzsə və Aİ-dən ayrılmaqla bağlı sənədi 2019-cu il mayın 22-dək ratifikasiya etməzsə, mayın oktyabrın 31-dək tanınmış vaxt mayın 31-də ləğv ediləcək», - deyə sammitdə qəbul edilmiş bəyanatda bildirilir.

Yəni Britaniya parlamenti Aİ ilə razılaşmanı mayın 22-dək qəbul edərsə, Britaniya Avropa Parlamentinə seçkidə iştirak etməyəcək, iyunun 1-dən isə «Brexit»ə start veriləcək. Yox, mayın 22-dək qərar qəbul olunmazsa, ölkə isə seçkidə iştirakdan boyun qaçırarsa, iyunun 1-də Londona qapını göstərəcəklər və oktyabrın 31-dək verilmiş vaxt ləğv ediləcək.

Bundan başqa, Emmanuel Makron britaniyalıların seçkidə iştirak edəcəyi hal üçün də tələb irəli sürüb: «Birləşmiş Krallıq Avropa İttifaqının vəzifələrinin icrasına kömək etməli, xüsusilə qərarların qəbulunda buna mane olacaq istənilən addımdan çəkinməlidir».

Yeri gəlmişkən, sammitin, demək olar ki, bütün iştirakçıları «Brexit»in məhz Tereza Meyin baş nazirliyi dövründə sona çatdırmaq istəyir. Çünki onlar Meyin Aİ-yə verdiyi vədlərə əməl edəcəyinə inanırlar. Xanım Meyin Boris Conson və ya Maykl Qouv kimi mümkün xələfləri haqda eyni sözləri demək çətindir.

 

Baş nazir kürsüsü uğrunda savaş

Britaniyada aparılan rəy sorğuları hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının tərəfdarlarını itirdiyini göstərir. Mayın 2-də ölkədə yerli özünü idarəetmə orqanlarına seçki keçiriləcək və torinin seçkidə məğlub olacağı istisna deyil. Onlar, güman ki, Avropa Parlamentinə seçkini də uduzacaqlar. Beləliklə, bu seçkilər 2016-cı ildə xalqa «Brexit» vədi vermiş mühafizəkarlar üçün əsl fiasko olacaq.

Meyin öz mövqeləri də güclü deyil. Dekabrda iflasa uğramış impiçment cəhdindən sonra onun formal olaraq daha 1 il hakimiyyətdə qalmaq hüququ olsa da, çoxları xanım siyasətçinin Mühafizəkarlar Partiyasının oktyabrda keçiriləcək növbəti qurultayınadək dözə biləcəyinə şübhə ilə yanaşır. «Brexit»lə bağlı müddətin oktyabradək uzadılması partiya daxilindəki rəqiblərilə mübarizədə, şübhəsiz ki, Meyə dəstək olacaq. Söhbət xüsusilə avroskeptiklərlə mübarizədən gedir. Hər halda, qarşıdakı 6 ay onların Meyi əvəzləməsi və üstəlik, ortaya «Brexit»lə bağlı yeni strategiya qoyması üçün kifayət etməz. Meyin isə əksinə, indi, leyboristlər və ya parlamentlə razılığa gəlməsi üçün kifayət qədər vaxtı var.

İndi Meyin Aİ ilə razılaşmanı mayın 22-dək parlamentdən keçirə bilib-bilməyəcəyindən çox şey asılıdır. Bunun alınmayacağı təndirdə yerli seçkilərdə gözlənilən məğlubiyyət, daha sonra isə Avropa Parlamentinə keçiriləcək seçki Meyin partyiadaşlarının böyük əksəriyyətinin inamını itirməsilə nəticələnə bilər.

BBC yazır ki, Meyin hakimiyyətdən getmək fikrində olmadığını düşünənlər də var. «Mey reallıqdan o qədər uzaqlaşıb ki, hər şeyə rəğmən, dekabradək davam etməyi düşünür», - deyə «Financial Times» parlamentin torilərdən olan üzvünə istinadən yazır: «Bu müddətdə o, Mühafizəkarlar Partiyasını dağıdacaq».

«Brexit» prosesinin gedişi haqda danışan Avropa Parlamentinin Belçikadan olan üzvü Filipp Lamberts isə deyib: «Avropalıların Böyük Britaniyanın parlament demokratiyasının idarəçiliyindən heyranlığı alt-üst olub. Mühafizəkarlar və Leyboristlər partiyaları ölkənin maraqlarına məhəl qoymadan, açıq-aşkar öz maraqlarına uyğun hərəkət edirlər».

Bu günə ümumi təəssürat məhz belədir. Tereza Mey ilə Ceremi Korbinin bu təəssüratı dəyişmək üçün şans yaranıb.



MƏSLƏHƏT GÖR:

272