20 Aprel 2024

Şənbə, 07:57

NATO ÜÇÜN TƏHLÜKƏ DAXİLDƏN GƏLİR

Şimali Atlantika Alyansı 70 yaşına çoxsaylı ziddiyyətlərlə qədəm qoyur

Müəllif:

15.04.2019

NATO bəşər tarixinin ən güclü və uğurlu hərbi ittifaqı olaraq qalır. Bloka daxil olan dövlətlərin sırasına bu yaxınlarda Şimali Makedoniya da qoşulub. Bununla da, NATO üzvlərinin sayı 30-a çatıb.

Sanballı 70 yaş, əhəmiyyətli hərbi, texniki, maddi və resurs imkanları. Ciddi nailiyyətlər siyahısı – «soyuq müharibə»də qələbə, Balkanlarda nizam-intizamın yaradılması, 2001-ci il sentyabrın 11-dən sonra Əfqanıstan, İraq və Sudanda aparılmış terrorla mübarizə, dəniz piratçılığı və narkotrafiklə savaş, müxtəlif dəstək əməliyyatları və s. Bütün bunlar NATO-ya hörmət yaradır və sanki alyansın bundan sonra da mövcudluğunu qoruyucağını göstərir.

Belə olan təqdirdə, blokun daxilindəki problemlər, onun mümkün süqutu haqda xəbərlər haradan qaynaqlanır? Üstəlik, artıq NATO-suz dünya düzəni haqda düşünməyin vacibliyinə dair fikirlər belə eşidilməkdədir.

Birincisi, NATO rəhbərliyinin özü (hazırkı və gələcək) alyansın heç də hər zaman (daha dəqiqi, əksər vaxt) müasir çağırışlara vaxtında cavab verə bilmədiyini etiraf edir. İkincisi, blok üzvlərinin ümumi hədəflər və ideologiya ilə bağlı ciddi problemləri görünməkdədir. İndi onlara bu məsələdə ümumi düşmən – Rusiya da kömək etmir. Görünür, indi NATO-nun əsas düşməni kənarda yox, daxildədir.

Bu gün NATO üzvlərinin əksəriyyəti hesab edir ki, alyansın əsas düşməni, nə qədər paradoksal səslənsə də, ABŞ prezidenti Donald Trampdır.  Avropa artıq «böyük qardaş»ın etibarının sarsılmazlığına şübhə ilə yanaşmağa başlayıb.  Hətta avropalılar artıq kənardan gələn təhlükələrlə bilavasitə özlərinin məşğul olmasının vacibliyi haqda danışmağa başlayıblar. Əsas prinsipinin kollektiv müdafiə haqqında 5-ci maddə olduğu ittifaq üçün belə bir fikrin meydana çıxması, həqiqətən də, çox təhlükəlidir. Fransanın «Mond» qəzeti yazır ki, bu gün alyans üzvləri özünü güclərini tükətməkdə olan sağalmaz xəstəliyi görməzdən gələrək, səhnəyə çıxmağa davam edən aktyorları xatırladır. Həqiqətən də, bir çoxları özünü elə aparır ki,  sanki alyansın 70 illik yubileyinin kifayət qədər sadə keçirildiyini görmür – sammitsiz, təntənəsiz və s. Yubiley münasibətilə təşkil olunmuş toplantıya qatılmaq üçün Vaşinqtona yalnız xarici işlər nazirləri yollanıb və mərasim kifayət qədər quru keçib.  Qərb KİV-də bunun əsas səbəbkarı kimi, yenə də ABŞ prezidentinin adı çəkilir. Yeri gəlmişkən, o, yubileylə bağlı heç bir tədbirdə görünməyib və yalnız NATO-nun baş katibi Yens Stoltenberqlə görüşməklə kifayətlənib. Güman ki, üzvlər yubiley tədbirində Trampın bir daha tərəfdaşlarının ümumi büdcəyə borcu haqda çıxışını eşitmək istəməyib. Onlar Ağ Ev sahibinin alyansın qocaldığı, yaxud hətta mənasını itirdiyi haqda fikirlərinə bir daha qulaq asmaq arzusunda deyillər.

Donald Trampı strukturun daxili xərclərinin bərabər bölünməməsi qıcıqlandırır. Məsələ ondadır ki,  NATO-nun müdafiə xərclərinə ən çox ödənişi məhz Vaşinqton edir.  Baxmayaraq ki, son 2 ildə Avropanın NATO xərclərində payı 41 milyard dollar artıb, 2020-ci ilin sonunadək isə köhnə qitə daha 100 milyard dollar ayıracaq.  Tramp hesab edir ki, bütün üzvlər ÜDM-nin 2%-nin alyansın müdafiə xərclərinə yönəldilməsinə razılıq verərsə, blokun pulu daha çox olar. Bu, məsələnin bir tərəfidir.

Digər yandan avropalıları ən çox narahat edən məsələ Trampın, ümumiyyətlə, NATO-ya ciddi maraq göstərməməsidir. Daha dəqiq desək, NATO-ya yox, onun klassik, onilliklərdir mövcud olduğu formasına. ABŞ prezidenti hesab edir ki, alyans Şərqi Avropa ölkələri, məsələn, Almaniya və ya Fransadan daha üzüyola olan Polşa ilə daha çox işləməlidir.  Əvvəlcə  Vaşinqton-Varşava əməkdaşlığı Polşa-Amerika hərbi bazası şəklində, ikitərəfli formatda nəzərdə tutulurdu.  Bununla yanaşı, ABŞ Trampın prezidentliyi dövründə artıq Avropada hərbi mövcudluğunu kifayət qədər artırıb. Pentaqon bu il bu işə 6,53 milyard dollar xərcləyəcək (2017-ci ildə bu rəqəm 3,42 milyard dollar olub). Lakin sonradan Tramp düşünüb, hesablayıb və belə qərara gəlib ki, NATO-nun Şərqdəki hərbi strukturlarının (anbarlar, infrastruktur, aeroportların, limanların, körpülərin müasirləşdirilməsi) maliyyələşdirilməsini bütün üzvlər üzərinə götürməlidir. Nəticədə, o, bu məqsəd üçün 2,3 milyard dollar xərcləmək qərarına gəlib. Yaxın vaxtlarda NATO Polşanın Povidz şəhəri yaxınlığında hərbi habın qurulmasına 260 milyon dollar xərcləyəcək. ABŞ-ın Şərqi Avropadakı qoşunları əməliyyatları bu bazada həyata keçirəcək.

Beləliklə, Polşa güclənir, onun statusu möhkəmlənir və bu işə bütün Avropa ölkələri maliyyə ayıracaq. Bu isə avropalıları, əlbəttə ki, qane etmir. Üstəlik, 5-ci maddəyə rəğmən, NATO-nun bir çox üzvü Polşa ilə Rusiya arasında münaqişənin baş verəcəyi təqdirdə, çətin ki, Moskva ilə müharibə aparmaq istəsin.

Avropada əmindirlər ki, NATO-dan ən çox faydalanan məhz ABŞ-dır. Əslində, bu fikir çoxdan var.  Üstəlik, bu, azmış kimi, Trampın dilindən tənqidlər eşitmək və buna dözmək daha ciddi «imtahan»dır. Yaranmış vəziyyətdən xüsusilə Almaniya narazıdır. Yeri gəlmişkən, Vaşinqton «Şimal axını-2» qaz kəməri layihəsində Rusiya ilə əməkdaşlığına görə Berlini tez-tez tənqid edir (Tramp hesab edir ki, bu layihənin reallaşdırılması Almaniya iqtisadiyyatını Rusiyadan asılı vəziyyətə salacaq).

ABŞ ilə Avropa arasında ticarət sahəsində də bitmək bilməyən atışmaları, həmçinin Amerikanın Çin texnologiyalarında 5G mobil rabitəsinin tətbiqinə müqavimətini də nəzərə alsaq, mənzərə kifayət qədər aydın olur. Bu yerdə NATO-nun ilk baş katibi Qastinq İsmeyin sözü yada düşür: alyansın məqsədi «rusları uzaqda, amerikalıları içəridə tutmaq, almanların isə qarşısını almaqdır».

Yaranmış vəziyyət Amerikada da çoxlarının ürəyincə deyil. Amerikanın aparıcı KİV-i Birləşmiş Ştatların alyansdakı sabiq daimi nümayəndələri Nikolas Börns ilə Duqlas Lyutdan sitat gətirirlər - «indiyədək ABŞ-da NATO-ya dərin inamını ifadə etməyən liderlə rastlaşmamışdı…».

Amerikalılar (müxalifətçi Demokratlar Partiyasının rəhbərliyi) həm özlərini, həm də müttəfiqlərini sakitləşdirmək üçün NATO-nun baş katibi Yens Stoltenberqi Amerika parlamentinin hər iki palatası qarşısında çıxışa da dəvət ediblər. Baş katib çıxışında alyansı Trampın tənqidlərindən müdafiə etməyə çalışıb və yeri gəlmişkən, onun çıxışı dəfələrlə amerikalı deputatların alqışları ilə qarşılanıb.

Stoltenberq avropalı tərəfdaşlara münasibətlə yanaşı, Moskvaya da xeyli diqqət ayırıb. O, NATO-nun Avropanı Sovet İttifaqının təsirlərindən qorumaq məqsədilə yaradıldığını və indi də heç nəyin dəyişmədiyini deyib – Rusiyaya müqavimət bu gün də ən aktual məsələdir. «Biz yeni silahlanma yarışı istəmirik. Biz «soyuq müharibə» arzulamırıq. Amma biz sadəlöhv də olmamalıyıq», - deyə Stoltenberq amerikalı konqresmenlərə müraciətində bildirib.

Bu arada Şimali Atlantika Alyansının sabiq baş katibi Anders Foq Rasmussen (2009-2014) BBC-yə müsahibəsində etiraf edib ki, Rusiya ilə Ukrayna arasında 2014-cü ildə baş vermiş olaylar alyans üçün gözlənilməz olub: «O zaman Rusiya xüsusi əməliyyata – hibrid müharibəyə başlamışdı… və bu zaman yalnız adi silahlardan istifadə etmirdi. Kiberhücumlar, dezinformasiya kampaniyası və s…». Sabiq baş katibin sözlərinə görə, NATO «buna müqavimət göstərməyə hazır deyildi». Onun fikrincə, bu məsələdə dönüş anı məhz Ukrayna ətrafında baş verənlər olub və bununla da, NATO «Rusiyanın strateji tərəfdaş yox, strateji düşmən olduğunu anlayıb».

Əslində, yaranmış vəziyyətdə yeni heç nə yoxdur. Bir məqam istisnadır. NATO Qara dəniz hövzəsində mövcudluğunu gücləndirmək niyyətindədir və bunu «Rusiyanın hərbi iddialarının qarşısının alınması» məqsədilə edir (söhbət «Qara dəniz tədbirləri paketi»ndən gedir). Bu isə regionda vəziyyəti kifayət qədər qarışdıra bilər. Məsələ ondadır ki, bu regionda marağı olan tərəflər kifayət qədər çoxdur. Üstəlik, hər şey coğrafi baxımdan  Rusiya-Ukrayna münaqişəsinə bilavasitə yaxın ərazidə baş verir. Buraya hazırda NATO-nun ən problemli üzvü sayılan Türkiyənin də maraqlarını əlavə etmək lazımdır…

Yeri gəlmişkən, Ankara iki səbəbdən tənqid olunur – Rusiya ilə «Türk axını» layihəsini reallaşdırdığı və prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan «S-400» HHM sistemləri almaq qərarı verdiyi üçün (onların iyulda tədarük olunması nəzərdə tutulur). ABŞ Türkiyənin bu addımlarını NATO-nun təhlükəsizliyinə və birliyinə təhdid sayır. Alyans üzvləri düşünür ki, NATO-nun HHM sisteminə inteqrasiya olunacaq «S-400» onlara məxsus təyyarələrin izlənilməsinə imkan verə bilər. Bundan başqa, Türkiyənin «S-400» sistemlərini əldə etməsi NATO ölkələrinin təchizat standartları prinsipinə də ziddir. Odur ki, Vaşinqton Ankaranın bu gedişinə cavab olaraq, Türkiyəyə «F-35» qırıcılarının yığılması üçün hissələrin göndərilməsini dayandırıb. Bu isə həm də məhz «F-35»lərin saxlanmı üçün tikilməkdə olan «Anadolu» desant təyyarə gəmisinin inşasına öz təsirini göstərəcək.

Bundan başqa, Türkiyəyə CAATSA qanununa («Amerikanın bədxahlarına sanksiyalar vasitəsilə müqavimət») əsasən sanksiyalarla üzləşə biləcəyi haqda da xəbərdarlıqlar edilir. Bu halda Türkiyə iqtisadiyyatının ciddi zərbə alacağına şübhə yoxdur. «Türkiyə seçim etməlidir: ən uğurlu hərbi alyansın son dərəcə vacib tərəfdaşı olaraq qalır, yoxsa ehtiyatsız, alyansımıza zidd qərarlarla bu tərəfdaşlığı risk altına qoyur», - deyə ABŞ-ın vitse-prezidenti Mayk Pens NATO-nun 70 illiyilə bağlı tədbirlə bildirib.

Türkiyə ilə ABŞ (NATO) arasında fikir ayrılığı Suriyadakı kürd məsələsi üzündən yaranıb. Ümumiyyətlə, bu məsələdə Ankara daim çətin seçim qarşısında olub. İndi Türkiyə də öz növbəsində ABŞ-a sual verir: Ankara ilə müttəfiq olaraq qalmaq istəyirsiniz, yoxsa terrorçuları dəstəkləyərək NATO-dakı tərəfdaşınızın təhlükəsizliyinə təhdid yaratmaq?

İndi Ankaradan daha bir çətin qərarın qəbulu tələb oluna bilər – o, ABŞ-ın Qara dənin planı ilə bağlı mövqeyini ortaya qoymalı olacaq. Dardanel boğazında gəmiçilik 1936-cı ildə imzalanmış Montre Bəyannaməsilə tənzimlənir. Sənəddə bildirilir ki, sülh şəraitində Türkiyə istənilən bayraq altında üzən istənilən gəmini boğazdan buraxmalıdır.  Lakin Ankara hərbi təhlükənin olduğu qənaətinə gələrsə, o, potensial düşmənin gəmilərinin boğazdan keçməsini qadağan edə bilər…

Beləliklə, həqiqətən də, hazırda NATO üçün ən ciddi təhlükə daxildən gəlir. Onun üzvləri milli maraqlarını ümumi maraqlara qurban verməyə hazır deyil. Əksinə, üzv dövlətlər çoxşaxəli xarici siyasət yürüdür və müxtəlif dövlətlərlə ticarət əlaqələri qurur. Bu mənada alyansın Avropa qitəsində mövcudluğuna yalnız Rusiyanın deyil, həm də Aİ-nin «əl-qolunun bağlanması» vasitəsi kimi baxmaq mümkündür. Belə bir vəziyyətdə avropalıların «strateji muxtariyyət» və ya «suveren Avropa» arzusu tamamilə aydın və başadüşüləndir.  Amma bu, NATO-nu ağır, hətta ölümcül yaralaya bilər.



MƏSLƏHƏT GÖR:

274