28 Mart 2024

Cümə axşamı, 14:47

13 MÜKAFAT, 16 VƏSİQƏ

Azərbaycan güləşçiləri Avropa Çempionatından böyük medal kolleksiyası və İkinci Avropa Oyunlarına lisenziya dəsti ilə qayıdıb

Müəllif:

01.05.2019

Azərbaycan güləşçiləri ilin ilk ciddi sınağından üzüağ çıxmağı bacardı. Buxarestdə keçirilmiş Avropa Çempionatında himnimiz dörd dəfə səsləndirildi. Ümumilikdə isə 13 güləşçimiz fəxri kürsüyə qalxdı. Bu da qitənin ən nüfuzlu yarışı üçün çox böyük göstəricidir.

 

Sərbəst güləşçilərin üçüncü yeri

Sərbəst güləş üzrə millinin baş məşqçisi Saypulla Absaidovun rəhbərliyi altında Buxarestə Mahir Əmiraslanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev və Seyid Məhəmmədrza Azərşakib (125 kq) yollanmışdı. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) isə zədəli olduqları üçün qitə birinciliyinə qatıla bilməmişdilər.  

Sözsüz ki, liderlər inamlı çıxış edirsə, bu, bütün heyətin çıxışına və psixoloji durumuna da müsbət təsir göstərir. Bu mənada Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov onlara bəslənən ümidləri tam doğrultdular. Hacı və Cəbrayıl üçüncü dəfə Avropa Çempionatının baş mükafatına sahib çıxdı. Əliyevin ötən il dizindən aldığı zədədən sonra geri dönüb titulunu qoruması, Həsənovun isə 8 illik fasilədən sonra yenidən qitə çempionu olması da qeyd olunmalı məqamlardır. Şərifin dünya çempionatı və Olimpiadadan sonra Avropada da qızıl medal qazanaraq titul kolleksiyasını tamamlaması da önəmli hadisələrdən oldu. Beləliklə, Şərifov ən vacib üç titula yiyələnən ilk güləşçimiz kimi adını idman tariximizə yazdırdı.

Bu yarış, həmçinin Ağahüseyn Mustafayevin ardıcıl iki dünya çempionuna qalib gələrək finala yüksəlməsi və Mahir Əmiraslanovun əla güləş texnikası nümayiş etdirərək bürünc medal qazanması ilə də yadda qaldı. Püşk uğursuz olmasaydı, Nurməhəmməd Hacıyev də finala qədər irəliləyə bilərdi. Bu mənada elə ilk görüşdəcə olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə üz-üzə gələn yığmamızın üzvünün üçüncü yeri tutması kifayət qədər yaxşı nəticədir.

Beləliklə, yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medalla 145 xal topladı və komanda hesabında Avropa üçüncüsü oldu.

 

Qızlar ümidləri doğrultdu

Qadınlardan ibarət millimiz Rumıniyaya kapitansız yollanmışdı. Yığmanın lideri Mariya Stadnik (50 kq) ilin əvvəlində keçirdiyi cərrahiyyə əməliyyatından sonra tam bərpa olunmadığı üçün bu dəfə qitənin ən nüfuzlu yarışını buraxmalı oldu. Gözləmək olardı ki, Stadnikin yoxluğunda baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun rəhbərlik etdiyi heyət zəif təsir bağışlayacaq. Ancaq biz bunun əksini gördük. Bu dəfə liderlik funksiyasını Elis Manolova (65 kq) öhdəsinə götürdü. Ötən il Kaspiyskdə gümüş medalla kifayətlənən güləşçimiz bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla karyerasının ən böyük uğuruna imza atdı. Elisin xüsusən yarımfinal və final qarşılaşmaları unudulmaz keçdi. Manolova əvvəlcə dünya və ikiqat Avropa çempionu Petra Ollidən Kaspiyskdəki məğlubiyyətin revanşını alaraq finala yüksəldi. Həlledici qarşılaşmada isə hakimlərin yerli güləşçiyə simpatiyası da Elisin qarşısını kəsə bilmədi. İnanılmaz əzmkarlıq və əsl güləşçi xarakteri nümayiş etdirərək son saniyələrdə hesabda önə keçən Manolova Buxarestdə dördüncü dəfə himnimizin səsləndirilməsinə səbəb oldu.  

Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq) və Tatyana Omelçenko (62 kq) isə bürünc medal sevinci yaşadı. Beləliklə, Rumıniyaya 10 çəkidən 8-də, özü də lidersiz yollanan yığmamız 4 medal qazanaraq 71 xalla dördüncü yeri tutdu.

 

Klassiklərin üç medalı

Baş məşqçi Şaban Donatın rəhbərliyi altında səfərə çıxan yunan-Roma güləşi üzrə millimizə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) daxil idi.  

Bu yığmamızın da heyəti optimal deyildi. Dünya çempionu Rəsul Çunayevin yoxluğu, son anda 67 kq-da Kərim Cəfərovla Elman Muxtarovun zədələnməsi müəyyən qədər təsirini göstərdi. Komandamız ötən il 5 medal qazanmışdısa, bu dəfə 3 medal əldə etdi. Eldəniz Əzizli və Taleh Məmmədov isə “bürünc”ə yiyələndi. Finaladək irəliləyən İslam Abbasov yalnız ukraynalı dünya və Avropa çempionu, Olimpiadanın gümüş medalçısı Jan Belenyuka uduzmaqla gümüş medalı boynundan asdı. Yekunda “klassiklərimiz” 76 xalla Avropa üçüncüsü oldu.

 

Kəmiyyət də var, keyfiyyət də

Qeyd etdiyimiz kimi, güləşçilərimiz bu Avropa Çempionatında ümumilikdə 13 medal əldə etdilər. Bunlardan 4-ü qızıl, 2-si gümüş, 7-si isə bürünc oldu. Ölkəmiz medalların sayına görə üçüncü, əyarına görə isə Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü oldu.  

Bu yerdə bir məsələni mütləq vurğulamalıyıq. Rumıniyadakı Avropa Çempionatı iyunda Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya xarakteri daşıdığı üçün, burada rəqabət də böyük idi. Ötən il Kaspiyskdə təşkil olunan analoji yarışda 431 güləşçi iştirak etmişdisə, Buxarestdə xalça üzərinə 515 pəhləvan çıxmışdı.  

Beləliklə, Buxarestdəki çıxışın yekunu olaraq Azərbaycan güləşçiləri Avropa Oyunlarına 16 lisenziya qazanıb. Bu isə o deməkdir ki, Minskdə 18 çəkidən 16-sında təmsil olunacağıq.             

Son olaraq, bir statistik göstəricini qeyd etmək yerinə düşər. Müstəqillik qazandıqdan sonra Avropa Çempionatlarında qazandığımız medalların sayı 136-ya çatdı. Bunlardan 46-sı qızıl, 31-i gümüş, 59-u isə bürünc medaldır. Bu nəticəylə “köhnə qitə”də 8-ci yerdəyik. Bizdən öndə Rusiya, Bolqarıstan, Türkiyə, Almaniya, İsveç, Macarıstan və Ukrayna yer alıb.



MƏSLƏHƏT GÖR:

339