26 Aprel 2024

Cümə, 03:09

TROFEY ÖLKƏDƏ QALDI

Azərbaycanın gənc bədii gimnastları beynəlxalq turnirin 6 medalını qazandılar

Müəllif:

01.05.2019

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə gənclər arasında AGF Junior Trophy beynəlxalq yarışı keçirilib. İyirmi ölkənin təmsil olunduğu turnirdə Azərbaycan komandası 6 medal qazanaraq ölkəmizin idman nüfuzunu layiqincə qoruya bilib.

Millimizin hesabına birinci medalı qrup hərəkətləri komandası yazdırdı. Belə ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız çoxnövçülük proqramında 41 xal toplayaraq gümüş medala layiq görüldü.

Ardınca ayrı-ayrı alətlər üzrə final mərhələlərində ilk olaraq fərdi gimnastlarımız xalçada öz güclərini sınadılar. Arzu Cəlilova iplə icrasına görə 17.350 xal alaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. Komanda yoldaşı Nərminə Səmədova isə təsnifat mərhələsindən 4 final çıxışını təmin etdi və turnirin son günü bütün gücünü toplayaraq, iki medal qazanmağı bacardı. Belə ki, gənc gimnastımız topla çıxışına görə bürünc, lent ilə icrasına görə isə gümüş medala sahib çıxdı.

Daha sonra diqqət qrup hərəkətləri üzrə komandalara yönəldi. Böyük ümid bəslənilən Azərbaycanın qrup komandası yüksək performans sayəsində hesabımızda medal dəstini tamamladı. Qızlarımız halqa ilə icra etdikləri kompozisiyaya görə hakimlərdən 21.500 xal almaqla qızıl medala layiq görüldülər. Hər kəsə sevinc hissləri yaşadan komandamız himnimizi bütün tamaşaçılarla bərabər böyük izdihamla səsləndirdilər.

Gənclərdən ibarət komandamızın lent ilə çıxışı isə 18.350 xalla dəyərləndirildi və turnirdə sonuncu qazanılan medal gümüş oldu.

Xatırladaq ki, yarışlarda həm fərdi proqram (Arzu Cəlilova), həm də qrup komandaları arasında (Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadə) ən yüksək icra xalına görə verilən AGF Trophy mükafatına da Azərbaycan gimnastları layiq görülüb.

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyeva “R+”a müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə yaradılan şəraitə və idmançılara verilən dəstəyə görə təşəkkürünü bildirib. “Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan ölkənin gimnastikada əldə etdiyi uğurlar mümkün olmazdı. Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra ölkədə bu idman növü fəal inkişaf etməyə başlayıb. Təkcə Milli Gimnastika Arenası tikilməyib, eyni zamanda klublarda da məşqlər üçün şərait yaradılıb, regionlarda bədii gimnastika üzrə 17 şöbə açılıb. Bu qədər yarışları keçirməyimiz təkcə Azərbaycanda deyil, dünyada da gimnastikanın inkişafına kömək edir. AGF hər zaman qonaqları yaxşı qarşılamağa çalışır, bizdə çox gözəl şərait var. Fəxrlə deyirəm ki, bizdə olan şərait dünyada ən yaxşı şəraitdir”, - deyə M. Vasilyeva bildirib.

Baş məşqçi, həmçinin bütün heyətə, gimnast bizim qızlara və bütün məşqçilərə minnətdarlığını bildirib: “Bütün tamaşaçı zalının bizim ölkənin şərəfinə ayağa qalxdığını, Azərbaycanın Dövlət himnini səsləndirdiyini görəndə gözlərim qürurdan yaşardı”.

II AGF Junior Trophy beynəlxalq turnirdə iplə hərəkətlərdə bürünc medal qazanan Azərbaycan gimnastı Arzu Cəlilova təəssüratlarını belə şərh edib: “Yarışların nəticəsindən razı qaldım, hesab edirəm ki, pis çıxış etmədim. Finalda medal qazandığıma görə şadam. Bütün alətlərlə çıxış etməyi sevirəm, onları ayırmıram. Azarkeşlərin dəstəyi bizim üçün çox vacibdir. Gimnastika həvəskarları bizə əlavə güc verir".

A.Cəlilova əlavə edib ki, ustalığı ildən-ilə daha da artırır: "İrəliləyiş var, artıq həm tapşırıqlar çətindir, həm də ballar yüksəkdir".

Turnirdə lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə bürünc medal qazanan Azərbaycan gimnastı Nərminə Səmədova da öz çıxışından razı qalıb. “R+”a açıqlamasında gənc gimnast bunları deyib: "Nəticədən razı qaldım, lakin daha yaxşı çıxış edə bilərdim. Gürzlərlə hərəkətlərdə mən balaca səhvə yol verdim, o səhvə yol verməsəydim, birinci yeri tutacaqdım".

N.Səmədova böyük dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib: "Əlbəttə, doğma ölkədə çıxış etmək daha rahatdır, çünki səni doğma adamlar dəstəkləyir".

2019-cu ilin iyul ayında Moskvada keçiriləcək gənclər arasında bədii gimnastika üzrə ilk Dünya Çempionatından danışan N.Səmədova qeyd edib ki, Dünya Çempionatına hazırlıq tam sürətlə gedir: "Məşqlərdə maksimum səylə işləyirik, planı yerinə yetirməyə çalışırıq".

Qeyd edək ki, artıq bu ilin 16-22 sentyabr tarixlərində Bakıda baş tutacaq bədii gimnastika üzrə 37-ci Dünya Çempionatına hazırlıqlara start verilib. 14 ildən sonra paytaxtımızın yenidən ev sahibliyi edəcəyi ilin ən vacib yarışı məhz bədii gimnastika üzrə Dünya Çempionatı olacaq. Bir həftə davam edəcək bu çempionat Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıyır.



MƏSLƏHƏT GÖR:

311