25 Aprel 2024

Cümə axşamı, 15:50

SEHRLİ SANDIQÇADA

Maraq, yoxsa incəsənətdir? Bakıda Lalə və İsgəndər Sərdarlıların dəzgah rəssamlığı işlərinin sərgisi keçirilib

Müəllif:

01.05.2019

Heç bir ümidsiz vəziyyətin olmadığını söyləmək asan və xoşdur. Yəni başqalarının problemlərinə kənardan baxanda belədir. Ancaq sizin öz həyatınızda nəsə gözlənilməz, həm də dramatik çalarlı hadisələr baş verdikdə siz özünüzü itirirsiniz və nə edəcəyinizi, necə edəcəyinizi bilmirsiniz. Özünüzə bu sözləri deməyə yetərincə güc və cəsarət tapırsınızsa, bu, çox yaxşıdır: "Nə olursa olsun, lazım və lazım olan kimi ol!" Sonra dərindən nəfəs al və həyatına davam et, çünki yaşamaq lazımdır. Sağ qalmaq yox, yaşamaq.

Əgər 1987-ci ildə – hələ Neft və Kimya İnstitutunun tələbələri olan zaman paralel yaradıcılıq kimi jurnalistikaya maraq yaranmışdısa, nə Lalə, nə də İsgəndər bilmirdi ki, bu hobbi tezliklə peşəyə və həyatın uzun illəri boyunca sevimli bir işə çevriləcək. Hər ikisi institutun "Tələbə həyatı" adlanan telekanalının redaktoru idilər. İsgəndər Azərbaycan versiyasının, Lalə isə rus versiyasının. Bu maraq bu uğurlu və istedadlı jurnalistlər üçün bir növ gələcək peşə taleyini təmin edən başlanğıc nöqtəsinə çevrildi. Ancaq 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində onlar çətin həyat şərtləri ilə qarşılaşdılar və insan iradəsinin möhkəmliyini yoxlayan bir sınaqla üz-üzə qaldılar. İsgəndər xəstələndi. Lalə də daima öz həyat yoldaşının yanında olmaq üçün jurnalistikadan getdi. Sərdarlı ailəsinin həyatında çətin günlər başladı. Yaşamalı və bir oğullarını böyütməli idilər.

 

Yaratmaq yaşamaq deməkdir  

Onlar şəhər kənarına köçdülər. Orada bitkilərin və xırda ev heyvanlarının arasında həyat qaydasına düşməyə başladı. Hər ikisi üçün də həyatlarına yeni bir məna vermək, sabahkı günə inam yaradan və maraq oyadan bir işlə məşğul olmaq işləmək lazım idi. 2010-cu ildən başayaraq tətbiqi incəsənətlə, demək olar ki, peşəkar məşğul olmağa başladılar, halbuki nə İsgəndər, nə də Lalə bu incəsənət istiqamətinin incəliklərini peşəkar səviyyədə öyrənməmişdilər. Bu gün bu ailə cütlüyünün işləri bir çox beynəlxalq sərgilərdə iştirak edib. Sandıqçalar, mücrülər, qadın bəzəkləri – incəsənətin bu istiqaməti bilicilərinin şəxsi kolleksiyalarında yer alır. İsgəndərin milli motivlər əsasında düzəltdiyi sandıqça indi Kiprdə təsviri incəsnət muzeyinin toplusunda saxlanılır. Hələ rəsmi açılışı keçirilməmiş bir muzeydir. Lakin Azərbaycan ustasının əsəri bu növ yaradıcılığı təmsil edən tək dəzgah rəssamlığını əsəridir.  

Bu yaxınlarda Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə «Azərkitab»la birlikdə Lalə və İsgəndər Sərdarlının 60 əsərinin yer aldığı fərdi sərgi keçirilib. Təqdimata yalnız rəssamların yaxınları və dostları deyil, həm də ziyalılar və jurnalistlər də qatılmışdı. Onlar öz heyranlıqlarını gizlətmədən bu ailə cütlüyünün yaradıcılığının özünəməxsuluğundan danışır, həm də bildirirdilər ki, istedadlı adam mütləq özünü yaradıcılıqda da göstərməlidir. Bunun jurnalistika və ya tətbiqi incəsənət olması vacib deyil.

Şərq üslubunda yerinə yetirilmiş sandıqça və mücrülərin, qadın bəzəklərinin çeşidləri hər kəsi valeh edirdi. İştirakçılar təqdim olunan hər bir eksponatı diqqətlə öyrənir, naxışın təbiətini, Şərq və Qərb motivlərinin qovuşma üslubunu müəyyən etməyə çalışırdılar. Rəssamların izləyici auditoriyası qarşısında özünəməxsus yaradıcılıq hesabatı kimi düşünülmüş sərgi yaradıcılıq və təhlil müzakirələri üçün bir məkana çevrildi. Hər kəs maraqla bu və ya digər işin motivlərini müəyyən edirdi. Bu yaradıcılıq eksperimentinin nəticələrinə baxan zaman bu iki insanın bu gün ünvanlarına xoş sözlər eşitməklə yanaşı, həm də peşəkarlıqlarının qəbul edilməsi üçün hansı çətinliklərdən keçdiyini təsəvvür etmək belə mümkün deyil. Bunu oğulları Toğrul xatırlayır:

- Əvvəlcə atam kiçik ev heyvanları maraqlı evciklər düzəltməyə başladı, anam isə qadın bəzəkləri hazırlayırdı. Onlar üçün xüsusi bir "anbar" düşünmək lazım idi. Beləliklə, atam ilk mücrünü düzəltdi. Onun tətbiqi incəsənətə marağı belə başladı.

- Bəs, sonra?

- Sonra qutular, sandıqlar və mücrülər çıxdı. Sanki hər şey şüuraltından qaynayıb, dekor və forma kompozisiyasına dolub. Nəticədə, həm hind, həm Misir, həm ərəb, həm də ümumiləşdirilmiş Şərq və ya Azərbaycan motivləri ilə yeni tətbiqi incəsənət əsərləri yarandı.

- Yəni necə olursa, olsun yenə Şərqdir: həmişə və hər yerdə?

- Yox, niyə? Avropanın motivləri ilə sandıqçlar və mücrülər var. Axı, biz tarixən Qərb və Şərq mədəniyyətlərinin qovşağında yaşayırıq!

Bu da tamamilə doğrudur. Çünki sərgiyə çıxarılmış əsərlər dünya xalqlarının bir çox naxış ənənələrinin üzvi çulğalaşmasını təqdim edirdi. Burada həm Şərq, həm də Avropa ənənələri öz rəng və faktura zərifliyi ilə göz oxşayırdı, estetik cəhətdən cazibədar və dolğun əsərlər idilər. Axı, bəllidir ki, hər millətin mədəniyyətində naxış texnikası dünyaya kodlaşdırılmış bir rifah və dinclik ismarıcıdır. Belə ki, Avropa mövzularının özünün içində də səpələnmiş Şərq naxışları qorunmaqdadır. Yəni xalqların bir neçə dəfə baş vermiş Böyük Köçü bu dünyada hər şeyi elə qarışdırıb ki, Şərq və Qərb mədəniyyət ənənələrinin üzvi çulğaşması qanuni sayılmaqla yanaşı, həm də çox təbii görünür.

- Bu, başqasının sifarişidir və ya bir daha şüuraltıdan gələn bir fantaziyadır?

- Şüuraltıdan! Düzdür, elə hallar olur ki, müəyyən bir məqsəd üçün düzəldilir. Məsələn, hədiyyə məqsədi ilə.

- Bəs, siz özünüz, valideynlərinizin yaradıcılığına baxaraq, öz əlinizlə bir şey düzəltmək istəmisinizmi?

- Düzəltmişəm. Bəzəklərin saxlanılması üçün sandıqça düzəltmişəm. Ya da özəl bir şey olub. Onu "Kseniya" adlandırmışam.

Toğrulun haqqında danışdığı mücrü - sandıqca, zərif formaya və qarışıq naxış kompozisiyasına malik olub. Burada Bizans və Azərbaycan naxış detalları çulğaşıb. İçərisində isə Skandinaviya runa işarələri: artım rəmzləri olub. Nə? Rifah, məsələn. Yaxud ruhi "yüksəliş". "Kseniya" sözü yunan versiyasına görə - bu qonağa hədiyyə olaraq təqdim edilən qısa bir şeirdir. Slavyanlarda düşünürdülər ki, Kseniya adı xeyir əməllər üçün yer üzündə dolaşır. Bu, görəsən, Toğrulun özünə məlumdurmu, amma bunda müəyyən bir sıra rəmzi bağlılıq var. Xeyirin çoxalmasına yönəlmiş güc.

 

LaTİs

Bu, Lala, Toğrul və İsgəndər adlarının abbreviaturasıdır. Damğa kimi, ailə yaradıcılığının keyfiyyət nişanı kimi. Həm də ailə münasibətlərinin.

Bəlkə də, azərbaycanlı rəssamlardan kimsə artıq sandıqça və mücrülər düzəltməklə məşğuldurlar. Amma İsgəndərin işləri diqqətə və öyrənilməyə, ən əsası isə məişətdə, kinoda, bəlkə, hətta teatrda istifadəyə layiqdir. Həmçinin tətbiqi incəsənətdə Şərq çalarını sevənlərin şəxsi kolleksiyalarına layiqdir. Axı, bütün bunların hamısı gerçək əl işləridir.



MƏSLƏHƏT GÖR:

277