18 Aprel 2024

Cümə axşamı, 18:18

«İŞIQ ŞƏHƏRİ»

Bakı adlı meqapolisin həyatının bir günü Lalə Axundovanın sənədli filmində

Müəllif:

01.05.2019

Bu sənədli filmi 2010-cu ilin yayında çəkməyə başlayıblar. 2012-ci ilin yayında bitiriblər. Filmin müəllifi Lalə Axundovadır. Bakı Dövlət Universitetinin və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasının məzunudur, 25 yaşında siyasi elmlər namizədi olub, həyatının hansısa bir anında anlayıb ki,  kino ilə məşğul olmaq istəyir. Amma yalnız "məşğul olmaq" deyil, yaratmaq istəyir. Yəqin ki, bu qərarın qəbul edilməsində onun uşaqlıq arzusu mühüm rol oynayıb: bütün dünyaya Bakı haqqında danışmaq istəyib! Necə? İnsanların ürəklərinə və ağıllarına ən qısa yol – kino sənətidir. Lalə Axundova televiziya rejissorluğu ustalarından biri olan Ramiz Axundovun və xalq yazıçısı Elmira Axundovanın qızıdır - Pavel Finn, Vladimir Kotinenko və Vladimir Fençenkonun ssenari-rejissor emalatxanasının tələbəsi olub.

Onun qısametrajlı filmləri hələ emalatxanada təhsil zamanı özünəməxsusluğu və məsələlərin məğzinə təmiz baxışı ilə fərqlənib. "Ən kiçik stalker" mükafatını qazanmış iki dəqiqəlik oyun filmi "Ailə" (Moskva, 2003) və Fransada çəkilmiş on üç dəqiqəlik "Çörək-qənnadı dükanı" filmi artıq ustası V.Xotinenkoya müsahibəsində Lalənin «şəksiz ağıllı və istedadlı» olduğunu deməyə əsas verib. Daha sonra Afrika, Yunanıstan, İtaliya, Koreya, Rusiya, ABŞ, Çili beynəlxalq festivallarında göstərilmiş rəngli oyun filmi "Dost" çəkilib. Filmin müəllifinin diqqətində İnsan və At yer alıb. Daha doğrusu - at ilə sürücüsü arasında olan etibar, sevgi bağları ilə münasibətdə olan insanlarınkından daha möhkəmdir. Təbiətlə İnsan arasında qırılmaz bağların maraqlı psixoloji araşdırmasıdır. İndi isə - yeni iş gəlir. İki dildə - rus və Azərbaycan dillərində (ingilis dilində titrlərlə) çəkilmiş və səslənən sənədli filmdir. 

Ölkəmizin məşhur ssenaristi Ramiz Fətəliyevin sözlərinə görə, film kadrarxası mətn olmadan da gedə bilər. Çünki bu halda izləyicinin özü üçün, müəllifin hisslərinə və düşüncələrinə diqqət yayındırmadan, şəhərin ruhunun sirrini və gözəlliyini dərk etmək imkanı yaranır. Çəkiliş qrupunun hər bir üzvü də bu şəhərə aşiqliyini etiraf edir. Bu sıraya rejissor və ssenari müəllifi Lalə Axundova, operator Yuri Varnovski, bəstəkar Salman Qəmbərov, səs prodüseri Denis Tsukanov, xətt prodüseri Azad Axundov, Azərbaycan mətninin redaktoru Dilarə Vəkilova və kadrarxası səsləndirici Məsmə Ağaverdiyeva daxildir. Bir sözlə, film ekrana çıxmazdan öncə də tamaşaçılar onu gördülər, çünki onun buraxılışı üzərində çox sayda adam çalışıb.

 

Arzu gerçəkləşir 

Lalə işgüzar və məqsədə doğru irəliləyən biridir. O, şəhərin görkəmini özünün hiss etdiyi və anladığı şəkildə vəsf edir: Çoxsaylı turist reklamlarının promouşn çarxlarının aparıcılığı şəraitində yaranmış bayağı ifadələrdən, çərçivələrdən və kino ştamplarından qaçır. Materialın ənənəvi təqdimatından kənara çıxaraq, o, öz dilini tapır: dolğun və ilk baxışdan iddiasız görünən nəql dilini. O, öz hekayəsində tamaşaçıları bezdirmədən və tələsmədən şəhərin ən sirli guşələrinə aparır. Elə yerlərə ki, bəlkə də, çoxları heç vaxt orada olmayıb. Hətta yerli bakılılar belə! Kameranı izləyərək, filmin müəllifləri ilə birlikdə biz maraqla şəhər həyatının biçimli ritminə dalırıq, heç də turist marşrutu olmayan yerlərə giririk! Məsələn, sinaqoqda dini ayin mərasiminə. Yaxud təndirxanada gözlərinizin qarşısında iri təndirin divarına vurulmuş xəmir köpərək, böyüyür və nəhayət, çörəyə çevrilir! 

Adama elə gəlir ki, qadın əlinin barmaqları altındakı bişmiş çörəyi göstərən kameranın obyektivi isti ətrini çatdırmağa qadirdir! O (obyektiv) böyük və bu qədər müxtəlif bir şəhər həyatının gözlə görünməz şahidinə çevrilir! Memarlıq və məişət təzadlarının şəhərinin! Belə qeyri-adi və bu qədər fərqli şəhərin! Müxtəlif millətlərin və dini etiqad təmsilçilərinin yaşadığı şəhərin. Onlar öz həyat tərzlərini, mədəniyyətlərini və əcdadlarının ənənələrini qoruyaraq, eyni zamanda qonşularının mədəniyyətini və ənənələrini hörmət edərək, qəbul edərək yaşayırlar.

 

Çağdan o yana

Filmin yaratdığı assosiativ sıralama sizi uzaq keçmişlərə aparır, o çağlara ki, onda Xəzər sahillərində və İçərişəhərin küçələrində Vladimir Mayakovski, Sergey Yesenin, Vyaçeslav İvanov, Boris Pilnyak, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı gəzişib… 

Artıq 2010-cu ildir: yüz il sonranın şəhəri! Daha doğrusu, onun möhtəşəm və mozaik həyatından yalnız bir gün! Şəhər yenə yüz il əvvəlki kimi eynidir – amma istənilən halda, həm də başqadır! İndi bu, kəskin təzadlar şəhəridir. Köhnə evlərin üzərində yüksələn, öz üstünlüyünü nümayiş etdirən göydələnlər şəhəridir. Dəbdəbəli kafelərinin pəncərələrinin və mağazalarının vitrinlərinin cəlbedici reklamlarla çağırdığı şəhərdir, eyni zamanda yüz il əvvəl olduğu kim səhər saatları İçərişəhər məscidlərinin minarəsindən ucalan azan səsi ilə və quş damlarından göyərçinlərin uçuşu ilə başlayır. 

Həmin məqamdan sonra, bu ağ quşlar (sülh rəmzləri!) filmlər boyunca bizi müşayiət edəcək, ekskursiya rəhbəri rolunu öz üzərinə götürəcək. Onlar çox həvəslə şəhərin ən gizli guşələrini göstərirlər, fəvvarə kənarında yan basa-basa dənlənirlər və ya skamyalarda istirahət edən şəhər sakinlərinin yanında otururlar... Gün batana yaxın onlar öz yiyələrinin yanına dönürlər.

 Yeri gəlmişkən, o da yetərincə gerçək bir insandır. İçərişəhər sakini Zakir Adnayevdir. Lalə öz çıxışında onu şəhər filosofu və sadəcə, əsrlər boyu formalaşan şəhər mədəniyyətinin daşıyıcılarına xas olan bir Şərəf Məcəlləsini qoruyan mehriban və işıqlı bir insan adlandırdı. O, Zakir Adnayev, əfsuslar olsun ki, artıq bizimlə deyil. Rejissor filmin yaradılmasında bu və ya digər şəkildə iştirak etmiş hər bir kəsi xatırladı və minnətdarlığını bildirdi. O, ilk dəqiqədən filmin müəllifinə və çəkiliş heyətinə kömək əlini uzadan Anar Məmmədxanov haqqında xüsusi hərarətlə danışdı. Təəssüf ki, o da artıq bizimlə deyil!

Günəşin doğuşundan, batmasına və gecə yarısına qədər – elə də sadə həyatı olmayan nəhəng şəhərin və onun sakinlərinin yaşamı... Bu, sadəcə çayxanaları, təndirxanaları, küçələri, dükanları və bazarları, neft buruqlarını, limanı, ağ gəmini, tələbələri, artistləri, XIX-XX əsrlərə aid memarlıq eklektikasını, yeni memarlıqla köhnə memarlığın uzlaşmasını gördüyümüz salnamədir. Biz fərqli etnik və sosial qrupları, onların məşğuliyyətini, həyatını görürük. Necə var, elə. Dəbdəbəli parıltı və gözəlliklər olmadan. Gərəksiz metaforalar, yalançı bəlağət və paralellər olmadan. Bu, şəhər haqqında filmdir və onda insanın insan olaraq qalmasına imkan verən həyat həqiqətləri yer alıb. Taleyin istənilən halında.

 

Şəhər 

Dəfələrlə rəssamlar, yazıçılar, şairlər, kinematoqraflar tərəfindən vəsf edilmiş şəhər yenə də təəccübləndirməkdə və heyran qoymaqda, öz sirləri ilə yormaqda və yaradıcılıq imkanları açmaqda davam edir. O, yaşayır və çalışır, kədərlənir və gülümsəyir, qonaqlarını qəbul edir və sevir. Şəhər də çox iş planlaşdırmış insan kimidir, o da erkəndən oyanır, onun da həyatı dan yeri ilə başlayır və gecənin gec saatlarında fəvvarə vuran suların və Müslüm Maqomayevin mahnılarının səsi altında yuxuya gedir. Şəhər yorulub və azan səslərinə yenidən oyanmaq üçün istirahət etməlidir...

Film həyatın özündən qaynaqlanan gerçəkliklərin sərt və doğru sıralandığı strukturda çəkilib. Heç bir santiment və spekulyativ duyğu əlavəsi yoxdur, amma Yuri Varnovskinin gözəl və ifadəli görüntüyə malik operator işi özünü göstərir, o buna qədər Bakıda Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim İsmayılovun "Anın quruluşu" tammetrajlı filminin çəkilişini aparıb. 

"İşıq şəhəri" - Bakını sevən və ona aşiq bir insanın sevdiyi şəhərə öz münasibətini göstərmədən, qərəzsiz baxışıdır və o, ekranda görünənlərə necə yanaşmaq hüququnu izləyicinin öhdəsinə buraxır. Meqapolisin bir gün ərzində əks olunmuş gerçək həyatı müxtəlif duyğular, düşüncələr və əlbəttə münasibət oyadır. Təsadüfi deyil ki, film Müslüm Maqomayevin ifasında Bakı haqqında mahnı ilə başa çatır. Mahnıdakı sevgi etirafı bizim də - Lalə Axundovanın "İşıq şəhəri" filmini izləyənlərin də payına düşür. 

Sənədli filmin təqdimatı 25 apreldə Azərbaycan Teatr Xadimləri İttifaqının zalında keçirilib. Film Azərbaycan, Rusiya və Gürcüstandan olan beynəlmiləl peşəkarlar qrupu tərəfindən çəkilib.



MƏSLƏHƏT GÖR:

304